Milli Qurtuluşdan başlayan böyük yol

Press-relizlər / 13.06.2020 / 10:04

15 İyun Milli Qurtuluş Günü xalqımızın tarixinin parlaq səhifələrindən birini təşkil edir. Bu bayram şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Milli Qurtuluşa nail olunması prosesi respublikamızın sosial-iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni böhranla və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşməsi kimi ağır sınaqlardan keçmişdir.

Azərbaycanın dünyada və keçmiş SSRİ-də gedən proseslərin nəticəsində yenidən dövlət müstəqilliyi əldə etməsinin ilk illərində hakimiyyətdə olan qüvvələr xalqımızın taleyüklü problemlərinin həllinə biganə yanaşmış, Ermənistanın hərbi təcavüzünün qarşısını almaq üçün vahid komandanlığa tabe olan milli ordu yaratmaq əvəzinə, qanunsuz silahlı dəstələrin fəaliyyətinə rəvac vermiş, cəmiyyəti xaos və qarşıdurmalarla üz-üzə qoymuşdur. Xüsusilə, qanunsuz yolla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün cəmiyyəti böhran girdabına sürükləməsi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün qarşısının alınmasında acizlik göstərməsi, respublikanın şimal və cənub bölgələrində etnik separatizmin güclənməsi xalqımızın kəskin narazılığına səbəb oldu. Əhalinin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar yaranmış ağır və mürəkkəb vəziyyətdən çıxış yolunu həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsində görür və bu məqsədlə müxtəlif təşəbbüslərlə çıxış edirdilər. 1993-cü il iyunun 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda AXC-Müsavat cütlüyü həm xalqımızın israrlı tələbini, həm də özünün acınacaqlı aqibətini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı.

Parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bu hadisə xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev Ali Sovetin Sədri, sonra isə Azərbaycan Respublikasının Prezidenti olarkən müstəqil dövlət quruculuğu yolunda uzaqgörən və qətiyyətli siyasət aparmağa başladı.

 

Sosial-iqtisadi inkişaf, müstəqil dövlətin hüquqi-siyasi əsaslarının formalaşdırılması, ordu quruculuğu

 

Heydər Əliyev dövlət müstəqilliyinə qarşı yönəlmiş daxili və xarici təhdidlərin, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində mühüm addımlar atdı. Bu məqsədlə Azərbaycanın suverenliyinə və ərazi quruluşuna qarşı yönəlmiş təxribatçı hərəkətlərin, dövlət çevrilişi cəhdlərinin, etnik-separatizmin (Qondarma "Talış-Muğan Respublikası”, "Sadval”) qarşısı alındı, vətəndaş həmrəyliyinin yaradılması müstəqil dövlət quruculuğunda tarixi uğurların əldə olunmasında böyük əhəmiyyət daşıdı. Heydər Əliyev həmin dövrü xarakterizə edərək bildirmişdir: "İndi respublikanın böhran vəziyyətində - iqtisadi böhran, ictimai-siyasi böhran, eyni zamanda ağır müharibə vəziyyətində hamımız birgə çalışmalı, birgə fəaliyyət göstərməli, həmrəylik - vətəndaş həmrəyliyi, milli həmrəylik nümayiş etdirməliyik. Mən bu həmrəyliyin yaranması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və ali sənəddə xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğu, dövlətin demokratik, hüquqi və dünyəvi xarakter daşıdığı kimi əsas prinsiplər öz əksini tapdı. Hüquqi dövlət quruculuğu sahəsində islahatların aparılması qanunun aliliyi, insan hüquq və azadlıqlarının təmin olunması, eyni zamanda vətəndaşların müstəqil dövlətçilik ətrafında birləşməsi üçün geniş imkanlar yaratdı. Konstitusiyanın qəbulundan sonra cəmiyyətin bütün sahələrində islahatların həyata keçirilməsinin vacibliyini qeyd edən Heydər Əliyev demişdir: "Bizim strateji kursumuz dünya iqtisadi birliyi ilə sıx inteqrasiya edən, bazar iqtisadiyyatına əsaslanan, müstəqil, demokratik hüquqi dövlət qurmaqdır. Buna uyğun olaraq biz artıq konkret nəticələr vermiş olan genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçiririk”. Müstəqil dövlət quruculuğunun tərkib hissəsi kimi demokratik siyasi sistemin və bazar iqtisadiyyatının inkişafı sahəsində mühüm işlər görüldü. İctimai-siyasi sabitliyin bərqərar olması siyasi, iqtisadi, milli, dini münasibətlərin demokratik prinsiplər əsasında formalaşması üçün əlverişli şərait yaratdı. Demokratiyanın inkişafında söz və mətbuat azadlığının oynadığı rola mühüm əhəmiyyət verildi, onun təmin olunması üçün ardıcıl siyasət aparıldı. Bunun ən parlaq nümunəsi Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə Azərbaycanda KİV üzərindən dövlət senzurasının götürülməsi oldu.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bazar iqtisadiyyatı münasibətlərinə keçidin səmərəli mexanizmini formalaşdırmaq üçün dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi təcrübələri nəzərə alınaraq strateji vəzifələr müəyyən olundu. 1993-1997-ci illərdə sosial-iqtisadi böhran aradan qaldırıldı, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyanın əsasları yaradıldı. 1998-2003-cü illərdə isə iqtisadiyyatın müxtəlif sahələrini nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi ilə bazar iqtisadiyyatının əsasları möhkəmləndi, onun davamlı inkişafına nail olundu və dünya iqtisadiyyatına inteqrasiyası sürətləndi. Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa başladı. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən islahatların nəticəsində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi ildən-ilə artdı. Əlverişli biznes mühitinin yaradılması ölkəmizə xarici investisiya qoyuluşunu sürətləndirdi. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq respublikamızın aqrar sektorunda islahatların aparılması ilə torpaq əsl sahibinə - kəndliyə qaytarıldı.

