Mübariz Qurbanlı: "Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq"

Müsahibələr / 06.05.2020 / 14:12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA-ya müsahibəsi:

 

- Mübariz müəllim, müsahibəmizə bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı sualla başlamaq istərdim. Pandemiyaya qarşı dünya dövlətlərinin mübarizəsini necə qiymətləndirirsiniz? Azərbaycanda koronavirusla mübarizə tədbirləri barədə nə deyə bilərsiniz?

 

- Məlumdur ki, “COVİD-19”la mübarizədə dünyanın müxtəlif ölkələrində tədbirlər həyata keçirilir. Faktiki olaraq bu gün dünyanın elə bir yeri yoxdur ki, orada koronavirus yayılmasın. Azərbaycanda bununla bağlı vaxtında qabaqlayıcı tədbirlər görülüb. Ölkəmizdə virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, pandemiyanın səbəb olduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü siyasət aparılır. İlkin məlumatlar daxil olduğu vaxtdan etibarən Azərbaycanda dövlət başçısının tapşırığı ilə qabaqlayıcı tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və Tədbirlər Planı müəyyənləşdirilib. Virusun ölkədə geniş yayılması bizim üçün daha böyük çətinliklər yarada bilərdi. Əgər vaxtında təcili və təxirəsalınmaz tədbirlər görülməsəydi, istər-istəməz virus Azərbaycanda daha geniş yayıla bilərdi.

Qeyd edim ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudlaşdırıcı rejimin mərhələli şəkildə həyata keçirilməsi özünün müsbət nəticələrini göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın koronavirusla mübarizədə gördüyü işləri yüksək qiymətləndirib. Həmçinin  Azərbaycan ÜST-ün tövsiyələrinə əməl edən nümunəvi ölkələr sırasındadır.

Bu gün də Azərbaycanda koronavirusa qarşı mübarizə davam etməkdədir. İki əsas məsələ var - birincisi, virusun qarşısı necə alınmalıdır? İkincisi isə burada hansı məqama üstünlük verilməlidir? Bəzi ölkələr iqtisadi məsələləri göz önünə gətirərək ləngliyə yol verib. Lakin Azərbaycanda insan sağlamlığına, vətəndaşların təhlükəsizliyinə daha böyük üstünlük verilib. Ölkəmizdə vətəndaşların sağlamlığının qorunması ən əsas yeri tutub. Əksər ölkələrdə karantin rejimi tətbiq olunub. Azərbaycanda da vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etməklə həmrəylik nümayiş etdirir.

Eyni zamanda ölkəmiz pandemiyaya qarşı mübarizədə qlobal xarakterli addımları ilə də fərqlənməyi bacardı. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə aprel ayının 10-da Türk Şurasının fövqəladə Zirvə görüşünün, bu günlərdə isə Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr olunmuş onlayn səviyyəli Zirvə görüşünün keçirilməsi dünya birliyi üçün qlobal xarakter daşıyan prosesin qarşısının alınmasında məqsədyönlü və birgə fəaliyyət nümunəsidir. Bu təşəbbüslər həm ölkəmizdə, həm də xarici dövlətlərdə yüksək qiymətləndirildi. Azərbaycan nəinki milli səviyyədə koronavirusla mübarizədə mühüm tədbirlər həyata keçirir, eləcə də qlobal miqyasda da bu bəlaya qarşı birliyin və əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verir.

 

- Bəzi siyasi dairələr, eləcə də beynəlxalq təşkilatlar Azərbaycanda koronavirusla bağlı tətbiq olunan xüsusi karantin rejimindən müxalif qüvvələrə qarşı istifadə edildiyi barədə bəyanatlar səsləndirir. Bu bəyanatları necə qarşıladınız?

 

