Yüksək sosial rifaha və mədəni-mənəvi tərəqqiyə xidmət edən nəcib missiya

Xəbərlər / 27.08.2019 / 09:38

Dinamik inkişaf yolunda olan müstəqil Azərbaycanın beynəlxalq aləmdə geniş təbliği, humanist və milli-mənəvi dəyərlərə sadiq dövlət imicinin formalaşdırılması istiqamətində atılan addımlar təkcə rəsmi tədbirlərlə məhdudlaşmır. Son 15 ildə cəmiyyətdə əlahiddə statuslu qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərərək milyonlarla insanın ümid və pənah yerinə çevrilmiş Heydər Əliyev Fondu da bu missiyanın əsas daşıyıcılarından biri kimi çıxış edir.

Qısa zamanda böyük uğurlara imza atan, inkişafyönümlü layihələri gerçəyə çevirən, fəaliyyətini qloballaşan dünyanın yeni aktual cağırışlarına adekvat şəkildə qurmağı bacaran fond Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil edərək milli mənafeləri qoruyur.

Təkcə Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da böyük rəğbət qazanan, hər zaman köməyə, yardıma ehtiyac duyanların yanında olan Heydər Əliyev Fondu Ulu Öndərin ideallarını rəhbər tutaraq ümumbəşəri mədəniyyətə, sülhə və əmin-amanlığa sanballı töhfələrini verir. Qloballaşan dünyada Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsinin əhəmiyyətini vurğulamaq niyyətinə köklənən fond milli irsin, habelə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da əvəzsiz xidmətlər göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsini nəzərdə tutan 10 mart 2004-cü il tarixli fərmanında ictimai əsaslarla yaradılması dəstəklənən fondun fəaliyyəti yalnız insanlara yüksək diqqət və qayğı nümunələri ilə, habelə humanist aksiyalarla məhdudlaşmır. Fond Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlər barəsində beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması sahəsində də mühüm nailiyyətlərə imza atmışdır. Yaranışı böyük amallardan rişələnən, milli dövlətçilik ideyalarını yeni nəsillərə çatdırmaq və aşılamaq kimi müqəddəs ideyalara xidmət edən, 2004-cü ilin mayında - Ümummilli Liderin ad günündə açılışı olan Heydər Əliyev Fondu bu gün yardıma ehtiyacı olan hər kəsin ümid yerinə, istinadgahına çevrilmişdir.

Ötən 15 ildə fond Azərbaycanın ictimai həyatında necə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə ölkəmizdə analoqu olmayan qeyri-dövlət qurumu olduğunu sübuta yetirmişdir. Yerli əhəmiyyətli sosial problemlərin həllinə, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardımçı olmaq Heydər Əliyev Fondunun məqsədləri sırasında öncül yerlərdən birini tutur. Azərbaycanın, azərbaycançılığın, tolerantlıq və multikulturalizm kimi mütərəqqi dəyərlərin qorunması, uşaq və gənclərin hərtərəfli biliyə malik vətəndaş kimi yetişdirilməsi, milli həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması fondun genişmiqyaslı fəaliyyətinin mühüm məqamları kimi xüsusi vurğulanmalıdır.

Ümumiyyətlə, fondun məqsədlərini ümumi şəkildə aşağıdakı ardıcıllıqla qruplaşdırmaq olar: Ulu Öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünyaya inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək; elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya kimi sahələri əhatə edən proqram və layihələri hazırlayıb həyata keçirmək; Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək; uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək; dini tolerantlığın, multikulturalizmin bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək!

