“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər / 24.07.2020 / 17:21

İyulun 24-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Videokonfransda hər iki ölkədən 40-a yaxın alim, deputatlar, din xadimi, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bu gün müstəqil Azərbaycanın və Özbəkistanın ən böyük nailiyyəti qardaş xalqların öz milli və dini dəyərlərini qoruması və bərpa etməsi olduğunu vurğulayıb. Qeyd edib ki, dünyada baş verən terrorizm, radikalizm, islamofobiya hallarına qarşı mübarizədə Özbəkistan Azərbaycanın İslami birlik çağırışını dəstəkləyir, sülh və demokratiya yolunda bərabər addımlar atılır. Bizim məqsədimiz Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış və İslam Həmrəyliyi çağırışı ilə yeni mərhələyə daxil olmuş münasibətlərin inkişafıdır. Çünki biz həmişə eyni etnik köklərə malik, tarixi və mentaliteti bir-birinə bənzəyən qardaş xalqlar olmuşuq və bu gün də çox məmnunuq ki, iki dost liderlər – Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyev Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə yardım edirlər. Biz fəxrlə təşəkkür edirik ki, Prezident Şavkat Mirziyoyev və özbək xalqı hər zaman Azərbaycanın dostu olduğunu bəyan edir, bizim üçün önəm daşıyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi probleminə münasibətdə Özbəkistan dövləti öz prinsipial mövqeyini və dəstəyini nümayiş etdirir. Təəssüflə qeyd etməliyəm ki, son günlərdə sərhəd bölgəmiz olan Tovuzda növbəti dəfə Ermənistan tərəfinin təxribatları nəticəsində atəşkəs pozulub, zabitlərimiz və əsgərlərimiz şəhid olmuş, mülki əhali arasında insan tələfatı baş verib, dini-mədəni abidələrimizə zərər dəyib. Biz baş verənlərlə əlaqədar beynəlxalq təşkilatlara, dini liderlərə və dünya ictimaiyyətinə rəsmi müraciətlər etmişik. Ümidvarıq ki, hər zaman olduğu kimi qardaş Özbəkistan dövləti hərbi münaqişələrin beynəlxalq sülh prinsipləri əsasında həllinin tərəfdarı olacaq, Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair öz dəyişməz mövqeyini və dəstəyini yenə də davam etdirəcək. Bizim birliyimiz, tarixin sınaqlarından keçmiş nailiyyətimiz, qardaşlıq salnaməmizdir.

Şeyxülislam belə bir aktual mövzuda videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edərək konfransda hər iki ölkənin elmi, dini və siyasi ictimaiyyəti üçün tarixi əhəmiyyət kəsb edən birgə memorandumun qəbul edilməsinə xeyir-dua verib, konfransın işinə uğurlar arzulayıb.

Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Abduqafar Axmedov çıxış edərək bu videokonfransın Azərbaycan ilə Özbəkistan arasında mənəvi-maarifçilik sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti vacib addım olacağını bildirib. Qeyd edib ki, müstəqilliyin elan olunması və Özbəkistan hökumətinin demokratiya ideallarına sadiqliyi, cəmiyyətin inkişafı üçün dünyəvi yolun seçilməsi tədricən ölkədə bütün din və konfessiyalar üçün bərabərhüquqlu şərait yaratmağa imkan verdi.

A.Axmedov qeyd edib ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə 2017-2021-ci illərdə ölkənin inkişafının beş prioritet istiqaməti ilə qəbul edilmiş Fəaliyyət Strategiyası çərçivəsində ölkənin həyatına dəstək olan bütün sahələrdə dəyişikliklər fəal şəkildə davam etdirilir. Dini sahədə bu iş dövlət orqanları və vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir və dinlərarası dialoq dini plüralizmin, tolerantlığın gücləndirilməsinə yönəldilib.

Eyni zamanda, birgə işlərin mühüm nəticələrindən biri 2018-ci ilin dekabr ayında BMT Baş Assambleyası tərəfindən "Maarifləndirmə və Dini Dözümlülük" adlı xüsusi qətnamənin qəbul edilməsidir. Qətnamənin qəbul edilməsi Özbəkistan Respublikası Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasında irəli sürülən təşəbbüsünün əməli icrası idi. Qətnamənin əsas məqsədi "təhsilin hamıya açıq olmasını təmin etmək, savadsızlığı və cəhaləti aradan qaldırmaqdır". Sənəd "dözümlülük və qarşılıqlı hörmətin bərqərar olmasına, dini etiqad azadlığının təmin olunmasına, dindarların hüquqlarının qorunmasına və ayrı-seçkilik hallarının qarşısının alınmasına" çağırılıb.

