Sosial şəbəkələr: radikalların təlim poliqonu və ya “yıxılmamaq” üçün “qaçmağı” öyrənməyin vaxtıdır

Press-relizlər / 22.01.2019 / 11:27

Qloballaşan dünyada internet müasir insanının əsas məlumat mənbəyi hesab olunur. İnternetin və mobil telefonların hər evə daxil olması nəticəsində sosial media istifadəçilərinin sayı hər keçən gün artmaqdadır. 2018-ci ilin statistikasına görə, dünyada 4 milyarddan çox insan (dünya əhalisinin sayı 7.7 milyard nəfərdir) internetdən istifadə edir. Bu, dünya əhalisinin təxminən 53%-i deməkdir. Onlardan 3.196 milyardı sosial şəbəkə istifadəçisidir. İstifadəçilərin sayına görə “Feysbuk” ən çox istifadə olunan şəbəkədir. Aparılan araşdırmalara əsasən, sosial şəbəkələrdən ən çox istifadə edənlərin yaşı 18-34 arasında dəyişir. Sosial şəbəkə istifadəçilərinin sayının artan xətlə çoxalmasının əsas səbəblərindən biri də bu platformalarda xidmətlərin pulsuz təqdim edilməsidir. Müqayisə üçün bildirim ki, Azərbaycan əhalisinin 80%-i internet istifadəçisidir. Sosial şəbəkə istifadəçilərinin sayı isə 3 milyondan çoxdur. Bu göstəricilər ölkəmizdə internet azadlığının təmin edilməsi kimi xarakterizə oluna bilər.

İnternetin və sosial şəbəkələrin bizə verdiyi imkan və azadlıqlardan sui-istifadə edilməsi halları günbəgün artmaqdadır. Həmin imkanlar bir çox hallarda kibercinayət əməllərini yerinə yetirmək üçün vasitəyə çevrilir, istifadəçilərin fərdi məlumatları oğurlanır və ya istifadəçilər sosial şəbəkə vasitəsilə hansısa ideoloji mərkəzin qurbanına çevrilir. Məsələn, bu gün ölkəmizdə dövlət və özəl sektorda çalışan vətəndaşlar maaşlarını bank kartı vasitəsilə alır. Bu, özlüyündə bizim fərdi məlumatlarımızın oğurlanması riskini artıran amildir. Yəni hər an kiber hücuma məruz qalma ehtimalı mövcuddur. Digər bir nümunə 2018-ci ilin “Feysbuk işi”dir. Belə ki, Donald Trampın seçki kampaniyası zamanı 87 milyon “Feysbuk” istifadəçisinin məlumatlarının onların xəbəri olmadan Britaniyanın “Cambridge Analytica” şirkəti tərəfindən toplandığı ortaya çıxdıqdan sonra “Feysbuk” şirkətinin icraçı direktoru Mark Zukerberq ABŞ Konqresində ifadə verməyə çağırılmışdı. İddia olunurdu ki, ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasının təşkilatçıları seçki kampaniyası dövründə - 2016-cı ildə potensial seçiciləri səsverməyə cəlb etmək üçün Britaniya şirkətinin xidmətlərindən istifadə ediblər.

Bütün bu faktlar deməyə əsas verir ki, artıq virtual dünyada təhlükəsizliyimiz təhdid altındadır. Bu mənada ideoloji təhlükəsizlik də istisna deyil.

