“Din və insan hüquqları” mövzusunda konfrans keçirilib

Press-relizlər / 31.10.2019 / 17:06

Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə “Din və insan hüquqları” mövzusunda konfrans keçirilib.

Tədbiri DQİDK sədrinin müavini Səyavuş Heydərov açaraq bildirib ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada dinin siyasiləşdirilməsi təhlükəli silaha çevrilib. Beynəlxalq təhlükəsizliyə ciddi təhdidlərdən biri də dünyadakı ictimai-siyasi gərginliyin, əksər münaqişələrin dini və etnik zəmində olmasıdır. Qeyd edilib ki, insanları vəhdətə, qarşılıqlı hörmət şəraitində yaşamağa çağıran dinlərin əsl mahiyyətinin təhrif olunması və dinin müxtəlif siyasi oyunların alətinə çevrilməsi yolverilməzdir.

Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyətinin cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensial olduğunu deyən sədr müavini diqqətə çatdırıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikulturalizm və birgəyaşayış modeli formalaşıb. Azərbaycandakı dövlət-din münasibətlərinin şəffaf olduğunu bildirən Komitə rəsmisi söyləyib ki, ölkəmizdə mükəmməl, sınaqdan keçmiş, təcrübədə özünü göstərmiş bu model fundamental insan hüquqlarından olan dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun güclənməsinə yönəlib. Onun sözlərinə görə, bu nümunəvi mühit xalqımızn həyat tərzi və dövlətin dəstəyi ilə formalaşıb.

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova konfransda səsləndirilən müxtəlif fikirlərin həm nəzəri, həm də praktiki baxımdan faydalı olduğunu deyib. Azərbaycan əhalisinin polietnik, çoxmillətli olduğunu, ölkədə təxminən 80-dən çox etnosun yaşadığını və bu faktların ölkəmizdə azsaylı xalqlara və etnik qruplara diqqətin təzahürü kimi səciyyələndirildiyini vurğulayan Ombudsman dövlətimizin bütün dinlərin mövcudluğu və inkişafı üçün bərabər imkanlar yaratdığını, milli, dini, irqi, etnik münasibətlərin beynəlxalq hüquqa uyğun tənzimləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra dövlətin əsas amalı milliyyətindən və dindən asılı olmayaraq, hər kəsə bərabər hüquq verilib. E.Süleymanova əlavə edib ki, bu missiya Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra ümummilli lider Heydər Əliyev tərəfindən də davam etdirilib. Onun sözlərinə görə, Ulu Öndər tərəfindən vicdan və dini etiqad azadlığının təmin edilməsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilib, dini tolerantlıq, mənəvi tərbiyə ilə bağlı bir sıra konstruktiv təkliflər reallaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm və tolerantlıq yalnız dözümlülük deyil, hər bir ailədə, icmada, daha geniş götürdükdə isə cəmiyyətdə xoş münasibət, dostluq, qardaşlıq, əməkdaşlıq, qarşılıqlı etimad və birgə yaşam tərzidir. Otuz il davam edən erməni təcavüzü nəticəsində tarixən qədim və əzəli Azərbaycan torpaqları hesabına yaradılan Ermənistanda isə yüz minlərlə azərbaycanlıdan bir nəfər də olsun qalmayıb və Ermənistanın yürütdüyü monoetnik, etnik təmizləmə siyasəti nəticəsində onlar kütləvi deportasiyaya məruz qoyulublar. Buna baxmayaraq, bu gün ölkəmizdə yaşayan on minlərlə erməni Azərbaycan vətəndaşı kimi bütün konstitusion hüquqlardan faydalanır, millətinə və dininə görə hər hansı hüquq pozuntusuna məruz qalmırlar. İnsan Hüquqları üzrə Müvəkkil əlavə edib ki, ötən dövrdə ünvanına daxil olan müraciətlər arasında dini zəmində təqib, dini etiqad azadlığının pozulması hallarına rast gəlinməməsi dövlətin bütün dinlərə eyni dərəcədə yanaşmasının daha bir göstəricisidir.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov insan hüquqları probleminin bütün tarixi dövrlərdə mühüm aktuallıq kəsb edən mürəkkəb məsələ olduğunu bildirib. O qeyd edib ki, müasir dövrdə baş verən proseslər kontekstində din xadimlərinin, dini icma sədrlərinin insan hüquqlarının qorunmasına, dini sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə vermək imkanları genişdir və bu baxımdan onların üzərinə böyük məsuliyyət düşür.