Dövlət Komitəsinin sədri son illərdə ölkədə ciddi dəyişikliklər baş verdiyini, bir çox sahələrdə, o cümlədən dini və təhsil sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Özbəkistan Konstitusiyanın normalarını təmin etmək üçün bütün zəruri tədbirləri görür: vətəndaşların hüquq və azadlıqlarının qorunması, irqindən, cinsindən, millətindən, dilindən, sosial mənşəyindən, dini etiqadından asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının qorunması, qanun qarşısında bərabərliyi təmin olunur. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, müasir Özbəkistanın dini həyatının mühüm fərqləndirici xüsusiyyəti digər dinlərə münasibətdə bir din üçün üstünlük və ya məhdudiyyətin qoyulmasının yolverilməz olmasıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrindən danışıb. Qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfərini, eyni zamanda, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 2019-cu il oktyabrın 14-də Azərbaycana etdiyi səfəri, burada Azərbaycan Prezidenti ilə görüşdüyünü və Türk Şurasının iclasında iştirak etdiyini xatırladıb.

Bildirilib ki, müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında çoxsaylı dövlətlərarası müqavilələr, münasibətlərimizi tənzimləyən sənədlər imzalanıb. Komitə sədri vurğulayıb ki, müasir Azərbaycan dünyəvi dövlətdir və ölkənin Konstitusiyası din və vicdan azadlığını tam təmin edir. Azərbaycan çoxmillətli və çox konfessiyalı ölkədir. Bu xüsusiyyət insanların dini inanclarına və tolerantlığın tarixi formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Eyni zamanda, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir. Dövlətin qayğısı ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə qurulması, yenilərinin tikilməsi istiqamətində həyata keçirilir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunmasının təsadüfi olmadığına diqqət çəkən Komitə sədri bununla bağlı ölkəmizdə və xaricdə çoxsaylı tədbirlərin keçirildiyini deyib. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini İslam dünyasını bir araya gətirən, birləşdirən humanitar, siyasi, iqtisadi əlaqələrə təkan verən hadisə kimi qiymətləndirən Mübariz Qurbanlı bildirib ki, İslamda həmrəyliyə böyük ehtiyac var.

O, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, bütün dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və dini ziyarətgahların yenidən qurulmasına xüsusi diqqət yetirdiyini qeyd edib. Bu da ölkəmizdəki tolerantlıq atmosferinin daha da gücləndirilməsinə mühüm töhfə verir.

Dinlərarası dialoqdan danışan sədr bildirib ki, prosesin yalnız müsbət tərəflərini bildirməklə kifayətlənməməliyik. Münaqişələri dini amillə əlaqələndirmək cəhdlərini də qınamalıyıq. Belə nümunələrdən biri də illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal edilib. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilib, ermənilər bütün tarixi abidələrimizi, məzarlarımızı, o cümlədən məscidlərimizi dağıdıblar. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar olaraq, Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması ilə bağlı tamamilə açıq müddəaları olan 4 qətnaməsi hələ də yerinə yetirilməyib.

Mübariz Qurbanlı iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribata əl atan erməni hərbi birləşmələrinin artilleriya qurğularından istifadə edərək atəşkəsi kobud şəkildə pozduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hücum nəticəsində həm Azərbaycan Ordusunun hərbçiləri, həm də mülki şəxs həlak olub. Bu hadisə Ermənistanın işğalçılıq siyasətinin davamıdır. Azərbaycan ordusunun hərbi qüdrəti, qətiyyəti və cəsarəti sayəsində Ermənistanın məkrli və çirkli təxribatının qarşısı qətiyyətlə alındı.

Mübariz Qurbanlı bugünkü videokonfransda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər Komitəsi, həmçinin Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında əməkdaşlıq memorandumları imzalanacağını qeyd edərək konfransın işinə uğurlar arzulayıb.

Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxon Alimov çıxış edərək videokonfransın mövzusunun əhəmiyyətindən danışıb, dini sahədə gələcəkdə hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb. Qeyd edib ki, hazırda bəzi qüvvələr İslam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışır. Şübhəsiz ki, İslam dininə münasibətdə bu cür yanaşma əsassızdır və bu, İslam dəyərlərinin yanlış dərk edilməsindən irəli gəlir. Çünki İslam dinini dərk etdikcə onun humanizm, tolerantlıq, xoş rəftar, mərhəmət daşıdığının, yüksək əxlaqi dəyərləri təbliğ etdiyinin şahidi oluruq. Buna görə də iki ölkənin din siyasətini həyata keçirən qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədbirlərin keçirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə müzakirələrin aparılması günün tələbidir.