- Əslində, hansısa beynəlxalq təşkilatın bununla bağlı Azərbaycana irad tutması haqqında məlumata malik deyiləm. Bunu, sadəcə, sosial şəbəkələrdə kimlərsə uydururlar. Amma ölkənin daxilində və eyni zamanda xaricdə olan müəyyən dairələrin göstərişi ilə, xüsusilə də erməni lobbisindən qidalanan qruplar var ki, onlar internet azadlığından istifadə edərək Azərbaycan əleyhinə yalan və böhtan xarakterli məlumatlar yaymaqdadır. Bunu əvvəllər də müşahidə edirdik ki, Azərbaycandan kənarda olan, özlərini jurnalist adlandıranlar bütün səylərini, pis niyyətlərini ölkəmizi qaralamağa istiqamətlənmiş məlumatlar yaymağa yönəldirdilər. Bu gün xaricdə olan antimilli və anti-Azərbaycan qrupların internet üzərindən yaydıqları məlumatların monitorinqini aparsaq, görəcəyik ki, bu dairələr ölkədə görülən işləri məqsədli şəkildə gözdən salmağa cəhd edirlər. Azərbaycanda koronavirusa qarşı mübarizədə səhiyyəmizin, həkimlərimizin fədakar əməyini heçə endirməklə hökumətin həyata keçirdiyi tədbirlərin nüfuzuna xələl gətirməyə çalışırlar. Burada məqsəd Azərbaycanın daxilində əhalidə inamsızlıq yaratmaq, xalq-hakimiyyət birliyinə kölgə salmağa cəhd etmək, ictimai sabitliyi pozmaqdır. Ölkənin daxilində də internet üzərindən bu kimi məlumatlar yayılır. Əslində bütün ölkələrdə karantin rejimi tətbiq edilərkən müəyyən məhdudiyyətlər qoyulur. Bu da təbiidir, istənilən ölkədə karantin və yaxud fövqəladə vəziyyət elan olunursa, məhdudiyyətlərin olması qaçılmazdır.

Azərbaycanda da bu cür məhdudiyyətlər var. Axı, virusla mübarizədə başqa alternativlər yoxdur. Koronavirusa qarşı mübarizədə ən düzgün yol ondan ibarətdir ki, karantin vasitəsilə yoluxmanın daha geniş yayılmasının qarşısı alınsın və xəstələnmiş şəxslər varsa, onların müalicəsi davam etsin. Dünyada da bu praktika tətbiq edilir. Dünya səhiyyəsinin aparıcı alimləri virusun vaksininin tapılması üzərində işləyirlər. Yəqin ki, yaxın vaxtlarda bunu həll edəcəklər. Amma hələlik ən optimal yol virusun yayılma sürətinin qarşısının alınmasıdır. İstənilən ölkədən misal gətirə bilərik ki, karantin rejimi pozulanda cərimələr müəyyən edilir və həmin şəxslərə qarşı müvafiq tədbirlər görülür. Hətta bəzi ölkələrdə bununla bağlı çox ağır cərimələr və cəzalar var. Elə ölkə yoxdur ki, orada bu cür tədbirlər olmasın.

Karantin rejimini pozan vətəndaşlara qarşı cəza tətbiq edilirsə, onların hansı düşüncəyə malik olmasına baxılmır. Bizdə karantin rejiminin pozulması o qədər geniş hal almayıb, pozanlar olubsa da, onlar kimliyindən asılı olmayaraq müəyyən cərimələrə və yaxud qanunauyğun olaraq cəzaya məruz qalıblar. Bu cür hallar olanda isə bəzən həm xaricdən, həm də ölkə daxilində bəziləri deyirlər ki, “hökumət bundan istifadə edir”. Amma bu cür fikirlər kökündən yanlışdır. Bu yalana heç kim inanmır. Bu yalanı özləri deyir, özləri eşidir.

Xaricdən Azərbaycan əleyhinə bu cür fikir səsləndirənlər eyni adamlardır. Onların çıxışlarına bir dəfə baxanda bilirsən ki, onlar kimdirlər və nə istəyirlər. Bu cür “sapı özümüzdən olan balta”lar xarici ölkələrdə yaşayıb Azərbaycanla bağlı yalan, böhtan yaymaqla məşğuldurlar. Xaricdən çıxış edən Cəmil Həsənli, Qubad İbadoğlu, Sevinc Osmanqızı, Qənimət Zahid, Orduxan Bəbirov və s. bu kimilər mahiyyəti eyni olan yalan məlumatlar verirlər. Xaricdən danışanlar arasında Arif, onun qardaşı Ramiz və Leyla Yunuslar kimi antimilli elementlər var. Onlar mənşəcə ermənilərə bağlı olan adamlardır. Bunlar zamanında AXCP-Müsavat dövründə hökumətdə təmsil olunublar. O zaman ölkənin hansı fəlakətlər yaşadığı hamıya məlumdur. Bu şəxslər anti-Azərbaycan düşüncəsi və əməlinin daşıyıcısıdırlar. Vətənə bağlı adamlar deyillər. Ölkəmiz uğurlar əldə etməsi onlar üçün böyük zərbədir. Ölkə daxilində Əli Kərimli və onun çirkin əməllərinə dəstək verən azsaylı qruplar məhz erməni lobbisinin aləti olan antimilli dairələrlə sinxron fəaliyyət göstərirlər.