Heydər Əliyev ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək qabiliyyətinə malik olan Azərbaycan Ordusunun formalaşdırılması yönündə fəal siyasət apardı. Qoşun hissələri keçmiş hakimiyyətlərdən miras qalmış təxribatçı-siyasi ünsürlərdən təmizləndi və möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan Milli Ordunun yaradılması xalqımızda böyük qurur hissi doğurdu. Ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, hərbi iş sahəsində elmi tədqiqatların aparılması üçün Heydər Əliyevin 1999-cu il 20 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradıldı.

 

Milli-mənəvi dəyərlərin qorunub saxlanılması və azərbaycançılıq ideyası

 

Ulu Öndər Heydər Əliyevin apardığı siyasətin nəticəsində milli-mənəvi dəyərlərin, elm, təhsil, mədəniyyət və incəsənətin inkişafında dönüş mərhələsi başladı. Milli ideologiya səviyyəsinə qaldırılan azərbaycançılıq məfkurəsi ölkəmizdəki müxtəlif xalqların, dini konfessiyaların nümayəndələrinin vətəndaş həmrəyliyi şəraitində yaşamasında tarixi-siyasi əhəmiyyət daşıdı. Milli mənlik şüuru inkişaf etdi, xalqımızın öz tarixini dərindən öyrənməsi üçün əlverişli şərait yarandı. Heydər Əliyev milli-mənəvi dəyərlərin (adət-ənənələr, din, dil, mədəniyyət və s.) azərbaycançılıq məfkurəsi əsasında inkişafına nail olmuş və bununla bağlı bildirmişdir: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi xaricdə yaşayan soydaşlarımız arasında milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynadı.

Heydər Əliyevin apardığı siyasət etnik mənsubiyyəti, dini baxışları və adət-ənənələrindən asılı olmayaraq bütün ölkə vətəndaşları tərəfindən dəstəkləndi. Demokratik şərait müxtəlif dini dəyərlərin bir-biri ilə yanaşı mövcud olması, vicdan azadlığı və dini etiqad sərbəstliyinin ictimai həyatda özünə mühüm yer tutmasını təmin etdi. Azərbaycandakı bütün dini konfessiyalar və azsaylı xalqlar multikulturalizmin inkişafı, dostluq və humanizm prinsiplərinin öz təsdiqini tapması, vətəndaş həmrəyliyinin möhkəmlənməsində və ictimai-siyasi sabitliyin təmin olunmasında yaxından iştirak etməyə başladılar. Müxtəlif tarixi dövrlərdə daxili və xarici siyasi dairələrin Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlmiş cinayətkar əməllərinə respublikamızda yaşayan azsaylı xalqların, dini konfessiyaların nümayəndələri kəskin etirazlarını bildirdilər. Dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, müxtəlif dini etiqadları təmsil edən dini qurumlar arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsi, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il 21 iyun tarixli fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Ulu Öndərin hakimiyyəti dövründə xeyli sayda qədim dini ocaqlar və müqəddəs yerlər təmir-bərpa edilmiş, yaxud yenidən qurulmuşdur.

