Tariximizin ən şərəfli səhifəsinin müəllifi

Xəbərlər / 24.12.2020 / 09:57

Xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə mühüm təsir göstərən şəxsiyyətləridir.

Onların seçdiyi yol milli inkişaf strategiyasının əsasında dayanır və təmsil etdikləri ölkələrin dünya birliyində özünə layiqli yer tutmasını təmin edir. Belə şəxsiyyətlərdən biri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevdir.

Onun məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində 17 il ərzində Azərbaycan dövlətinin bütün sahələrində əldə etdiyi uğurlar "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini sübut edir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətini təhlil etdikdə onun güclü siyasi iradəyə və idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı müdrik lider olduğunu görürük. Bunun nəticəsidir ki, Azərbaycan davamlı inkişaf və modernləşmə yolu ilə irəliləyən, dünya siyasətində öz yeri və rolu olan dövlət kimi tanınır, xarici ölkələr ona hörmət və ehtiramla yanaşırlar.

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin müzəffər komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır.

 

Qələbəyə aparan liderlik keyfiyyətləri

Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən Lider kimi xalqımızın böyük rəğbətini qazanıb. Onun dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Prezident İlham Əliyev təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur.

Ümumdünya tarixi təcrübələr sübut edir ki, hər bir xalqın genetik yaddaşını möhkəmləndirmək, mənəvi irsini və əxlaqi dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək kimi çətin missiyanın yerinə yetirilməsi uzaqgörən liderlərin fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Onlar həmişə ali məqsədlər uğrunda mübarizənin önündə gedərək, göstərdikləri tarixi fəaliyyətlə rəhbərlik etdikləri dövlətlərin mütərəqqi yolla inkişafına nail olurlar. Bu baxımdan Prezident İlham Əliyev xalqımızın milli-mənəvi bütövlüyünün təmin olunmasında özünəməxsus yer tutan milli şüurun inkişafını daim diqqət mərkəzində saxlayır ki, bu da təsadüfi deyildir. Çünki milli şüur hər bir insanın mənsub olduğu xalqa bağlılıq hisslərini möhkəmləndirməklə milli özünüdərketmədə ciddi rol oynayır. Prezident İlham Əliyev xalqımızın mənəvi tərəqqisinə, milli özünüdərkin və qürur hissinin güclənməsinə Azərbaycanın inkişaf strategiyasının tərkib hissəsi kimi yanaşır.

Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət aparır. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir.

Prezident İlham Əliyevin səmərəli iş qabiliyyəti, fəallıq və təşəbbüskarlıq kimi keyfiyyətlərə malik olması onun cəmiyyətdə gedən prosesləri adekvat qiymətləndirməsində, ortaya çıxan problemlərin obyektiv və subyektiv səbəblərini dərindən, hərtərəfli araşdırmasında, ölkənin inkişafını nəzərdə tutan proqramlar hazırlayaraq həyata keçirməsində mühüm əhəmiyyət daşıyır. Ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsi sahəsində Azərbaycan Prezidentinin apardığı milli inkişaf siyasəti intellektual düşüncəyə və praqmatizmə əsaslanır. Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, yerinə yetirdiyi vəzifələrin milli və qlobal əhəmiyyəti həm yerli, həm də beynəlxalq ictimai rəydə yüksək qiymətləndirilir. Vaxtilə müharibə şəraitində yaşayan ölkəmizin davamlı sosial-iqtisadi inkişafa nail olması Prezident İlham Əliyevin bəyan etdiyi məqsədlərin xalqımızın milli maraqlarına söykənməsi ilə sıx şəkildə bağlıdır.

Tədqiqatçılar siyasi liderliyin strukturunda, adətən, üç komponenti (liderin şəxsi keyfiyyətləri, hakimiyyəti həyata keçirmə vasitələri və liderə təsir göstərən situasiya) bir-birindən fərqləndirirlər ki, onlar bütövlükdə liderin əxlaqi (humanizm, məsuliyyət, düzgünlük və s.) və professional (analitik düşünmək qabiliyyəti, səriştəlik, çeviklik və s.) keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır. Siyasi liderə inam onun hakimiyyət səlahiyyətlərinin legitimliyində və cəmiyyətdə böyük nüfuz qazanmasında xüsusi yer tutur. Xüsusilə seçkilər liderə inamın hansı səviyyədə olduğunu sübut edən göstərici rolunu oynayır. Cəmiyyətdə gedən proseslərə obyektiv mövqedən yanaşması və ictimai şüurda baş verən dəyişiklikləri daim diqqət mərkəzində saxlaması siyasi liderin böyük uğurlar əldə etməsinə yol açır. Seçicilər, adətən, elə siyasi lideri dəstəkləyirlər ki, onun ideya və baxışları ictimai tələblərə tam şəkildə cavab verir. Siyasi liderin nüfuz qazanması üçün ümummilli mənafeləri üstün tutması, xalqı düşündürən məsələlərə böyük həssaslıqla yanaşıb onları həll etməsi vacib şərtdir. Buna görə də Azərbaycan xalqının Prezident İlham Əliyevə inamı onun müxtəlif illərdə keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanmasına həlledici təsir göstərmişdir və bunun əsasında siyasi elektoratın rasional seçimi dayanır.

Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə mütəmadi olaraq birbaşa təmaslar yaradır, onları narahat edən, düşündürən məsələlərə böyük həssaslıqla yanaşır. Onun mövqeyinə görə, cəmiyyətin inkişafına təkan verən mütərəqqi ideyalar müxtəlif dəyərlər, baxışlar və intellektual yanaşmalar arasındakı mübadilənin nəticəsində meydana gəlir. İctimai həyatda baş verən hadisə və proseslərə obyektiv yanaşmaq Prezident İlham Əliyevin liderliyinin əsas əlamətlərindən biridir. Onun qlobal düşüncəli, geniş dünyagörüşlü Lider olaraq ümummilli məsələlərlə bağlı həyata keçirdiyi siyasət realist xarakter daşıyır.

 

Möhtəşəm zəfəri təmin edən sosial-iqtisadi və siyasi inkişaf

Prezident İlham Əliyevin siyasətində xalqın sosial rifahının yaxşılaşdırılması əsas istiqamətlərdən biridir. Buna görə də ötən illər ərzində Azərbaycanın sosial müdafiə sistemi gücləndirilmiş, təqaüdlər və digər sosial müavinətlər vaxtaşırı artırılmış, yoxsulluğun səviyyəsi ildən-ilə azaldılmışdır. Ölkəmizin maddi və mənəvi resursları səmərəli şəkildə milli inkişaf strategiyasının həyata keçirilməsinə cəlb olunmuşdur. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar Vətən müharibəsində onun Ermənistan üzərində qələbə qazanmasını şərtləndirən faktorlardan biridir.

Azərbaycanda müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi ictimai həyatın bütün sahələrində modernləşməni təmin edir. Məlumdur ki, cəmiyyətin modernləşməsi üçün siyasi, iqtisadi və sosial ilkin şərtlərin olması vacibdir. Buna görə də bazar iqtisadiyyatının və demokratik siyasi sistemin inkişafı, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi kimi amillər Azərbaycanın modernləşmə yolu ilə inkişafına mühüm təkan verir. Modernləşmə zamanı keçmiş, indi və gələcək arasındakı tarixi varislik prinsipi qorunur.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirərək Azərbaycanın maddi resurslarından əldə edilən gəlirləri ölkənin inkişafına yönəldir. Prezident İlham Əliyev ölkəmizin enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirir və şaxələndirilmiş nəqliyyat infrastrukturu vasitəsilə beynəlxalq birliyin diqqətini Azərbaycana cəlb edir. Bütün bunlar ölkəmizlə dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi və ilk növbədə, Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Respublikamız böyük enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri kimi regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində vacib rol oynayır. Prezident İlham Əliyevə dərin inam və etibardan irəli gələrək, Azərbaycan iqtisadiyyatına böyük həcmdə xarici sərmayələrin qoyulması qeyri-neft sektorunun və müxtəlif sənaye sahələrinin inkişafına təsir göstərən amillərdəndir.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan dünyada müxtəlif sivilizasiyaların qovuşduğu tolerant məkan, multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinə, mədəni həyatının zənginləşməsinə dövlət səviyyəsində göstərilən diqqət milli mədəniyyətimizin qorunmasında və dünya miqyasında tanınmasında xüsusi əhəmiyyət kəsb edir. Fərqli mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin xarakterini səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Prezident İlham Əliyev uzaqgörən siyasi lider kimi bu faktoru nəzərə alaraq, Azərbaycan vətəndaşlarına belə bir ideya aşılayır ki, dünyadakı qloballaşma şəraitində multikultural dəyərlərin qarşılıqlı təsiri milli və dini mənsubiyyətindən asılı olmayaraq insanlardan mədəniyyətlərarası dialoqu dəstəkləməyi və başqalarının mədəni dəyərlərinə hörmətlə yanaşılmasını tələb edir. Milli və dini münasibətlərin inkişafı sahəsində Prezident İlham Əliyevin apardığı siyasət etnik və dini mənsubiyyəti, mədəni dəyərləri və adət-ənənələrindən asılı olmayaraq bütün ölkə vətəndaşları tərəfindən dəstəklənir. Müxtəlif dini konfessiyaların fəaliyyəti üçün yaradılmış şərait cəmiyyətin mənəvi sərvətləri sırasında vicdan azadlığının özünə mühüm yer tutmasını təmin edir. Azərbaycanda yaşayan etnik qruplar ümumi birgəyaşayış qaydaları əsasında özlərinin mədəni-mənəvi dəyərlərini və etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayırlar. Ölkədəki bütün dini icmalar və etnik qruplar multikulturalizmin inkişafında, dostluq və humanizm prinsiplərinin ictimai həyatda öz təsdiqini tapmasında, ictimai-siyasi sabitliyin təmin olunması və vətəndaş həmrəyliyinin möhkəmlənməsində yaxından iştirak edir.

