Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider

Press-relizlər / 18.06.2019 / 09:52

Heydər Əliyevin ­timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüşdür. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Ümummilli liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli bayram günlərindən biri də məhz 15 iyun Qurtuluş Günüdür. Bu gün haqqında qürurla danışdığımız tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün yeni bir başlanğıc, ictimai tərəqqidə keyfiyyətcə yeni bir mərhələdir. 15 iyun əsl qurtuluş tarixi olmaqla yanaşı, Azərbaycanda xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru gedən yolun başlanğıcıdır. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa olan insan– çoxminillik dövlətçilik tariximizdə ilk dəfə ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyev idi. 
Ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. 
Xalq isə onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi. Əslində, Heydər Əliyev ömrü Azərbaycan xalqının XX əsr tarixinin bir qərinəlik dövrü ilə sıx bağlıdır və onları bir-birindən ayırmaq və izah etməyə çalışmaq mümkün deyil. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı.
1990-cı ilin yayında Moskvadan Vətənə qayıdan ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi illər Azərbaycanın istiqlalı yolunda xüsusi mərhələ olmuşdur. Onun rəhbərliyi altında muxtar respublika Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynayırdı. Əsas amillərdən biri o idi ki, onun muxtar respublikaya rəhbərlik etməsi ölkəmizin bu qədim diyarının erməni təcavüzündən xilas olmasında başlıca rol oynamışdı. 
Məhz Heydər Əliyevin müdrikliyinin, siyasi təcrübəsinin və iradəsinin nəticəsi idi ki, Naxçıvan MR üzləşdiyi bütün çətinlikləri dəf etmiş, muxtar respublika daxilində sabitliyi, əmin-amanlığı təmin etmişdir. Bütün bu faktlar bir daha təsdiqləyir ki, 1993-cü ilin yayında Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda, xalqın təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyil. Həmin il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü, özünün yeni, daha əzəmətli mərhələsinə qədəm qoydu. 
Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Beləliklə, ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti ölkənin formalaşdırılmasına hesablanmışdırsa, onun ikinci hakimiyyəti əsl Qurtuluş oldu. Xalqın çağırışı ilə Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıtdı. 
Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək qədər də onu qoruyub saxlamaq, əbədiliyini dönməz etmək çətindir. Bu baxımdan dövlətçiliyimizə, onun möhkəmləndirilməsinə Heydər Əliyevin verdiyi töhfələr əvəzsizdir. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin qorunması və möhkəmləndirilməsi baxımından həlledici rol oynadı. Heydər Əliyev hələ 1969--1982-ci illərdə rəhbər olduğu dövrlərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi, iqtisadi əsaslarını yarada bilmişdi. Bu baza əsasında məhz Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra Ermənistanın təcavüzünə baxmayaraq, öz suverenliyini qoruyub saxlaya bilmiş və inkişaf yoluna qədəm qoymuşdur. 
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirmiş, əhəmiyyətli addımlar atmışdır. Bu önəmli addımlar özünü ilk növbədə onda göstərdi ki, Azərbaycanda hakimiyyətdə səriştəsiz dairələrin olduğu 1991--1993-cü illərdə mövcud olan xaos, anarxiya aradan qaldırıldı, silah gücünə, müxtəlif təxribatlar vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmaq praktikasına son qoyuldu. Ən əsası dövlət və xalq arasında möhkəm birlik yaradıldı. Dövlətin möhkəmliyi üçün qanunun aliliyi olmalıdır. Heydər Əliyev irəli sürdüyü dövlətin təməl prinsiplərindən biri sayılan qanunun aliliyinin ölkəmizdə təmininə nail oldu. 
Dövlət varsa, qanun olmalıdır. Əgər qanun yoxdursa, dövlət mövcud olmayacaq. Dövlət qanuna söykənməlidir. Qanunçuluq prinsipi bir tərəfdən qanunun aliliyidir, digər tərəfdən isə zamanın tələbinə və reallığa uyğun olaraq yeni qanunların yaradılması və onların işlək olmasına ictimai nəzarətin gücləndirilməsidir. Heydər Əliyev dəfələrlə bildirmişdir ki, dövlət xalqa xidmət etməlidir, dövlətin xalqa xidmət etməsi üçün dövlət məmurları, dövləti idarə edən şəxslər daim xalqla təmasda olmalıdır.
Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişindən, yəni 1993-cü ildən sonra ölkəmizdə gedən proseslər geniş bir təhlil, təhqiqat tələb edən məsələdir. Aparılan araşdırmalar və təhlillər Heydər Əliyevin nəhəng siyasətinin ayrı-ayrı elementlərini bir daha göz önünə gətirməyi zəruri edir. 1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətə qayıdan Heydər Əliyev, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. 
Hərb cəbhəsində atəşkəsə nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Çünki hərbi əməliyyatların davam etməsi Azərbaycan iqtisadiyyatının onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıra bilərdi. Azərbaycan həmin müharibəni yalnız Ermənistanla aparmırdı. Hamıya bəlli idi ki, Ermənistana silah pulsuz verilirdi. Ermənistana müxtəlif vasitələrlə ayrı-ayrı ölkələrdən də yardımlar edilirdi. Ermənistan tərəfi Azərbaycan Ordusunun hücumları qarşısında tab gətirməyərək atəşkəsə razılıq vermək məcburiyyətində qaldı. 
Atəşkəsin əldə edilməsi ilə yaranmış fasilədən ümummilli lider Heydər Əliyev ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə başladı. İctimai-siyasi sabitliyin yaradılması üçün Heydər Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi. 
O dövrdə ayrı-ayrı qrupların nəzarətində qanunsuz fəaliyyət göstərən silahlı dəstələr var idi. Bu silahlı dəstələrin, hökumətə, hakimiyyətə tabe olmayan qanunsuz hərbi birləşmələrin mövcudluğu dövlətçilik və müstəqillik, o cümlədən vətəndaşların təhlükəsizliyi üçün qorxu törədirdi. Heydər Əliyevin atdığı ilk əhəmiyyətli addımlardan biri belə ­silahlı dəstələrin ləğv edilməsi, onlarda olan silahların yığılması oldu. 
Ulu öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradılması tuturdu. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidarların heç biri ordu yarada bilməmişdi. Heydər Əliyevin qarşıya qoyduğu ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Qısa zaman ərzində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı. 
Təcrübəli və çevik dövlət adamı olan Heydər Əliyev ictimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm addımlar atdı. Ölkədə xaos və özbaşınalığın qarşısı alındı. Xalqın Heydər Əliyevə inamı, etimadı o dərəcədə yüksək idi ki, onun hər bir çağırışı Azərbaycan xalqının bütün təbəqələrində böyük əks-səda doğururdu. 1994-cü ilin oktyabrında xarici qüvvələrin köməyi ilə bəzi dairələr Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdilər. 
Keçmiş baş nazir S.Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişinə cəhd edən dairələrin məqsədi ölkəmizin həyata keçirdiyi müstəqil siyasəti əngəlləmək, Azərbaycanı yenidən xarici qüvvələrin, imperiya dairələrinin təsiri altına keçirmək idi. Azərbaycan xalqının Heydər Əliyevə olan inamı hesabına dövlət çevrilişinə cəhdin qarşısı qətiyyətlə alındı. Dövlət çevrilişinə cəhd təsadüfən baş verməmişdi. O dövrdə Azərbaycan öz təbii sərvətlərini dünyaya çıxarmaq və neft-qaz ixracının köməyilə iqtisadi problemlərini həll etmək üçün addımlar atırdı. Xəzərdə Azərbaycana məxsus neft yataqlarının birgə işlənməsi ilə əlaqədar xarici neft şirkətlərilə danışıqlar aparılırdı. Bu danışıqları pozmaq istəyən qüvvələr 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstərdilər. 
Qeyd etdiyimiz kimi, Heydər Əliyevin qətiyyəti sayəsində bu cəhdin qarşısı alındı və ictimai-siyasi sabitlik qorundu. 1995-ci ilin martında yenidən dövlət çevrilişinə cəhd olundu. Xarici dairələr Azərbaycanda sabitliyi pozmaq və ölkənin həyata keçirdiyi siyasəti əngəlləmək üçün dövlət çevrilişinə cəhd etdilər. Bu cəhdin də qarşısı qətiyyətlə alındı. Beləliklə, Heydər Əliyevin fədakar zəhməti sayəsində Azərbaycanda silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu. Ulu öndərin həyata keçirdiyi siyasət praktik olaraq silahlı çevrilişin Azərbaycan siyasətindən çıxarılmasına gətirib çıxardı. Bu, müasir Azərbaycanın tarixində Heydər Əliyevin adı ilə bağlı olan çox böyük bir nailiyyətdir. 
İctimai-siyasi sabitliyin təmin edilməsi iqtisadi islahatların həyata keçirilməsinə yol açdı. Dövlət idarəçiliyi ilə bağlı qanunlar hazırlanaraq təsdiq olundu. Ən başlıcası isə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Bütün bunlar ulu öndərin dövlət quruculuğu sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçılarından birinə çevrilməsidir. 
Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri də neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. 
Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi. Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzrum qaz kəmərləri, Böyük İpək yolu və Bakı–Tbilisi–Qars dəmiryolu layihələri bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. 
Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik baxımdan dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin – Heydər Əliyevin uzaqgörənliyi və onun gələcək üçün yaratdığı möhkəm təminat ilə reallaşa bilərdi. Enerji təhlükəsizliyi dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də Azərbaycanın, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq, Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi. 
Bu layihələrin reallaşması Heydər Əliyevin uğuru, onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi. Məhz bu səbəbdən Azərbaycanın regionda yeri daha da möhkəmləndi, beynəlxalq təşkilatlarda nüfuzu artdı. Biz bunu Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarda görə bilərik. Azərbaycanın artan nüfuzunun nəticəsi idi ki, respublikamız bölgənin lider dövlətinə çevrildi.
Eyni zamanda, artan nüfuzun nəticəsi idi ki, Ermənistanın Azərbaycana təcavüzü BMT səviyyəsində, ATƏT çərçivəsində ölkəmizin xeyrinə qərar və qətnamələrin qəbul edilməsi ilə müşayiət olundu. Ulu öndərin əsasını qoyduğu yeni neft strategiyası bu gün də uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən yeni neft strategiyası xalqımızın öz sərvətinə sahib olmasında mühüm rol oynayır. 
Bu gün BTC, BTƏ və BTQ Qərblə Şərq arasında körpü rolunu oynayır. Bu layihələr Xəzər regionu ilə Avropa arasında qırılmaz tellərdir, Azərbaycanla Türkiyəni polad kəmərlərlə, yollarla bir-birinə bağlayır. Bu bağlılığı hansısa bədxah qüvvələr, çirkin niyyətli dairələr qıra bilməzlər. Bu gün Azərbaycanın razılığı və iştirakı olmadan Qafqazda hansısa bir layihəni həyata keçirmək mümkün deyil. Bu, ulu öndər Heydər Əliyevin başladığı böyük siyasətin davamı və məntiqi nəticəsidir. 
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin başqa bir istiqaməti iqtisadi tənəzzülün qarşısının alınmasıdır. 1995--1996-cı illərdən başlayaraq iqtisadi böhran aradan qaldırıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu. İqtisadi islahatların bəhrəsi xalqın rifahına da müsbət təsir göstərməyə başladı. Qısa zaman kəsiyində Azərbaycan iqtisadi baxımdan Qafqazın ən qabaqcıl ölkəsi oldu. Azərbaycan dövlətçiliyində Heydər Əliyevin adı ilə bağlı olan əsas məqamlardan biri təməl prinsipləridir. 
Müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifi Heydər Əliyevdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda, gələcəyə yönəlib. Hər bir xalq öz dövlətçiliyinin idarə olunmasında müəyyən ideoloji prinsiplərə söykənir. İdeologiyasız dövlətçilik mümkün deyil. Xalq ideologiyaya söykənmədən irəli gedə bilməz. Ümummilli lider Heydər Əliyev şəxsiyyəti haqqında fikir söyləmək, onun Azərbaycan dövləti və xalqı üçün həyata keçirdiyi siyasi fəaliyyəti layiqincə qiymətləndirmək böyük məsuliyyət tələb edirdi. 
Ölkə Prezidenti möhtərəm İlham Əliyev ümummilli lider Heydər Əliyevin çağdaş Azərbaycan tarixindəki mövqe və xidmətlərini belə xatırladır: “Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə kitablar, elmi və bədii əsərlər yaradılmışdır. Bu günə qədər həmin məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”.
Azərbaycan vətəndaşları bugünkü gerçəkliyi və reallığı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Varislik Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə əldə etdiyi nailiyyətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu gün Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevdir. Belə ki, İlham Əliyevin Prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil. 
Ölkə rəhbərinin ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində son 16 il ərzində Azərbaycan bölgənin iqtisadi baxımdan ən sürətli, dinamik inkişaf edən ölkəsinə çevrilib. Bir tərəfdən zəngin neft və təbii qaz qaynaqlarının dünya bazarına nəqlinə imkan verən layihələrin reallaşması, bunun nəticəsində gəlirlərin sürətlə yüksəlməsi, digər tərəfdən isə bu gəlirlərə səmərəli şəkildə nəzarət edilməsinə və iqtisadiyyatın fərqliliyinə yönəlik ardıcıl islahatların həyata keçirilməsi müsbət nəticələr verir. 