İnsanlığın yüksəlişinə xidmət edən nəcib və humanist dəyərlərin inkişafına, fərqli mədəniyyətlərin dialoquna çalışan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi vurğulanmalıdır. Onun əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə, ümumən Heydər Əliyev Fondunun işinə kreativ münasibəti Ulu Öndərin adını daşıyan təşkilatın öz fəaliyyətində kifayət qədər geniş spektri əhatə etməsini şərtləndirən başlıca amillərdəndir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qloballaşma şəraitində insan amilinə həssas münasibətin vacibliyini xüsusilə vurğulayır: "Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik, insanlar arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir”.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist fəaliyyəti, qayğıkeşliyi, eləcə də hansısa problemlərlə qarşılaşan, hansısa məqamda hüquqları pozulan sıravi vətəndaşların ümid, pənah yerinə çevrilməsi istiqamətindəki fəaliyyəti heç də fondun indiyə qədər gördüyü işlərlə məhdudlaşmır. Hələ 1995-ci ildə Mehriban xanım Əliyeva "Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunu yaratmış və fondun təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan, ingilis, rus dillərində çap olunan "Azərbaycan-İrs” jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə böyük dəstək olmuşdur. Bu fondun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə ölkəmizin mədəni irsinin təbliği, onun milli və regional səviyyələrdə mühafizəsi sahəsində misilsiz xidmətlər göstərmişdir. Sözügedən fondun himayəsi altında müxtəlif müsabiqələrdən, bədii sərgilərdən tutmuş xeyriyyə konsertlərinə və musiqi festivallarına qədər çoxsaylı layihələr həyata keçirilmişdir.

2004-cü ildən etibarən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai həyatına gətirdiyi yeniliklər isə onun rəhbərliyi altında fəaliyyət göstərən fondların işi ilə məhdudlaşmayaraq daha genişmiqyaslı xarakter daşımışdır. Bunlardan biri də Azərbaycanda "birinci xanım” və yaxud "birinci ledi” institutunun geniş mənada məhz Mehriban xanım Əliyevanın adı ilə bağlı olması, həmçinin sözügedən anlayışın Azərbaycan leksikonuna 2003-cü ilin oktyabrından sonra onun simasında daxil edilməsidir. Mehriban xanım Əliyeva bu ictimai vəzifəsi ilə daim Azərbaycan xalqına yaxın olduğunu sübuta yetirmiş, Şərq mədəniyyətində birinci xanım tituluna daha geniş rakursdan yanaşılmasına yol açmış, eyni zamanda, "birinci ledi” statusunun kifayət qədər məsuliyyətli yük olduğuna diqqət çəkərək demişdir: "Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür”.

Həyata keçirdiyi layihələr, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslər təkcə Azərbaycanda yox, beynəlxalq miqyasda da Mehriban xanım Əliyevanın dərin inam və etimad qazanmasına, nəcib missiyalar daşıyıcısı və Azərbaycan mədəniyyətinin fəal təbliğatçısı kimi tanınmasına səbəb olmuşdur. Bunun məntiqi nəticəsi kimi Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında UNESKO-nun xoşməramlı səfiri seçilməsi də tamamilə məntiqəuygun hadisə olmuşdur. Ölkəmizin birinci xanımı yeni statusla bu mötəbər təşkilatda təkcə Azərbaycanın deyil, bütün türk xalqlarının mədəni irsinin təbliğatçısı kimi şərəfli missiyanı yerinə yetirmək imkanı qazanmışdır. Hələ 2004-cü ilin dekabrında Kazan şəhərində (Tatarıstan) UNESKO-nun qeyri-maddi mədəni irsin qorunmasına dair regional seminarında Mehriban xanım bu yöndə konkret təşəbbüslə çıxış edərək türk xalqlarının mədəniyyətini əhatə edən regional layihələrin hazırlanacağını bildirmişdir.

Mehriban xanım Əliyevanın UNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. "Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi bu fəaliyyətin mühüm nəticələri kimi diqqəti çəkir.

UNESKO xəttilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların dünyaya çatdırılması da fondun fəaliyyətində mühüm istiqamətlərdən olmuşdur. Təşkilatın xətti ilə hazırlanmış musiqi albomuna "Qarabağ xanəndələri” adının qoyulması yolu ilə Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Fondun təşəbbüsü ilə "Qarabağ” adlı kitabın çapa hazırlanması və işıq üzü görməsi Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və dünyada təbliği baxımından böyük əhəmiyyət daşımışdır.

