Bakıda "Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusunda konfrans keçirilib

Xəbərlər / 29.10.2019 / 16:27

Oktyabrın 29-da Bakıda Azərbaycan Bibliya Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə "Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusuna həsr olunan konfrans keçirilib.

Əvvəlcə Azərbaycandakı multikulturalizm mühitindən və Azərbaycan Bibliya Cəmiyyətinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin moderatorluğu ilə keçirilən konfransda çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, dinlərarası harmoniya bir çox ölkələrdə mövcuddur. Azərbaycanı fərqləndirən cəhət tarixən formalaşan bu mühitin xalqın həyat tərzinə və dövlət siyasətinə çevrilməsidir. Azərbaycanda formalaşan bu modelə maraq daha da artır. Dünya birliyi başa düşür ki, nə qədər güclü iqtisadiyyata, hərbi potensiala malik olsalar da, mənəvi dəyərlər sistemi pozularsa, dünyada sülhü, birliyi, həmrəyliyi əldə etmək qeyri-mümkün məsələdir.

Səyavuş Heydərov vurğulayıb ki, dünyada cərəyan edən ictimai-siyasi proseslərə nəzər saldıqda görürük ki, bu gərginliyin əsasını dini və etnik zəmində baş verən münaqişələr tutur. Belə mühitdə tolerantlığın, multikulturalizmin, birgəyaşayışın əhəmiyyəti olduqca vacibdir. Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən bu strategiya dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanda sınaqdan keçən, dinlərarası, mədəniyyətlərarası əməkdaşlığa töhfə verən model zamanın tələbidir və bunun alternativi yoxdur. Artıq Azərbaycanda və dünyada keçirilən tədbirlərdə ölkəmizin bu təcrübəsinin dünyada təbliğ olunması barədə çağırışlar edilir. Noyabrda Azərbaycanda “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək. Əminik ki, həmin konfransda da yeni çağırışlar, təşəbbüslər irəli sürüləcək.

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib ki, Azərbaycan müxtəlif dinləri birləşdirən müqəddəs Vətəndir. O qeyd edib ki, Azərbaycan burada yaşayan bütün fərqli dinlərə, müxtəlif mədəniyyətlərə məxsus xalqların evidir. Burada müxtəlif dinlər sülh və mehribançılıq şəraitində yaşayır. Biz müxtəlif dinlərə məxsus olsaq da, məqsədimiz Azərbaycanın ictimai-siyasi sabitliyidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək Azərbaycanın mədəniyyətlərarası, sivilizasiyalararası siyasətin uğurla təşkil olunmasında mədəni körpü rolunu oynadığını, ölkəmizdə tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatmasının dövlət başçımızın apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsi olduğunu qeyd edib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov hal-hazırda dünyada dini sahədə gedən proseslərə diqqət çəkərək bildirib ki, etnik və dini tolerantlığa nail olunmuş ölkələrdə yüksək inkişaf üçün şərait mövcuddur. O qeyd edib ki, institutda İslamla yanaşı, xristianlıq dininin tarixi də öyrədilir. Növbəti illərdə xristianlıq və yəhudiliklə bağlı fənlərə daha geniş yer veriləcəyini də bildirən rektor bu prosesdə ölkəmizdə fəaliyyət göstərən dini icmalarla birlikdə fəaliyyət göstərəcəklərini vurğulayıb.

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasının sədri İlya Zençenko çıxışlarında bildiriblər ki, Azərbaycanda milli-mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi önəm verilir. Azərbaycan tarixən etnoqrafik rəngarəngliyi ilə seçilib. Burada çoxsaylı etnik qruplar yaşayır. Hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayıb. Bu da Azərbaycanda dini tolerantlıq sahəsində yaradılan şəraitin göstəricisidir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə qeyd edib ki, dinlərin əsas sütunu ortaq dəyərlərdir. Müasir dövrdə dəyərlərin qorunmasında dinlərin böyük rolu var. Azərbaycandakı dinlər bizim mədəniyyətimizin qurulmasında böyük rol oynayıb. Azərbaycanda İslamdan əvvəl də müxtəlif dinlər olub. Azərbaycanın xaricdə tanıdılması üçün ölkəmizdəki dini konfessiyalar da müxtəlif işlər görürlər. Amma bununla bağlı işlər daha da artırılmalıdır. Biz dünyanın ən aparıcı kanallarına, mətbuatına çıxmalı, sosial şəbəkələrdə fəal şəkildə təbliğatımızı aparmalıyıq.

Sonda “Azərbaycan Bibliya Cəmiyyəti”nin sədri Rasim Xəlilov cəmiyyətin son illərdəki fəaliyyətindən bəhs edən təqdimat nümayiş etdirib.


Son baxılan xəbərlər

Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib

Xəbərlər
10.12.2019 / 16:02
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
02.02.2018 / 15:28
Ətraflı oxu

Siyəzəndə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
30.08.2018 / 11:06
Ətraflı oxu

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
19.06.2019 / 17:29
Ətraflı oxu

Dövlət aztəminatlı ailələrin dəfn xərclərinin ödənilməsinə yardım edəcək

Açıqlama
26.12.2017 / 17:29
Ətraflı oxu

Qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar Azərbaycandan deportasiya ediliblər

Press-relizlər
11.01.2019 / 17:04
Ətraflı oxu