Bütün dünyanın gözəgörünməz düşmənlə - koronavirusla mübarizə apardığı bir zamanda bu antimilli qruplar ölkəmizdəki vətəndaş həmrəyliyinə zərər vurmağa çalışırlar. Onların irəli sürdüyü fikirlər nə iqtisadi, nə siyasi modelə, nə də ölkənin inkişafı ilə bağlı olan məsələlərə aid deyil. Hökumət ölkədəki vəziyyəti təhlil edərək yaranmış vəziyyətdən çıxış yollarını müəyyənləşdirib və bu istiqamətdə fəaliyyətini genişləndirib. Amma belə olan şəraitdə Azərbaycanın əleyhinə olan xaricdəki dairələrlə birləşərək ölkəmizə qarşı çıxış etmək Azərbaycançılıq, dövlətçilik baxımından zidd olan əməllərdir, xəyanətdir.

 

- Bu il ölkədə həm də növbədənkənar Parlament seçkiləri keçirildi. Bu seçkiləri necə qiymətləndirirsiniz? Yeni formalaşmış Parlamentdə siyasi partiyaların təmsilçiliyi də dəyişdi, müxalifət partiyaları daha aktiv təmsil olunur. Bu barədə nə deyə bilərsiniz?

 

- Azərbaycanda Parlament seçkiləri keçirildi, artıq Parlament formalaşıb. Müxalifət partiyalarının nümayəndələri də Parlamentin rəhbərliyində, o cümlədən komitələrdə təmsil olunublar. Əminəm ki, Azərbaycanda keçirilən Parlament seçkiləri və formalaşan Parlament ölkənin qarşısında duran böyük islahatlar proqramının həyata keçirilməsinə öz töhfəsini verəcək. Parlamentin fəaliyyəti də vətəndaşlar tərəfindən təqdir olunur. Bu Parlamentdə də Azərbaycanın siyasi palitrası, müxtəlif siyasi partiyaları təmsil olunublar. Bu yaxınlarda koronavirusla bağlı Parlamentdə təmsil olunan partiyalar, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yeni bir sənəd hazırlayıblar. O sənəddə də koronavirusa qarşı mübarizədə milli birlik, vətəndaş həmrəyliyi, birgə fəaliyyətin zəruriliyi qeyd edilib. Müxtəlif siyasi partiyaların nümayəndələri, eyni zamanda koronavirusla mübarizə ilə bağlı müxalifət siyasətçilərini qətiyyətlə pisləyib, xaricdən koronavirusdan sui-istifadə edərək ölkəmizə qarşı təxribatlarla məşğul olanların fəaliyyətinə qarşı öz etirazlarını bildiriblər. Bu, siyasi partiyaların birliyini göstərdi. Elə məsələlər var ki, orada siyasi baxışların fərqliliyi qəbuledilməzdir. Vətənin təhlükəsizliyi, ərazi bütövlüyü, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi kimi məsələlərdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Koronavirusla mübarizədə hökumət həm sosial, həm iqtisadi xarakterli proqramlar həyata keçirir. Bu proqramlarla bağlı hansısa sözü demək olar, amma qərəzli fikirlər söyləmək, şayiələr yaymaq və s. bunlar yol verilən hərəkətlər deyil. Parlamentin siyasi konfiqurasiyası milli məsələlərdə vahid bir platformanın mövcud olduğunu nümayiş etdirir.

 

- Koronavirus neftin qiymətinə də təsirsiz ötüşmədi, neft sürətlə ucuzlaşdı. Bu vəziyyət Azərbaycan neftindən də yan keçmədi. Neftin qiyməti və bunun iqtisadiyyata təsiri ilə bağlı gözləntiləriniz necədir?