 

Diplomatik mübarizənin şanlı qələbədə rolu

Vətən müharibəsində qələbənin əldə olunması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizə ilə sıx şəkildə bağlıdır. Ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırıb.

Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqeyi daha da möhkəmlənib. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq Prezident İlham Əliyevin siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Bu siyasətin nəticəsində ölkəmizlə dünya dövlətləri arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq möhkəmlənir, Azərbaycan vətəndaşlarının firavan və təhlükəsiz şəraitdə yaşayışı təmin olunur.

Prezident İlham Əliyevin apardığı xarici siyasət ölkəmizi dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun BMT, Avropa Birliyi, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı kimi təşkilatlarla əlaqələrini möhkəmləndirir. 2011-ci il oktyabrın 24-də 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xalqımızın tarixində mühüm hadisədir. Bununla yanaşı, nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi Azərbaycanın uğurlu diplomatiyasının göstəricisidir. Uğurlu xarici siyasət nəticəsində əldə olunmuş nailiyyətlər Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafına mühüm təsir göstərir. Müasir dövrdə beynəlxalq aləmdə baş verən geosiyasi ziddiyyətlərə, qloballaşmanın özü ilə gətirdiyi çətinliklərə baxmayaraq, Azərbaycan davamlı inkişaf yolu ilə irəliləyən dövlət kimi dünya ölkələri arasında özünə layiqli yer tutur. Milli maraqlara və praqmatizmə əsaslanan xarici siyasətin aparılması beynəlxalq ictimaiyyətdə Azərbaycana böyük inam və etimad qazandırır.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq üçün ötən illər ərzində fəal və çevik xarici siyasət həyata keçirilib. Dağlıq Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırılıb, Ermənistanın yalançı təbliğatı ildən-ilə fiaskoya uğrayıb. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi normalar çərçivəsində nizamlanmasına çalışıb, Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq və regional təşkilatların tribunalarından səsləndirib, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, dünya dövlətlərini isə problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb.

 

Ordu quruculuğundakı nailiyyətlərin məntiqi nəticəsi

Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinin, zabit-əsgər heyətinin yüksək hərbi hazırlığa və vətənpərvərlik əhvali-ruhiyyəsinə malik olmasının nəticələri özünü Vətən müharibəsində parlaq şəkildə göstərdi. Şanlı Ordumuz Azərbaycanın işğal olunmuş ərazilərini erməni qəsbkarından azad etdi. Sübut olundu ki, Azərbaycan müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrə malikdir.

