Bakıda "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

Xəbərlər / 07.08.2019 / 15:50

Avqustun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Komitə sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından, dini mərasimlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasından, həmçinin milli-mənəvi irsimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən söhbət açıb. O, eyni zamanda, müxtəlif dini mərasimlərin, müqəddəs bayramların tarixi xüsusiyyətləri, milli aspektləri və müasir dəyərlər sistemindəki yeri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. S.Salahlı vurğulayıb ki, İslam dünyasının ən müqəddəs bayramlarından hesab olunan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur, İslamda bu bayram xüsusi mahiyyət və əhəmiyyət kəsb edir, onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev dini bayramların tarixindən və əhəmiyyətindən bəhs edib. O bildirib ki, dini bayramlar mövzusu həmişə aktual olub, xüsusilə İslam dini ilə əlaqəli bayramların qeyd edilməsi məsələsində maarifçi yanaşma, dini məqamların doğru şəkildə insanlara çatdırılması olduqca əhəmiyyətlidir. Bayramların tarixi xüsusiyyətlərini, təsnifatını, ölkəmizdə qeyd olunan müxtəlif dinlərə aid bayramların mahiyyətini diqqətə çatdıran Ceyhun Əliyev vurğulayıb ki, bu bayramlar bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir.

O təəssüflə bildirib ki, bəzən dini bayramlar vasitəsilə radikal, qeyri-ənənəvi ideyaların xaricdən ixrac edilməsinə cəhd edilir ki, bu da zərərli prosesdir. C.Əliyev qeyd edib ki, bu baxımdan bayramların mahiyyətini qorumaq bizim ən ümdə vəzifəmizdir. Hər birimiz fərd olaraq bu bayramların mahiyyətindən uzaqlaşmalı deyilik. Dini bayramlar ona görə qeyd olunur ki, insanlar bir-birilərinə qarşı laqeyd olmasınlar. Bu bayramlar insanları halallığa, paklığa, vəhdətə səsləyir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov vurğulayıb ki, ənənəvi bayramlardan fərqli olaraq, Azərbaycanda dini bayramlar İslam dini təsəvvürləri ilə əlaqədar təşəkkül tapıb, eləcə də əhatəliliyinə görə bu bayramlar digərlərindən heç də geri qalmır. Azərbaycan müstəqillik qazandıqdan sonra Qurban, Ramazan ümumxalq bayramları sırasına daxil olub, dövlət səviyyəsində qeyd olunmağa başlayıb və həmin günlər qeyri-iş günü elan olunub.

Ə.Zülfüqarov xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu, bu gün də əsasını Ümummilli Liderimizin qoyduğu nümunəvi dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, dövlətimizin başçısı Ramazan bayramı münasibətilə təşkil edilən iftar mərasimində iştirak etməsi, dini bayramlar ərəfəsində İslam dininə mənsub xarici ölkə səfirlərini qəbul etməsi, həmçinin İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinə məxsus dini bayramlarının təşkilinə və qeyd olunmasına dəstək verməsi dövlətin dini bayramlara verdiyi dəyərin bariz nümunəsidir. O, həmçinin bildirib ki, müsəlmanın Qurban və Ramazan bayramlarını qeyd etməsi ümumi vəhdət prinsipinə əsaslanır və burada dindar, yaxud qeyri-dindarlığın çalarlarını axtarmaq düzgün olmazdı. Bu vəhdət prinsipinə yad olan ünsürlər var. Bu ünsürlər müəyyən xarici dairələrdən təsirlənərək, bayram günlərinə qısqanclıqla yanaşaraq cəmiyyəti parçalamağa çalışırlar ki, bu kimi hallarda həmin dairələrə sivil formada adekvat cavab verilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Qurban Bayramının ən gözəl xüsusiyyətlərindən birinin din, məzhəb ayrı-seçkiliyinə yol verilməməsi olduğunu deyib. Bu bayramda istənilən dindən olan kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov respublikamızda yaşayan müxtəlif dinlərin nümayəndələrinin dini bayramlarını öz ənənələrinə uyğun şəkildə qeyd etmələri üçün yüksək şəraitin yaradıldığını bildirib. O vurğulayıb ki, dini bayramlar həmrəylik nümunəsidir, sosial səviyyəsindən, mədəni, etnik müxtəlifliyindən asılı olmayaraq bütün insanlar bu bayramları vəhdət halında yüksək səviyyədə qeyd edirlər.


Son baxılan xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Press-relizlər
22.10.2018 / 15:07
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Press-relizlər
16.10.2018 / 18:00
Ətraflı oxu

Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır

Multikulturalizm
10.11.2016 / 15:14
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
04.09.2018 / 15:27
Ətraflı oxu

Tovuzda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.08.2019 / 12:30
Ətraflı oxu

Qubada “Bayraq mənliyimdir, bayraq kimliyim” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.11.2019 / 16:02
Ətraflı oxu