Erməni qriqoryan kilsəsi və yaxud dini-etnik ekstremizm yuvasının fitnəkarlığı

Press-relizlər / 17.11.2020 / 12:12

Mütərəqqi dini dəyərlərdə sülh və insanların sivil birgəyaşayış şəraitində yaşamasına böyük əhəmiyyət verilir və onların təmin olunmasında din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. İslam, Xristianlıq, Yəhudilik, Buddizm kimi dünya dinlərinin müqəddəs kitablarında dini dözümlülük və insanpərvərlik təşviq edilir, fərqli dinlərə qarşı düşmənçiliyin yolverilməzliyi göstərilir. Bunun əksinə olaraq, Erməni qriqoryan kilsəsinin katolikosu II Qaregin dini-etnik ekstremist mövqe tutaraq erməniləri Azərbaycanla müharibədə iştirak etməyə çağırır ki, bu da təsadüfü deyildir. Çünki tarixən erməni katolikoslarının fəaliyyətinin əsasında erməni millətçiliyi (erməniçilik) və müstəsnalığı, eqoizmi, türk-müsəlman əhalisinə qarşı düşmənçilik dayanmışdır ki, II Qaregin də öz sələflərinin bu yolunu davam etdirir. Əgər erməni kilsənin yarandığı vaxtdan indiyə kimi göstərdiyi fəaliyyətə nəzər salsaq görərik ki, onun əsas məqsədi dini-etnik münaqişələr yaratmaq, erməni terrorizmini dəstəkləmək, türk-müsəlman əhalisini etnik təmizləməyə və deportasiyaya məruz qoymaq olmuşdur. Erməni kilsəsinin göstərişi ilə törədilmiş terror aktları xüsusi qəddarlığı ilə fərqlənmiş, bunun nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliama və soyqırıma məruz qalmış, yaşayış məskənləri, mədəni və dini abidələr məhv edilmişdir.
Hələ erməni dövlətinin mövcud olmadığı dövrdə kilsə erməni icmalarının yalnız dini deyil, həm də siyasi himayəçisi vəzifəsini yerinə yetirirdi. Erməni kilsəsi tarixi şəraitin dəyişməsindən asılı olaraq öz mövqeyini möhkəmləndirmək üçün böyük hiyləgərliklə daim hansısa xarici qüvvəyə sığınırdı. Belə ki, xilafət dövründə bu kilsə ərəb xəlifələri ilə sövdələşmə aparıb Bizansa qarşı çıxdı və yaranmış vəziyyətdən istifadə edib Qafqaz Albaniyasının dağlıq ərazilərində yaşayan alban-xristian əhali arasında qriqoryanlığı yaymağa başladı.
Xilafət dövründə erməni kilsəsinin dini təsir dairəsi Cənubi Qafqaza doğru genişləndikdən sonra tarixin sonrakı mərhələlərində bu bölgə ermənilərin törətdiyi dini-etnik toqquşmalar və soyqırımları məkanına çevrildi. Ərəb xilafətinin zəifləməsindən sonra erməni kilsəsi Azərbaycan dövlətləri olan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərə, sonralar isə Osmanlı imperiyasına sığındı. Qaraqoyunlu dövlətinin müxtəlif etnoslara və dinlərə dözümlü münasibətindən sui-istifadə edən erməni kilsəsi 1441-ci ildə öz mərkəzini qədim Azərbaycan torpağı olan Eçmiədzinə köçürdü. Ağqoyunlu və Səfəvi hökmdarları da Qaraqoyunlu dövlətinin siyasətini davam etdirərək erməni kilsəsinə tolerant münasibət göstərdilər. Lakin çox keçmədi ki, bu kilsə həmin dövlətlərə də xəyanət etməyə başladı.
