Ucarda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda regional seminar-müşavirə keçirilib

Xəbərlər / 29.07.2019 / 17:45

Ucarda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda regional seminar-müşavirə keçirilib. Tədbirdə Ucar, Zərdab, Göyçay və Kürdəmir rayonlarının icra hakimiyyətlərinin, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Respublika Baş Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yerli strukturlarının rəhbərləri iştirak ediblər.

Seminar-müşavirədən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə çiçəklər qoyulub.

Regional seminar-müşavirədə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmindən fraqmentlər nümayiş etdirilib.

Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək mövzunun aktuallığından danışıb, bugünkü narahat dünyamızda dini və ideoloji təhlükəsizliyin önəmli olduğunu vurğulayıb. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirdiyi tədbirlərin önəminə toxunaraq, bu sahədəki maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi və xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət prinsipləri günümüzdə daha da təkmilləşmiş formada tətbiq edilir. Sədr müavini ölkəmizdəki dinlərarası və millətlərarası harmoniyanın dünya üçün tolerantlıq nümunəsi olduğunu diqqətə çatdıraraq, bu dəyərlərin qorunmasının Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində olduğunu bildirib.

O vurğulayıb ki, Azərbaycan güclü dünyəvi dövlət prinsipləri ilə yanaşı, dini-mənəvi dəyərləri qoruyan və islamafobiya amilinə qarşı ciddi mübarizə aparan ölkədir. Respublikada milli-mənəvi dəyərlərimizə söykənən və sağlam dini təməllər üzərində formalaşdırılmış nümunəvi dövlət-din modeli mövcuddur. DQİDK-nın sədr müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə həyata keçirilən, balanslı, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik ənənələrimizin də qətiyyətlə müdafiə edildiyi siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi sivilizasiyalararası mədəniyyətin və multimədəni harmoniyanın təminatçısı kimi tanıdıb.

Sədr müavini qeyd edib ki, dövlətimiz islamofobiyaya qarşı qətiyyətli və güclü mübarizə aparır. Dünyada müharibələrin gücləndiyi dövrdə Azərbaycanın belə siyasət ortaya qoyması bəzi dairələrin maraqlarına ziddiyyət təşkil edir. O, ölkəmizdə dini durumun sabit olduğunu, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yorulmaz fəaliyyəti nəticəsində sabitlik və əmin-amanlığın yüksək səviyyədə təmin edildiyini deyib. Müharibə şəraitində olan ölkə üçün milli təhlükəsizlik, dini-ideoloji sabitliyin prioritet məsələ olduğunu qeyd edən sədr müavini mövcud təhlükə və təhdidlərin qarşısının alınması üçün sistemli və geniş formada maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib.

Respublika Baş Prokurorluğunun idarə rəisinin müavini İldırım Vəliyev və Daxili İşlər Nazirliyinin məsul işçisi Oktay Tağıyev çıxış edərək, dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu, ona qarşı müştərək mübarizənin vacibliyini vurğulayıblar. Dini radikalizm və ekstremizmə qarşı mübarizə və bu sahədə qanunların tələblərinə riayət edilməsi istiqamətində görülən tədbirlərdən bəhs edilib. Bildirilib ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam şəkildə qurulub, ictimai-siyasi sabitlik və əmin-amanlıq hökm sürür. Ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsi formalaşıb. Bu qaydaları pozan hər bir şəxs qanunamüvafiq qaydada cəzalanır və cəzalanacaq.

Qafqaz Müsəlmanları İdarəsinin region üzrə qazısı Əli Məmmədov çıxışında insanların dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorunmasında din xadimlərinin üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib. Həmçinin dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.

Regional seminar-müşavirədə dini və ideoloji təhlükəsizlik sahəsində hər bir valideynin, müəllimin, ziyalının, din xadiminin, kollektiv rəhbərinin diqqətli olmasının zəruriliyi bildirilib.


Son baxılan xəbərlər

Sabirabadda 2019-cu ilin yekunları ilə bağlı tədbir keçirilib

Press-relizlər
07.01.2020 / 14:47
Ətraflı oxu

Hərbi hissədə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
26.02.2020 / 16:01
Ətraflı oxu

“Dini radikalizmə “dur!” deyək” adlı broşür nəşr edilib

Kitablar
19.10.2017 / 11:41
Ətraflı oxu

Şəkidə “İslam həmrəyliyinin Azərbaycanda və dünyada inkişafının əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.04.2017 / 12:37
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanda dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında dayanan mühüm faktordur

Müsahibələr
03.07.2020 / 15:34
Ətraflı oxu