Mehriban xanım Əliyevanın UNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasına toxunmayan bir çıxışını belə xatırlamaq çətindir. O, təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. Dünyanın bir çox dillərində nəşr olunmuş "Azərbaycan həqiqətləri” adlı kitabda Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdikləri soyqırımı, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, türk insanına qarşı törətdiyi vəhşiliklər barədə dolğun məlumatlar əksini tapmışdır. Bundan başqa, Fond Ermənistanın Xocalı şəhərində törətdiyi soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün bir neçə dildə sənədli film hazırlamışdır.

UNESKO-nun xoşməramlı səfiri olaraq Mehriban xanım Əliyeva Azərbaycan dili və ədəbiyyatının təbliğində də mühüm rol oynayır. Fransanın məşhur ali məktəblərindən olan Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (INALCO) Azərbaycan dili fakültəsinin fəaliyyətə başlaması, Azərbaycan ədiblərinin, elm xadimlərinin, ziyalılarının UNESKO səviyyəsində yubileylərinin təşkil olunması azərbaycançılıq ideyasının dünyada təbliği yolunda görülən işlərin tərkib hissəsidir.

2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda keçirilən Beynəlxalq muğam festivalı isə Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. Son 10 ildə Azərbaycan televiziyası ilə yayımlanan muğam müsabiqələri isə istedadlı muğam ifaçılarının üzə çıxarılması, dəstəklənməsi baxımından daha bir uğurlu layihə kimi özünü təsdiqləmişdir.

2011-ci ilin may ayında Azərbaycanın gənc ifaçılarının Almaniyada keçirilən "Avrovizion-2011” musiqi yarışmasındakı parlaq qələbəsində də fondun təşkilatçılığı və dəstəyi mühüm rol oynamışdır. Heydər Əliyev Fondunun prezidentinin "Avrovizion-2012”nin Bakıda keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri təyin edilməsi də bu mənada təsadüfi deyildi. Azərbaycanın birinci xanımının rəhbərliyi altında musiqi festivalına hazırlıq işləri uğurla həyata keçirilmiş və bütün lazımi tədbirlər görülmüşdür. "Avrovizion-2012”nin Azərbaycanda yüksək səviyyədə təşkili milli-mənəvi dəyərlərimizin bəşəri dəyərlər müstəvisində özünəməxsus yer tutmasında mühüm hadisə olmuşdur.

Xüsusi vurğulamaq lazımdır ki, bir müddət əvvəl - 2019-cu il iyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində keçirilən iclasda Azərbaycanın Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin sözügedən mədəniyyət qurumunun Ümumdünya İrs Siyahısına daxil edilməsi ölkəmizin zəngin mədəni xəzinəsinin təbliği və mühafizəsi yönümündə aparılan siyasətin növbəti böyük uğuru olmuşdur. İndiyədək Heydər Əliyev Fondunun rəhbərinin misilsiz xidmətləri sayəsində Azərbaycanın xalça sənəti, muğam sənəti, tar ifaçılığı, aşıq sənəti, habelə Novruz bayramı, cövkən atüstü oyunu, qadın baş geyimi olan kəlağayı təşkilatın Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Şübhəsiz, tarixi Xan sarayının və iki min ilə yaxın tarixi olan Şəki şəhərinin mərkəzi hissəsinin UNESKO-nun Ümumdünya Maddi İrs Siyahısına salınması ilk növbədə ötən illərdə Azərbaycanın təşkilatla münasibətlərinin yüksək səviyyədə qurulduğunu, qarşılıqlı faydalı əlaqələrdən ölkəmizin mənafelərinə uyğun səmərəli istifadə olunduğunu göstərir. 180-dən çox ölkədən 2500 nəfərdən çox nümayəndənin iştirak etdiyi sessiyada qəbul olunan tarixi qərar ilk növbədə Azərbaycanın təkcə paytaxtının deyil, regionlarının da malik olduğu zəngin maddi-mənəvi irsin dünya mədəni inciləri kimi qəbul olunduğunu, yüksək qiymətləndirildiyini göstərir. Bu qərar həm də onu göstərir ki, UNESKO Azərbaycanda aparılan islahatları, o cümlədən mədəni irsin qorunması sahəsindəki ardıcıl siyasəti izləyir və təqdir edir. İkitərəfli əlaqələrin son 15 ildə yüksək səviyyədə qurulmasında, respublikamızın təşkilat daxilində maraq və mənafelərinin layiqincə təmin edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi qeyd olunmalıdır.

