Mübariz Qurbanlı: “Ölkəmizin özünəməxsusluğu ondadır ki, İslam dövlətləri arasındakı problemlərdə münsif rolunu oynaya bilir”

Xəbərlər / 07.02.2019 / 10:50

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının Qahirədə keçirilən toplantısında müsəlman dünyasındakı xidmətlərinə görə mükafatla təltif edilib.

Hörmətli Allahşükür Paşazadəyə verilən bu mükafat bütövlükdə Azərbaycana, dövlətimizin İslam dünyasındakı roluna verilən qiymət hesab edilə bilərmi?

Moderator.az-ın sualını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı şeyxülislam Allahşükür Paşazadəni təbrik etməklə yanaşı, bu mükafatın dövlətimiz adına əhəmiyyəti ilə bağlı da maraqlı fikirlər səsləndirdi:

“Misirin paytaxtı Qahirədə keçirilən şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birinci festivalı İslam ölkələri arasında əlaqələrin genişləndirilməsi və müsəlman dünyasında Azərbaycanın nüfuzunun artması baxımından böyük əhəmiyyətə malikdir.

İslam dünyasına xüsusi töhfələri olan şəxslərin arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin də olması bizim İslam ölkələri arasında dini sahədə apardığımız siyasətə verilən dəyərin bariz nümunəsidir. Mən bu münasibətlə Şeyx Həzrətlərini təbrik etmək istəyirəm.

Bildiyiniz kimi, Azərbaycan İslam dünyasının bir parçasıdır. Prezidentimiz cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı və İslam dünyasında böyük nüfuza malik olması, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan etməsi və bu çərçivədə görülən nəhəng işlər Azərbaycanın rolunu daha da artırmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Ölkə rəhbərinin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurur.

Azərbaycanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz İslam dünyasında, İslam ölkələrində müxtəlif məsələlərlə əlaqədar İslam dövlətləri arasındakı bu və ya digər problemlərdə münsif rolunu oynaya bilir. Azərbaycan hər bir İslam ölkəsi ilə eyni səviyyədə xoş və dostyana münasibətlərə malikdir. Misirə səfər çərçivəsində nümayəndə heyətinin keçirdiyi bir sıra görüşlərdə də bu məsələlər, həmçinin, Azərbaycanın multikultural və dini tolerantlıq dəyərləri, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyəti barədə məlumatlar verilib. Bu cür tədbirlər Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq təcrübəsinin yayılması işinə böyük töhfə verir.

Eyni zamanda, ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin, nümunəvi dövlət-din siyasətinin, Azərbaycan hökumətinin ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşmasının, tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi bazanın formalaşdırılmasının əhəmiyyətinə toxunulması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və yerinin daha da möhkəmlənməsinə gətirib çıxarır”.

Son baxılan xəbərlər

Şirvanda ikigünlük seminar-müşavirə keçirilir

Press-relizlər
06.12.2018 / 16:44
Ətraflı oxu

“Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu

Kitablar
30.07.2015 / 12:58
Ətraflı oxu

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Xəbərlər
14.02.2015 / 10:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Sumqayıt Cümə məscidindəki problem həll olundu

Açıqlama
27.05.2013 / 17:13
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
30.08.2018 / 10:14
Ətraflı oxu