Erməni kilsəsinin satqınlığı Çar Rusiyası Cənubi Qafqazda işğalçılıq müharibələrinə başladıqda bir daha özünü göstərdi. Kilsənin təşkilatçılığı ilə ermənilər silahlı dəstələr yaradıb Rusiya qoşunlarının tərkibində Azərbaycana və Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara qoşuldu. Çar Rusiyası ermənilərə dəstək verərək onları Osmanlı dövlətinin və İranın ərazisindən kütləvi şəkildə Şimali Azərbaycana, xüsusilə İrəvan, Qarabağ, Şirvan, Bakı, Gəncə və Naxçıvan xanlıqlarının ərazilərinə köçürdü. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən yararlanmağa çalışıb, Çar Rusiyasına bölgədə sədaqətlə xidmət edəcəklərinə söz verdilər. Həmin dövrdə erməni kilsəsinin əsas məqsədi Alban apostol kilsəsinin irsini ələ keçirmək idi ki, buna da hiyləgərcəsinə nail oldu. Belə ki, I Nikolayın 1836-cı il 11 mart tarixli Fərmanı ilə Alban apostol kilsəsinin maddi-mədəni irsi erməni qriqoryan kilsəsinə verildi. Rusiya imperatorunun bu addımı Cənubi Qafqazdakı Alban mədəniyyətinin ermənilər tərəfindən məhv edilməsinə şərait yaratdı. Alban kilsəsi memarlığının daxili və xarici tərtibatı, divar yazıları və ikonlar erməniləşdirildi. Alban kisəsindəki əlyazmaların orijinallarının hamısını erməni katolikosları məhv etdilər və onlardan yalnız az bir qismi erməni dilinə tərcümə olundu. Erməni kilsəsinin saxtakarlığının nəticəsidir ki, Alban kilsələrində demək olar ki, alban dilində yazı nümunəsi qalmamışdır.
XIX əsrin əvvəllərindən başlayaraq 1873-cü ilədək Çar Rusiyası Cənubi Qafqaza əsasən, Şimali Azərbaycan torpaqlarına 334.242 nəfər erməni köçürmüşdü. 1886-cı ildə Cənubi Qafqaza köçürülən ermənilərin sayı 690.615 nəfərə, 1897-ci ildə 786.447 nəfərə, 1916-cı ildə isə 1.211.145 nəfərə çatdırıldı. Bununla bağlı rus alimi N.N.Şavrov 1911-ci ildə yazırdı: “Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Onlar həmin vilayətə bizim tərəfimizdən köçürülüblər”.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin əsas təşkilatçılarından biri olan A.S.Qriboyedov Rusiya imperatoruna yazırdı: “Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır”. Beləliklə, Çar Rusiyası erməni kilsəsi ilə sövdələşməyə gedərək Cənubi Qafqazın dini-etnik mənzərəsində məqsədli şəkildə dəyişiklik yaratdı, xüsusilə tarixi Azərbaycan torpaqlarında bilərəkdən erməniləri məskunlaşdırdı.
Erməni terror təşkilatlarının meydana gəlməsində və formalaşmasında erməni kilsəsi birbaşa iştirak etmişdir. XIX əsrdə Çar Rusiyası, Fransa və İngiltərə regionun gələcəyi ilə bağlı geostrateji planlarının həyata keçirilməsi üçün erməni kilsəsindən vasitə kimi istifadə edirdi. “Böyük Ermənistan” xülyası ilə zəhərlənmiş erməni millətçiləri XIX əsrin sonlarında erməni qriqoryan kilsəsinin xeyir-duası ilə daha mütəşəkkil fəaliyyətə başladılar. 1885-ci ildə yaradılmış “Armenakan” adlı təşkilatın əsas məqsədi Vanda və onun ətrafında yaşayan müsəlman-türk əhalisinə qarşı terror və təxribatlar törətmək olmuşdur. 1886-cı ildə yaradılmış “Qnçak” (“Zəng”) təşkilatı Osmanlı dövlətinə qarşı terror vasitəsilə mübarizə aparacağını bildirirdi. 1890-cı ildə yaradılmış Daşnaksütyun Partiyası “Böyük Ermənistan” mifinin reallaşmasına nail olmağı əsas məqsədi elan edərək Azərbaycana və Türkiyəyə qarşı çoxsaylı terror hadisələri törətməyə başladı.