Heydər Əliyev Fondunun rəhbəri, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxah, nəcib və savab əməlləri də müsəlman dünyasında yüksək dəyərləndirilmişdir. İslami inanclara və milli-mənəvi dəyərlərə yüksək həssaslıq nümayiş etdirən Azərbaycanın birinci xanımının fəaliyyəti İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən daim təqdir edilir. 2006-cı ildə Mehriban xanım Əliyevanın İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) xoşməramlı səfiri adına layiq görülməsi bütövlükdə Azərbaycanın qazandığı böyük nailiyyət olmuşdur. Qürur doğuran haldır ki, ISESCO-nun xoşməramlı səfiri adı qadınlar arasında ilk dəfə məhz Mehriban xanım Əliyevaya verilmişdir.

Fondun vitse-prezidenti və Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Xocalıya ədalət!” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə ISESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət!” Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Bu məqsədlə son illərdə dünyanın bir çox ölkəsində "Xocalıya ədalət!” veb-saytının təqdimetmə mərasimləri keçirilmişdir.

Bundan əlavə, İslam Konfransı Təşkilatına üzv ölkələr fondun Rusiya nümayəndəliyinin təşəbbüsünü dəstəkləyərək 26 Fevral - Xocalı Soyqırımı Gününün "Humanitar Fəlakətlər Qurbanlarının Xatirəsini Anma Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişlər. 2009-cu ildən 26 Fevral tarixi İslam Ölkələrində Humanitar Fəlakətlər Qurbanlarının Xatirəsini Anma Günü kimi geniş miqyasda qeyd olunur.

Həm UNESKO, həm də ISESCO ilə qurulmuş yüksək əlaqələr onu deməyə əsas verir ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı nümunəvi dövlət qismində çıxış etməsi, Qərblə Şərq, Qərblə İslam dünyası arasında önəmli, etibarlı bir körpü rolu oynaması və bununla bağlı dünyada müsbət düşüncənin formalaşmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yanaşı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da böyük xidmətləri vardır.

Hələ 2008-ci ildə Bakıda Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESKO-nun və ISESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumu sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir. Bu forum Mehriban xanım Əliyevanın şəxsində müasir Azərbaycan qadınının qlobal proseslərdə fəal iştirakını və təşəbbüskarlığını bütün dünyaya aşkarlamışdır. Bakı forumu həm də fərqli mədəniyyətlərin dialoqu prosesində qadınların rolunun araşdırılması və ümumi səylərinin bu yöndə səfərbər olunması, nəcib, humanist təşəbbüslərin dəstəklənməsi məqsədi daşımışdır.

Son illər Heydər Əliyev Fondunun təşəbbüsü, UNESKO və ISESCO-nun iştirakı ilə Bakıda təşkil olunmuş yüksəksəviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun, dini-etnik tolerantlığın genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, irqi və dini ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil etmişdir.

Heydər Əliyev Fondunun prezidentinin mədəniyyətlərarası dialoq və əməkdaşlığın vacibliyi ilə bağlı fikirləri də diqqətçəkicidir: "Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim və çox möhkəm kökləri vardır. Əsrlər boyu Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynamışdır. Xalqımızın ən gözəl xüsusiyyətlərindən biri bütün millətlərə, bütün dinlərə, bütün mədəniyyətlərə böyük hörmətlə yanaşmasıdır. Hesab edirəm ki, bugünkü gərgin dünyada bu, çox gözəl və böyük bir sərvətdir. Biz inanırıq ki, yalnız dözümlülük vasitəsilə insanları bir araya gətirmək olar. Biz buna səy göstəririk”.

