“Dövlət və Din” ictimai fikir toplusu mükafatlandırılıb

Press-relizlər / 26.08.2015 / 18:00

Avqustun 26-da Bakıdakı Gənclər Evində “Ortaq Dəyərlər” İctimai Birliyi “Kütləvi informasiya vasitələrində din mövzusu və dini maarifləndirmənin durumu” adlı “dəyirmi masa” keçirib.
Birliyin sədri Aqil Camal bildirib ki, rəhbəri olduğu qurum bu ilin may-avqust ayları ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dövlətin din siyasətinin təbliği: kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi” mövzusunda layihə həyata keçirib: “Bu layihə cəmiyyət həyatında önəmli yeri olan dini dəyərlərin Azərbaycan toplumunda təbliğinin hansı əsaslar üzrə aparılmasını, dövlətin din siyasətinin təbliği vəziyyətini təhlil etməyi nəzərdə tuturdu. Həmçinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında imzalanmış memorandumdan irəli gələn əməkdaşlığa töhfə verməyi hədəfləyirdi”.
A.Camal bildirib ki, layihə çərçivəsində 10 qəzet, 10 sayt və 5 yerli televiziya üzərində monitorinq aparılıb, ölkə mətbuatında dini maarifləndirmə işinin durumu öyrənilib. Həmçinin, layihə çərçivəsində dini, milli və mənəvi maarifləndirmə yönümündə çalışacaq ortaqdeyerler.com saytı yaradılıb.
Tədbirdə “Azərbaycan dövlətinin din siyasətini peşəkar səviyyədə təbliğ edən televiziya proqramı” nominasiyası üzrə İctimai Televiziyada yayınlanan “Din və  Cəmiyyət” proqramı, “Azərbaycan dövlətin din siyasətini peşəkar səviyyədə təbliğ edən mətbu orqan” nominasiyası üzrə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dövlət və Din” ictimai fikir toplusu, “Mediada azərbaycançılıq, Azərbaycan milli ideologiyası və din mövzusunda davamlı yaradıcılığına görə” fəlsəfə doktoru Faiq Ələkbərov mükafatla təltif olunub.
“Dəyirmi masa”da çıxış edən İctimai Televiziyanın Elm və Təhsil departamentinin rəhbəri Zaur Mahmudov təmsil etdiyi qurumun dini maarifləndirməyə xüsusi diqqət yetirdiyini, efir siyasətində bu işi davam etdirəcəklərini bildirib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri, “Dövlət və Din” jurnalının redaktoru Sadiq Mirzəyev çıxışında Dövlət Komitəsinin maarifləndirmə sahəsində aktiv fəaliyyətindən bəhs edib. Bildirib ki, dini maarifləndirmə DQİDK-nın fəaliyyət istiqamətlərindən biridir və o bu sahədəki işini təkcə təsisçisi olduğu nəşrlərlə məhdudlaşdırmır. Eyni zamanda, milli maraqlarımıza, mənəvi dəyərlərimizə zidd olan və radikallığı təbliğ edən dini qrupların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də həyata keçirir. Bu məqsədlə Komitə tərəfindən Bakıda və regionlarda seminar-treninqlər, “dəyirmi masalar” və konfranslar keçirilir: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri modelinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu davamının nəticəsidir ki, hazırda ölkəmizdə dini durum sabitdir. Azərbaycanda radikal dindarların sosial dayaqları yoxdur. Ancaq bu təqdirəlayiq hal bizi arxayınlaşdırmamalı, fəaliyyətimizdə ətalətə səbəb olmamalıdır. Maarifləndirmə işini davamlı həyata keçirmək lazımdır”.
İctimai TV-nin “Din və Cəmiyyət” proqramının aparıcısı Natiq Rəhimov qeyd edib ki, Azərbaycan həm qədim dini ənənələrin mövcud olduğu, dini dəyərlərin geniş yayıldığı ölkədir və o, fərqli dini cərəyanların, məzhəb və təriqətlərin qovşağında yerləşir: “Bu baxımdan, ölkəmizdə dini məsələlərə təkcə dövlətin, müvafiq dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının da həssas yanaşması zəruridir”.
Tarixçi alimlər Dilavər Əzimli, Faiq Ələkbərov, Dövlət Komitəsinin əməkdaşı Saleh Aslanov və  başqaları çıxışlarında Azərbaycanda dini ənənələr, Azərbaycan mütəfəkkirlərinin İslam dininə baxışları haqda fikirlərini bölüşüblər. Qeyd olunub ki, cəmiyyətimizə kənardan daxil olmağa çalışan radikal dini qruplara qarşı mübarizədə hər bir vətəndaşın, ictimai birliyin fəallığı vacibdir.  
 

Son baxılan xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi Yay məktəbi başa çatıb

Press-relizlər
03.09.2018 / 14:46
Ətraflı oxu

Saatlıda “Vətən mühabirəsində qazanılan qələbə tariximizin parlaq səhifəsidir” mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər
27.01.2021 / 17:09
Ətraflı oxu

Hacıqabulda "Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda onlayn konfrans keçirilib

Press-relizlər
05.08.2021 / 18:23
Ətraflı oxu

Goranboy rayonunda “Dünyəvi dövlətdə təhsil və din” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.11.2019 / 10:21
Ətraflı oxu

Bölgələrdə dini radikalizmə mübarizə məsələləri müzakirə olunub

Press-relizlər
03.05.2016 / 16:48
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: "Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş ...

Press-relizlər
16.07.2018 / 17:52
Ətraflı oxu