“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans panel iclaslarla davam edib

Press-relizlər / 26.04.2019 / 18:09

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans aprelin 26-da panel iclaslarla davam edib.

Əvvəlcə Azərbaycandakı multikultural mühitdən bəhs edən videoçarx nümayiş olunub.

ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə "Dini icmalar sülhün carçısı kimi" mövzusunda keçirilən birinci paneldə çıxış edən Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusif Azərbaycanda mədəni müxtəliflik, tolerantlıq və multikulturalizm kimi məsələlər üzrə fəal iş aparıldığını qeyd edib. O eyni zamanda, Rumıniyada müsəlman icmasının fəaliyyəti, gördüyü işlər barədə ətraflı danışıb. Natiq ölkəsi ilə Azərbaycanın əlaqələrindən də bəhs edib.

Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov radikalizmi doğuran səbəblər, onunla mübarizədə qarşıya çıxan problemlərə toxunub və bu istiqamətdə təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.

Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ölkəmizdə dini icmalara göstərilən diqqət və qayğıya toxunub. Bildirib ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri üçün hər cür şərait yaradılıb.

İtaliya Təhsil Nazirliyinin əməkdaşı Covanni Koqliandro, Avropa yəhudilərinin Bakı dini icmasının, “Həyat sözü” xristian dini icmasının nümayəndələri, İlahiyyat məscidinin imamı Ceyhun Rüstəmov “Dini icmalar tolerantlıq və sülhün daşıyıcısı kimi”, “Dini icmalarla əlaqələrin qurulması və dinlərarası tolerantlıq üzrə fəaliyyət” mövzularında fikirlərini bölüşüblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə baş tutan “Dünyəvi dövlətlərdə dövlət-din münasibətləri” mövzusunda ikinci paneldə çıxış edən Rumıniya Hökümətinin Dini Məsələlər üzrə dövlət katibinin məsləhətçisi Katalina Ray müasir dövrdə din və dövlət əlaqələrinin müxtəlif ölkələrdə fərqli istiqamətlərdə inteqrativ mahiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, din-dövlət münasibətlərində dünyəvi sistem tərəfindən-“azadlıq, demokratiya, insan hüquqları  və hüququn üstünlüyü”- anlayışı prinsipial hüquqi ifadə olaraq qəbul edilir. Bu baxımdan modern dövlət iddiasını daşıyan hər bir dövlət  bu və ya digər cəhətdən bu prinsiplərə sadiq qalmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün Azərbaycanın dünyaya özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini təqdim etdiyini bildirib. Azərbaycanın bu sahədəki təcrübəsinin kifayət qədər olduğuna diqqət çəkən sədr müavini ölkəmizdə kilsə, sinaqoq və məscidlərin azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərdiklərini deyib.  G. İsmayılov vurğulayıb ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi Ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin müəyyənləşdirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir sözlə, multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov rəhbərlik etdiyi ali məktəbin yaranmasından və fəaliyyətindən söhbət açıb. İnstitut rəhbəri ölkəmizdə dini təhsilin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. C.Məmmədov bildirib ki, dövlət başçımızın Sərəncamı ilə yaradılan İlahiyyat İnstitutu yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadr hazırlığının təmin olunması məqsədilə yaradılıb.

Florensiya Dinlərarası və Mədəniyyətlərarası Dialoq İnstitunun vitse-prezidenti, katolik keşişi Andre Bellandi, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxışlarında mədəniyyətlərarası və dinlərarası qarşılıqlı anlayışın qorunması və inkişafı məqsədilə dini və dünyəvi tədrisin inteqrasiyası, həmçinin digər mövzular barədə danışıblar.

Rumıniya Hökumətinin Dini Məsələlər üzrə dövlət katibinin məsləhətçisi Katalina Rayın moderatorluğu ilə baş tutan “Zorakı ektremizmin qarşısının alınmasında maarifləndirmə tədbirləri” mövzusunda üçüncü paneldə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə  çevrilib. Ulu Öndərin siyasi xəttini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır.

S.Heydərov qeyd edib ki, bu gün dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşıb. Sədr müavini deyib ki, dini təhlükəsizlik milli təhlükəsizliyin başlıca tərkib hissəsidir. Azərbaycan mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi son dərəcə vacibdir. Günümüzdə dini radikalizm ölkələrin sərhədlərini aşaraq beynəlxalq səviyyədə problemə çevrilib. Dini ekstremizmlə mübarizə müasir dövrün sosial problemi olmaqdadır. Bunun aradan qaldırılması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq qurumlarla həyata keçirdiyi kompleks tədbirlərə toxunan Komitə rəsmisi deyib ki, dini radikalizmə qarşı mübarizə 3 istiqamətdə aparılır. İdeoloji müstəvidə aparılan mübarizə barədə danışan S.Heydərov dini radikalizmin və ekstremizmin fəsadlarını real faktlarla ictimaiyyətə nümayiş etdirilməsi üçün DQİDK-nın sifarişi ilə sənədli filmlər hazırlandığını diqqətə çatdırıb.

Sədr müavini çıxışının sonunda Azərbaycanın bir çox sahələrdə olduğu kimi, dövlət-din siyasətinin də nümunəvi modelini nümayiş etdirdiyini və bu sahədəki təcrübəni hamı ilə bölüşməyə hazır olduğunu vurğulayıb. Ölkələr arasında müvafiq istiqamətdə təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq prespektivlərinin müzakirə edilməsi üçün Avropa İttifaqının nəzdində platformanın yaradılması təşəbbüsünü irəli sürüb.

İordaniyada yerləşən “ARDD” beynəlxalq QHT-nin rəhbəri İzabella Astor, Beynəlxaq Miqrasiya təşkilatının nümayəndəsi Müşviq Eminov, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taleyə İbrahimova, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Əli Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi Abbas Abbasov, Təhsil Nazirliyinin əməkdaşı Samir Həmidov ekstremizmin və dini radikalizmin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin təşkili, birgə müzakirələrin aparılması və mübarizə tədbirlərinin effektivliyinin artırılması metodlarından danışıblar.

İkigünlük beynəlxalq konfrans işini mövzu ətrafında müzakirələrlə yekunlaşdırıb.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
04.03.2019 / 19:21
Ətraflı oxu

“Aprel zəfəri – xalqımızın qələbə əzminin təntənəsi” mövzusunda tədbir baş tutub

Press-relizlər
04.04.2019 / 17:27
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir”

Xəbərlər
14.03.2019 / 16:40
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
18.10.2017 / 16:10
Ətraflı oxu

Bərdədə "Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Xəbərlər
23.05.2019 / 15:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri : “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunun təbliğində mühüm rol ...

Açıqlama
11.01.2019 / 09:40
Ətraflı oxu