Siyəzəndə keçirilən ikigünlük seminar-müşavirə başa çatıb

Press-relizlər / 31.08.2018 / 10:21

Siyəzəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə avqustun 31-də öz işini davam etdirib.
Rayonun fəal gəncləri, müəllimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirənin ikinci günündə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
Seminar-müşavirəni giriş sözü ilə açan Siyəzən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov mövzunun aktuallığından danışaraq bildirib ki, rayon gəncliyi ölkə rəhbərliyinin bütün sahələr, o cümlədən din sahəsi üzrə siyasətini daim dəstəkləyib. Qeyd edib ki, radikal qruplar zaman-zaman milli-mənəvi dəyərlərimizə zidd olan çıxışlar edir, hətta gənclərimizi bu çirkin əməllərinə alət etməyə çalışırlar. Buna görə də çalışmalıyıq ki, gənclərimizə sağlam dini bilgilər verək, onları milli-mənəvi dəyərlərimizə sədaqətli nəsil kimi yetişdirək. Bu mənada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi bu kimi tədbirlər alqışalayiqdir.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışına respublikamızın son illər qazandığı uğurlar haqqında geniş məruzə etməklə başlayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti milli-mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə ötürülməsinə, gənclərin məhz bu ruhda, vətənpərvərlik ruhunda yetişdirilməsinə hesablanmışdı. Bu nümunəvi siyasətin dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, dövlət-din münasibətlərinin möhkəm bünövrə üzərində formalaşdırılmasının nəticəsidir ki, bu gün respublikamızda bütün sahələrdə, o cümlədən din sahəsində sabitlik mövcuddur. Ancaq bu sabitlik Yaxın və Orta Şərqdə vətəndaş müharibələrini törədən, bununla da öz iqtisadi və siyasi maraqlarını təmin edən bəzi dairələri narahat edir. Çünki onlar müstəqil qərar verən, siyasət yürüdən, taleyini özü həll edə biləcək qüdrətə sahib olan ölkələrin uzunömürlü olmasını qəbul edə bilmirlər. Buna görə də hər fürsətdə sahib olduğumuz ən böyük dəyəri – multikulturallığımızı, müxtəlif din və təriqətlərin azad, dostluq və qardaşlıq mühitində yaşamasını təmin edən tolerant düşüncə tərzimizi bizə qarşı silaha çevirməyə çalışırlar. Əlbəttə, istər xalqımızın müdrikliyi, istərsə də dövlətimizin uzaqgörən siyasəti sayəsində onların bu məkrli planları hər zaman ifşa edilib. Ancaq bu, bizi əsla arxayınlaşdırmamalıdır, çünki qarşı tərəf hiyləgərdir, onun üçün heç bir müqəddəs dəyər yoxdur və öz məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.
Milli-mənəvi dəyərlərimizin gənclərin tərbiyəsində vazkeçilməz elementlərdən olduğunu vurğulayan S.Salahlı dini radikalizm, ekstremizm, fanatizm və mövhumat kimi mənfi tendensiyaların təsirinə düşməmək üçün elmə, təhsilə yönəlməyi tövsiyə edib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Orucov dini radikalizm və dini ekstremizmin yaranma tarixindən, bu mənfi tendensiyanın yayılma arealından, həmçinin səbəblərindən geniş danışıb. Bildirib ki, dini radikal qruplar əsasən dünyəvi maarifçiliyin aşağı olduğu, sosial ədalətin pozulduğu və dini bilgiləri az mənimsəmiş ölkələrdə özlərinə münbit şərait qururlar. Bu cür qrupların hədəfində hər zaman cəmiyyətin lokomotivi sayılan gənclər olur. Ona görə də gənclərimiz dünyəvi elmi biliklərini artırmaqla kifayətlənməməli, eyni zamanda mötəbər mənbələrdən ilkin dini bilgilərə yiyələnməlidirlər. Dini radikal qrupların təbliğat metodlarından bəhs edən B.Orucov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri modelinin bu gün əksər ölkələr tərəfindən nümunə qismində tədqiq olunduğunu vurğulayıb. Qeyd edib ki, bu model məhək daşı xalqımızın əsrlərdir sahib olduğu, bugünədək qoruyub saxladığı tolerant və multikultural dəyərlərimizdir. Natiq vurğulayıb ki, Azərbaycan bütün dinlərin, millətlərin nümayəndələrinin dostluq, qardaşlıq və mehriban şəraitdə yaşadığı nadir məkanlardandır. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Azərbaycandakı və bölgədəki dini durum haqqında danışıb. Bildirib ki, Azərbaycan son illər dünya miqyasında çox böyük, beynəlxalq səviyyəli layihələr həyata keçirir. Siyasi və hərbi sahədə qüdrətimiz günbəgün artır. Əlbəttə, bu cür çoxşaxəli inkişaf bəzi məkrli qüvvələri qıcıqlandırır, hər fürsətdə sahib olduğumuz sabitliyi pozmağa çalışırlar. Dini sahə seçdikləri əsas fəaliyyət sferalarındandır. Hər vəchlə azadlıq, təhlükəsizlik, dostluq və qardaşlıq adası olan məmləkətimizə qarşı çirkin əməllər törətmək istəyirlər. Dövlət başçımız İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir ki, indiyədək bu təhdidlərin qarşısını ala bilmişik. Buna görə də hamımız ölkə Prezidentinin siyasətini birmənalı dəstəkləməli, onun tapşırıq və tövsiyələrini qeyd-şərtsiz, dəqiq və zamanında icra etməliyik.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Xəbərlər
11.07.2019 / 17:00
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.05.2019 / 16:18
Ətraflı oxu

“Şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.02.2019 / 17:26
Ətraflı oxu

“İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.01.2018 / 16:55
Ətraflı oxu

Göyçayda 20 yanvar şəhidləri anılıb

Press-relizlər
18.01.2018 / 18:01
Ətraflı oxu

Cəlilabadda “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz ...

Press-relizlər
29.06.2018 / 15:31
Ətraflı oxu