Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər / 05.03.2019 / 17:45

Martın 5-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda ABŞ-ın ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri, Kabardino-Balkar Respublikasının müftisi, İmam Əbu-Hənifə adına Şimalı Qafqaz Universitetinin rektoru, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən danışıb. Bildirib ki, Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi dinlə bağlı siyasətin lap başdan sağlam, düzgün istiqamətdə qurulmasıdır. Məhz Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə din sahəsində sabitlik əldə edilib, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları müstəvisində tənzimlənməsi, dini konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və daha yüksək səviyyədə inkişafı istiqamətində böyük işlər görülüb, dini icmaların və ibadət ocaqlarının fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılıb. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli hazırda Prezidentimiz cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və elə bir səviyyəyə çatdırılıb ki, artıq bu model dünyada nümunə kimi qəbul olunur. Dövlət Komitəsinin sədri vurğulayıb ki, əgər müstəqilliyimizin ilk illərində ölkəmiz dinlər, mədəniyyətlər, sivilizasiyalararası dialoqun iştirakçısı idisə, hazırda Azərbaycan dünyada beynəlxalq təhlükəsizliyə ciddi təhdid olan dini və etnik zəmində baş verən qarşıdurmaların qarşısının alınmasında öz əməli fəaliyyəti ilə hərəkətverici qüvvəyə çevrilib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan edildiyini bildirən Mübariz Qurbanlı bu addımların   dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən qlobal xoşməramlı çağırış olduğunu qeyd edib. O, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə yüksək səviyyəli beynəlxalq konfranslar təşkil olunduğunu bildirib. Əlavə edib ki, bu cür konfransların davam etdirilməsi məqsədilə cənab Prezidentin tapşırığı ilə QMİ-nin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi yaradılıb. Komitə sədri Azərbaycanın nümunəvi dövlət-din modelinə malik olduğunu bildirib. Bugünkü konfrans da həmin Mərkəzin xətti ilə indiyədək təşkil edilən beynəlxalq konfransların davamıdır. Konfransda iştirak edən ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin həmin mərkəzin rəhbərliyində təmsil olunduğu və tədbirə qatılan heyətin yəhudi və yevangelist din xadimləri olduğu qeyd edilib.

Konfransda çıxış edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. “Bu, bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Dövlət-din münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hazırda yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı prosesi”nin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib”,- deyə QMİ sədri vurğulayıb. Qeyd edib ki, Zati-aliləri Prezident İlham Əliyev həzrətlərinin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təblığində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərə dünya miqyasında ali himayəsi ən yüksək qiymətə layiqdir. Müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə — məscidlərlə yanaşı xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu nümunəvi məkandır. Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bütün bu uğurlarımıza rəvac verən məqamlardandır. Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı — milyonlarla insan üçün ən gözəl örnəkdir. Məzhəbindən asılı olmayaraq bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni məhz bu istiqamətdə davam və inkişaf etdirir. QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin fəaliyyəti məhz bu mərama xidmət edir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə dini mərkəz arasında əməkdaşlıq öz bəhrəsini verir və bugünkü müştərək tədbirimiz bu səmərəli işbirliyinin bariz nümunəsidir. Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə terrorizm, islamofobiya, antisemitizm, ekstremizm və radikalizmin önlənməsində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacibdir.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer bildirib ki, Azərbaycan dinlərarası və məzhəblərarası münasibətlərə görə bütün dövlətlərə nümunə ola bilər. Burada multikulturalizmin ən gözəl forması mövcuddur. Azərbaycanda yüz illər ərzində tolerantlıq, dini dözümlülük formalaşıb. O, ölkəmizin bu sahədə xüsusi seçildiyini və bütün dini konfessiya nümayəndələrinə göstərdiyi münasibətin önündə, habelə dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın qlobal liderləri arasında olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Prezidenti bu münasibətlərin qorunub saxlanılması üçün bütün səyləri göstərir. Bugünkü konfrans Azərbaycandakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmaları arasında əlaqələrin qurulması və gələcək əməkdaşlığın daha da dərinləşməsi baxımından olduqca əhəmiyyətlidir. M. Şnayer Azərbaycanın multikultural və tolerantlıq sahəsindəki modelinin dünya ölkələri sırasında öncül yer tutduğunu vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ölkəmizin dövlət-din münasibətləri sahəsində qazandığı uğurlardan danışıb. Bildirib ki, bu, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığı tanınır və qorunur. Hər kəs qanun qarşısında bərabərdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. E.Nəcəfov qeyd edib ki, ölkəmizdə dini icmalara maliyyə yardımı göstərilir, məscidlər, kilsələr, sinaqoqlar təmir edilir.

Multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün Azərbaycan dünyada dialoq mərkəzinə çevrilib, sülh çağırışları edən ölkə imici qazanıb. “Ölkəmiz dayanıqlı inkişaf məqsədlərinə yüksək səviyyədə əməl edir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində böyük uğurlara nail olub. Azərbaycan BMT qarşısında götürdüyü bütün öhdəliklərə ciddi şəkildə əməl edir. Ölkəmizdə etiqad azadlığı əsaslı şəkildə təmin edilib”,- deyə Bahar Muradova vurğulayıb.

“İqls Vinqs” təşkilatının qurucusu və rəhbəri yepiskop Robert Störns ölkəmizin dinlərarası əməkdaşlığa töhfələri barədə danışıb. O, “İslam Həmrəyliyi İli” münasibətilə keçirilmiş tərbirlərə qatılarkən, Azərbaycanın unikal rolunun bir daha şahidi olduğunu bildirib.  Azərbaycandakı dinlərarası harmoniyaya diqqət çəkən  R.Störns ölkəmizdə bütün dini bayramların xüsusi təmtəraqla qeyd edilməsi, Azərbaycanın tolerantlığa nümunə olması və ölkə Prezidentinin bu prinsiplərə sadiqliyini hər zaman nümayiş etdirməsinin əhəmiyyətinə toxunub.

“Dini etiqad azadlığı yeganə hüquqlardan biridir ki, insan hüquqlarını sadaladıqda birinci yerdə olmalıdır”, - deyən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bu hüququn pozulması digər hüquqların da pozulmasına səbəb olur. S.Novruzov bildirib ki, Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir. Dini etiqad azadlığı həm təbii, həm də konstitusiya ilə tənzimlənən yeganə hüquqdur. İnsan hüquqları arasında birincisi dini etiqad azadlığıdır. Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır. Nəinki Azərbaycanda, eləcə də ölkə sərhədlərindən kənarda dini ocaqlar dövlətimiz tərəfindən təmir edilib istifadəyə verilir. Bu məsələ birbaşa dövlətimizin başçısının diqqətindədir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək qeyd edib ki, artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda dinlərarası münasibətlərin, mədəniyyətlər və sivilizasiyaların arasında dialoq vasitəsilə bəşəriyyəti yeni bir nizama gətirmək, ədalətli bir cəmiyyət qurmaq fikrinə daha çox istinad edilir. Bu nəzəriyyə dünyada özünü təsdiq etməkdədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dialoq mühitinin formalaşması və möhkəmlənməsi istiqamətində aparılan iş Azərbaycanı multikultural və tolerant ölkə modeli səviyyəsinə qaldırıb. O vurğulayıb ki, Azərbaycanda bütün dinlər, təriqətlər, azsaylı xalqlar tolerant bir mühitdə, dinc, yanaşı, vahid ailə formasında fəaliyyət göstərirlər. Müstəqil Azərbaycan dövlətinin bugünkü böyük inkişafının təməlində məhz bu multikultural siyasət dayanır. Bunun sayəsində ölkəmizdə ictimai –siyasi sabitlik hökm sürür. İ.Həbibbəyli bildirib ki, dinlərarası və sivilizasiyalararası münasibətlərin ayrı-ayrı aspektlərinin, təcrübələrinin və modellərinin daha çox beynəlxalq müstəvidə, belə konfranslar vasitəsilə müzakirə olunması və tolerantlığın Azərbaycan modelinin örnək kimi dünya ölkələrinin nümayəndələrinə nümayiş etdirilməsinin böyük əhəmiyyəti var.

