"Mir Mövsüm Ağa" ziyarətgah kompleksi

Xəzər rayonu


Hazırda məscid-ziyarətgah kompleksi kimi fəaliyyət göstərən bu ocaq Bakının Şüvəlan qəsəbəsində “qədim qəbiristan” deyilən ərazidədir. Kompleksin mərkəzində Ağa Seyidəli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi yerləşir.

Xalq arasında “Ətağa” adı ilə məşhurlaşmış Ağa Seyidəli Mir Mövsümzadə hələ sağlığında əfsanəvi nüfuza malik olmuş, insanlara təskinlik, inam, mənəvi qüvvə təlqin etmiş və xeyirxahlığı ilə tanınmışdır. Ağa Seyidəli Mir Mövsümzadə 1883-cü ildə doğulmuş, uzun illər İçərişəhərdə yaşamış, 1950-ci ildə vəfat etmiş və Şüvəlanda torpağa tapşırılmışdır. Həmin dövrdə Sovet rejiminin qadağalarına baxmayaraq, xalq onu böyük izdihamla dəfn etmiş, xatirəsini həmişə yüksək tutmuşdur.

Mir Mövsüm Ağanın məzarı üstündə 1992-ci ildə əvvəlcə kiçik məqbərə inşa edilmiş, daha sonra onun yerində möhtəşəm və əzəmətli abidə ucaldılmışdır. Kompleks qəbristan ərazisində yerləşdiyi üçün burada, demək olar ki, texnikadan istifadə edilməmiş, bütün işlər əl əməyi ilə görülmüşdür. Ümummilli Lider Heydər Əliyev dəfələrlə ziyarətgahda olmuş, yerli əhali və dindarlarla görüşmüşdür.