 

- Ümumiyyətlə, dünyanın iqtisadi böhrana daxil olduğu hamı tərəfindən qeyd olunur. Koronavirus hələ tam aradan qalxmayıb, bu gün də dünya iqtisadiyyatına böyük ziyan vurmaqdadır. Dünya əhalisinin ən azı 2/3-si karantin vəziyyətindədir. Dünya miqyasında çoxlu sayda sənaye sahələri və insanların çalışdığı digər müəssisələrin fəaliyyəti dayandırılıb. Karantin rejiminin tətbiqi ilə əlaqədar müəyyən müəssisələr, zavodlar, fabriklər çalışmadığı bir vaxtda neftə olan tələbat da xeyli dərəcədə azalıb. Bu, bəlli bir məsələdir və iqtisadiyyatda tələb və təklif deyilən qayda var. Ona görə də neftin qiymətinin düşməsi həmin tələblə bağlıdır.

Dünyada nəhəng iqtisadiyyata malik böyük yeddiliyə daxil olan, o cümlədən sənayecə böyük sürətlə inkişaf edən ölkələrin müəssisələrinin fəaliyyəti dayanıbsa və neftə olan tələb azalıbsa, təbii ki, bu neftin qiymətinə istər-istəməz təsir göstərməli idi. Neftin qiymətinin düşməsinə təsir edən digər faktorlar da var. Bununla bağlı OPEC+ ölkələrinin danışıqları da gedirdi. Mövcud durumla əlaqədar geniş təhlil vermək istəmirəm, bəlli məsələlərdir. Ümumiyyətlə, tələbat məhsulları istisna olmaqla neftlə paralel sənaye, trikotaj, o cümlədən istehlak məhsullarının da dünya bazarlarında qiymətlərinin düşməsi prosesi gedir.

Dünya iqtisadiyyatındakı bugünkü böhran 2008-2009-cu ildəki böhranla müqayisə edilməkdədir. Bəzi ölkələrdə isə bunu II Dünya Müharibəsindən sonrakı vəziyyətlə müqayisə edirlər. Neftin qiymətinin dünya bazarında digər məhsullarla paralel düşməsi prosesi gedir. Koronavirusun başa çatmadığı bir vaxtda proqnozlara görə, dünya iqtisadiyyatına 5,5 trilyon ABŞ dolları məbləğində ziyan dəyməsi gözlənilir. Hələ bu davam etsə, ziyan yenə artacaq. Amma təşvişə düşmək lazım deyil, bu, xof yaratmamalıdır. Bu gün dünya iqtisadi sisteminin bu problemdən çıxması üzərində iş gedir. Azərbaycan iqtisadiyyatında da neftin rolu var. Lakin burada bir neçə məqama diqqət yetirməliyik. Birincisi, iqtisadiyyatımız tam neftə bağlı deyil. İkincisi, əvvəllər də neftin qiyməti kəskin şəkildə düşüb. 2014-cü ildə də bu müşahidə edilib, hətta keçən əsrin 90-cı illərində neftin qiyməti 10-12 dollar civarında olub.

Azərbaycan bu cür qiymət dəyişmələri dövrünü yaşayan ölkələrdən biri kimi bununla bağlı öz iqtisadiyyatına, iqtisadi proqramlarına müəyyən düzəlişlər edərək problemi həll edib. Bu gün də bu istiqamətdə addımlar atılmaqdadır. Neftin qiymətinin düşməsi yalnız Azərbaycana aid deyil. Pandemiya şəraiti neftin qiymətinin düşməsi ilə yanaşı, digər məhsulların da qiymətinə təsirsiz ötüşmədi. Yəni bu reallığı yalnız neft-qaz ixrac edən ölkələr üzərinə yönəltmək və bundan hansısa öz “proqnozlarını” vermək istəyənlər çox böyük yanlışlığa yol verirlər. Azərbaycan xalqı bütün çətinliklərə qalib gəlməyə qadir xalqdır. Xalqımız Prezident İlham Əliyevin siyasətini birmənalı müdafiə edir. Neft qiymətlərindən “yararlanmaq” istəyənlər iqtisadiyyatdan xəbərsiz olan adamlardır.

 

- Bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başlasa da, ziyarətə qədər görülməli olan bir sıra prosedurlar dayandırılıb. Sizcə, bu il Həcc ziyarəti baş tutacaqmı, yoxsa ziyarət təxirə salınmalıdır?

 

- Səudiyyə Ərəbistanı yaranmış vəziyyətlə əlaqədar karantin rejimi tətbiq edib. Hazırda müqəddəs Məkkədə ayinlər dayandırılıb. Təkcə müsəlman aləmində yox, katolik, pravoslav mərkəzlərində, bütün müqəddəs ziyarətgahlarda, məbədlərdə ayinlər icra olunmur. Azərbaycan və bir sıra müsəlman ölkələrində məscidlərdə insanların toplu halda ibadəti də dayandırılıb. Yəni bu, zərurətdən irəli gəlib. Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasında da qeyd olunduğu kimi, Həcc ziyarəti ilə bağlı məsələ Səudiyyə Ərəbistanın Həcc nazirliyi tərəfindən qəbul ediləcək qərardan asılıdır.

