Mübariz Qurbanlı: Hakimiyyətlə xalq birliyinin mövcud olması koronavirusa qarşı mübarizədə böyük əhəmiyyət daşıyır

Müsahibələr / 21.04.2020 / 11:34

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlının Trend-ə müsahibəsi

- Mübariz müəllim, koronavirus pandemiyası dünya ölkələrini narahat edən ciddi problemə çevrilib. Bu aspektdən yanaşsaq, yoluxucu xəstəliyin qarşısının alınması üçün Azərbaycanda hansı tədbirlər görülür?

- Bu gün pandemiya qlobal bəla kimi dünya əhalisinin sağlamlığına təhdid yaratmaqla yanaşı, həm də ölkələrin iqtisadiyyatına böyük ziyan vurmaqdadır. Statistik göstəricilərə görə, dünyada virusa yoluxanların sayı artır, pandemiya hətta ən qabaqcıl ölkələrin səhiyyə sistemlərində çətinliklər yaradır. Yoluxucu xəstəliyin insanların sağlamlığı üçün ciddi təhlükə olduğunu və törətdiyi sosial-iqtisadi problemlərin ağırlığını nəzərə alaraq, dünya dövlətlərinin başçıları, nüfuzlu siyasətçilər və politoloqlar onu qlobal müharibə adlandırırlar. Onların fikrincə, bu müharibənin özünəməxsusluğu ondadır ki, görünməz düşmənlə mübarizə aparılır. Buna görə də yaranmış gərgin vəziyyətdən çıxış yolu kimi, pandemiyaya qarşı beynəlxalq səviyyədə birgə mübarizənin vacibliyi bildirilir.

Mütəxəssislərin fikrincə, koronavirus pandemiyasının dünyada yaratdığı sosial-iqtisadi böhran 1929-cu ilin oktyabrından başlayaraq 1939-cu ilə kimi davam edən dünya iqtisadi böhranından (“Böyük depressiya”) daha ağır ola bilər. Hesab edilir ki, 2022-ci ilə kimi dünya ölkələrinin ümumi daxili məhsulunun həcmi böhranaqədərki vəziyyətdən aşağı olacaq. Pandemiya qarşıdakı iki il ərzində dünya iqtisadiyyatına 5.5 trilyon ABŞ dolları həcmində ziyan vuracaq. Hətta inkişaf etmiş ölkələr sərt monetar və fiksal siyasət aparsalar belə, onların ümumi daxili məhsulunun həcminin 2021-ci ilin üçüncü rübündə böhranaqədərki səviyyəyə çatması çətin görünür. Ümumdünya Ticarət Təşkilatının məlumatına görə, pandemiya ölkələr arasında iqtisadi fəallığa mənfi təsir göstərdiyindən 2020-ci ildə dünya dövlətləri arasında ticarət dövriyyəsinin həcmi 13-32 faiz azalacaq.

Pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, yoluxucu xəstəliklə bağlı vəziyyət nəzarət altında saxlanılır. İnfeksiyanın ehtimal olunan bütün ocaqlarını məhv etmək üçün ciddi səylər göstərilir, ölkə ərazisində virusa yoluxma ehtimalının minimuma endirilməsinə çalışılır. Qeyd edək ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudlaşdırıcı rejimin mərhələli şəkildə sərtləşdirilməsi özünün müsbət nəticələrini göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın koronavirusla mübarizədə gördüyü işləri yüksək qiymətləndirib.

Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması martın 28-də Bakıda müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu və digər ehtiyat mənbələri hesabına dövlət büdcəsindən pandemiya ilə mübarizənin və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün 1 milyard 350 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu vəsaitin 350 milyon manatlıq hissəsi bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə yönəldilmişdir. Bununla yanaşı, pandemiyanın ölkə iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması üzrə təkliflərin hazırlanması məqsədilə yaradılan işçi qrupların təqdim etdiyi təkliflər əsasında Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılmışdır. Dövlət fondları və digər maliyyə resurslarının səfərbər edilməsi nəticəsində ümumi maliyyə dəstək paketi 3,5 milyard manata yaxındır.

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması nəzərdə tutulmuşdur. Virusun yayılmasının qarşısının alınması, onunla mübarizənin gücləndirilməsi üçün zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat vəsait ayrılmışdır.

Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqqlarına aylıq vəzifə maaşının 1 misli miqdarında müddətli əlavə müəyyən edilmişdir.

