Türkiyə Diyanət İşləri Başqanlığı “Charlie Hebdo” jurnalına etiraz bildirib

Xəbərlər / 02.11.2020 / 15:21

İslamofob fəaliyyəti ilə tanınan, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edən “Charlie Hebdo” jurnalı ənənəsinə sadiq qalaraq növbəti dəfə Məhəmməd Peyğəmbər və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğandan bəhs edən olduqca çirkin karikatura dərc edib. Müsəlmanların müqəddəs hisslərini təhqir edən və bu cinayəti, həyasızlığı beynəlxalq ictimaiyyətə "söz azadlığı" kimi təqdim etməyə çalışan bu jurnala Türkiyə Diyanət İşləri Başqanlığı etiraz edib. Etirazda qeyd edilib:

“Hər zaman və hər fürsətdə söylədiyimiz kimi bir daha ifadə edək ki, İslam sülh dini, onun elçisi Həzrət Muhəmməd də rəhmət peyğəmbəridir. Müsəlmanlar insan hüquqlarını, azadlıqlarını və ümumbəşəri dəyərləri mənimsəyən, hər cür şiddət və pis əməlləri rədd edən inanca sahibdirlər. Lakin son vaxtlar başda Fransa olmaqla Avropada İslama və müsəlmanlara qarşı təhqir və hücumların ciddi şəkildə artdığını görürük. “Charlie Hebdo” adlı jurnal da alçaldıcı nəşrləri ilə bir növ bu işə başçılıq edir. Adı çəkilən jurnal axırıncı nəşrində yenə Peyğəmbərimizdən və Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğandan bəhs edən olduqca çirkin karikatura dərc etmişdir.

Açıq şəkildə bildiririk ki, bu nəşr və edilənlər dünyadakı təxminən iki milyard müsəlmana qarşı böyük hörmətsizlikdir. Müqəddəs olana və vicdana qarşı işlənmiş bəşər cinayətidir. İnsan dəyərlərini saymayan dəhşətli əxlaqsızlıqdır. Hüququ tapdalayan böyük düşmənlikdir. İnsan şərəfinə və etiqad azadlığına qəsd edən mənfur siyasətdir. Beynəlxalq konvensiyaları pozan varvarlıqdır. İctimai və qlobal sülhü zədələyən məsuliyyətsiz davranışdır. İnsanlarda və cəmiyyətdə həyəcan yaradan məqsədyönlü və amansız təxribatdır. Xüsusilə vurğulayaq ki, yalan, iftira, təhqir, alçaltma, hədəfə alma, təhrik etmə kimi mövqe və davranışlar əsla azadlıq məfhumu ilə izah edilə və ört-basdır edilə bilməz.

Beləliklə də, bəşəriyyətə ləkə olan bu mənfur jurnalı şiddətlə lənətləyirik. Fransanın məhkəmə orqanlarından dərhal qanunun tələblərini yerinə yetirmələrini gözləyirik.

Əlaqədar ölkələrin başçılarını müsəlmanların dəyərlərini və müqəddəslərini qorumaq, təhlükəsizliklərini təmin etmək, vətəndaşlıq hüquqlarının tələblərinə əməl etmək üçün vəzifələrini yerinə yetirməyə dəvət edirik.

Avropanın hüquqa və insan haqlarına inanan, inanca hörmət edən və ictimai əmin-amanlığa əhəmiyyət verən bütün ziyalılarını, alimləri, ictimai fəalları, qeyri-hökumət təşkilatlarını, mətbuat nümayəndələrini və sağlam düşüncəli hər kəsi bu aşkar çirkinliyə və hüquq pozuntularına qarşı sərt reaksiya verməyə, təşəbbüs göstərməyə çağırırıq. İnsana və inanca dəyər verən bütün din və inanc mənsublarının sərt mövqe sərgiləməklərini gözləyirik. Əks halda adıçəkilən şəxs, qrup və qurumlar müsəlmanların nəzərində etibarlarını itirəcək və dərin təəssüfə səbəb olacaqlar.

Bir məsələni də dünya ictimaiyyətinə elan edirik ki, bu sistemli təhriklərə qarşı müsəlmanlar əsla qanunsuz yollara əl atmayacaq, sağlam düşüncə və ağılla davranaraq hüquqlarını, inanclarını və ümumbəşəri dəyərləri müdafiə etməyə davam edəcəklər. İnanırıq ki, insaf, vicdan, hüquq qalib gələcək, xeyirxahlıq və barış müvəffəq olacaqdır.”

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir

Açıqlama
13.07.2015 / 16:13
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Tovuzda “Terrorizmə, ekstremizmə və dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.11.2017 / 15:45
Ətraflı oxu

Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
04.11.2016 / 15:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: "Bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək"

Açıqlama
16.04.2019 / 16:11
Ətraflı oxu

Gənclər dini radikalizmə “yox” deyir!

Press-relizlər
11.02.2020 / 17:21
Ətraflı oxu