Azərbaycan dünyada dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsində hərəkətverici qüvvəyə çevrilib

Müsahibələr / 03.04.2019 / 16:12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Sonxeber.az-ın suallarını cavablandırıb.

 

- Səyavuş müəllim, ölkəmizin din sahəsində apardığı siyasəti necə dəyərləndirirsiniz?

 

- Ölkəmizdə din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, xüsusilə dini etiqad azadlığının qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, tolerantlıq və multikulturalizmin möhkəmləndirilməsi və dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl işlər görülməkdədir. Azərbaycan dünyada dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun, əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi, dini təhlükəsizliyin təmin edilməsi istiqamətində, habelə islamofobiya, ksenofobiya və bu kimi mənfi tendensiyalara qarşı mübarizədə hərəkətverici qüvvəyə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun mərkəzi rolunu oynayır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanist və mərhəmət prinsiplərinə əsaslanan nəcib fəaliyyəti dünya üçün nümunədir. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə dövlət-din münasibətləri, xüsusilə dini təhlükəsizlik gələcəkdə də uğurla təmin olunacaq. Ancaq bununla yanaşı, biz dünyada gedən prosesləri diqqətlə izləməliyik. Belə ki, insan hüquqları anlayışının beynəlxalq güclər üçün bir məşğuliyyətə, təzyiq alətinə çevrilməsini, eləcə də bəzi müsəlman ölkələrindən din azadlığı adı altında, əslində məzhəbçiliyin təbliği üzrə son dərəcə təhlükəli təhdidləri nəzərə alsaq, bir an olsun belə arxayınlaşmamalıyıq. Dövlət başçımızın deyimi ilə, ölkəmizi mümkün xarici risklərdən qorumaq üçün əlimizdən gələni etməliyik.
 

-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təhlükəsizliyin təmin edilməsinə dəstək verən hansı tədbirləri görür?

 

- Məlumdur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkəmizdə dövlət-din münasibətlərini tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd etdiyim kimi, Komitə öz hüquq və vəzifələri çərçivəsində dini təhlükəsizliyin təmin edilməsi üçün aidiyyatı hüquq-mühafizə orqanları ilə koordinasiyalı, çoxşaxəli fəaliyyət həyata keçirməkdədir. Dini təhlükəsizliyin təmin edilməsi üçün dövlət səviyyəsində əsasən 3 istiqamətdə davamlı və ardıcıl fəaliyyət mövcuddur: Bunlar hüquqi-inzibati, dini-ideoloji və iqtisadi istiqamətlər üzrə təsnif edilə bilər. Dini təhlükəsizliyə mövcud olan təhdidlərlə mübarizə ölkəmizin güc strukturları tərəfindən hüquqi müstəvidə uğurla davam etdirilir və son dövrlərdə önəmli nəticələr əldə olunub. Eləcə də, iqtisadi istiqaməti təmin edən dövlət qurumları isə dini təhlükəsizliyin pozulmasına yönəlmiş mümkün maliyyə vəsaitlərinin dövriyyəsinə qarşı tədbirlər görürlər. Dövlət Komitəsinin bu sahədəki əsas fəaliyyəti dini-ideoloji istiqamətə yönəlmişdir. Biz bu istiqamətdə ən effektiv mübarizəni maarifləndirmə yolu ilə təmin edirik. Dini maarifləndirmə cəmiyyətdə dini təhlükəsizliyin təmin edilməsində xüsusi rol oynayır. Bununla bağlı, Komitə tərəfindən müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən fərqli kateqoriyadan olan auditoriyaların maarifləndirilməsinə yönəlmiş sənədli filmlər hazırlanaraq təqdim edilir. Komitənin TV-lərdə maarifləndirici verilişləri ilə yanaşı, müxtəlif növ ədəbiyyatları da nəşr edilir. Bir sözlə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini təhlükəsizliyə qarşı yönəlmiş təhdidlərin, xüsusilə ona rəvac verə biləcək səbəblərin qarşısının alınmasında aidiyyatı qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirilir.