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda da bir daha vurğuladı ki, dövlətimiz üçün prioritet məsələ insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir. Bildiyiniz kimi, Azərbaycan hökumətinin Tədbirlər Planından irəli gələrək, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilir. Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına ödəniləcək məbləğ ilkin olaraq 200 min nəfər vətəndaşı əhatə edirdi. Dövlət başçısı son iclasda çıxışında ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayının 600 minə çatdırılması ilə bağlı göstəriş verdi. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verəcək. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür. Həmçinin pandemiyadan zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən mikrosahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesi uğurla gedir.

Tam əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən böyük məmnuniyyətlə qarşılanır.

- Aprelin 10-da Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi həm ölkəmizdə, həm də xarici dövlətlərdə yüksək qiymətləndirildi. Bu tədbirin əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq keçirilmiş Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün pandemiyaya qarşı mübarizəyə həsr olunması mühüm tarixi və siyasi əhəmiyyət daşıyır. Dünyada ilk dəfə olaraq beynəlxalq təşkilat çərçivəsində, dövlət başçılarının iştirakı ilə bəşəriyyəti narahat edən yoluxucu xəstəliyin fəsadları, onun insanların sağlamlığına, ölkələrin sosial-iqtisadi təhlükəsizliyinə yaratdığı təhdidlər müzakirə edildi. Videokonfransda pandemiyaya qarşı mübarizə sahəsində dünya ölkələri arasında həmrəyliyin və əməkdaşlığın vacib olduğu bildirildi. Azərbaycan Prezidentinin bu tədbiri keçirməsi dünya birliyi üçün qlobal xarakter daşıyan prosesin qarşısının alınmasında məqsədyönlü və birgə fəaliyyət nümunəsidir.

- Bəzi anti-milli fəaliyyət göstərən qruplar pandemiya ilə mübarizə sahəsində hakimiyyətin apardığı siyasəti gözdən salmağa cəhd edirlər. Bu məsələyə münasibətiniz?

- Hazırda dərnək səviyyəsində olan, Azərbaycan xalqına və dövlətinə qarşı xəyanətkar mövqedə dayanan ünsürlər pandemiya ilə bağlı görülən tədbirlərin əhəmiyyətinə kölgə salmağa, ictimai rəydə qeyri-müəyyənlik və çaşqınlıq yaratmağa çalışır, xəstəlikdən ölənlərin sayının artmasını arzulayırlar. Xalqımız onların Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə saldığını, xəyanətkar əməlləri ilə torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaratdıqlarını unutmamışdır. O zaman hakimiyyətdə olan qüvvənin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatı çökdürülür, büdcə talanırdı. Ölkədə bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da korrupsiya və rüşvətxorluq baş alıb gedirdi. Məhz bu anti-milli qruplaşma həmin dövrdə ölkəmizi anarxiya girdabına sürüklədi, korrupsiyanı dövlət siyasətinə çevirdi, səriştəsizlik və tərbiyəsizlik AXC-Müsavat hakimiyyətinin rəmzi oldu.

Onlar siyasi mübarizə adı altında xarici dairələrin sifarişlərini yerinə yetirir, xarici dairələrin maliyyə vəsaiti ilə fəaliyyət göstərirlər. Həm də xarici dairələrdən aldıqları maliyyə vəsaitləri qarşılığında öz ölkəsinə, xalqına, millətinə qarşı çirkin fəaliyyətdə iştirak edirlər. Bu cür çıxışlarını internet televiziyaları, sosial şəbəkələr vasitəsilə yayırlar. Onların məqsədinin Azərbaycana ziyan vurmaq olduğunu görürük. Azərbaycana ziyan vurmaq istəyən qüvvələr kimlərdir? Ermənistan və onu himayə edən qüvvələr. Bu qüvvələr Azərbaycanı daxildən zəiflətməyə, vətəndaş həmrəyliyimizə ziyan vurmağa çalışırlar. Bəzi azərbaycanlılar, məsələn Sevinc Osmanqızı, Qənimət Zahid, Azərbaycanda millət vəkili olmuş Cəmil Həsənli Amerikadan çıxış edir, Qubad İbadoğlu danışır, Avropada özünü bloger adlandıran şəxslər öz səviyyəsiz çıxışlarıyla vətəndaş həmrəylinə zərər vurmağa çalışırlar. Təəssüf ki, ölkə daxilində onların çirkin fəaliyyətinə dəstək verən şəxslər var. Təbii ki, bunlar hamısı siyasi partiyaların adından çıxış edirlər. Əslində siyasi partiyalar milli birlik, dövlətçilik naminə fəaliyyət göstərməlidirlər. Vaxtilə siyasi hakimiyyətdə təmsil olunmuş və öz bacarıqsız siyasətləri ilə ölkəni fəlakətə düçar edənlərin indi mənəvi haqqı varmı Azərbaycan xalqına “yol göstərsin”? Ölkəmizdən müxtəlif bəhanələrlə xarici dövlətlərə köçüb gedən və özlərini “siyasi mühacir” adlandıran siyasət dəllallarının Azərbaycan dövlətinin əleyhinə apardıqları təbliğat xalqımızın birliyini, vətəndaş həmrəyliyini heç vaxt poza bilməz. Antimilli ünsürlərin fəaliyyətinə nəzər saldıqda belə bir nəticəyə gəlmək olar ki, cəmiyyətin müxtəlif sahələrində iqtidarın uğurlar əldə etməsi onlar üçün böyük siyasi zərbədir. Ona görə də pandemiyaya qarşı mübarizədə hakimiyyətin qətiyyətli tədbirlər görməsinə və ölkə vətəndaşlarının bunu yüksək qiymətləndirməsinə onlar özlərinin siyasi faciəsi kimi yanaşırlar. Xalqımız bəzi xarici siyasi dairələrin və erməni lobbisinin tapşırıqlarını yerinə yetirən anti-milli ünsürləri birdəfəlik tarixin zibilxanasına atmışdır.

