Dövlət Komitəsində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Xəbərlər / 23.01.2020 / 16:16

Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd etdiyi kimi ötən il Azərbaycan üçün uğurlu il olub, ölkəmiz il ərzində müxtəlif istiqamətlərdə önəmli yeniliklərə imza atıb.

Çıxışında Dünya Dini Liderlərinin 2-ci Bakı Sammitini dini sahə ilə bağlı 2019-cu ilin ən mühüm hadisələrindən biri kimi qiymətləndirən Mübariz Qurbanlı Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən 70-dən çox dövlətin nümayəndələrinin qatıldığı tədbirin Azərbaycan üçün birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan olduğunu bildirib.

Ötən il ərzində Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri, dini radikalizmə, xurafata qarşı mübarizə sahəsində görülən işlər, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunan istiqamətlər barədə də danışan DQİDK sədri ölkədə dini durumla bağlı sabitliyi təmin etmək, qoruyub-saxlamaq, həmçinin tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin Fərman və Sərəncamı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun ölkəmizin dini mühitinin sağlamlaşdırılması, dini sahə ilə bağlı bəzi boşluqların aradan qaldırılması istiqamətində, eləcə də xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliği sahəsində  mühüm rola malik olduqlarını qeyd edib.

Dövlət və dini qurumlar arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Komitə sədri cari dövrdə ölkə ərazisində maarifləndirmə işinin geniş miqyasda aparıldığını bildirib. 45 mindən artıq insanın iştirak etdiyi 500-ə yaxın tədbirin təşkilində Dövlət Komitəsinin mərkəzi və yerli icra hakimiyyəti orqanları və Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb. DQİDK-nın qadınlarla iş sahəsində də öz fəaliyyətini gücləndirdiyini bildirən M.Qurbanlı 2019-cu ildə ölkənin bir sıra bölgələrində qadınlarla müxtəlif səpkidə görüşlər keçirildiyini, maarifləndirici söhbətlər aparıldığını əlavə edib.

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxışında bildirib ki, hesabat dövrü ərzində Muxtar Respublikanın şəhər və rayonlarında dini ayinlərin icraçıları və yerli dindarlarla görüşlər təşkil edilib, İslam dininin düzgün formada təbliği haqda müvafiq tapşırıqlar verilib, yanvar və fevral aylarında din xadimlərinin attestasiyası keçirilib. Dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının Muxtar Respublika ərazisində yayılmasına ciddi şəkildə nəzarət edilib, dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyi salan və ifrat məzhəbçilik prinsiplərini təbliğ edən 78 adda 780 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb. Məhərrəm ayı ərzində Aşura gününün əsl mahiyyəti, yad dini ideologiyaların xalqımızın mənəvi dəyərlərinə zidd olması barədə maarifləndirici tədbirlər keçirilib, broşürlər çap edilib. İl ərzində maarifləndirmə işinin təşkili məqsədilə 26 dini veriliş hazırlanıb.

Daha sonra Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadənin 2019-cu ildə görülmüş işlər və ölkədəki mövcud dini durum barədə məlumatları əks etdirən çıxışı dinlənilib.  

Bildirilib ki, Dövlət Komitəsi tərəfindən respublikada dini durumu hərtərəfli öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Hesabat dövründə  Ramazan ayı, Qurban bayramı və Məhərrəmlik mərasimləri zamanı vətəndaşların dini etiqad azadlığının tam təmin olunması, bayram və mərasimlərin milli adət-ənənələrə uyğun şəkildə yüksək səviyyədə təşkil edilməsi və neqativ halların, xurafat və mövhumat elementlərinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər, xüsusilə də maarifləndirmə işi həyata keçirilib. Dövlət Komitəsi hər il olduğu kimi QMİ tərəfindən keçirilən qanvermə aksiyasına xüsusi dəstək verərək dini icmalarda bununla bağlı təşviqat və təbliğat işlərini ötən il də davam etdirib. 2019-cu ildə 15-i Bakı şəhərində, 18-i isə respublikanın böyük şəhər və rayonlarında olmaqla 33 yerdə qanvermə aksiyası keçirilib.

Şöbə müdiri qeyd edib ki, hesabat dövründə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 941-ə çatıb. Onlardan 906-sı İslam, 35-i qeyri-islam təmayüllüdür. Sonunculardan 24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır. Ötən il 34 dini icma (31-i İslam, 3-ü qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb.

Dinşünaslıq ekspertizası üzrə məlumatlara diqqət çəkən C.Əlifzadə bildirib ki, idxalla bağlı 2019-cu ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 239 adda dini ədəbiyyata baxılaraq, onlardan 14-nün çapı məqsədəuyğun sayılmayıb, 799 adda (648247 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilmiş 721 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 95-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.