 

Milli maraqları ifadə edən xarici siyasət, nəqliyyat-enerji təhlükəsizliyinin təmin olunması

 

Heydər Əliyev Azərbaycanın xarici siyasətini beynəlxalq hüquqi normalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi kimi prinsiplər əsasında qurmuşdur. Xarici siyasət aparılarkən Azərbaycanın geosiyasi vəziyyəti, onun dünya ölkələri ilə ayrı-ayrılıqda və çoxtərəfli formatda münasibətlərinin xüsusiyyətləri nəzərə alınmışdır. Regional və beynəlxalq təşkilatlarla əlaqələr möhkəmlənmiş və xalqımızın mənafeyi naminə onların imkanlarından istifadə olunmuşdur. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və digər nüfuzlu qurumlarla Azərbaycanın əlaqələri möhkəmlənmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq Heydər Əliyevin apardığı xarici siyasətin əsas istiqamətlərindən birini təşkil etmişdir. Ümummilli Lider BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etməsinə nail olmuş, münaqişə ilə bağlı Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatların tribunalarından səsləndirmiş, beynəlxalq birliyi problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırmışdır.

ATƏT-in 1996-cı il 2-4 dekabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilmiş Sammitində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu müəyyən edildi. Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa dövləti münaqişənin həlli üçün xalqımızın milli mənafeyinə uyğun olan prinsipləri (Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi) dəstəklədi. Qeyd edək ki, BMT və ATƏT-lə yanaşı, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi qurumlar da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə tərəfdar olduqlarını bildirmişlər. Qeyd edək ki, İƏT Ermənistanın Azərbaycana hərbi təcavüz faktını tanıyan ilk beynəlxalq qurumdur. 1993-cü il aprel ayının 25-29-da İƏT-in Xarici İşlər nazirlərinin Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilmiş 21-ci konfransında qəbul edilmiş Qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən təcili çıxması tələb olunmuşdur.

Heydər Əliyev Azərbaycanın zəngin təbii sərvətlərindən dövlət müstəqilliyinin möhkəmlənməsi üçün istifadə olunması və əhalinin sosial rifah halının yüksəlməsi məqsədilə yeni neft strategiyasının əsasını qoymuşdur. 1994-cü il sentyabrın 20-də Azərbaycanla dünyanın nüfuzlu neft şirkətləri arasında "Əsrin müqaviləsi”nin imzalanması xalqımızın təbii sərvətləri üzərində həqiqi sahiblik hüququnun təmin edilməsində böyük tarixi hadisə oldu. Müqavilə çərçivəsində regional və beynəlxalq əhəmiyyət daşıyan enerji layihələrinin həyata keçirilməsinə başlanması Azərbaycanın dünya birliyində nüfuzunu artırdı. 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərləri istifadəyə verildi, 1999-cu ildə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Saziş imzalandı. "Əsrin müqaviləsi” ölkəmizlə Qərb dövlətləri və beynəlxalq maliyyə qurumları arasındakı münasibətləri möhkəmləndirdi.

Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan nəqliyyat dəhlizləri ilə bağlı layihələrə fəal şəkildə qoşulmuşdur. Məsələn, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən və tarixi İpək yolunun bərpasını nəzərdə tutan "TRASEKA” layihəsinin reallaşmasında ölkəmiz yaxından iştirak etmişdir. Heydər Əliyevin təşəbbüsü, Avropa Birliyi Komissiyası və "TRASEKA” proqramının iştirakçısı olan ölkələrin birgə qərarı ilə 1998-ci il sentyabrın 8-9-da Bakıda tarixi İpək yolunun bərpasına həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir. 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas Saziş” imzalanmışdır.