Azərbaycan iqtisadiyyatı son 16 ildə dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğuna görə ötən müddətdə ölkəyə 200 milyard dollardan çox sərmayə qoyulub, ümumi daxili məhsul 3 dəfədən çox, sənaye istehsalı 3 dəfə artıb. Xalqın sərvətinin ədalətli bölgüsü, habelə vəsaitlərin xərclənməsində və akkumulyasiyasında maksimum şəffaflıq ölkənin valyuta ehtiyatlarının ilbəil artmasına və yoxsulluq səviyyəsinin on dəfə aşağı düşməsinə səbəb olmuşdur. Bu müddətdə ölkədə 2 milyondan artıq yeni iş yerləri yaradılmışdır.
Eyni zamanda, ötən bu müddət ərzində iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi artaraq onun neftdən asılılıq riskini azaldıb. Hazırda Azərbaycan xarici investisiyalara ehtiyacı olan ölkədən bölgədə və onun xaricində əhatəli investisiyalar yatıran ölkəyə çevrilib. Ötən 16 il ərzində sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülüb – yüzlərlə məktəb, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir. İnvestisiya proqramında nəzərdə tutulmuş layihələr bu gün də uğurla həyata keçirilir. 
Dövlətin qarşısında duran ən əsas vəzifələrdən biri qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bununla əlaqədar ölkəmizdə bir çox iş görülməklə yanaşı, bu gün də quruculuq işləri böyük uğurla davam etdirilir. Ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarına çoxlu sərmayə qoyulur. Azərbaycanın “Azərspace″ adlı 2 süni telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin bu sahədəki inkişafın ən yüksək göstəricisidir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan kosmik ölkələr klubuna daxil olub, texnoloji tərəqqiyə, innovasiyalı iqtisadiyyata sahib olan və uğurla inkişaf edən ölkədir. 
Dünya Bankı və beynəlxalq maliyyə şirkətlərinin illik hesabatlarında Azərbaycan investisiya yatırılacaq ölkələrin sırasında ön yerlərdən birini tutmaqla dünyanın inkişaf etmiş ölkələrinin diqqətini özünə cəlb etməyi bacardı. Dünya siyasi arenasında əhəmiyyətli bir yer tutan Azərbaycan, əlbəttə, bu zirvəyə Prezident İlham Əliyevin icra etmiş olduğu uğurlu siyasəti ilə nail olub. Beləliklə, əldə olunan bu möhtəşəm uğurlar Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə Heydər Əliyevdən sonra ikinci böyük siyasi xadimə çevirib. Qeyd olunanlara əsaslanaraq, əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev bu gün də bizimlə yaşayır, onun ideyaları uğurla davam etdirilir. 
Ümummilli lider Heydər Əliyevin məşhur bir kəlamı həmişə xalqımız üçün örnəkdir. O deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”. Xalqımız əsrlər boyu həsrətində olduğu müstəqilliyə nail olduqdan sonra həmin müstəqilliyi qoruyub saxlamaq, əbədiliyini dönməz etmək, möhkəmləndirmək, Azərbaycanı dünyanın müxtəlif ölkələrində məskunlaşmış 50 milyon azərbaycanlı üçün bir mayaka çevirmək vacib bir vəzifə idi. Bu vəzifəni həyata keçirərkən, təbii ki, millətin vahid ideya ətrafında birləşdirilməsi zərurəti yaranmışdı. 
Prezident İlham Əliyev cəmiyyətin qarşısında duran ən önəmli vəzifə ilə bağlı demişdir: “Biz güclü, demokratik cəmiyyət qurmaq əzmindəyik. Bu cəmiyyətdə hər bir vətəndaş bütün haqlardan və azadlıqlardan istifadə etməli və onun bütün hüquqları və azadlıqları qorunmalıdır”. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və çevik siyasət nəticəsində Azərbaycan cəmiyyətində vətəndaşların hüquqlarının hərtərəfli qorunması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. 
Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan etmişdir. Həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Ulu öndərin bizə qoyduğu bu irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülmüş, nailiyyətlər əldə edilmişdir. Ölməz öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə də ölkəmizin inkişafı üçün başlıca mənbə rolunu oynayacaqdır. 

 

Mübariz QURBANLI, 
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 

"Xalq qəzeti"

15 iyun 2019-cu il

Son baxılan xəbərlər

Zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
16.10.2019 / 17:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
03.10.2018 / 17:06
Ətraflı oxu

Ağstafada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib

Press-relizlər
02.10.2019 / 15:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Məhərrəmlikdə dini ayinlərin evlərdə keçirilməsinə icazə verilməyəcək”

Açıqlama
30.09.2016 / 12:13
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: "Bizim toplumun İslama, Allaha bağlılığı ailədən gəlir"

Müsahibələr
12.07.2017 / 15:27
Ətraflı oxu

Həqiqi müstəqilliyin, qüdrətli dövlətçiliyin və milli inkişafın əsasının qoyulduğu möhtəşəm tarix

Xəbərlər
03.10.2019 / 09:29
Ətraflı oxu