Şöbə müdiri dini maarifləndirmə istiqamətində aparılan tədbirlərə də diqqət çəkərək bildirib ki, 2019-cu ildə Dövlət Komitəsi tərəfindən ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, eyni zamanda, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə ayrıca və digər qurumlarla birgə tədbirlər həyata keçirilib. Qurumlarla əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə 12, Müdafiə Nazirliyi ilə 18, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə 7, Dövlət Sərhəd Xidməti ilə 6, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə 25, Təhsil Nazirliyi ilə 200-ə yaxın, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə 68 tədbir təşkil olunub.

Sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun 2019-cu il üzrə fəaliyyəti  barədə məruzə ilə çıxış edib. Bildirib ki, hər il Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş din xadimləri Fond tərəfindən maddi dəstəklə təmin olunur. Bu məqsədlə 2019-cu ildə 1021 nəfər din xadiminə Fond tərəfindən maddi yardım göstərilib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 18 iyun tarixli, 1265 nömrəli Sərəncamına əsasən, dövlət tərəfindən din xadimləri üçün verilən maddi yardımın məbləği 40 faiz artırılıb.

İcraçı direktor qeyd edib ki, Fond tərəfindən mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğini həyata keçirmək məqsədilə respublikamızın müxtəlif bölgələrində 2 layihə, 23 konfrans, 35 seminar və 8 dəyirmi masa təşkil edilib. 2019-cu ildə dini icmalar tərəfindən təqdim olunan 71 maarifləndirici layihə maliyyələşdirilib.

Ramazan ayında Fond tərəfindən şəhid ailələri və müharibə veteranları üçün 12 iftar süfrəsi təşkil edilib, Ramazan və Qurban bayramlarında isə 260 şəhid ailəsinin üzvlərinə və aztəminatlı ailələrə, eləcə də 50 nəfər Böyük Vətən və Qarabağ müharibəsi əlillərinə bayram sovqatı verilib. “Bir uşaq bir ümid” layihəsi çərçivəsində isə 6 uşaq evi ziyarət edilib və məktəbli ləvazimatı, eləcə də müxtəlif hədiyyələr uşaqlara paylanılıb.

Kütləvi informasiya vasitələrində mənəvi dəyərlərin təbliği işini həyata keçirmək məqsədilə isə ASAN Radio ilə birgə “Mənəvi dəyərlər” adlı radio veriliş hazırlanaraq təqdim edilir, o cümlədən hesabat dövründə 6 sənədli film və 6 sosial video-çarx hazırlanıb, Fondun maliyyə dəstəyi ilə 50-ə yaxın müxtəlif adda ədəbiyyat nəşr olunub. Fond tərəfindən dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə (012) 1845 nömrəli “Dini sorğu xidməti” yaradılıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edən, prorektor  Aqil Şirinov isə çıxışında vurğulayıb ki, hazırda İnstitutda 166 tələbə təhsil alır, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təhsil müəssisəsinə 2020/2021-ci il üzrə doktoranturaya qəbul başlayıb. “Unibook” təhsil informasiya idarəetmə sisteminin tətbiqi ilə bağlı müqavilə imzalanıb. Hesabat dövrü ərzində İnstitut müəllimlərinin 10 monoqrafiyası, 92 məqalə və tezisi, eləcə də İnstitutun təşkil etdiyi elmi konfrans materialları nəşr olunub. İnstitutda cəmiyyətin maarifləndirilməsi istiqamətində ictimaiyyət nümayəndələri, elm xadimləri və tədqiqatçıların iştirakı ilə 31 seminar və dəyirmi masa, 28 tədbir, tələbələrin fərdi inkişafı, intellektual səviyyəsinin və mənəvi dünyasının zənginləşdirilməsi məqsədilə 6 təlim və 2 müsabiqə, tələbələrin və əməkdaşların iştirakı ilə 13 səfər təşkil olunub.

Sonda Dövlət Komitəsinin 2020-ci ilin birinci yarısı üçün fəaliyyət planı, gələcək hədəflər, problem və perspektivlər geniş müzakirə edilib, kollegiyanın gündəliyində olan məsələlər və İş Planı ilə bağlı qərarlar qəbul edilib.


Son baxılan xəbərlər

Masallıda dini ədəbiyyat satışı ilə bağlı reyd keçirilib

Press-relizlər
15.03.2018 / 17:11
Ətraflı oxu

Bakıda “Uşaq və yeniyetmələrin mənəvi inkişafı və dini dəyərlərimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
15.10.2019 / 17:36
Ətraflı oxu

Zərdabda Beynəlxalq Ailə Günü münasibəti ilə “Ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusunda ...

Press-relizlər
15.05.2018 / 17:28
Ətraflı oxu

Amil Cavadov: İslam dininin olduğu kimi yenidən dünya ictimaiyyətinə çatdırılmasına ehtiyac var

Açıqlama
16.01.2017 / 13:03
Ətraflı oxu

Cənub bölgəsinin din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Xəbərlər
14.08.2020 / 11:59
Ətraflı oxu

DQİDK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb

Xəbərlər
10.01.2018 / 10:45
Ətraflı oxu