 

Siyasi kursda varisliyin davam etdirilməsi

 

Milli Qurtuluş Günündən başlayan yolu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir və onun apardığı siyasətin nəticəsində ölkəmiz keçid dövrünü başa vurub, hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı sahəsində mühüm addımlar atılır. Prezident İlham Əliyevin siyasəti xalqımızın maraqlarını özündə əks etdirərək Azərbaycanın siyasi-iqtisadi, mədəni potensialına əsaslanır və müasir dövrün çağırışlarına cavab verir. Dinamik və innovasiya yönümlü milli iqtisadiyyatın inkişafı, sosial, humanitar və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi Azərbaycanın dünya birliyində nüfuzunu artırır. Xalqımızın milli-mənəvi və multikultural dəyərlərinin, müstəqil dövlətçilik tarixinin və görkəmli şəxsiyyətlərin yaradıcılığının təbliği, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, idman və digər sahələrin inkişafı üçün Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanda 2007-ci il "Gənclər ili”, 2009-cu il "Uşaq ili”, 2010-cu il "Ekologiya ili, 2011-ci il "Turizm ili”, 2012-ci il "İdman ili”, 2013-cü il "İnformasiya-kommunikasiya texnologiyaları ili”, 2014-cü il "Sənaye ili”, 2015-ci il "Kənd təsərrüfatı ili”, 2016-cı il "Multikulturalizm ili”, 2017-ci il "İslam Həmrəyliyi ili”, 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu il "Nəsimi ili”, 2020-ci il isə "Könüllülər ili” elan edilmişdir.

 

Əhalinin rifahına xidmət edən sosial-iqtisadi və elmi inkişaf

 

Neft strategiyasının həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər və qeyri-neft sektorunun inkişafı, işsizlik və yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində görülən işlər xalqımızın sosial rifahının yüksəlməsinə mühüm təsir göstərir. Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan çoxsaylı dövlət proqramlarının həyata keçirilməsi nəticəsində infrastruktur təminatı yaxşılaşır, sahibkarlığın inkişafına təkan verilir, əhalinin məşğulluq səviyyəsi yüksəlir. Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparılması dünyanın bir çox nüfuzlu iqtisadi-maliyyə mərkəzlərinin hesabatlarında da öz əksini tapır. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu, "Moodys”, "Fitch Raitings”, "Standard and Poors” kimi qurumlar Azərbaycanın dünyada ən yüksək iqtisadi artıma malik olduğunu qeyd etmişlər. Məsələn, Davos Dünya İqtisadi Forumunun 2017-ci ilə dair hesabatına görə, ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyəti parametri üzrə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişaf göstəricisi üzrə 26-cı yeri tutmuşdur. Forumun 2017-ci ilə dair "İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 dövlət arasında 3-cü yerə yüksəlmişdir. Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısında yer tutaraq, 2018-ci ildə dünyanın ən çox islahat aparan ölkəsi elan edilmişdir. Hesabatda ölkəmiz 2017-ci illə müqayisədə 32 pillə irəliləmiş, 190 ölkə arasında 25-ci yeri tutmuş, MDB ölkələri arasında lider mövqeyə malik olmuşdur. Azərbaycan iqtisadiyyatının neftdən və xarici kapitaldan asılılığı kəskin şəkildə azalmış, ümumi daxili məhsulda qeyri-neft sektorunun həcmi artmış, xeyli sayda yerli sənaye, emal və ərzaq istehsalı müəssisələri fəaliyyətə başlamışdır.

Sosial-iqtisadi inkişafa uyğun olaraq, elmi fəaliyyət sahəsində də ardıcıl dövlət siyasəti həyata keçirilir. Ölkəmizin elmi prioritetləri dünya elminin inkişaf istiqamətləri ilə uyğunlaşdırılır. Prezident İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışı ilə təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidin təmin olunması ölkəmizin strateji hədəflərindən biridir. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1”, 2014-cü ildə 2-ci - Yer səthini müşahidə edən "Azersky” peyki, 2018-ci ilin sentyabrında isə "Azerspace-2” orbitə çıxarılmışdır. Prezident İlham Əliyev ilk peykin orbitə buraxılmasını müstəqillik dövründə Azərbaycanın ən böyük uğurlarından biri kimi qiymətləndirmişdir.