Milli Məclisinin deputatı Mixail Zabelin vurğulayıb ki, Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif millətlərin nümayəndələri öz ana dilində təhsil almaq hüququna malikdir. Azərbaycanda müxtəlif din və dillərin nümayəndələrinə qayğı və həssas münasibət bəslənir.

Milli Məclisin deputatı Yevda Abramov isə qeyd edib ki, bu gün xalqların dini və sivilizasiyalararası dialoqa böyük ehtiyacı var. Azərbaycanda tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub-saxlanılmasına həmişə xüsusi diqqət yetirilib. O, konfrans iştitakçılarının Azərbaycan həqiqətlərinin, tolerantlıq mühitinin təbliğatçılarına çevriləcəyinə əminliyini ifadə edib. 

RF Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Casayev çıxışında Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya hallarının müşahidə olunduğu, terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modelinə və mədəniyyətlərarası dialoqa ciddi ehtiyac olduğunu önə çəkib. O bildirib ki, Azərbaycandakı tolerant mühit müdrik siyasətin nümunəsi kimi təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Konfransın Braziliya, BƏƏ, ABŞ-dan gələn iştirakçıları Teofilo Key Hayaşi Marcelino, Benjamin Riçard, Adam Daniel Mesa çıxış edərək ölkəmizdəki multikultural dəyərlərdən, mövcud olan dinlərarası harmoniya və qarşılıqlı etimad mühiti sahəsində əldə edilən nailiyyətlərdən bəhs edərək bildiriblər ki, Azərbaycanda dini durum münbit şəraitə və dinlərarası qarşılıqlı ehtiram ruhuna malikdir.

Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı şəhəri Dağ əhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının  sədri Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Gürcü yəhudilırinin Bakı dini icmasının sədri Abiq Çaruxçev, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının pastoru Samir Sadıqov, Xilaskar Yevangelist Lüteranlarının Bakı dini icmasının sədri Vera Nesterova, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının Rasil Xəlilov çıxışlarında Azərbaycanda bütün dini konfessiya nümayəndələrinə yaradılan bərabərhüquqlu şəraitdən, dini sahəyə göstərilən dövlət qayğısından bəhs ediblər. Onlar Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsindəki təcrübəsinin  bütün dünyada təbliğ və təşviq edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sülh, əməkdaşlıq naminə bir araya gələn ölkələr və dinlər arasında ünsiyyət platformasının daha da dərinləşdirilməsi istiqamətində müzakirələrlə başa çatan konfransdan sonra yerli və beynəlxalq mətbuat nümayəndələri üçün brifinq keçirilib, jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycanın tarixi-dini abidələrinin fotolarından ibarət sərgi keçirilib.


Son baxılan xəbərlər

Gündüz İsmayılov: "Bu gün gəncliyimiz milli-mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat ...

Müsahibələr
09.02.2019 / 10:56
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib

Press-relizlər
20.02.2018 / 18:13
Ətraflı oxu

Səyavuş Heydərov: Azərbaycan dövləti vətəndaşlarımızın dini ehtiyaclarına daim diqqət və qayğı göstərir

Müsahibələr
03.05.2018 / 10:59
Ətraflı oxu

Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.09.2019 / 12:00
Ətraflı oxu

Cocuq Mərcanlıda növbəti dini maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
02.02.2018 / 17:41
Ətraflı oxu

Bakıda “Həyat sözü” Xristian dini icmasının 25 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
23.09.2019 / 17:01
Ətraflı oxu