E.Nəsirov böyük təəssüflə bildirib ki, dünyada milli, irqi, dini zəmində ədavət təbliğatı aparılır, bəzi siyasi dairələr, xüsusilə də islamofob, ksenofob qüvvələr ciddi cəhdlə İslam dinini, müsəlman aləmini terrorla əlaqələndirirlər.

Azərbaycanın dünya miqyasında elə də böyük dövlət olmamasına baxmayaraq, buradakı tolerant, multikultural mühitin bütün dünya üçün mütərəqqi nümunə olduğunu bildirən deputat bunun milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, eyni zamanda, bu istiqamətdə aparılan dövlət siyasətinin nəticəsi olduğunu vurğulayıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein cəmiyyətin formalaşmasında insanların inanclar sisteminin əhəmiyyətli rolu olduğunu bildirib. Dinin siyasiləşdirilməsinin, din xadimlərinin siyasətdə iştirakının düzgün olmadığını qeyd edən arxiyepiskop dindarların əsas vəzifəsinin xalqın milli-mənəvi dəyərlərini və adət-ənənələrini qorumaq, insanların mənəvi, dini tələbatını ödəmək istiqamətində çalışmaq olduğunu vurğulayıb.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev diqqətə çatdırıb ki, din və insan haqları bir-birindən ayrılmaz ifadələrdir, çünki din insanların əqidəsini formalaşdıran əsas ünsürlərdən biri kimi onları ədalətə səsləyir. İnsanların bərabərliyi, qadın və uşaqların hüquqları, yaşlılara və yoxsullara yardım etmək, zülm etməmək və bu kimi digər çağırışlar İslam dininin təməl prinsiplərini təşkil edir.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi işlər üzrə direktor müavini Nazim Cəfərli təmsil etdiyi qurumun dini hüquqlar barədə tədqiqatlar apardığını, onların bir qisminin müsəlman hüquqlarına həsr olunduğunu deyib. Dünyəvi hüququn dini hüquqların təməl prinsipləri əsasında formalaşdığını deyən direktor müavini dinlərin əsasını insanları birliyə, haqqa çağıran fikirlərin təşkil etdiyini söyləyib.

Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Sakit Hüseynov çıxışlarında Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunmasında dini təşkilatların rolu mövzularına toxunublar.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov mövzu ilə bağlı əsas məruzə ilə çıxış edib.


Son baxılan xəbərlər

Səyyad Salahlı: “Din xadimləri İslam cəmiyyətinin vəhdət prinsiplərinin formalaşması və inkişafı yolunda əhəmiyyətli addımlar ...

Press-relizlər
08.11.2019 / 09:53
Ətraflı oxu

Masallıda vətənpərvərlik mövzusunda tədbir keçirilib

Press-relizlər
09.02.2018 / 17:11
Ətraflı oxu

Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Press-relizlər
01.02.2018 / 18:18
Ətraflı oxu

Sumqayıtda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 09:55
Ətraflı oxu

Çinin SİNXUA agentliyi Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı fikirlərinə geniş yer ayırıb

İSLAM HƏMRƏYLİYİ İLİ
22.06.2017 / 16:34
Ətraflı oxu

“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film hazırlanıb

Xəbərlər
13.07.2019 / 14:11
Ətraflı oxu