 

Vətəndaş cəmiyyətinin və multikultural dəyərlərin inkişafı

 

Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının (siyasi partiyalar, QHT-lər, KİV) ictimai həyatda rolu artır, onların irəli sürdükləri əsaslandırılmış təklif və tövsiyələrə dövlət orqanları diqqətlə yanaşırlar. Hazırda Azərbaycanda 59 siyasi partiya, 4 minə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatından keçmişdir. Ölkə üzrə KİV-in ümumi sayı 5 mindən çoxdur. Siyasi partiyalar, QHT-lər və KİV prezident, parlament və bələdiyyə seçkilərində, ümummilli əhəmiyyət daşıyan məsələlərin müzakirəsində yaxından iştirak edir, ictimai rəyin formalaşmasına mühüm təsir göstərirlər.

Azərbaycanda yaşayan azsaylı xalqların, dini konfessiyaların hüquqlarının təmin olunması, onların dini-mədəni dəyərlərinin qorunub saxlanılması dövlət siyasətinin əsas məqsədlərindən biridir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Azərbaycan ölkədə yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda nə milli, nə dini zəmində heç vaxt problem olmamışdır və olmayacaqdır. Bu, bizim strateji xəttimizdir. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar”. Ölkəmizdə 941 dini qurum qeydiyyatdan keçmişdir ki, onların 906-sı islam, 35-i isə qeyri-islam təmayüllüdür. Respublika ərazisində 2250 məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir. Azərbaycandakı multikultural mühit müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı yaşaması, ictimai-siyasi sabitliyin möhkəmlənməsi, dövlətin bütün sahələrini əhatə edən davamlı inkişafın təmin olunması üçün mühüm əhəmiyyət daşıyır. Müxtəlif millətlər və xalqlar arasındakı qarşılıqlı inam, hörmət hissi vətəndaş həmrəyliyini möhkəmləndirir. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili” elan edilmişdir ki, bu da dövlət siyasətində tolerantlığa böyük diqqət yetirildiyinin bariz sübutudur. Dini konfessiyaların fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, mənəvi dəyərlərin qorunması və inkişafı, bu sahəyə dövlət dəstəyinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır.

Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsində onun adını daşıyan fondun xidmətləri xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafında yaxından iştirak edir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elm, təhsil, səhiyyə, mədəniyyət, sosial məsələlər, idman, ətraf mühitin qorunması və informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirilən layihələri xalqımız böyük rəğbət hissi ilə qarşılayır. Fond milli birliyin möhkəmlənməsində, vətəndaş cəmiyyətinin inkişafında, mənəvi-əxlaqi dəyərlərin qorunmasında mühüm işlər görür. Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrinin UNESKO-nun siyahısına daxil olunmasında Heydər Əliyev Fondunun göstərdiyi fəaliyyət tarixi əhəmiyyət daşıyır. Milli-mənəvi dəyərlərin dünyada təbliği sahəsində fondun reallaşdırdığı layihələr xalqımızın qədim mədəniyyət nümunələrini ermənilərin öz adlarına çıxması kimi mənfur niyyətlərinin qarşısını alır. Mədəniyyətlərarası dialoqun və tolerant ənənələrin inkişaf etdirilməsi Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biridir. Ötən illər ərzində fondun xətti ilə ölkəmizdəki məscidlərdə, o cümlədən müxtəlif dinlərə sitayiş edən insanların getdikləri ziyarətgahlarda təmir-bərpa işləri aparılmış, azsaylı xalqların nümayəndələri üçün təhsil, mədəniyyət mərkəzləri yaradılmışdır. Fondun layihələri yalnız Azərbaycanla məhdudlaşmamış, xarici dövlətləri də əhatə etmişdir. Belə ki, fond tərəfindən Fransa, Vatikan, İtaliya, Bolqarıstan və s. dövlətlərdə qədim dini, mədəni abidələrdə təmir-bərpa işləri aparılmışdır.

 

Milli maraqlara və praqmatizmə əsaslanan xarici siyasət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

 

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət ölkəmizi dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun BMT, Avropa Birliyi, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı kimi təşkilatlarla əlaqələrini möhkəmləndirir. 2011-ci il oktyabrın 24-də 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xalqımızın tarixində mühüm hadisədir. Bununla yanaşı, nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi Azərbaycanın uğurlu diplomatiyasının sayəsində mümkün olmuşdur. "Eurovision - 2012”, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Bakı Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşü kimi mötəbər tədbirlərin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırır.

Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş nəhəng enerji-nəqliyyat layihələri uğurla həyata keçirilir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. 2014-cü ildə "Cənub qaz dəhlizi”nin, 2016-cı ildə isə Trans-Adriatik Boru Xəttinin (TAP) təməli qoyulmuşdur. 2018-ci il mayın 29-da Bakıda "Cənub qaz dəhlizi”nin, 2019-cu il noyabrın 30-da isə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimləri keçirilmişdir. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilmişdir.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün həm Ermənistan prezidentləri və baş naziri ilə danışıqlarda, həm də BMT Baş Məclisinin sessiyalarında, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların tədbirlərində çıxışı zamanı münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin Ermənistanın beynəlxalq hüquqi prinsiplərə zidd olaraq yerinə yetirmədiyini bildirmişdir. BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə keçirilmiş sessiyalarında qəbul olunmuş sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması faktı pislənilmiş, BMT Təhlükəsizik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır. ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların müxtəlif tədbirlər çərçivəsində qəbul etdiyi sənədlərdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkünlüyü bildirilmişdir.

Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı xarici siyasətlə paralel olaraq Milli Ordumuzun maddi-texniki bazasını gücləndirir. Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordu quruculuğu sahəsində atılan mühüm addımlardan biridir. 2003-cü ildən indiyə qədər ölkəmizin hərbi xərcləri 15 dəfə artmışdır. Son illər 20 hərbi sənaye kompleksi müəssisəsi tikilib istifadəyə verilmişdir. Bunun nəticəsidir ki, Azərbaycan müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrə malikdir. 2018-ci il iyunun 26-da Bakı şəhərinin "Azadlıq meydanı”nda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilmiş təntənəli hərbi paradda 240-dan çox hərbi texnika, gəmi, 70-dən artıq uçuş vasitəsi, o cümlədən ən müasir zirehli texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş etdirildi. Nüfuzlu "Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının 2020-ci il üzrə "Ən güclü ordu” reytinqinə görə, Azərbaycan Ordusu dünyanın 138 dövlətinin orduları sırasında 64-cü yerdədir. Siyahıda Gürcüstan 89-cu, Ermənistan isə 111-ci sıradadır. Azərbaycan Ordusu yalnız Cənubi Qafqazda deyil, həmçinin MDB məkanında lider mövqelərdən birini tutur.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın düşmənlə təmas xəttində yerləşən mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalanda Milli Ordumuz əks-hücum əməliyyatı ilə düşmənin təxribatlarının qarşısını alıb, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndini və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeləri işğaldan azad etdi. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad olundu, dövlət sərhədi boyunca əlverişli strateji yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü. Bütün bunlar Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana hərbi təcavüzü və onun nəticələri ilə bağlı həqiqətləri mütəmadi şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Buna misal olaraq, 2019-cu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı toplantısında, həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında, 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın qətiyyətli mövqeyini ifadə edən çıxışlarını göstərmək olar. Azərbaycan Prezidenti münaqişənin yaranması səbəbləri və onun aradan qaldırılması ilə bağlı aparılan danışıqların mahiyyəti, Ermənistanın qeyri-konstruktiv mövqe tutması və işğalçılıq siyasətini davam etdirməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Yuxarıda göstərilənlərin ümumiləşdirilməsi sübut edir ki, Azərbaycanın inkişafı və dünya birliyində layiqli yer tutması Milli Qurtuluş Günündən başlayır. Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə misilsiz tarixi fəaliyyət göstərmişdir. Bu gün Azərbaycan qüdrətli və hərtərəfli inkişaf edən dövlət kimi Milli Qurtuluşdan başlayan yolu uğurla davam etdirir.

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini

"Azərbaycan" qəzeti 

Son baxılan xəbərlər

Göyçayda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
24.02.2018 / 09:29
Ətraflı oxu

Quba, Oğuz və Astarada "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
31.05.2019 / 15:19
Ətraflı oxu

Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir

Press-relizlər
20.04.2018 / 16:29
Ətraflı oxu

Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra əhəmiyyətli görüşlər keçirib

Press-relizlər
30.06.2018 / 12:54
Ətraflı oxu

2 və 9 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
18.08.2017 / 17:40
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
04.03.2019 / 17:09
Ətraflı oxu