Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır

Press-relizlər / 15.05.2019 / 17:10

Mayın 15-də Bakıda "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən keçirilən tədbir 15 may - Beynəlxalq Ailə Gününə həsr edilib.

Əvvəlcə dövlət-ailə siyasətinə dair sənədli film göstərilib.

Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycan dövlətinin ailə siyasəti barədə məlumat verib. Bildirilib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.

Qeyd edilib ki, Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi.

Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Bunun bariz nümunəsi hər il dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizinin məhz sosialyönümlü olmasıdır. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir.

DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşması və qorunub saxlanılmasında milli və dini dəyərlərin əhəmiyyəti barədə danışıb. Bildirib ki, müasir dünyanın qlobal problemlərindən biri sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Bu baxımdan, ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin cəmiyyətdə düzgün təbliği, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin təşkilində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlığa toxunan Mübariz Qurbanlı vurğulayıb ki, din adı altında ailə dəyərlərimizə mənfi təsir etməyə çalışanlara qarşı təbliğatı gücləndirməliyik. Bütün dinlərin özündə həm əxlaqi-mənəvi, həm də tərbiyəvi xüsusiyyətləri birləşdirdiyini deyən DQİDK sədri İslamda sağlam cəmiyyətin qurulması üçün təməl qurum olan ailənin üzvlərinin elmli, bilikli olmasına böyük önəm verildiyini qeyd edib. Komitə sədri bildirib ki, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasında, cəmiyyətin saflığının və əxlaqi dəyərlərinin qorunmasında və gələcək nəsillərə ötürülməsində ailə çox böyük rol oynayır. Ailədəki mehribanlıq, sevgi, qarşılıqlı hörmət, həmrəylik cəmiyyətin vəhdətinə, birliyinə səbəbdir. Azərbaycan xalqının ailə dəyərlərinin tərkibində həm İslamdan, həm milli adət-ənənələrimizdən, həm də müasir günümüzün tələblərindən qaynaqlanan yüksək keyfiyyətlər var. Bu baxımdan Azərbaycan ailəsi özündə Şərqlə Qərbin yüksək dəyərlərini cəmləşdirir.

Komitə sədri, eyni zamanda, ölkəmizdəki nümunəvi ailələrin gənclərə təbliğ edilməsinin vacibliyinə toxunub. “Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman ailə dəyərlərinə yüksək qiymət veriblər. Bu, bütün gənclərə nümunə olmalıdır”, - deyə Mübariz Qurbanlı vurğulayıb.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, xalqımız hər zaman ailə dəyərlərini hər şeydən uca tutub və bu, bizim milli adət-ənənəmizə çevrilib. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirir, gənc nəslin sağlam ruhda tərbiyə olunmasına çalışırıq. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən ulu öndər Heydər Əliyev bu dəyərlərin qorunmasının vacibliyini daim vurğulayırdı.

Qeyd edilib ki, Konstitusiyamızda, qanunlarımızda ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları ilə bağlı xüsusi maddələr əks olunub. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının aradan qaldırılması haqqında qanunlar qəbul edilib. Məişət zorakılığının aradan qaldırılması haqqında Qanunu icra etmək üçün müvafiq qanunvericilik aktlarına əlavələr edilib, yeni normativ hüquqi aktlar qəbul olunub.

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ölkəmiz qadın hüquqlarının qorunması üzrə, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Ailə institutunun möhkəmlənməsi, gender bərabərliyinin təmin edilməsi dövlətimizin diqqətində olan mühüm məsələlərdən biridir. Bu istiqamətdə beynəlxalq hüquqa və ənənələrimizə söykənən hüquqi normativ aktlarımız var. Ancaq ölkəmizdə ailə institutunun formalaşması üçün yaradılan qanunvericilik bazası, aparılan profilaktik maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, bu sahədə hələ də müəyyən problemlər mövcuddur.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev təmsil etdiyi təşkilatın Azərbaycanda müvafiq sahədə gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur. Ailə institutu bizim cəmiyyətdə əvəzolunmaz dəyərdir, müqəddəsdir, milli-mənəvi dəyərlərimizin əsas sütunlarındandır. Ailə institutunun cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rolu var. Çünki şəxsiyyətlər məhz ailədə formalaşır. Humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərdlik, xeyriyyəçilik ailədə formalaşan ən yüksək keyfiyyətlərdir. Bu baxımdan ailənin rolu əvəzsizdir. O qeyd edib ki, BMT-nin Əhali Fondu bu sahədə Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edir və bu münasibətlər bundan sonra da inkişaf etdiriləcək.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır. Lakin bu prosesdə aparıcı rol ailəyə məxsusdur. Ailənin ruhi mədəniyyəti anadangəlmə keyfiyyətlərdən, təhsildən, tərbiyədən və yaradıcı əməkdən, bilik və mənəviyyatdan, bir-birinə və ətrafdakılara olan məhəbbət və inamdan formalaşır. Azərbaycan ailəsi milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib ki, bu gün dövlətimiz gənclərə böyük imkanlar yaradıb. Onlar bu imkanlardan istifadə edib mənəvi dəyərlərimizin qorunması işini gücləndirməlidirlər. Azərbaycanda ailə dəyərləri mühüm yer tutur. O, Azərbaycan ailəsinin, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmasının əhəmiyyətini qeyd edib. Aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib. Milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə mövqeyini qoruyub saxlayır. Biz hamımız ailənin hər bir insanın, cəmiyyətin və ölkənin həyatında necə mühüm əhəmiyyət daşıdığını bilirik. Məhz ailədə əxlaq, mənəviyyat və vətənpərvərliyin əsasları qoyulur. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir.

Tədbir müzakirələrlə davam edib.


Son baxılan xəbərlər

Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.07.2019 / 15:48
Ətraflı oxu

Ucarda “Dini radikalizm İslam həmrəyliyinə təhdiddir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
19.05.2017 / 10:14
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
04.03.2019 / 17:09
Ətraflı oxu

Xızıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.06.2019 / 10:56
Ətraflı oxu

Ucarda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.04.2017 / 16:53
Ətraflı oxu

Səyavuş Heydərov: "Xarici siyasi dairələrin radikallardan istifadə etməsi ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir"

Müsahibələr
27.01.2017 / 15:10
Ətraflı oxu