“Daşnaksütyun”un rəhbərliyi Qafqazda partiyanın fəaliyyətini gücləndirmək məqsədilə 1905-ci ilin oktyabrında “Qafqaz layihəsi”ni qəbul etmişdir. 1905-1907-ci illərdə daşnaklar erməni kilsəsinin çağırışı ilə azərbaycanlılara qarşı kütləvi qırğın törətdilər. Həmin dövrdə ermənilərin terrorçu əməlləri daha da azğınlaşmağa başladı. Ermənilərin qanlı cinayətləri demək olar ki, Azərbaycanın bütün ərazisini əhatə etdi. Nəticədə minlərlə azərbaycanlı vəhşicəsinə öldürüldü və yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. Bu qətliamları törədənləri erməni kilsəsi silah-sursatla təmin etmişdir.
Erməni kilsəsi xarici havadarlarının köməyi ilə qeyri-müsəlmanlara qarşı dini-etnik düşmənçiliyin yaranmasında xüsusi canfəşanlıq göstərirdi. Erməni patriarxı Levon (Gevond) Turyan bununla bağlı bildirirdi: “Uzun müddət dini icmalar erməni inqilabçı partiyalarının mərkəzi idi, burada ən dəhşətli proqramlar hazırlanmışdı. Dini mərkəzlər danışıqlarla və yazı ilə xalqı üsyana çağırırdı. Çıxışlarda yüksək sözlər və İncilin doktrinaları xatırlanmırdı. Sədaqət və düzgünlük yerinə üsyana, insanlıq yerinə nifrətə və qisasa, əxlaq yerinə alçaqlığa və rüsvayçılığa çağırışlar eşidilirdi”. Məlumdur ki, L.Turyanı həmin mövqeyinə görə 1933-cü ildə “Daşnaksütyun” terrorçuları erməni kilsəsinin göstərişi ilə Nyu-Yorkda qətlə yetirmişdir.
Ermənilərin azərbaycanlılara qarşı terrora əl ataraq kütləvi qırğın törətməsinin növbəti mərhələsi 1918-1920-ci illəri əhatə edir. Həmin dövrdə Çar Rusiyası tənəzzülə uğramışdı və dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklər baş verirdi. Erməni silahlı birləşmələri Cənubi Qafqazda azərbaycanlıların məskunlaşdığı bütün yaşayış məntəqələrinə basqınlar edir, dinc əhaliyə qarşı xüsusi qəddarlıq göstərirdilər. Erməni-daşnak quldur dəstələri Şərqi Anadoluda, Şimali və Cənubi Azərbaycan ərazilərində qanlı faciələr törətdilər. Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağ, Urmiya, Salmas, Xoy, Maku və digər yaşayış məntəqələrində yüz minlərlə azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi amansızlıqla qətlə yetirildi. 1918-ci ildə daşnak S.Şaumyan və erməni qriqoryan kilsəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın əksər bölgələrində, o cümlədən Bakı, Şamaxı, Göyçay, Kürdəmir, Quba, Salyan, Lənkəran və başqa yerlərdə azərbaycanlılar soyqırımına məruz qaldı.
“Böyük Ermənistan” mifi, qondarma “erməni soyqırımı” haqqında iddialar erməni kilsəsinin təbliğatında əsas yer tutur ki, bu da erməni terrorçularını daim Azərbaycanın və Türkiyənin ictimai-siyasi xadimlərinə qarşı qanlı aksiyalar törətməyə sövq etmişdir. “Daşnaksütyun”un 1919-cu ildə keçirilmiş IX qurultayında “Nemesis” (“Cəza”) xüsusi terror qrupunun fəaliyyətə başlaması haqqında qərar qəbul edilmişdir. “Nemesis”in siyahısına Azərbaycanın və Türkiyənin qətlə yetirilməsi nəzərdə tutulan 650 siyasi və dövlət xadiminin adı daxil edilmişdi. Bu qrupun həyata keçirdiyi terror nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və b. qətlə yetirilmişdir. Osmanlı hökumətinin daxili işlər naziri və daha sonra hərbi naziri olmuş Tələt Paşa 1921-ci il martın 15-də Berlində öldürülmüşdür.