2015-ci ildə ilk Avropa Oyunları, 2016-2019-cu illərdə isə "Formula-1” yarışları zamanı da respublikamız nümayiş etdirdiyi yüksək təşkilatçılıq, qonaqpərvərlik nəticəsində Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirmişdir. Bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, kreativ idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi idi. Təsadüfi deyil ki, dövlət başçısının IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə yaratdığı komissiyaya da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəhbərlik etmişdir. "Evrovizion” musiqi yarışmasında və ilk Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq da xüsusi plan üzrə, sistemli və ardıcıl şəkildə, yüksək zövqlə həyata keçirilmişdir.

Ümumiyyətlə, Heydər Əliyev Fondunun fəaliyyətində sivilizasiyalar arasında ən mühüm problemlərdən biri olan multikulturalizm məsələsi önəmli yerlərdən birini tutur. Son illərin ən funksional terminlərindən olan "multikulturalizm” anlayış baxımından, əslində, qədimlərə gedir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri də var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır.

Dünyanın çoxmillətli dövlətlərindən olan Azərbaycan dövləti də hər bir azərbaycanlının vətənidir. Azərbaycan Respublikasında kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Ölkəmizdə müxtəlif dinlərə, millətlərə, etnik azlıqlara məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dövlət onlara öz adət-ənənələrini, dillərini qoruyub saxlamaq üçün bütün şəraiti yaratmışdır. Etnik azlıqlara da tam bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə hüququ verilmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi: "Yüksək dərəcədə dözümlülük, ümumbəşəri dəyərləri milli dəyərlərlə uzlaşdırmaq qabiliyyəti, mədəni və dini müxtəlifliyə hörmət - bütün bunlar Azərbaycan xalqının əsrlər boyu formalaşmış xasiyyətini təşkil edir”.

Son illərdə Bakıda keçirilmiş Bakı Beynəlxalq Humanitar forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur. Bütün bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən bu cür təşəbbüslərin irəli sürülməsi və uğurla reallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır.

Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini də uğurla həyata keçirir. Layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılmış, eyni zamanda "Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilmişdir. Fondun rəhbərinin vurğuladığı kimi: "Dini multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır. Ölkəmiz müxtəlif dini, mədəni və tarixi abidələrin qorunub saxlanmasına da öz töhfəsini verir”.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa işləri aparılmış dini abidələrdən biri də Binə qəsəbəsindəki Möhsün Səlim məscidi olmuşdur. Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinin qəza vəziyyətində olması barədə qəsəbə ağsaqqallarının müraciətindən sonra bina memarlıq üslubu qorunub saxlanılmaqla əsaslı təmir edilmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərindəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuş, Buzovna qəsəbəsindəki Cümə məscidində yenidənqurma işləri uğurla başa çatdırılmışdır.

Təkcə azərbaycanlılara deyil, milli azlıqlara, digər səmavi dinlərin nümayəndələrinə məxsus tarixi abidələrin də eyni həssaslıqla qorunub saxlanılması, restavrasiya olunması xalqımızın yüksək tolerantlığını və multikultural dəyərlərə sadiqliyini nümayiş etdirir. Şəki şəhərinin Kiş kəndində yerləşən qədim alban apostol kilsəsinin də dövlət əhəmiyyətli tarixi abidə kimi mühafizə olunması bunu bir daha sübut edir.

Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tolerantlıq və multikulturalizm sahəsində həyata keçirilən layihələrdən danışarkən demişdir: "Yarandığı ilk gündən Heydər Əliyev Fondu nəinki Azərbaycanın, eləcə də ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Biz bir sıra iri layihələr həyata keçirmişik. Bizim "Azərbaycan - tolerantlığın ünvanı” layihəmiz var. Bu layihə çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada biz Versal sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də iştirak etmişik”.