 

- Mübariz müəllim, bir müddət əvvəl dini ziyarətlərin təşkilinin qanuna salınması müzakirə olunurdu. Yəni bütün dini ziyarətlərin Həcc ziyarəti kimi QMİ tərəfindən təşkil olunması nəzərdə tutulurdu, ayrı-ayrı turizm şirkətləri tərəfindən yox. Hazırda bu məsələ ilə bağlı vəziyyət necədir, bu məsələdə Komitənin mövqeyi nədən ibarətdir?

 

- Müqəddəs yerlərə ziyarətlərin təşkilinin mərkəzləşdirilməsi daha məqsədəuyğundur. Yəni burada pərakəndə fəaliyyətin olması təbii ki, özünü doğrultmur. Hazırda bütün diqqət koronavirusa qarşı mübarizəyə yönəlib və qeyd olunan məsələ hələ ki, müzakirə obyekti deyil.

 

- Bildiyimiz kimi, pandemiya ilə əlaqədar yaxın ailə üzvlərinin iştirakı ilə dəfnə icazə verilsə də, yas mərasimlərinin keçirilməsi dayandırılıb. Bu mərasimlərin nə zamandan keçirilməsi nəzərdə tutulur?

 

- Koronavirusdan vəfat edən vətəndaşlarımızın dəfni ilə bağlı xüsusi qaydalar müəyyən olunub ki, məhz bu qaydalara uyğun şəkildə dəfn mərasimləri keçirilir. O cümlədən bildiyiniz kimi, ölkəmizdə yas mərasimlərinin keçirilməsi qadağan olunub, dəfn mərasimlərində isə yalnız ailə üzvlərinin iştirakı məqsədəuyğun hesab edilib.

 

- Bir neçə il əvvəl demişdiniz ki, hansı məsciddə ki, dini icma qeydiyyatdan keçməyib, yaxud Qafqaz Müsəlmanları İdarəsi tərəfindən imam təyin olunmayıb, həmin məscidlərin fəaliyyətinə nəzarət edilir. Hazırda bu cür məscidlər yenə varmı?

 

- Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə rəsmi təyinatı olan imamlar var. Məhəlli və ya kiçik məscidlərə belə din xadimləri təyin olunub. İndi faktiki olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimi təyin olunmayan məscidimiz yoxdur. Yəni bütün məscidlər üzərində təyinat məsələsi həll edilib.

 

- Ümumiyyətlə, istəyən hər kəs məscid aça bilər?

 

- Məscidin tikilməsinə icazə yerli icra hakimiyyəti tərəfindən verilir. Məscid hansı vəsaitlə tikilməsindən asılı olmayaraq - Dini icmanın vəsaiti ola bilər və ya ayrı-ayrı vətəndaşların ianəsi hesabına və s. - daha sonra bələdiyyənin balansına verilməlidir. Hazırda Azərbaycanda bütün məscidlər bələdiyyələrin mülkiyyətindədir. Bələdiyyələr isə məscid və onun yerləşdiyi ərazini əvəzsiz olaraq, yəni heç bir ödəniş almadan Qafqaz Müsəlmanları İdarəsinin istifadəsinə verir. Məscidlərin dini icması yaradılır, dövlət qeydiyyatına alınır. QMİ isə bu məscidə din xadimi təyin edir və yalnız bundan sonra məscid rəsmi şəkildə fəaliyyət göstərə bilər.

 

- Ölkəmizdə hər zaman ictimai-siyasi, iqtisadi sabitliklə yanaşı, dini sabitlik də əsas amil hesab olunub. Hazırda ölkədəki dini durumla bağlı vəziyyət necədir?

 

- Azərbaycanda dini durum sabitdir. Hazırda pandemiya ilə əlaqədar ümumi razılıqla məscidlərdə, kilsələrdə, sinaqoqlarda və digər ibadət yerlərində dini ayinlərin icrası müvəqqəti olaraq dayandırılıb. Amma bütövlükdə götürdükdə Azərbaycan çoxkonfessiyalı ölkədir. Respublikada istər müsəlman, istər yəhudi, istər xristian, istərsə də buddist - heç birinin dini ayinlərini icra etməsi üçün hansısa məhdudiyyət yoxdur. Azərbaycan tolerant, multikultural ölkədir və burada dini baxımdan, o cümlədən də ictimai-siyasi siyasi baxımdan sabitlik mövcuddur.

 

- Bu il imamların attestasiyası və maddi təminatı ilə bağlı hansısa yeniliklər gözlənilir?

 

- İmamların attestasiyası Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasında yaradılmış xüsusi Komissiya tərəfindən həyata keçirilir. Attestasiyadan keçənlərə imam, imam köməkçisi və dini ayinlərin icraçısı vəzifələri təyinatı verilir. Bu, vaxtaşırı həyata keçirilən prosesdir. Yeni işə götürülmə attestasiya ilə həyata keçirilir. Burada təhsil, fəaliyyət, dini bilgilər və s. hamısı nəzərə alınır. Bu, QMİ-nin səlahiyyətində olan məsələdir.

Onların maddi təminat məsələsinə gəldikdə isə, bunun üçün dövlət tərəfindən vəsait ayrılır. Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə həmin vəsait din xadimlərinə maddi yardım kimi verilir. Maddi yardımı isə yalnız rəsmi təyinatı olan din xadimləri ala bilər.

 

- Məzar yerlərinin pulsuz verilməsi, eləcə də məzar daşlarının ölçüsünə dair standartlara əməl olunurmu? Bir müddət əvvəl konkret ölçü müəyyən olunduğu açıqlanmışdı.

 

- Nazirlər Kabineti bununla bağlı qaydalar qəbul edib. Həmin qaydalara uyğun olaraq məzarlıqların salınması və idarə edilməsi bələdiyyələrin səlahiyyətinə verilib. Məzar yerlərinin ayrılması, dəfn qaydaları və s. həmin qaydalarda öz əksini tapıb. Bələdiyyələr də həmin qaydalara uyğun olaraq öz işlərini davam etdirir.

 

- Hər il Komitə tərəfindən xeyli sayda dini ədəbiyyata qadağa qoyulur. Bu il vəziyyət necədir?

 

- Burada qadağa qoyulmur, sadəcə məqsədəuyğun sayılmır. Biz bu gün internet əsrində yaşayırıq. Həmin ədəbiyyatı internetə yerləşdirib rahat oxumaq olur. Amma Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsi idxal edilən və ölkədə çap olunaraq yayılan dini xarakterli ədəbiyyatı ekspertizadan keçirir. Çünki Azərbaycan multikultural, tolerant ölkədir. Hansısa kitabda, yazıda dinlərarası, konfessiyalararası qarşıdurmaya təşviq və radikal dünyagörüşü təbliğ edən fikirlər ola bilər. Bu cür fikirlər varsa, həmin kitabı çap etmək və gətirmək istəyən vətəndaşa icazə verilmir.

Azərbaycanda məzhəblərarası qarşıdurmanı təşviq edən məlumatların yayılması dövlət və dövlətçilik, eləcə də dinimiz baxımından doğru deyil. Ona görə də bu cür kitablar olduqda həmin dini ədəbiyyatın yayılması məqsədəuyğun sayılmır. Amma hər hansı ilahiyyatçı alim xaricdən ölkəmizə gəlirsə və bir nüsxə məqsədəuyğun sayılmayan kitabdan gətirib tədqiqat üçün istifadə etmək istəyirsə, istisna hal kimi buna icazə verilir. İnternet üzərində bu cür məlumatlar yayılırsa, biz bununla bağlı sadəcə həmin məlumatların yayılmasının məqsədəuyğun olmadığını həmin insanlara, sayta çatdıra bilərik. Azərbaycan fikir, vicdan azadlığının 100 faiz təmin olunduğu ölkədir. Burada hansısa qadağa, məhdudiyyət və s. dünya üzrə qəbul olunmuş qaydalara zidd olan addım yoxdur.

Son baxılan xəbərlər

Zaqatalada seminar-müşavirə keçirilib

Press-relizlər
01.07.2017 / 11:10
Ətraflı oxu

Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
19.10.2018 / 15:59
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Xəbərlər
22.01.2019 / 09:56
Ətraflı oxu

“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
25.02.2020 / 14:58
Ətraflı oxu

Göyçayda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
29.10.2018 / 16:50
Ətraflı oxu