Erməni kilsəsi həmişə bir-biri ilə düşmən olan ölkələr arasında manevrlər edərək öz məqsədinə çatmağa çalışmışdır. Bu kilsə müxtəlif tarixi dövrlərdə Çar Rusiyası, Böyük Britaniya və Fransadan dəstək almışdır. Həm SSRİ, həm də Hitler Almaniyası ilə eyni vaxtda əməkdaşlıq etmişdir. II dünya müharibəsində erməni kilsəsinin tövsiyəsi ilə erməni terror təşkilatları Almaniyada faşist rejimi ilə sıx əməkdaşlıq etmişlər. Bu məqsədlə hətta faşist Almaniyasında “Erməni milli şurası” təşkil olunmuşdur.
Erməni katolikosları Çar Rusiyası dövründə olduğu kimi, SSRİ dövründə də Azərbaycana qarşı əsasız ərazi iddialarından əl çəkməmişdir. Məsələn, 1956-cı il mayın 12-də erməni katolikosu II Vazgen Moskvada SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqaninlə görüşü zamanı ona iki məktub vermişdir. Həmin məktublarda Azərbaycanın torpaqları hesabına Ermənistan ərazisinin genişləndirilməsi tələbi irəli sürülmüşdür. Məktublarda Şimali Qafqaz, Orta Asiya, Azərbaycan və Gürcüstanda yaşayan ermənilərin mənəvi həyatının “yaxşı olmadığı” barədə qeyri-obyektiv məlumatlar verilmişdir. Erməni katolikosu Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan MSSR və Gürcüstanın Axalkalaki bölgəsində yaşayan ermənilərin problemlərlə üzləşdiyini bildirmiş və bu ərazilərin Sovet Ermənistanına verilməsini təklif etmişdir. II Vazgen demişdir ki, erməni diasporu hər il 30-40 min erməninin xaricdən Ermənistana köçürülməsi üçün sovet hökumətindən repatriasiya proqramı hazırlamağı xahiş edir: “Təbii ki, onlara müvafiq ərazinin verilməsi və proqramın həyata keçirilməsi məqsədilə yaşayış evlərinin tikilməsinə xeyli vəsait, ləvazimat lazımdır”. Göründüyü kimi, sağalmaz millətçilik və dini şovinizm xəstəliyinə yoluxmuş ermənilər həmişə regionda qonşu xalqlara qarşı əsassız ərazi iddiaları irəli sürməklə münaqişələr yaratmağa çalışmışlar. Həm Eçmiədzindəki kilsə və onun tabeliyində olan kilsələr, həm də Livandakı erməni katolikosluğu ermənilərin dini-etnik separatçı hərəkətlərini ört-basdır etməyə çalışmışdır.
1970-ci illərin əvvəllərində yaradılan ASALA terror təşkilatının əsas məqsədi “erməni soyqırımı”nın dünya ictimaiyyəti tərəfindən tanınmasına nail olmaqdan və türklərə qarşı terror aktları törətməkdən ibarət olmuşdur. Digər erməni terror təşkilatları kimi ASALA-nın da fəaliyyətini erməni kilsəsi istiqamətləndirir. 1975-1985-ci illərdə ASALA-nın terror aktları nəticəsində 42 türk diplomatı qətlə yetirilmişdir. Ümumiyyətlə, 1972-1991-ci illərdə erməni terrorçuları tərəfindən Avstriya, Fransa, Yuqoslaviya, İsveçrə, Avstraliya, Belçika, Bolqarıstan, Danimarka, İspaniya, ABŞ və s. ölkələrdə türk diplomatları, siyasətçiləri və biznesmenlərinə qarşı 300-dən çox terror aktı törədilmişdir.
