Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 31.08.2018 / 09:53

Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov Amerika Sefard Federasiyasının nümayəndə heyəti ilə görüşüb. Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Qubermanın başçılıq etdiyi nümayəndə heyətini səmimi salamlayan Gündüz İsmayılov Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətinə dövlətin din siyasətini həyata keçirmək, dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasını təmin etmək, dini icmaları dövlət qeydiyyatına almaq, müvafiq dövlət qurumları və icmalar arasında münasibətlər yaratmaq və digər məsələlər aiddir. Ölkəmizdəki dini durum və dövlət-din münasibətlərindən bəhs edən Gündüz İsmayılov bildirib ki, respublikamızda bu münasibətlər Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Əhalisinin 96 faizinin müsəlmanlar təşkil etdiyi ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun yürüdülən siyasi kurs nəticəsində ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər, tarixən mövcud olan tolerantlıq ənənələri dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Dövlət tərəfindən hər il dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi üçün maliyyə vəsaiti ayrılır, tarixi dini ibadət yerləri bərpa olunur, yeniləri tikilib inanclı insanların ixtiyarına verilir. Hazırda ölkəmizdə 835 dini qurum qeydiyyatdan keçib, konfessional baxımdan onların 804-ü İslam, 20-i xristian, 8-i yəhudi, 1-i krişna, 2-si isə bəhai dini icmasıdır.
Yəhudilərin Azərbaycan torpaqlarında məskunlaşmasının 26 əsrlik tarixi olduğunu, xalqımızla yalnız Vətənini deyil, taleyini də paylaşdığını vurğulayan sədr müavini qeyd edib ki, yəhudilər Azərbaycan xalqının bir hissəsi olaraq ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir. Gündüz İsmayılov iyirminci əsrin əvvəllərində xalqımıza qarşı törədilən soyqırımı zamanı, əsrin sonunda Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, eləcə də xalqımızın müstəqillik mübarizəsi yolunda şəhid olmuş vətəndaşlarımızın arasında yüzlərlə yəhudi əsilli şəxslərin olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan xalqı dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün şəhidlərinin xatirəsini əziz tutur.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Gündüz İsmayılov 25 ildən çox davam edən hərbi münaqişə nəticəsində ölkəmizin 20 faiz ərazisinin işğal olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, işğal olunmuş ərazilərimizdə çoxlu sayda abidələrimiz, o cümlədən məscidlər, mədəniyyət abidələri, kitabxanalar, klublar, tarixi-dini abidələr dağıdılıb. Ermənilər təkcə İslam dünyasına aid abidələri deyil, eyni zamanda, xristian abidələrini də dağıdıblar. Buna baxmayaraq, Azərbaycan xalqının genetik xüsusiyyətindən, təfəkkür tərzindən, birgəyaşayış mədəniyyətindən irəli gələrək sərgilədiyi tolerant və multikultural yanaşmanın bariz nümunəsi kimi, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanır.
Səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə edən Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Quberman rəhbərlik etdiyi təşkilat və nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi haqqında geniş məlumat verib. Bir sıra qurumlarda, eləcə də bölgələrdə yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcəklərini, ölkəmizdə mövcud olan multikultural mühit, xalqımızın tolerantlıq ənənələri ilə yaxından tanış olmaq arzularını bildirib. Qeyd edib ki, Azərbaycan müsəlman ölkəsi olaraq elə bir dünyəvilik modeli göstərir ki, digər ölkələr üçün nümunə ola bilər. Azərbaycan təcrübəsi bütün dünyada təbliğ edilməli, müxtəlif xalqların, dini konfessiyaların birgəyaşayış mədəniyyəti bütün dünyaya çatdırılmalıdır: “Yəhudi icmasının burada yaşayışı və dini ayinlərini sərbəst şəkildə icra etməsi bizi çox sevindirir. Azərbaycan başqaları üçün bir yerdə yaşamağın modeli hesab olunmalıdır”.
Sonra təşkilat üzvlərinin sualları cavablandırılıb. Sədr müavini Gündüz İsmayılov Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərini, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarını özündə əks etdirən “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabının ingilis dilində olan tərcüməsini qonaqlara hədiyyə edib.


Son baxılan xəbərlər

Balakəndə “Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.10.2018 / 09:48
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Press-relizlər
10.07.2018 / 17:43
Ətraflı oxu

Kürdəmirdə “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
06.12.2018 / 10:25
Ətraflı oxu

Din faktorunun informasiya təhlükəsizliyi sisteminə təsiri

Press-relizlər
17.01.2018 / 17:57
Ətraflı oxu

Dövlət aztəminatlı ailələrin dəfn xərclərinin ödənilməsinə yardım edəcək

Açıqlama
26.12.2017 / 17:29
Ətraflı oxu