Müharibə dövründə xalqımız Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Bir daha aydın oldu ki, Azərbaycan dövlətinin bütün sahələrində uğurların əldə edilməsində vətəndaş həmrəyliyi özünəməxsus yer tutur. Milli birliyin təmin olunması, müxtəlif ictimai-siyasi qüvvələr arasında etimad mühitinin yaradılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar ictimai fikirdə onun haqqında uzaqgörən və ədalətli lider obrazını daha da möhkəmləndirir. Doğma vətənini sevən hər bir azərbaycanlı həmrəylik göstərərək torpaqlarımızın Ermənistanın işğalından azad olunması üçün Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədi. Vətən müharibəsindən əvvəl də ermənilərin hərbi təxribatlarının qarşısının alınması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlı xalqımız dəfələrlə həmrəylik nümayiş etdirib. Buna nümunə olaraq 2016-cı ilin Aprel döyüşlərini göstərmək olar. Azərbaycanın düşmənlə təmas xəttində yerləşən mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalanda Milli Ordumuz əks-hücum əməliyyatı ilə düşmənin təxribatlarının qarşısını aldı. Həmin döyüşlərdə mühüm nailiyyətlər əldə olundu, bir neçə yüksəklik və müəyyən ərazilər Ermənistanın işğalından azad olundu, əldə edilmiş qələbə vətəndaş birliyini daha da möhkəmləndirdi. Əvvəllər ermənilər dünyaya ordularının yenilməz, güclü olması haqqında yalan məlumat yayırdılar. Lakin Vətən müharibəsindəki döyüşlər ermənilərin bu cür iddialarının cəfəngiyyat olduğunu sübut etdi və qısa müddət ərzində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məhv etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibə dövründə dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələrində Prezident İlham Əliyevin Azərbaycanla bağlı həqiqətləri beynəlxalq aləmin diqqətinə yüksək diplomatik peşəkarlıqla çatdırması dövlətimizin informasiya müharibəsində də qələbəsini təmin etdi.

 

Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin tarixi-siyasi əhəmiyyəti

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində baş verən müharibədə Azərbaycan Ordusu düşmənin hərbi qüvvələrini darmadağın etməklə həm də onun işğalçılıq siyasətini iflasa uğratdı. Bu qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyev bildirib: "Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Prezident İlham Əliyevə olan yüksək inamın nəticəsi idi ki, xalqımızın vətənpərvər övladları onun çağırışına qoşularaq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda səfərbər olub silaha sarıldılar. Rəşadətli Azərbaycan Ordusu "Dəmir yumruq” əməliyyatında böyük şücaət göstərərək xalqımızın tarixinə parlaq səhifələr yazdı. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Ali Baş Komandan İlham Əliyev əsgərlərimizin qəhrəmanlığı ilə fəxr etdiyini, qürur duyduğunu bildirib: "Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”. Qeyd edək ki, Azərbaycan Ordusunun döyüşlərdə qazandığı qələbələr Prezident İlham Əliyevin xalqımızın milli maraqlarına söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq arenada yüksək nüfuzunun, xalq-ordu birliyinin məntiqi nəticəsidir.

Azərbaycan dövləti erməni işğalçılarını torpaqlarımızdan qovmaqla bölgədə yeni reallıq yaratdı və 27 il idi ki, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi, "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”. Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun igid, mərd, qorxubilməz döyüşçülərinin qəhrəmanlığı nəticəsində reallaşdı. Müharibənin gedişində hərbçilərimizin əhvali-ruhiyyəsinin və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunun və döyüş tapşırıqlarını böyük məharətlə yerinə yetirdiklərinin şahidi olduq.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalanması Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsini təsdiq edən tarixi hadisə oldu. Bununla da müharibənin ilk günlərindən etibarən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri Ermənistan hakimiyyətinin qəbul etməkdən başqa çıxış yolu qalmadı.

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. İşğal olunmuş torpaqlarda dalğalanan Qələbə bayrağımız da bu möhtəşəm tədbirə gətirildi, 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Yuxarıda qeyd edilənlərin ümumiləşdirilməsi göstərir ki, son illər ərzində ölkəmizin əldə etdiyi nailiyyətlər və beynəlxalq arenadakı böyük nüfuzu, xalq-iqtidar birliyi, xüsusilə ordu quruculuğu sahəsində görülmüş işlər Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən vacib faktorlardır. Xalqımız 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpasını böyük sevinc hissi ilə qeyd edir.

Bu qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Milli Ordumuzun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş möhtəşəm qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız bu şanlı qələbəni böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənimizin hər qarış torpağı uğrunda canından keçməyə hazırdır.

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini

 

"Azərbaycan" qəzeti. 24 dekabr 2020-ci il.

Son baxılan xəbərlər

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2019 / 16:40
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Xəbərlər
21.04.2020 / 12:42
Ətraflı oxu

Dövlət başçısı İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində yaradılan şəraitlə tanış olub

Xəbərlər
17.02.2016 / 17:34
Ətraflı oxu

Cəlilabadda "Sülh aylığı” çərçivəsində tədbir baş tutub

Press-relizlər
29.08.2019 / 15:05
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir

Xəbərlər
10.05.2018 / 09:45
Ətraflı oxu

YAP İcra Katibliyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

Xəbərlər
22.02.2021 / 15:07
Ətraflı oxu