Terrorizmə dəstək vermək, bütün erməniləri qondarma “erməni soyqırımı”na görə qisasa çağırmaq, erməni terror qruplaşmalarına yerinə yetirmələri üçün cinayət planları hazırlamaq, onlara maddi yardım göstərmək, tarixi hadisələri saxtalaşdırmaq, erməni xalqının “qədimliyi” və “əzabkeşliyi” haqqında müxtəlif miflər yaratmaq erməni kilsəsinin fəaliyyətində xüsusi yeri tutur. 1987-ci ildə Eçmiədzindəki erməni kilsəsinin katolikosu I Vazgen ABŞ-a və Kanadaya səfərində orada yaşayan ermənilərlə görüşü zamanı “Böyük Ermənistan” naminə bütün erməniləri birləşməyə, dünya ermənilərini qondarma “erməni soyqırımı”nın BMT tərəfindən tanınmasına nail olmağa çağırırdı. Erməni katolikosunun bu cür irqçi və dini-ekstremist çağırışlarının nəticəsi idi ki, bir ildən sonra kilsənin fəal dəstəyi ilə Ermənistanın ərazisindən 250 mindən çox azərbaycanlı deportasiya olundu və bununla da ermənilərin Azərbaycana qarşı işğalçılıq planları açıq mərhələyə keçdi. Hətta erməni kilsəsi, onun təmsilçiləri azərbaycanlılara qarşı hazırlanan və törədilən terror aktlarında bilavasitə iştirak etməyə başladılar. Məsələn, 1988-ci ilin iyun ayında Makaravan monastırının baş keşişi Stepan üç butulka fitilli yandırıcı və əldəqayırma fin bıçağı ilə Bakıda milis tərəfindən saxlanılmışdı. Bundan başqa, ermənilər Azərbaycanın ərazisindəki erməni kilsələrindən silah anbarı kimi istifadə edirdi. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran rayonunun Kılıçbak kəndindəki erməni kilsəsində 6 minaatan, 16 əldəqayırma mina, 130 əldəqayırma əl qumbarası və s. aşkar olunmuşdu. Qarşısına Azərbaycandan Dağlıq Qarabağı qoparmaq məqsədini qoymuş Ermənistan sovetlər ittifaqının süqutundan istifadə edərək işğalçılıq siyasəti həyata keçirməyə başladı. Bu siyasətin nəticəsində Azərbaycanın ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olundu, 1992-cı il fevralın 25-dən 26-na keçən gecə ermənilər XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımını törətdi.
Ermənilər nəinki Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları irəli sürür, eləcə də Rusiya Federasiyasının daxilində etnik separatizmə əl atmaq da onların niyyətlərindən biridir. Belə ki, Şimali Qafqazda yaşayan ermənilər 1993-cü ildə erməni qriqoryan kilsəsinin xeyir-duası ilə “Milli azadlıq cəbhəsi” adlı təşkilat yaradıb, Rusiya və Ermənistan prezidentlərinə, ABŞ senatına və BMT-yə, Ermənistandan kənarda yaşayan ermənilərə, habelə Rostov vilayəti, Stavropol və Krasnodar diyarlarının rəhbərlərinə müraciət etmişlər. Onlar Rusiyanın Rostov vilayəti, Stavropol və Krasnodar diyarlarının ərazisində erməni muxtariyyətinin yaradılması tələbini irəli sürmüşdülər. Həmin dövrdə Rusiya KİV-ləri ermənilərin “Milli azadlıq cəbhəsi”nin iclasları barədə məlumat yayaraq bildirmişdir ki, təşkilatın tədbirlərində Şimali Qafqaz torpaqlarının Ermənistana məxsus olduğuna dair “tarixi fakt”lara əsaslanan materialların əvvəlcə yerli mətbuatda, sonra isə vilayət və respublika qəzetlərində müntəzəm şəkildə dərc ediləsi barədə qərar qəbul olunmuşdur.