 

- Səyavuş müəllim, bu gün dünyada dinin siyasiləşdirilməsi və siyasi məqsədlər üçün bir alət kimi istifadə edilməsi müşahidə olunur. Bir ara bizim ölkədə də dindən istifadə edib ölkədə sabitliyi pozmağa çalışdılar. Lakin buna nail ola bilmədilər.

 

- Günümüzdə beynəlxalq təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmində baş verən münaqişələr təşkil edir. Heç bir din insanları qarşıdurmaya, zorakılığa çağırmır. İslam dini insanları sülhə, birgəyaşayışa çağırır. Ümumiyyətlə bunu dinlə bağlamaq düzgün deyil. Biz bu gün ötən əsrlərə nəzər salsaq görərik ki, 20-ci əsrdə dinlər və mədəniyyətlərarası dialoq daha güclü idi. 20-ci əsrin sonlarında biz dini sahədə balansın pozulduğunu, bu zəmində münaqişələrin artdığını gördük. Hazırda dünyanın bəzi güc mərkəzlərinin geosiyasi və geoiqtisadi məqsədlərini həyata keçirmək üçün dindən təhlükəli şəkildə istifadə etməklərinə hamı şahiddir. İnkişaf etməkdə olan Suriya kimi ölkə qısa müddət ərzində görün hansı vəziyyətə düşdü. Əgər Suriyada dövlət və din münasibətləri, təhlükəsizlik məsələləri vaxtında həll edilsəydi, biz orada inkişafın davamını görərdik. Xüsusilə dini təhlükəsizlik məsələləri müsəlman ölkələri üçün daha xarakterikdir. Çünki bu gün müsəlman ölkələrinə nəzər salsaq, din daxilində, xüsusilə, məzhəblər arasında qarşıdurmanı görürük. Bundan da müəyyən qüvvələr istifadə edirlər. Bu gün müsəlman olan hansısa bir ölkəyə təsir göstərmək üçün məzhəblər arasında qarşıdurmalar yaratmağa çalışırlar. Suriyada maraqlar toqquşdu və məzhəblərarası münaqişələr başladı. Sonra isə məzhəblərarası toqquşmalar vətəndaş müharibəsinə çevrildi. Bu təhlükə digər müsəlman ölkələrində də mövcuddur. Azərbaycanda müsəlman ölkəsi kimi bu problemlərdən sığortalanmayıb. Bizim ölkəmizə qarşı da zaman-zaman ayrı-ayrı ölkələr tərəfindən məzhəbçilik ideologiyası müstəvisindən təsir etmək cəhdləri olub. Bu hallar müstəqilliyimizin ilk illərində daha təhlükəli idi. Çünki o dövrlər ölkəmizdə xaos hökm sürürdü. Səriştəsiz insanlar dövlətimizə rəhbərlik edirdi. Məhz həmin dövrdə bəzi maraqlı qüvvələr tərəfindən, İslam və Xristian dini mərkəzlərindən Azərbaycan üçün qeyri-ənənəvi cərəyanların ölkəmizə yönəldilməsinə və müxtəlif təbliğatların aparılmasına başlanıldı. Onlar müəyyən qədər toxumu səpə bildilər. Lakin Ulu Öndər hakimiyyətə yenidən qayıtdıqdan sonra dövlət-din münasibətləri, xüsusilə dini təhlükəsizlik önəmli məsələyə çevrildi. Dövlət və din münasibətlərinin əsası qoyularaq möhkəmləndirildi. Qanunvericilik bazası gücləndirildi. Bu gün də bu qanunvericilik bazası daim təkmilləşdirilir. Burada da başlıca vəzifə dövlətin din siyasətini uğurla davam etdirmək, vətəndaşlarımızın dini etiqad azadlığını təmin etməkdir. Bundan əlavə, digər dinlərə aid icmaların da birlikdə harmoniya şəkildə fəaliyyət göstərməsini təmin etmək, onlara zəruri şərait yaratmaq əsas vəzifələrimizdəndir. Bu sahədə bizim siyasətimiz çox uğurludur. Bu gün bir çox güc mərkəzləri radikalizm və ekstremizimlə bağlı mübarizədə gecikmiş və imitasiya xarakterli tədbirlərə üstünlük verirlər. Suriyada baş verənlərin qarşısını zamanında almaq olmazdımı? İŞİD qruplaşması dünya birliyinin və güc mərkəzlərinin gözü qarşısında terrorçu dəstəyə, təşkilata çevrildi və özlərini dövlət elan etdilər. Onlar nə qədər insanları qətlə yetirib, əraziləri zəbt etdilər. Nə qədər şəhər və qəsəbələr dağıdıldı. Onlar bir gecəyə, bir günə baş vermədi. Ona görə də bu cür məsələlərdən nəticə çıxarılmalıdır.

