Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq mühitinin qorunması Berlində keçirilən beynəlxalq konfransda da yüksək qiymətləndirilib"

Açıqlama / 26.11.2018 / 17:59

"Xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Tolerantlığın təşviqi və təbliği məqsədilə ilə çoxsaylı tədbirlər və konkret lahiyələr həyata keçirilir".

Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə mütəmadi olaraq tədbirlər həyata keçirir.

"Təkcə ötən il “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti”, “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında”, “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında”, “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında”, “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” və “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi” mövzularında Finlandiyada, İran İslam Respublikasında, Türkiyədə, Özbəkistanda, İspaniyada və Rusiyada  beynəlxalq konfranslar keçirilib".

Komitə sədri bu yaxınlarda Berlində keçirilən “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusundakı beynəlxalq konfransın əhəmiyyətindən də danışıb:

"Bu istiqamətdə fəaliyyətin davamı kimi bu il də İspaniya və Almaniyada beynəlxalq konfranslar təşkil edilib. Bu ayın 19-da Berlin şəhərində keçirilən “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusundakı beynəlxalq konfrans Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı Səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı baş tutdu. Üç yüzə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycan və Almaniyanın dövlət, ictimaiyyət, elm və din xadimləri, o cümlədən dünyanın 40-a yaxın ölkəsindən müxtəlif dini konfessiyaların, beynəlxalq təşkilatların rəhbərləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin himayədarlar və məşvərət şuralarının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak edirdilər. Konfransdakı çıxışlarda ölkəmizdəki dini və milli dözümlülük ənənələri, nümunəvi dövlət-din siyasəti, eyni zamanda Azərbaycan hökumətinin ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşması barədə danışıldı. Tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi bazanın formalaşdırıldığı diqqətə çatdırıldı. Azərbaycanda qeyri-müsəlman dini icmalar, müxtəlif dini konfessiya nümayəndələrinə göstərilən diqqət və qayğıdan söhbət açıldı. Dinlərin, xüsusilə İslamın dözümlülük xüsusiyyətinə, insanları birliyə, vəhdətə dəvət çağırışlarına diqqət çəkildi. Sonda konfransın yekun bəyannaməsi imzalandı. Konfrans iştirakçıları dövlətləri, BMT və digər beynəlxalq və regional təşkilatları, eləcə də dini liderləri mədəniyyətlər və dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviq olunmasının davam etdirilməsinə, bu sahədə əməkdaşlığın genişləndirilməsinə, milli, dini və etnik zəmində zorakılıq hallarına rəvac verən və zərərli ideologiyalara əsaslanan təbliğatın qarşısının alınmasında əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilməsinə və maarifçiliyin gücləndirilməsinə çağırdılar. Həmçinin siyasi motivlər daşıyan və məqsədyönlü qızışdırılan ksenofobiya, antisemitizm və islamofobiyanın, habelə dinin adından sui-istifadə etməklə terrorizmin və insanlıq əleyhinə cinayətlərin törədilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiqliklərini təsdiq etməklə dünyanın bir çox bölgələrində, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, Yaxın Şərq, Suriyada davam edən münaqişələrin sülh yolu ilə tezliklə həll olunmasına töhfə verməyə səslədilər".

M.Qurbanlı vurğulayıb ki, Almaniyaya səfər çərçivəsində nümayəndə heyətinin keçirdiyi bir sıra görüşlərdə Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyəti və bu məqsədlə beynəlxalq tədbirlər həyata keçirməsi yüksək qiymətləndirilib: "Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq təcrübəsinin yayılması işinə bu konfransın da yüksək töhfə verdiyini düşünürəm".


 

Son baxılan xəbərlər

İslam həmrəyliyi dövrün tələbidir

Press-relizlər
04.10.2017 / 10:06
Ətraflı oxu

Saray məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
10.01.2018 / 16:31
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
29.08.2018 / 11:02
Ətraflı oxu

Lənkəranda Aprel döyüşlərinə həsr olunmuş tədbir baş tutub

Press-relizlər
02.04.2019 / 17:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Press-relizlər
14.06.2018 / 17:27
Ətraflı oxu

Astarada “Dövlət-din münasibətlərinin Azərbaycan modeli” mövzusu müzakirə olunub

Press-relizlər
16.05.2018 / 17:01
Ətraflı oxu