DQİDK-nın şöbə müdiri Cahandar Əlifzadə: "İşğaldan azad olunan ərazilərdəki dini abidələrin sayı dəqiqləşdirilir"

Xəbərlər / 20.11.2020 / 15:30

Torpaqlarımızın işğaldan azad olunmasından sonra ortaya çıxan mənzərə düşmənin bu əraziləri tamamilə dağıtdığını göstərdi. Qədim yaşayış yerlərimizdə olan tikililər arasında dini abidələr, məscid və ziyarətgahlar da önəmli yer tutur.

Bir sözlə, bu abidələr də yerlə-yeksan edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə mövzu ilə bağlı Lent.az -ın suallarını cavablandırıb.

 

İşğaldan azad olunan şəhər, rayon və kəndlərimizdə yerləşən məscidlər, dini abidələr və ziyarətgahlar haqqında məlumat verərdiniz? Bu ərazilərdə nə qədər bu cür abidələr olub?

- İşğala qədərki dövrdə aparılmış statistikaya görə, Ermənistan ordusunun işğalından azad edilən ərazilərdə tarixi-dini abidələrin sayı ümumən 403-dür. Onlardan 67-si məscid, 144-ü Alban irsinə aid məbəd və kilsə, 192-si isə ziyarətgahlardır, qəbiristanlıqların sayı isə 900-dən artıqdır. Lakin bildiririk ki, bunlər yekun rəqəmlər deyil. Çünki sovetlər dövründə təyinatı dəyişdirilmiş dini ibadət evlərinin bu siyahıya düşmədiyi bildirilir. Hazırda bu istiqamətdə dəqiqləşdirmələr aparılır.

 

- Dağıdılan abidələrin yenidən eyni adlarla tikilməsi-bərpası nəzərdə tutulub?

- İşğaldan azad olunmuş ərazilərdəki dini ibadət ocaqlarının hər biri bərpa olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev öz müsahibə və çıxışlarında dəfələlərlə bəyan edib ki, tarixi-mədəni, o cümlədən dini ibadət ocaqları bərpa olunub insanların istifadəsinə veriləcək. Bununla bağlı monitorinqlər aparılacaq, mövcud tikililərin texniki vəziyyəti qiymətləndirildikdən sonra onlar barədə qərar veriləcək.

 

- Komitənin bu abidələrlə bağlı hər hansı nəşrin, fotoların hazırlanması və yayılması planı var?

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşr etdiyi ədəbiyyatlarda Qarabağ ərazisində yerləşən dini abidələrimizə geniş yer verilib. 2015-ci ildə nəşr olunmuş Nahid Məmmədovun “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı bütövlükdə bu məsələyə həsr olunub. Kitab türk, rus, ingilis, ərəb və alman dillərinə tərcümə olunub, Azərbaycana gələn qonaqlara, beynəlxalq tədbirlərin iştirakçılarına hədiyyə edilib. Eyni zamanda, “Azərbaycanın seçilmiş İslam abidələri” (Azərbaycan və ingilis dillərində), “Azərbaycan İslam mədəniyyətinin incisi” (Azərbaycan, ərəb, rus və ingilis dillərində) və “Qısa İslam Enklopediyası” kitablarında işğaldan azad olmuş ərazilərdəki dini ibadət ocaqları ilə bağlı məlumatlar verilib.

Bunlarla yanaşı, komitə tərəfindən Bakıda, Türkiyənin Eskişəhər, İranın Təbriz, Belçikanın Brüssel şəhərlərində keçirilən beynəlxalq tədbirlərdə təşkil olunan fotosərgilərdə Qarabağ abidələrinə də geniş yer verilib.

Dövlət Komitəsi növbəti illərdə də bu istiqamətdə öz fəaliyyəti davam etdirəcək. Hazırda əvvəlki nəşrlərin yenidən işlənərək çap olunması, eyni zamanda işğaldan azad olunmuş yerlərdəki abidələrin mövcud vəziyyəti ilə bağlı foto-albomun hazılanması üzrə layihələr üzərində iş gedir.

Son baxılan xəbərlər

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Xəbərlər
03.12.2018 / 17:49
Ətraflı oxu

Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir təşkil olunub

Press-relizlər
30.08.2019 / 11:42
Ətraflı oxu

“Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda növbəti toplantı keçirilib

Press-relizlər
02.04.2015 / 18:54
Ətraflı oxu

Salyanda “Şəhadət” sənədli filminin nümayişi olub

Press-relizlər
16.02.2018 / 16:14
Ətraflı oxu

Dövlət Komitəsinin dəstəyi ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
17.07.2015 / 19:04
Ətraflı oxu

Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir baş tutub

Press-relizlər
30.03.2017 / 15:46
Ətraflı oxu