Daha sonra Milli Məclisin deputatı, Parlamentin Azərbaycan-Özbəkistan dostluq qrupunun sədri Eldar İbrahimov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi və sosial, dini sahədə də çətin və mürəkkəb bir vəziyyət yaranıb. Bu şəraitdə cəmiyyətin sabitliyini və müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyini təmin etmək üçün ölkə parlamenti bir sıra vacib normativ hüquqi aktları qəbul edib. Bu aktlardan biri də "Dini etiqad azadlığı haqqında" Qanundur. Bu Qanun Azərbaycan Respublikasında hər bir insanın dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək, eləcə də bu hüquqdan istifadə etməyə zəmanət verir. Eyni zamanda, dinə dair bir sıra məsələlər Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır.

O qeyd edib ki, respublikamızda belə mükəmməl bir tolerantlıq mühitinin yaradılması, dini dözümlülüyün İslamın və Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvətinin olmasına dəlalət edir. Müxtəlif dini konfessiyaların nümayəndələri həmişə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirib, Azərbaycan Respublikasının azadlığı və rifahı üçün birgə mübarizə aparıblar. Azərbaycan xalqının dözümlülüyünün bu xarakterik keyfiyyətləri xüsusilə erməni təcavüzü dövründə aydın şəkildə özünü büruzə verdi. Azərbaycanlılarla birlikdə müxtəlif dini konfessiyalara və etnik xalqlara mənsub olan vətəndaşlarımız da Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etdilər.

E.İbrahimov qeyd edib ki, 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmiz müsəlman dünyası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurub. Bu kontekstdə dost və qardaş Özbəkistanla qurulan münasibətlər böyük əhəmiyyət daşıyır və Özbəkistan Azərbaycanın strateji müttəfiqləri arasında xüsusi yer tutur. Əvvəlcə qeyd etmək istərdim ki, Azərbaycan və Özbək xalqları arasında tarixən bir çox ortaq dəyərlər inkişaf edib. Xalqlarımız arasında dostluq və anlaşma dərin kök salıb. Bizi linqvistik, dini, mənəvi və bir çox qardaşlıq və dostluq bağları bağlayır. Həyat və iqtisadiyyatın bütün məsələlərində hər zaman bir-birimizi dəstəkləyirik.

Videokonfransın birinci hissəsinin davamında Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin Tədqiqat şöbəsinin müdiri Qulçexra Tulemetova, Özbəkistan Respublikası Ruhani və maarifçilik Mərkəzinin rəhbəri Minxojiddin Xojimatov çıxış edərək din sahəsində dövlət siyasəti istiqamətində təcrübə mübadiləsinin, dini ekstremizmin təzahürlərinin yayılmasının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılması, tolerantlıq mühitinin qorunub saxlanmasında birgə tədbirlərin keçirilməsi kimi müvafiq istiqamətlər barədə fikirlərini ifadə ediblər.

Beynəlxalq videokonfrans “Cəmiyyətdə dini tolerantlığın və harmoniyanın təmin edilməsi: Özbəkistan və Azərbaycan təcrübəsi”, “Müasir dövlətdə dini dəyərlərin saxlanılması və inkişafı”, “Müasir dövrdə İslam maarifçiliyi” mövzularında panel sessiyalarla davam edib. Milli Məclisin deputatları Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Anar İsgəndərov, QMİ sədrinin birinci müavini müfti Salman Musayev, Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov, Daşkənd İslam İnstitutunun rektoru Uyqun Qafurov, Özbəkistan Müsəlmanları İdarəsi sədrinin birinci müavini Xomijon İşmatbekov, İmam Buxari Beynəlxalq Araşdırma Mərkəzinin direktoru Şovosil Ziyodov və başqaları mövzular ətrafında geniş məruzələrlə çıxış edərək beynəlxalq videokonfransın əhəmiyyətini, qarşılıqlı fikir və təcrübə mübadiləsinin vacibliyini bir daha diqqətə çatdırıblar.

Beynəlxalq videokonfrans zamanı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum, eləcə də Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.


Son baxılan xəbərlər

DQİDK və Göyçay RİH-in birgə təşkilatçılığı ilə tədbir keçirilib

Press-relizlər
01.02.2019 / 10:24
Ətraflı oxu

Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Xəbərlər
11.07.2019 / 17:00
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
09.02.2018 / 16:45
Ətraflı oxu

Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
12.10.2018 / 16:34
Ətraflı oxu

"Vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
20.02.2018 / 16:50
Ətraflı oxu

DQİDK-nın dəstəyi ilə bölgələrdə aprel döyüşlərinə həsr olunmuş tədbirlər keçirilib

Press-relizlər
25.04.2018 / 15:53
Ətraflı oxu