Hesab olunur ki, müasir və qloballaşan dünyada insanın iki kimliyi mövcuddur. Bunlardan biri milli kimlik, digəri isə “virtual kimlik”dir. Bu baxımdan hazırda nüfuzlu “beyin mərkəzləri” “virtual kimliy”in elementlərinin nələrdən ibarət olduğu ilə bağlı məsələləri araşdırır. Çünki sosial şəbəkələrə münasibət və onlardan istifadə üsulları mədəniyyətlərə görə dəyişir. Bəzi ölkələrdə sosiallaşmanın əsas vasitəsi “Feysbuk” hesab edilirsə, bəzilərində isə “İnstaqram”, “Tvitter”, “Telegram” və s.-ə üstünlük verilir. Nəzərə alsaq ki, virtual kimliyi formalaşdıran əsas vasitə sosial şəbəkələrdir, bu zaman belə kimliklərin müxtəlif cəmiyyətlərdə milli kimliklə üst-üstə düşməsi çətindir. Dünya əhalisinin yarısından çoxunun bir-biri ilə sosial şəbəkə vasitəsilə əlaqə qurduğunu nəzərə alsaq, görərik ki, bu məkan böyük bir “ölkəni” (əhalisinin sayına görə) xatırladır. Bu “ölkədə” insanlar fikirlərini sərbəst bölüşür, əlaqə qurur, sevdiyi, sevmədiyi nəsnələri təqdim edir, hər hansı məsələyə münasibət bildirir və s. Bura dünya liderləri, siyasətçilər, tanınmış professor və incəsənət xadimlərindən tutmuş, terrorçuların, radikal cərəyanların nümayəndələri və zərərli dini ideologiya daşıyıcıları kimi insanların ortaq məkanıdır. Belə olan halda, istifadəçilər gün ərzində faydalı məlumatlarla yanaşı, qəbul etmədiyi fikir, ifadə və ya zərərli hesab etdiyimiz ideologiya axınlarına məruz qalmaqdan sığortalanmır. Bu səbəbdən zorakılığın, radikalizmin və zərərli ideologiyaların yayılmasında sosial şəbəkələrin rolu hər keçən gün daha da artır.

BMT-nin İnkişaf Proqramı tərəfindən Afrikada sosial media istifadəsi və radikallaşma ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, informasiya və kommunikasiya texnologiyaları hər iki tərəfi iti olan qılınca bənzəyir. Sosial, siyasi və iqtisadi inkişafa təkan verdiyi halda, radikalizmin genişlənməsi üçün “imkanlar” yaradır. Buna nümunə kimi, “əl-Şabab”, “Boko Haram”, İŞİD və digər terror qruplarının sosial şəbəkələr vasitəsilə təbliğatını göstərmək olar. “Tvitter”, “Yutub” və digər sosial şəbəkə platformaları onlar üçün ucuz və effektli təbliğat vasitəsidir. Heç bir fiziki güc və əlavə resurs sərf etmədən özlərinə tərəfdar toplaya, istifadəçiləri terrorçuya çevirə bilirlər. Ekspertlər hesab edir ki, adıçəkilən terror təşkilatlarına qoşulan “döyüşçü”lərin coğrafiyasının genişlənməsinin əsas səbəbi sosial şəbəkələr vasitəsilə aparılan təbliğatın nəticəsidir. Əvvəllər terrorçular özlərinə tərəfdar toplamaq üçün dünyanın müxtəlif ölkələrinə gedib orada təbliğat işi aparmalı idilər. Lakin bu, bir çox hallarda uğursuz olurdu. Çünki onlar həmin ölkələrin xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilir və ya məhv edilirdilər. İnternetin bəşəriyyətə təqdim etdiyi sərhədsiz imkanların insanlığın məhvinə yönəldilməsi ilə bağlı bir neçə faktı qeyd etmək vacibdir. Keçən əsrin 80-ci illərindən etibarən dünyanın müxtəlif bölgələrində yaradılan terror təşkilatlarına “xarici döyüşçülər” cəlb olunub və ya qoşulub. 1980-ci ilin statistikasına görə, “xarici döyüşçülərin” sayı 10 və 30 min arasında dəyişirdi. BMT-nin 2015-ci ildə nəşr etdiyi statistikaya görə, müxtəlif terror təşkilatlarına 100-dən çox ölkədən 40 minə yaxın “xarici döyüşçü” qoşulub. Maraqlısı ondan ibarətdir ki, onların çoxu internetə giriş imkanı yüksək olan ölkələrdən cəlb olunub. (Əlbəttə burada internet amili ilə yanaşı, təhsil, iqtisadiyyat və s. kimi amillər də mövcuddur. Onlar isə bu yazının mövzusu deyil.) Məlumat üçün qeyd edim ki, internetin verdiyi imkanlardan ən çox İŞİD terror təşkilatı “məharətlə” istifadə edib.

Bəs ekstremist və terrorçu qruplar sosial şəbəkə platformalarından təbliğat vasitəsi kimi necə istifadə edirlər? Bununla bağlı saysız empirik analizlər aparılıb və aşağıdakı nəticələrə gəlinib:

  1. İlkin mərhələdə terror qrupu və ya terror qrupu üçün “döyüşçü” yığan istifadəçilər öz zərərli ideologiyalarını rəsmi veb səhifələr, “Feysbuk” səhifələri, şəxsi elektron poçtlar, “Yutub” kanalları və “Tvitter” kimi sosial media platformaları vasitəsilə mesaj, videoçarx, onlayn mühazirə və yazılı sənəd formatlarında bütün istifadəçilərə göndərirlər. Hədəf auditoriya (istifadəçilər) gələn məlumatları ixtiyari, yaxud qeyri-ixtiyari açıb oxuyur və ya izləyir. Bu zaman baxılan məlumatlar həmin istifadəçilərin profilləri vasitəsilə onların dostluq siyahısında olan digər şəbəkə istifadəçilərinin “divarında” görünməyə başlayır. Beləliklə, həmin istifadəçilər də zərərli məlumatlarla tanış olur.
  2. Növbəti mərhələ “Qıf”, yəni “ələkdən keçirmə” adlanır. Sosial şəbəkə platformalarının texniki göstəriciləri imkan verir ki, məlumatı bölüşən şəxs həmin məlumata bildirilən istənilən münasibəti görsün. Bu səbəbdən, “Qıf” üsulu ilə hədəf istifadəçi(lər) seçilir və onlarla virtual dialoq qurulur. Dialoq zamanı hədəf istifadəçiləri cəmiyyətdən uzaqlaşdırmaq üçün bir çox metoddan istifadə edilir. Kompüter arxasında oturan terror qrupunun üzvlərinin çoxu əqli, sosial və tibbi psixologiyanı mükəmməl bilir. Bu səbəbdən ünsiyyət qurduğu qurbanını asanlıqla cəmiyyətdən təcrid edir. “Qıf” üsulu ilə artıq onlar öz qurbanlarını növbəti mərhələyə hazırlayırlar.
  3. Yoluxma mərhələsi. Bu mərhələdə “kristal toxum” təcrübəsindən istifadə olunur. Bu yanaşmada fincandakı su – qurbanlar - tədricən və tam donanadək soyudulur. Zamanla radikalizmi təbliğ edən və onlayn istifadə təlimatları əks olunan kirli məlumatlara məruz qaldıqca beyinləri yuyulmağa, yəni bədii təsvirdəki kimi ifadə etsək, qurbanlar donmağa başlayır. Bu metoddan daha çox “əl-Qaidə” terror təşkilatı istifadə edib.
  4. Sonuncu mərhələ “Aktivləşdirmə” adlanır. Aparılan təbliğat nəticəsində radikallaşan istifadəçilər onlayn təlimatlar vasitəsilə partlayıcı vasitələrdən, silahlardan istifadəni öyrənirlər. Daha sonra qurbana hədəf məkanın seçilməsi prosesi izah edilir və müəyyən edilmiş yerdə partlayışı törədəcəyi vaxt deyilir. Artıq zombiləşmiş qurban həmin məkanı partlatmaq üçün hərəkətə keçir.

Bəs görəsən əsas təbliğat aləti kimi niyə məhz sosial şəbəkə seçilir? Hansı amillər belə sui-istifadə hallarının çoxalmasına gətirib çıxarır?

Bu suallara cavab tapmaq üçün nüfuzlu “beyin mərkəzləri” və alimlər tərəfindən araşdırmalar aparılır. Bu tədqiqatlardan biri də UNESCO tərəfindən hazırlanıb. Qurumun “Sosial media və gənclərin radikallaşması” başlıqlı araşdırmasında sosial şəbəkənin zorakı ekstremizmin təbliğinə imkan yaradan bir sıra xarakterik cəhətləri qeyd olunur:

* Gənclərin çoxluq təşkil etməsi. Gənc auditoriya cəlb etmək, hədəf seçmək baxımından daha rahat və interaktiv platforma hesab edilir;

 

* Fiziki məkanlarda asanlıqla yayıla bilməyən ekstremizmi, zorakılığı təbliğ edən və s. məzmunlu məlumatların asanlıqla yayılması üçün daha əlverişli olması;

 

* Sutkanın istənilən vaxtı harada olmağından asılı olmayaraq rahat şəkildə ünsiyyət qurmaq imkanı yaratması;

 

* İstifadəçilər üçün təkbətək dialoq qurma mühitini gücləndirməsi və nəticədə gənc istifadəçiləri yaşadıqları cəmiyyətdən asanlıqla təcrid etməsi. Sonda həmin gənclər özləri də fərqinə varmadan milli mədəniyyətlərinə yad olan, zərərli ideologiyaların təsiri altına düşür;

 

* İstənilən yer, məkan, şəxs və s. haqqında məlumatları əlçatan etməsi. Sosial şəbəkə vasitələri radikallaşan istifadəçilərə onlara lazım olan informasiyaları toplamaq və terror aktlarını planlaşdırmaqda “köməklik” göstərir.

 

İnternetin insan həyatında əhəmiyyəti artdıqca, sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə halları da artmağa başlayır. Bu səbəbdən beynəlxalq ictimaiyyət həyəcan təbili çalmağa başlayıb. Terrorla mübarizə sahəsində bir sıra beynəlxalq təşkilatlar tərəfindən qətnamələr qəbul edilir və üzv ölkələrin üzərinə öhdəliklər qoyulur.

Hazırda Avropa Birliyi ölkələri tərəfindən müəyyən addımlar atılmağa başlayıb. Terrorun maliyyələşdirilməsi, sosial şəbəkə vasitəsilə zərərli ideoloji təbliğatların aparılması və s. ilə mübarizə məqsədilə Avropa İttifaqı tərəfindən 2015-ci ilin noyabrında Avropa Terrorizmlə Mübarizə Mərkəzi yaradılıb. Artıq beynəlxalq ictimaiyyət başa düşür ki, sosial şəbəkənin yaratdığı yeni dalğanın qarşısını almaq mümkün deyil. İndi məqsəd bu dalğalardan müdafiə olunmağın yollarını axtarıb tapmaqdır. 

Yuval N. Harari müəllifi olduğu “Sapiens: Bəşəriyyətin qısa tarixi” əsərində yazır ki, insan - onun təbirincə desək, Homo Sapiens - təkamülə uğradıqca yırtıcı heyvanlardan daha təhlükəli olmağa başlayır. Sapiensi yerüstü təhdid kimi təsvir edir. Sapiens Avstraliyaya köçdükdən sonra oradakı meqafaunanı yox etməyə başlayıb: “Avstraliyada yaşayan iri heyvanların qaçmağı öyrənmək üçün vaxtı yox idi. İnsanlar ilk baxışdan təhlükəli deyildi. Qıvraq və əzələli bədənləri, yaxud uzun iti dişləri yox idi. Buna görə də dünyada yaşamış ən böyük kisəli heyvan olan diprotodon bu cılız görkəmli meymunu ilk dəfə gördükdə ona gözucu baxıb yarpaq gövşəməyə qayıdardı. Bu heyvanlar özlərində insana qarşı qorxu hissi inkişaf etdirməliydi, amma bunu edə bilmədən qırılıb yox oldular”. Bu baxımdan sosial şəbəkəni “müasir dövrün Sapinesi” adlandırmaq olar. Çünki sosial şəbəkələr, yuxarıda da qeyd etdiyim kimi, insanda virtual kimlik formalaşdırır. Yaradılmışların ən kamili olsaq da, informasiya və kommunikasiya dediyimiz bu məfhumla necə rəftar etmək lazım olduğunu sürətlə öyrənməli və adekvat addımlar atmalıyıq. Əks təqdirdə, BİZim də Avstraliyada yaşayan nəhəng canlılar kimi “qaçmağı öyrənməyə” vaxtımız olmayacaq.

 

Rəfi QURBANOV,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin

Xarici əlaqələr şöbəsinin müdir müavini

Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
14.08.2014 / 15:15
Ətraflı oxu

İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiya

İSLAM HƏMRƏYLİYİ İLİ
31.07.2017 / 16:54
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru ilə görüşüb

Press-relizlər
23.10.2017 / 16:33
Ətraflı oxu

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir

Press-relizlər
30.10.2017 / 16:10
Ətraflı oxu

Salyanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Xəbərlər
08.11.2019 / 09:50
Ətraflı oxu

Nərimanovda “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
07.06.2017 / 10:07
Ətraflı oxu