Heydər Əliyev Fondunun tolerantlıq və multikulturalizm konsepsiyası çərçivəsində respublikamız Pakistanın Müzəffərabad regionunda 2005-ci ildə zəlzələ nəticəsində dağılmış qızlar üçün məktəbin yenidən tikilməsi; Romada qədim Marçellinio və Pietro katakombalarının bərpası; Versal sarayının parkında tarixi abidələrin bərpası; Bosniya və Herseqovina, Gürcüstan, Macarıstan, Rumıniya, Rusiya və Serbiyanın bir sıra şəhərlərində məktəblərin, məscidlərin, kilsələrin, reabilitasiya mərkəzlərinin, tibb ocaqlarının və istirahət parklarının tikintisi; Fransanın Aşağı Normandiya regionunda 20-yə yaxın yerli kilsənin; Strasburq Soborunda şüşə vitrajların bərpası; Vatikanın Apostol Kitabxanasında qədim əlyazmaların bərpası və rəqəmsal formata salınması, Vatikan muzeylərində bir sıra abidələrin bərpası; Luvr muzeyində İslam incəsənəti şöbəsinin yaradılması; Bolqarıstanın Veliko Tırnovo şəhərində Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpası; Almaniyanın Berlin kilsəsinin bərpası; İtaliyada, Romada Kapitoli Muzeyində Filosoflar zalının bərpası prosesində yaxından iştirak etmişdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin çoxşaxəli fəaliyyətində də mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm məsələlərinə xüsusi diqqət yetirilir. Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın dəstəyi ilə Moskvada "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu” kitabının çapdan çıxması Azərbaycan reallıqlarını özündə ehtiva edən fakt kimi böyük diqqət və maraqla qarşılanmışdır. 2012-ci ilin noyabrında Londonda Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans Azərbaycanın bütün dünyada sülhün, firavanlığın təmsil olunması yönündə həyata keçirdiyi siyasətə sanballı töhfə olmuşdur.

Xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədəki genişmiqyaslı islahatların tələbindən irəli gələn və cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar olmuşdur. Hazırda cəmiyyətdə mütləq çoxluğun birmənalı qənaəti budur ki, Heydər Əliyev Fondunun prezidenti olaraq vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva son iki ildə üzərinə götürdüyü məsuliyyətli missiya ilə ölkə başçısının və xalqın etimadını tamamilə doğruldur.

Nəcib və xeyirxah əməllərinə görə Mehriban xanım Əliyeva ötən illərdə müxtəlif beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür.

Fondun son 15 ildə həyata keçirdiyi layihələr milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çuğlaşaraq maraqlı və rəngarəng forma almışdır. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, insan hüquqlarının qorunması, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva üzərinə götürdüyü çətin, fəqət xoşməramlı missiyasını layiqincə davam etdirir. Bu fəaliyyəti ilə o, həm də həyatının mənasını insanlara təmənnasız köməkdə, xeyirxah və nəcib əməllərdə axtaran, bəşəriyyətin nicatı, xilası üçün çalışan nəcib insanlarla bir sırada dayanır.

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini

"Azərbaycan" qəzeti

27 avqust 2019-cu il

Son baxılan xəbərlər

İlham Əliyevdən “İslam Maarifçiliyinin Azərbaycan modeli”nə dəyərli töhfə

Xəbərlər
15.10.2018 / 10:19
Ətraflı oxu

Sumqayıtda “Gənclərin radikalizmdən mühafizə edilməsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.06.2018 / 16:57
Ətraflı oxu

“20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər
19.01.2017 / 13:18
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq bir ənənədir"

Açıqlama
01.12.2016 / 13:13
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru: İslam dini fitnə və fəsad törətməyi ən böyük ...

Açıqlama
12.07.2018 / 09:44
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
21.02.2018 / 18:00
Ətraflı oxu