Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb

Press-relizlər / 25.04.2019 / 18:59

Aprelin 25-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və Azərbaycan Diplomatiya Akademiyasının (ADA) birgə təşkilatçılığı ilə “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans öz işinə başlayıb.

 Əvvəlcə Yeni Zelandiya və Şri-Lankada həyatını itirmiş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra konfransın moderatoru Aİ-nin Azərbaycandakı nümayəndəsinin müavini Denis Daniilidis bildirib ki, son günlər Yeni Zelandiyada və Şri-Lankada baş verən hadisələr dini radikalizmlə mübarizənin hələ də başa çatmadığını göstərir. Bu baxımdan bu cür konfransların əhəmiyyətinə toxunan D. Daniilidis dini ayrı-seçkiliyin gücləndiyi müasir dövrdə Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyətini yüksək qiymətləndirib.

Konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, Yeni Zelandiya, Şri-Lankada baş verən terror hadisələrinə qarşı mübarizə bəşəriyyətin qarşısında duran ən əsas məsələlərdəndir. Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışına nümunə olacaq ölkələr arasında Azərbaycan çox mühüm yer tutur. Ölkəmizdə multikultural dəyərlər dövlət səviyyəsində qorunur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin  bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə tolerant dəyərlər ciddi mühafizə olunur. Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub-saxlanılır. Azərbaycanda  33 qeyri-müsəlman dini icması fəaliyyət göstərir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankaukas belə konfransların keçirilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, artıq ikincisi keçirilən bu konfrans tərəflərin müsbət təcrübə qazanmasına imkan yaradır. Nümayəndəliyin rəhbəri Yeni Zelandiya və Şri-Lankada baş vermiş dəhşətli hadisələri xatırladaraq deyib ki, bu cür hadisələrin qarşısının alınması üçün hər kəs səylərini birləşdirməlidir.

Azərbaycanla dini sahədə əməkdaşlığa toxunan Kestutis Yankauskas vurğulayıb ki, Azərbaycandakı dini liderlərin Brüsselə səfəri təşkil edilib. O həmçinin mayın əvvəlində Bakıda "İmagine" tolerantlıq festivalının keçiriləcəyini və bu tədbirin də müxtəlifliyə və tolerantlığa töhfə verəcəyinə ümüidvar olduğunu bildirib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ekstremizmin qarşısını almaq üçün hər bir ölkə öz təcrübəsini bölüşməli, təbliğat aparmalıdır. Bundan başqa, dini radikalizmin yaranmasının səbəbləri araşdırmalıdır. Əks halda nəticə əldə etmək çətin olacaq. Əgər bir ölkənin qanunvericiliyində dini dözümlülük, dini etiqad azadlığının qorunması məsələləri öz əksini tapmayıbsa, həmin ölkədə dini radikalizm meyilləri olacaq. Azərbaycanın Konstitusiyasında dini etiqad azadlığının qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Milli Məclisdə dini ekstremizmin aradan qaldırılması ilə bağlı qanun qəbul olunub.

Siyavuş Novruzov deyib ki, dini etiqad azadlığının təmin edilməsi vacibdir. Bunun əksi dini radikalizmə gətirən əsas səbəblərdən biridir. Din xadimləri bu məsələdə aparıcı rol oynamalıdır. Onlar təbliğat apararaq insanları qardaşlığa, bərabərliyə çağırmalıdır. Vurğulanıb ki, hər hansı terror qruplaşmanı dinlə əlaqələndirmək olmaz. Dünyada 60-dan çox müxtəlif terror qrupu var. Onların əksəriyyətinin adı da məlumdur və heç biri dinlə əlaqəli deyil.Deputat bildirib ki, Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Bu ərazilərdə tarixi, dini abidələrə qarşı böyük vandalizm aktları həyata keçirilir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, bu konfransın təhsil ocağında keçirilməsi heç də təsadüfi deyil.  Çünki gənclər arasında  dini tolerantlığın təbliği mühüm əhəmiyyət kəsb edir. F.İsmayılzadə diqqətə çatdırıb ki, ADA universitetində təhsil alan gənclərin müxtəlif dinlərə aid ibadətgahlarla tanış olmasına,  eləcə də onlar arasında  multikultural dəyərlərin təbliğinə xüsusi önəm verilir.

Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi Jan-Kristof Posel bildirib ki, dünyada terrorçuluqdan, radikallıqdan sığortalanan ölkə yoxdur. Onun sözlərinə görə, din anlayışı ilə dini dona bürünmüş radikalizm arasında fərq qoyulmalıdır. Dinlərarası dialoqun vacibliyinə toxunan  Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi bunun əks tərəflərin fikirlərini, istəklərini, fərqlərini üzə çıxarmağa imkan yaratdığını deyib.  O qeyd edib ki, zorakılıqla din arasında fərq qoyulmalıdır. Dinlər bu məsələdə günahsızdır. Biz gənclərin dini düzgün öyrənmələri üçün üçün yollar axtarmalıyıq. Bizim cəmiyyətlərimiz plüralist cəmiyyətlərdir, müxtəlif konfessiyalardan ibarətdir. Dini konfessiyaları birgə yanaşı yaşamağa təşviq etmək lazımdır. Biz bu fərqlilikləri problem kimi yox, zənginliyin nümunəsi kimi qəbul etməliyik.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı idarənin tarixi, hüquqi statusu və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, QMİ 1823-cü ildə rəsmi dini təşkilat kimi yaranıb. Bu illər ərzində QMi-nin ən səmərəli dönəmi müstəqillik dönəminə təsadüf edir. Dövlətimiz müstəqillik qazanandan sonra dövlət-din münasibətləri də inkişaf edib. O, eyni zamanda QMİ-nin fəaliyyətində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin nümayəndəsi Konstantin Pominov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Azərbaycanda Azərbaycanın çoxmillətli və çoxdinli ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini söyləyiblər. Qeyd olunub ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma olmayıb. Burada qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlər mövcuddur.

Qeyd edək ki, Avropa ölkələrindən dəvət edilmiş tanınmış elm və ictimaiyyət, xarici ölkə səfirlikləri, beynəlxalq təşkilat nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən nüfuzlu din xadimlərinin iştirak etdiyi  konfrans işini aprelin 26-da “Dini icmalar sülhün carçısı kimi”, “Dünyəvi dövlətlərdə dövlət-din münasibətləri”, “Zorakı ekstremizmin qarşısının alınmasında maarifləndirmə tədbirləri” mövzularında panellərlə davam etdirəcək.

 


Son baxılan xəbərlər

Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb

Xəbərlər
14.11.2019 / 17:19
Ətraflı oxu

“Aşura” mərasimlərində ənənəvilik və müasirlik prinsiplərinə riayət olunmalıdır

Press-relizlər
05.09.2018 / 11:22
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
11.11.2019 / 17:36
Ətraflı oxu

Suraxanıda dindarlarla görüş keçirilib

Press-relizlər
02.05.2019 / 15:03
Ətraflı oxu

Çinin SİNXUA agentliyi Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı fikirlərinə geniş yer ayırıb

İSLAM HƏMRƏYLİYİ İLİ
22.06.2017 / 16:34
Ətraflı oxu

Suraxanı rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
14.03.2017 / 15:02
Ətraflı oxu