Bildiyiniz kimi, Milli Məclisin aprelin 17-də keçirilən iclasında Milli Məclisdə təmsil olunan siyasi partiyalar COVİD-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması tədbirləri ilə əlaqədar bəyanat yaydılar. Qeyd edim ki, belə bir bəyanatla bağlı təşəbbüs Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bəyanatda da xüsusilə qeyd etdiyim məsələlərlə bağlı fikirlər yer alır. Məsələn, bildirilir ki, cəmiyyətdə təşviş yaratmaq məqsədi güdən koronavirus xəstəliyi ilə əlaqədar şayiələrin, təxribat xarakterli məlumatların yayılması yolverilməzdir və buna cəhd edən şəxslər qanun çərçivəsində cəzalarını almalıdırlar. Eyni zamanda, xarici ölkələrdə yerləşdirilmiş və şübhəli məqsədlərə xidmət göstərən sosial media vasitələrində hökumətin COVİD-19 pandemiyasının qarşısının alınması sahəsində tədbirlərinə etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da əhalinin sağlamlığının qorunması vəzifələrinin yerinə yetirilməsinə bilərəkdən ziyan vuran təbliğat qətiyyətlə pislənilir, bu cür təhlükəli anti-azərbaycan təbliğatına son qoyulması tələbi irəli sürülür. Bəyanatda qeyd olunduğu kimi, parlamentdə təmsil olunan siyasi partiyalar koronavirusla mübarizə sahəsində zəruri məhdudlaşdırıcı tədbirlərin tərkib hissəsi kimi xüsusi karantin rejiminin tətbiq edilməsinin və onun insanların sağlamlığına ciddi təhlükə yaradılmasına səbəb olan kobud qanun pozuntusuna görə sanksiyalar tətbiq edilməsinin bəzi qruplar tərəfindən bilərəkdən siyasiləşdirilməsini yolverilməz hesab edir. Düşünürəm ki, bu zamanında verilmiş bəyanatdır.

- Mübariz müəllim, cəmiyyətin həssas məqamla üzləşdiyi belə bir dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hansı işləri görür?

- Komitənin rəhbərliyi və bəzi əməkdaşları da COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulublar və mart ayının əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər. Həmçinin Komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun və İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları da bu aksiyada iştirak edərək, öz əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Pandemiyaya qarşı mübarizəyə dəstək məqsədilə Komitənin Mərkəzi Aparatının və bölgə şöbələrinin əməkdaşları mövcud şəraitin tələblərindən irəli gələrək sosial şəbəkələr vasitəsilə dini maarifləndirmə işləri aparır, Azərbaycan dövlətinin pandemiya ilə bağlı həyata keçirdiyi siyasəti təbliğ edirlər. Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun ölkəmizin bir çox bölgələrindəki könüllüləri koronavirusla mübarizəyə öz imkanları daxilində maddi və mənəvi dəstək göstərirlər. Virusa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan bir qrup tibb işçisinə bu günlərdə Fond tərəfindən hədiyyələr göndərilmiş, şəhid ailələri və aztəminatlı ailələrə ərzaq yardımı edilmişdir. Fondun xətti ilə yaxın vaxtlarda digər tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.

