“Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər / 11.06.2019 / 16:50

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) təşkilatçılığı ilə iyun ayının 11-də “Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təmsilçiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, ölkəmizdəki dini dözümlülük, multikultural və tolerant mühitin qorunub-saxlanılması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, sevindirici haldır ki, Ulu Öndərin müdrükcəsinə formalaşdırdığı dövlət - din siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda bütün dini konfessiyaların fəaliyyətinə lazımi şərait yaradılıb, onlar dövlətin qayğısı ilə əhatə olunublar. Respublikamızda 940 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Gündüz İsmayılov ölkəmizdə 2500-ə yaxın məscid, 14 kilsə və 7 sinaqoqun  olduğunu deyib. Qeyd olunub ki, Azərbaycanda məscid və ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir.

Ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşdığını, milli və dini zəmində heç bir ayrıseçkilik faktının qeydə alınmadığını deyən sədr müavini Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qrupların respublikamızda özlərini nəinki yad hesab etmədiklərini, fərqli dini konfessiyaların nümayəndələri hər zaman xalqımızla ilə həmrəy olduğunu, Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə apardıqlarını diqqətə çatdırıb.

Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərə toxunan sədr müavini bu istiqamətdə təşkil olunan tədbirlərin coğrafiyasının geniş olduğunu deyib. Əlavə edib ki, bu istiqamətdə nəşr olunan kitabların, sənədli filmlərin, xüsusilə sosial şəbəkələrdəki fəaliyyət mühüm rola malikdir.

Cəmiyyətin bütün sahələrində fəallıq göstərən dini konfessiyaların Azərbaycan həqiqətlərinin təbliği nöqteyi-nəzərindən dövlət qurumları ilə yanaşı tədbirlər gördüyünü bildirən Komitə rəsmisi bugünkü konfransın sözügedən məsələdə icmaların aktivliyinin daha da artırılması məqsədilə təşkil edildiyini qeyd edib.

Qarabağla bağlı faktların, xalqımızın əsrlər boyu formalaşdırdığı multikultural və tolerant dəyərlərinin, eləcə də ölkəmizin tarixinin, mədəniyyətinin, o cümlədən Azərbaycandakı dini durumla bağlı obyektiv məlumatların Azərbaycan həqiqətləri kimi təbliğ olunmasının zəruriliyini önə çəkən G. İsmayılov bu sahədə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ və Avropa yəhudiləri, katolik və Alban-udi dini icmalarının uğurlu fəaliyyətinə diqqət çəkib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada müxtəlif dini konfessiyaların nümayəndələri əmin-amanlıq şəraitində birgə yaşayırlar, bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın bu nümunəvi modelinin respublikamızın nüfuzunun dünya miqyasında daha da artmasına gətirib çıxardığını vurğulayan QMİ sədrinin müavini Azərbaycandakı dini konfessiya rəhbərlərinin bir-birinə olan dostluq, qardaşlıq münasibətlərinin xarici ölkələrə səfərlər zamanı heyranlıqla qarşılandığını deyib.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev rəhbərlik etdiyi icmanın bu sahədə gördüyü işlərə toxunub. Ölkəmizə səfər edən xarici jurnalistlərin Azərbaycandakı dinlərarası harmoniyanın canlı şahidi olduğunu bildirən icma sədri ölkə həqiqətlərinin təbliği istiqamətində təşkil olunan yerli və beynəlxalq tədbirlərin, səfərlərin önəmindən bəhs edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Yadigar Məmmədli Azərbaycandakı tolerant və multikultural mühitin təbliğ və təşviq edilməsinin təmsil etdiyi qurumun əsas vəzifələrindən biri olduğunu qeyd edib. Y.Məmmədli dünyanın 19-dan çox ölkəsində “Multikulturalizmə giriş” fənninin tədrisinin, dünyanın müxtəlif ölkələrinin gənclərinin qoşulduğu qış və yay məktəblərinin təşkilinin, eləcə də “Azərbaycanın gənc dostları” Beynəlxalq klubunun fəaliyyət göstərməsinin bu istiqamətdəki işlərdə xüsusi rola malik olduğunu bildirib.

Daha sonra çıxış edən Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri, xalq artisti Aleksandr Şarovski, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev,  Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova, Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov və “Yeni Həyat” Xristian İncil dini icmasının sədri Lyudmila İbrahimova ölkəmizdə mövcud olan tolerantlıq və multikultural ənənələrinin, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsimizə qarşı vandalizm faktlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında dini icmaların üzərinə düşən vəzifələr barədə danışıblar.

 

 

 


Son baxılan xəbərlər

Sumqayıtda dini mağazalarda reyd keçirilib

Press-relizlər
19.11.2016 / 11:09
Ətraflı oxu

Səngəçalda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
08.07.2017 / 10:01
Ətraflı oxu

Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub

Press-relizlər
17.05.2019 / 12:30
Ətraflı oxu

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzVision.az oxucularının suallarını ...

Müsahibələr
19.12.2014 / 15:10
Ətraflı oxu

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.03.2019 / 09:32
Ətraflı oxu

ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Xəbərlər
09.03.2019 / 10:28
Ətraflı oxu