Müəyyən maraqlı amillər var. Onlar dindən öz maraqları üçün istifadə edirlər. Gərək hər kəs öz dövlətinin, xalqının təhlükəsizliyi üçün bu oyunlardan, proseslərdən nəticə çıxartsın. Azərbaycan çox mürəkkəb coğrafi mövqedə yerləşir. Maraqlar nəinki kəsişir, hətta toqquşur. Ona görə də Azərbaycan çox düzgün siyasət yürüdür. Bunu bəzən balanslaşdırılmış siyasət adlandırırlar. Azərbaycanın dövlət başçısı xalqımızın milli maraqlarını təmin edən siyasət yürüdür. Azərbaycanda təcrübədə sınaqdan çıxmış və özünü doğrultmuş dövlət-din münasibətləri modeli formalaşıb. Bir nümunəyə diqqət yetirək. Ölkəmizdə hər il Məhərrəmlik dini mərasimləri qeyd olunur. Bu mərasimlər zamanı qanvermə aksiyası keçirilir. İnanclı insanlar xəstələrə yardım etmək üçün qan verirlər. Həmin qanvermə aksiyasında nəinki müsəlmanlar, digər dinin nümayəndələri, icma rəhbərləri iştirak edirlər. Yəni yəhudi icmasının üzvlərinin verdiyi qan müsəlmanlar üçün istifadə edilir. Biz bu nümunəni digərlərinə göstərəndə bizə sual verirlər ki, bu istəkdir, yoxsa reallıqdır? Biz onlara deyirik ki, bu reallıqdır. Heç kim buna məcbur edilmir. Bu, insanların daxili istəkləri ilə bağlı olan məsələdir. Bu prosesi bir çoxları möcüzə adlandırır.