1993-cü ilin sentyabr ayında Livandakı iki erməni kilsəsində erməni partiyalarının, həmçinin PKK və ASALA terror təşkilatları rəhbərlərinin iştirakı ilə 150 nəfər erməni gənci ilə görüş keçirilmişdir. Həmin tədbirdə bildirilmişdir ki, Ermənistanın ərazisi Azərbaycanın Dağlıq Qarabağ regionundakı döyüş əməliyyatları nəticəsində genişlənir və “qədim erməni torpaqlarının azad olması üçün” Ermənistana xaricdən mənəvi, maliyyə və texniki dəstək gücləndirilməlidir. Qeyd edilmişdir ki, Türkiyənin ərazisini parçalayaraq onun bir hissəsində kürd dövləti yaratmalı, digər hissəsi isə Ermənistana birləşdirilməlidir. 2002-ci ildə Rumıniyadakı erməni dini mərkəzində keçirilən tədbirdə də ermənilər təcavüzkar planlarını müzakirə etmiş, Azərbaycana və Türkiyəyə qarşı yeni terror aktlarının həyata keçirilməsini qərara almışdılar. Bundan əlavə, dünyanın bir çox ölkələrindəki erməni ictimai birlik və fondlarının fəaliyyətlərinin əlaqələndirilməsində də erməni kilsəsi yaxından iştirak edir.
Erməni kilsəsi bir tərəfdən erməniləri dünyaya məzlum görkəmdə tanıtmağa səy göstərir, digər tərəfdən başqa dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsinin, türk-müsəlman əhalisinə qarşı qanlı terror aktlarının həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Erməniçiliyin faşizmi təbliğ edən tezisləri də erməni katolikosları tərəfindən hazırlanır. Erməni kilsəsinin Azərbaycana və Türkiyəyə qarşı dini-etnik ekstremizmi təşkil etməsinə, terrorizmə maddi və mənəvi dəstək verməsinə dair saysız-hesabsız faktlar mövcuddur. Erməni katolikoslarının həmişə dini-etnik şovinizmi təbliğ etməsi regionda sülhün və sabitliyin təmin olunmasına maneçilik törətmişdir ki, bu vəziyyət indi də davam edir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayının 27-dən başlanan müharibə xalqımızın şanlı qələbəsi ilə başa çatdı. Cəmi 44 gün davam edən bu savaşda işğal altında olan tarixi torpaqlarımız azad edildi. Bu müharibənin getdiyi günlərdə erməni kilsəsinin başçısı II Qaragen yenə də fitnəkar çağırışları ilə “fərqləndi”. Ancaq onların fitnəsi iflasa uğradı.

Vüqar Səlimov
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin əməkdaşı,
fəlsəfə üzrə fəlsəfə doktoru

 

Son baxılan xəbərlər

Ağdamda “Gənclər arasında dini radikalizm və onun təzahür formaları" mövzusu müzakirə olunub

Press-relizlər
28.11.2019 / 14:46
Ətraflı oxu

Prezidentin Sərəncamı bölgələrdə uğurla icra olunur

Arxiv
09.02.2018 / 09:55
Ətraflı oxu

Niderlandın “Diplomat Magazine” jurnalı: “Azərbaycan: multikulturalizm həyat tərzi kimi”

Multikulturalizm
26.11.2016 / 15:51
Ətraflı oxu

FETÖ, neqativ eksternaliya və qeyri-simmetrik informasiya

Xəbərlər
26.08.2016 / 10:33
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutuna sənəd qəbulu davam edir

Press-relizlər
20.08.2018 / 15:23
Ətraflı oxu

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu