“Oxu!” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər / 11.01.2019 / 17:10

Yanvarın 11-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin inzibati binasında xurafatla mübarizəyə həsr olunan “Oxu!” adlı sənədli filmin təqdimatı olub.

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi tərəfindən hazırlanan “Oxu!” sənədli filminin rejissoru və ssenari müəllifi Orxan Fikrətoğludur.

Filmin nümayişindən sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasına imkan verir. Azərbaycanın dünya üçün tolerantlıq nümunəsi olduğunu qeyd edən Komitə sədri qeyd edib ki, bu gün dünya dövlətləri ölkəmizin multikulturalizm və tolerantlıq modelinə böyük maraq göstərir. Dövlətimiz bütün dini konfessiyalar üçün bərabər münasibət mühiti yaradır.

Dünyada dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqlarının yaradıldığını deyən M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi ilə bütün dünyaya birlik və həmrəylik mesajı verdi.

Dini radikalizm və xurafat kimi təhdidlərin mövcud olduğunu bildirən Mübariz Qurbanlı qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini mühitdə cərəyan edən bu kimi mənfi tendensiyaların qarşısının alınması, eləcə də dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir. O, Dövlət Komitəsinin sifarişi əsasında ötən illər ərzində dini radikal, ekstremist qrupların törətdiyi fəsadları və təhlükələri ictimaiyyətə daha geniş şəkildə çatdırmaq üçün “Fitnə”, “Şəhadət”, “Vəhdət qanımızdadır”, “Üfüqdəki gələcək” adlı sənədli filmlərin çəkildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, “Oxu!” filmi isə xurafatla mübarizəyə həsr olunub, məhz gəncləri xurafat kimi bəladan uzaq tutmaq üçün hazırlanıb. Sənədli filmdə cəhalətin, elmsizliyin yol açdığı mənəvi boşluqlar və bunun nəticəsində xurafat hallarının artmasının yaratdığı təhlükələrdən söhbət açılır.

Dövlət Komitəsinin sədri bildirib ki, son dövrdə dini radikal qruplar ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhdlər edirlər. Bəzi ölkələrdə hətta buna nail olublar. “Bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görmək olar. Radikal dini qruplar olduqca təhlükəlidir. Ona görə də buna qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları lazımi addımlar atırlar", - deyə Mübariz Qurbanlı qeyd edib.

Komitə sədri əlavə edib ki, bu il Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən bir neçə layihə həyata keçiriləcək. Bunlara kiçikhəcmli videoçarxların, sənədli filmlərin hazırlanması da daxildir.

Tədbirdə “Oxu!” sənədli filminin rejissor və ssenari müəllifi Orxan Fikrətoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək filmin əhəmiyyətindən danışıb, gəncləri İslam dininin dəyərlərini dərindən mənimsəməyə, dini xurafata və radikalizmə qarşı ideoloji mübarizədə fəal olmağa çağırıblar.

Sonra filmlə bağlı gənclərin sualları cavablandırılıb və müzakirələr aparılıb.


Son baxılan xəbərlər

Qubanın Güləzi kəndində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.01.2018 / 17:15
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Zaqatalada və Şəkidə şəhid ailələri və müharibə veteranları üçün iftar ...

Press-relizlər
04.06.2018 / 11:45
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Press-relizlər
09.10.2018 / 17:24
Ətraflı oxu

Prezident İlham Əliyev: “İslam aləmində həmrəyliyin möhkəmləndirilməsi işindəki fəaliyyətimiz müsəlman dünyasında yüksək qiymətləndirilir”

Xəbərlər
10.10.2018 / 15:31
Ətraflı oxu

Saatlıda insan hüquqları mövzusuna həsr olunmuş tədbir keçirilib

Press-relizlər
24.05.2018 / 14:54
Ətraflı oxu

Komitə sədri: “Azərbaycanda hansısa qrupların, dairələrin ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdləri heç bir nəticə ...

Açıqlama
08.05.2017 / 18:00
Ətraflı oxu