Digər bir nümunəyə diqqət yetirək. Müsəlman ölkəsinin bəlasına çevrilən məzhəbçilik bizdə yox həddindədir. Bu gün Heydər məscidində vəhdət namazı qılınır. Bu da nümunə kimi digər məscidlərə siraət etmişdir. Xarici dairələr düşünürlər ki, necə ola bilər ki, sünni və şiə bir yerdə ibadət edə bilər? Azərbaycanda isə bu, reallığa çevrilmişdir. Bu, xalqın daxilindən gələn bir istəkdir. Azərbaycanda tarixən dini tolerantlıq olub. Ulu Öndər hakimiyyətə gələndən sonra bu dövlət siyasətinə çevrildi. Xalqdan gələn sifariş dövlət siyasəti ilə uyğunlaşdı. Ona görə də bu siyasət özünü doğruldur. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, ailə şəklində yaşayırlar. Dünyamızın belə modelə ehtiyacı var. Azərbaycanda dini təhlükəsizlik o qədər möhkəm təmin edilir ki, heç bir xarici müdaxilə öz bəhrəsini verə bilməz.
Bu gün dünyada din amilindən siyasi alət kimi istifadə edilmə cəhdləri davam edir. Ona görə də biz bu siyasətimizi daha da uğurla davam etdirməliyik. Bunun üçün də biz gənclərimizi, xalqımızın bütün nümayəndələrini məlumatlandırmalı, maarifləndirməliyik. Bu istiqamətdə bizim Komitə tərəfindən geniş məqsədyönlü tədbirlər həyata keçirilir. Dini təhlükəsizliyin təminatına mane olan addımlara qarşı həm də hüquqi müstəvidə tədbirlər görülür. Bu gün dini durum tam sabitdir. Biz xüsusilə gənclərlə görüşə maraqlı filmlərlə və məlumatlarla gedirik. Vətənpərvərlik hissini gücləndirən filmlərimiz var. Aprel döyüşlərində şəhid olan milli qəhrəmanlarımız barəsində filmlər çəkilib. Bu filmlər gənclərə nümayiş etdirilir. Biz maarifləndirmə işlərinə xüsusi önəm veririk. Azərbaycanda dini və ictimai-siyasi təhlükəsizlik yetərincə təmin olunur. Ancaq təhdidlər səngimir. Ermənipərəst ölkələr var. Onlar təkcə siyasi deyil, həm də dini müstəvidə də təsirlər göstərməyə çalışırlar. Bu zaman da sosial şəbəkələrdən fəal istifadə edirlər. Əvvəllər bu işlər dini ədəbiyyatlar vasitəsilə həyata keçirilirdi. Amma bu gün bu sahədə nizam-intizam yaradılıb. Onların bu imkanları məhdudlaşdırılıb.

 

- Qeyd etdiyiniz kimi bu gün dini siyasiləşdirmək istəyənlər bütün güclərini sosial şəbəkələrdən istifadəyə yönəltməyə çalışırlar. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülür?

 

- Bu gün internet dövrüdür. Sosial şəbəkələrdən geniş istifadə edilir. Buna görə də gənclərimiz dinlə bağlı məlumatları əldə edən zaman ehtiyatlı olmalıdırlar. Çünki bəzi qüvvələr öz maraqları üçün sosial şəbəkədən istifadə edirlər. Bizim sosial şəbəkələri məhdudlaşdırmaq imkanımız və istəyimiz yoxdur. Komitə tərəfindən daim monitorinqlər aparılır. Sosial şəbəkələrdə verilən dinlə bağlı yazılar ətrafında araşdırmalar aparırıq ki, məlumatların həqiqətə uyğunluğunu müəyyənləşdirək. Burada kifayət qədər saytlar və səhifələr var ki, müəyyən qüvvələr tərəfindən istifadəolunur. Biz daim bəzi xarici dini mərkəzlərdən Azərbaycan üçün yad dini ideologiyanın ölkəmizə ixrac edilməsi cəhdlərini görürük. Burada həm məzhəbçiliyə, həm də dinin siyasətləşdirilməsinə cəhdlər müşahidə edilir. Bu gün o həddə çatıb ki, onlar artıq Qarabağ kartından da istifadə etməyə çalışırlar. Azərbaycan dövlətinin Qarabağ problemi ilə bağlı gördüyü işləri heçə endirməyə çalışırlar. Müxtəlif şüarlar və ifadələrlə xalqımızı aldatmağa çalışırlar. Biz yalnış məlumatların qarşısını almaq üçün istifadə olunan şüarlar, ifadələr və çağırışların əsl məqsədini görüşlər zamanı vətəndaşlarımızın diqqətinə çatdırırıq.

 

- Bilirsiniz ki, bir müddət əvvəl dini təhsil almaq üçün xaricə üz tutan gənclərimiz kifayət qədər idi. Lakin İlahiyyat İnistitutu açılandan sonra bu bir qədər azaldı. Bu məsələdə İlahiyyat İnistitutunun üzərinə hansı məsuliyyətlər düşür?