Məlumdur ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda dini məbədlər, ziyarətgahlar, məscidlər, kilsələr və sinaqoqlarda kütləvi toplaşma ilə bağlı məsələlərə baxılaraq, dini ayinlər dayandırılmışdır. Martın 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) koronavirusla bağlı İdarənin Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələri, həmçinin, dini konfessiyaların rəhbərlərinin iştirakı ilə iclas keçirildi. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə dünyanın üzləşdiyi pandemiya şəraitində insanları birliyə və virusun qarşısının alınması məqsədilə qoyulan tələblərə əməl etməyə, eləcə də dini rəhbərləri də bu işdən kənarda qalmamağa, dindarlarımızı həkimlərin bu barədə tövsiyələrini dinləməyə çağırdı. Buna baxmayaraq, müxtəlif dini konfessiyaların nümayəndələrinə, din xadimlərinə koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirmələri üçün sosial şəbəkələr, yaxud televiziyalara canlı yayım vasitəsilə qoşulmaqla dini maarifləndirmə işlərini aparmaları tövsiyə edilmişdir.

Həmçinin bildiyiniz kimi, bu çətin günlərdə insanların mənəvi cəhətdən sıx birləşməsi halları müşahidə edilir. Yardımlaşma, maddi cəhətdən aztəminatlı ailələrin bu çətin günlərdə ehtiyaclarının qarşılanmasında dövlətimiz ilə yanaşı, ayrı-ayrı vətəndaşlar da yaxından iştirak edir. Bu yardımlaşma prosesində dini ibadət yerləri, dini icmalar, müxtəlif dini konfessiyaların nümayəndələri də yaxından dəstək verirlər.

- Koronavirusla mübarizədə Azərbaycan vətəndaşları hansı səviyyədə həmrəylik göstərir və bunu necə qiymətləndirirsiniz?

- Pandemiya ilə bağlı həyata keçirilən dövlət siyasətinin qlobal yanaşma ilə milli dəyərlərin vəhdətinə, yüksək vətənpərvərlik missiyasına söykənməsi qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət daşıyır. Bu siyasətə xalqımızın dəstək verməsinin əsasında onun ümummilli mənafeyi, ictimai tələbləri, insanları narahat edən və düşündürən məsələləri özündə dolğun şəkildə əks etdirməsi dayanır. Cəmiyyətin həssas dövrünü yaşadığı bir vaxtda hakimiyyətlə xalq birliyinin mövcud olması koronavirusa qarşı mübarizədə böyük əhəmiyyət daşıyır ki, bu da təsadüfi deyildir. Çünki Prezident İlham Əliyevin apardığı siyasətin əsas prinsiplərindən birini vətəndaş həmrəyliyinin təmin olunması təşkil edir. Azərbaycan Prezidentinin öz çıxışlarında problemin ciddiliyini əhalinin nəzərinə çatdıraraq, “Biz birlikdə güclüyük!” fikrini irəli sürməsi koronavirusla mübarizə dövründə milli birliyin vacibliyini nəzərdə tutan çağırışdır. Eyni zamanda, Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan, videokonfrans şəklində keçirilmiş müşavirədə dediyi kimi: “Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda, biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”. Burada hər kəsin üzərinə mühüm məsuliyyət düşür ki, infeksiyanın yayılması miqyasının genişlənməməsi üçün dövlətin gördüyü tədbirlərə əməl etsin.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələrin həyata keçirilməsində fiziki və hüquqi şəxslərin, xüsusilə Yeni Azərbaycan Partiyası üzvlərinin və könüllülərinin, Heydər Əliyev Fondunun göstərdiyi fəallığı qeyd etməliyik. Fond pandemiyaya qarşı mübarizəyə dəstək verərək böyük sosial layihə həyata keçirir. “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə 100 mindən çox yardım paylamağı planlaşdırır. Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarına, sosial təcrid rejiminin tətbiq olunmasına lazımi təşkilati dəstək göstərir. Bütün bunlar milli birliyin, xalq-dövlət vəhdətinin parlaq təcəssümüdür.

Son baxılan xəbərlər

Komitə sədri: “Mövcud vəziyyətdə Aşuranın məscidlərdə qeyd olunmamasında qeyri-adi səbəb axtarmaq yolverilməzdir”

Xəbərlər
25.08.2020 / 16:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Misirin nüfuzlu xəbər portalında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Xəbərlər
26.02.2020 / 12:08
Ətraflı oxu

Masallıda "Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu" mövzusu müzakirə edilib

Press-relizlər
31.10.2019 / 14:51
Ətraflı oxu

Ağcabədidə “Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.09.2019 / 10:08
Ətraflı oxu

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər
03.09.2019 / 15:51
Ətraflı oxu