 

- İlahiyyat İnstitutunun yaradılması tarixi məsələdir. Dövlətimizin bu sahəyə olan diqqəti və qayğısıdır. İlahiyyat İnstitutunun bütün fəaliyyət və xərclərini dövlət öz üzərinə götürüb. Növbəti illərdə İlahiyyat İnstitutuna qəbulun sayının artırılması nəzərdə tutulur. Hətta magistratura və doktorantura pilləsi məsələsi də reallaşır. Kimsə bu sahədə elmi iş götürüb müdafiə etmək istəyirsə, onlar üçün şərait yaradılır. İlahiyyat İnstitutunun xarici ali məktəblərlə əlaqəsi qurulur. Gələcəkdə ilahiyyatçılar də təcrübə və biliklərini artırmaq üçün İlahiyyat İnstitutunun xətti ilə xaricə göndərilə bilərlər.

 

- Bu gün orta məktəblərdə dini dərslərin keçirilməsinə ehtiyac varmı?

 

- Bu məsələ zaman-zaman gündəmə gəlir. Bilirsiniz ki, orta məktəblərdə "Həyat bilgisi" fənni tədris edilir. Bu fənnin içərisində dinlər barəsində məlumat verilir. Biz Təhsil Nazirliyinə müəyyən təkliflərlə müraciət etmişik. Hazırda bu məsələyə baxılır.

 

- Bu gün bir çoxları başqa ölkələrin tərtib etdiyi təqvimə əsaslanıb ibadət edirlər. O təqvimlər ölkəyə kimlər tərəfindən və hansı məqsədə gətirilir?

 

- Çox vacib məsələyə toxundunuz. Təqvim məsələsi çox vacibdir. Söhbət bir neçə dəqiqə gec və ya tez ibadət etməkdən getmir. Burada ciddi məsələlər var. Biz müstəqil dövlətik. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən mütəmadi olaraq Milli Elmlər Akademiyasının Şamaxı Rəsədxanasının məlumatı əsasında təqvimlər hazırlanır. Bu təqvimlər Azərbaycanın coğrafi mövqeyinə uyğun hazırlanır. Bəziləri kənar təqvimlərdən bilərəkdən və ya bilməyərəkdən istifadə edir. Bizim düşüncəmizə görə, kənar təqvimlə ibadət etmək məqsədəuyğun deyil. Belə ki, kənar təqvimdən istifadə zamanı yad dini ideologiyaların təsirinə məruz qalma prosesi baş verir və radikalizm, ekstremizmə meyillənmək üçün şərait yaranır. Ona görə də biz bu məsələlərin qarşısını almağa çalışırıq. Tövsiyə edirik ki, Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimlərdən istifadə olunsun.

 

- Azərbaycanda hansı dini kitabların çapına və gətirilməsinə qadağalar var?

 

- Vətəndaşlarımızı yad dini ideologiyaların təsirindən qorumaq üçün ölkəyə daxil olan və ölkədə istehsal olunan dini ədəbiyyatlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsi tərəfindən rəy verilir. Ancaq bu rəy verildikdən sonra həmin ədəbiyyatın istehsalına və ölkəyə gətirilməsinə icazə verilir. Əgər o rəy olmadan kitab istehsal olunarsa və ya ölkəyə gətirilirsə, artıq bu əməl cinayət xarakteri daşıyır. Buna görə də Komitənin rəyi olan ədəbiyyatlardan istifadə olunmasını tövsiyə edirik.

 

- Ticarət mərkəzlərində namaz otağının olmaması ilə bağlı narazıçılıqlar var. Bu problem gələcəkdə də həll edilə bilərmi?

 

- Bu da həssas məsələdir. Hər kəs öz evində, iş yerində ibadət edə bilər. Heç kim ona maneə törədə bilməz. Qanun da buna imkan verir. Lakin kollektiv formada ibadət səlahiyyətli din xadimi tərəfindən həyata keçirilməlidir. Bizim kifayət qədər ibadət üçün məscidlərimiz var. Vətəndaşlarımız məscidlərdə rahat şəkildə ibadətlərini edirlər. Bundan əlavə ibadət üçün müəyyən tələblər var. İlk öncə ibadət üçün mühit və təmizlik şəraiti olmalıdır.

 

- Əvvələr yas mərasimlərini kişi mollalaları idarə edirdi. Lakin bu gün qadın mollalarının da sayı artıb. Onların akkreditasiya məsələsi necə aparılır?


- Xanım din xadimlərimizə də bizim ehtiyacımız var. Bu gün onlar yas mərasimlərini idarə edirlər. Bizim xanımların təhsil aldığı mədrəsə var. Həmin mədrəsədə təhsil almış xanım din xadimlərindən biz istifadə edirik. Onlar arasında icma rəhbərləri və üzv olanlar var. Ona görə də savadlı xanım din xadimlərinin yetişdirilməsi də önəmli məsələdir.

 

- Bilirsiniz ki, bu yaxınlarda bir gənc cin çıxartma adı ilə nar çubuğu ilə döyülərək öldürülüb. Bundan əlavə "Qurani Kərim"lə fala baxan falçılar, cadugərlər də kifayət qədərdir. Təəssüf ki, ölkəmizdə bu cür yalançılara inananların sayı da az deyil. Onlarla bağlı hansı tədbirlər görülür?

 

- Artıq XXI əsrdir. İnternet dövründə yaşayırıq. Belə olan halda xurafata inanmaq savadsızlıqdan irəli gələn məsələdir. Buna qarşı da qanunvericilik çərçivəsində işlər görülür. Biz bu sahədə də maarifləndirmə işləri aparırıq. Xüsusilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu məsələ ilə bağlı açıqlamalar verilir. Onlar insanları aldadır, hüquqlarını pozurlar, vəsaitlərini mənimsəyib, ailələrinə müdaxilələr edirlər, qanunları pozurlar. Bu əməllərə qarşı hüquq mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülür.

 

- Təmtəraqlı yas mərasimləri ilə bağlı islahatlar aparılsa da, yenə də qarşısını almaq mümkün deyil. Ümumiyyətlə yas mərasimləri üçün rəsmi menyu tədbiq etmək olarmı?

 

- Bu barədə Komitə tərəfindən dəfələrlə addımlar atılıb. Xalqımıza tövsiyə məqsədli müraciətlərimiz olub. Mərasimlərin yüngülləşdirilməsi istiqamətində təkliflərimiz olub. Kifayət qədər də irəliləyişlər var. Əlbəttə bizim ziyalılarımız və tanınmış şəxslərimiz hu istiqamətdə nümunələr göstərməlidir.

 

-Bir çox dövlət qurumlarında struktur islahatları aparılır. Oxşar qurumlar var ki, birləşdirilib. Gələcəkdə Komitə ilə Qafqaz Müsəlmanları İdarəsinin birləşdirilməsi ehtimalı varmı?

 

- Bu məsələlər hər dəfə qaldırılır. Qafqaz Müsəlmanları İdarəsi tamamilə başqa missiyanı yerinə yetirir. Bu gün hər kəs öz üzərinə düşən missiyanı layiqincə həyata keçirməyə çalışır. Ona görə də bu məsələ bu gün gündəmdə deyil. Azərbaycan dünyəvi dövlətdir. Bizim din siyasətimiz tamamilə şəffafdır. Komitənin xətti ilə islahatlara bir neçə il öncədən başlanılıb. Artıq bunun konkret nəticələrini də görürük. Bu istiqamətdə cənab Prezidentimizin din xadimlərinə göstərdiyi diqqət və qayğı aparılan islahatların bariz nümunəsidir.

Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası ...

Xəbərlər
04.06.2020 / 11:32
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavinləri vətəndaşları qəbul edəcək

Xəbərlər
13.03.2020 / 14:55
Ətraflı oxu

Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
27.11.2018 / 15:20
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
19.07.2019 / 16:40
Ətraflı oxu

Masallıda “Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda seminar-treninq ...

Press-relizlər
26.10.2018 / 17:20
Ətraflı oxu

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.05.2019 / 15:08
Ətraflı oxu