Mərakeşdə "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfrans keçirilib

Press-relizlər / 16.05.2015 / 10:31

Mayın 15-də Azərbaycan Respublikasının  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İSESCO ilə birgə bu təşkilatın Mərakeşin paytaxtı Rabat şəhərindəki iqamətgahında "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfrans təşkil edib. Konfransda Dövlət Komitəsinin nümayəndələri, İSESCO-nun rəsmiləri, Azərbaycan Respublikasının Mərakeşdəki səfiri Tariq Əliyev, səfirliyin əməkdaşları, Rabatda akreditasiya olunmuş səfirliklərin təmsilçiləri, o cümlədən, Türkiyənin, Çinin, Malaziyanın səfirləri, elm adamları, ictimaiyyət nümayəndələri, media təmsilçiləri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.
Konfransın açılışında çıxış edən İSESCO-nun Baş direktorunun müavini xanım Amine Al-Hijri müasir dünyada tolerantlığın və mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb. O, İslamdakı tolerantlıq prinsiplərindən danışaraq, İSESCO-nun bu sahədəki fəaliyyətinə toxunub. Eyni zamanda, xanım al-Hijri tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın müsbət təcrübəsini xüsusi qeyd edib.
Konfransda çıxış edən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərdən biri kimi təbliğ etdiyi tolerantlığın Azərbaycan xalqının əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olduğunu bildirib. G. İsmayılovun sözlərinə görə, Azərbaycan ərazisində  bütün etnik və dini qrupların mehriban bir ailə kimi yaşamasında, onların sülh və əmin-amanlıq şəraitində istər ölkəmizin, istərsə də regionun inkişafı üçün  çalışmasında, ümumiyyətlə, bu böyük nailiyyətin əldə edilməsində və nəsildən-nəslə ötürülməsində ölkəmizin aparıcı dini olan İslam dininin böyük rolu olub. Ancaq təəssüf ki, son zamanlar dünyanın müxtəlif regionlarındakı müsəlmanları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapdalayan insanlar kimi göstərməyə çalışan bəzi qüvvələr var. Belələrinə və İslamın humanizmdən uzaq din kimi qələmə vermə hallarına bəzi Qərb ölkələrində tez-tez rast gəlinir. Belə münasibəti İslam dininə, bütün müsəlman dünyasına və onun tərkib hissəsi kimi Azərbaycan xalqına qarşı ən azı ədalətsizlik hesab etmək olar.
Gündüz İsmayılov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmış, bu  sahə dövlət nəzarəti altına keçirilmişdir. Ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə  tolerantlıq mühiti Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinə uyğun olaraq daha da möhkəmlənmiş, bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. G. İsmayılov Ümummilli Lider Heydər Əliyevin alternativsiz siyasi xəttini uğurla və uzaqgörənliklə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə  tolerantlığın və dini etiqad azadlığının təminatçısı olduğunu xüsusi qeyd edib. O, bildirib ki, bu gün Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstərilə biləcək həqiqətdir. Eyni zamanda, G. İsmayılov qeyd edib ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyəıtinin xüsusi vurğulmaq lazımdır. Bu gün Azərbaycan hökumətinin əsas məqsədlərindən biri tarixən ölkəmizdə formalaşmış və xalqımızın xarakterik xüsusiyyətinə çevrilmiş tolerantlıq ənənələrini daha da inkişaf etdirmək, həmçinin, tolerantlığı və dinlərarası dialoqu beynəlxalq aləmdə təşviq etməkdir. Bu məqsədlə Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, böyük layihələrin iştirakçısı və icraçısı qismində çıxış edir. G. İsmayılovun sözlərinə görə, bu sahədə Azərbaycanın təcrübəsinin dünya miqyasında öyrənilməsi və tətbiq edilməsinin zəruriliyi beynəlxalq təşkilatlar, nüfuzlu  din xadimləri və diplomatlar səviyyəsində etiraf olunan həqiqətdir. Hətta bu təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətində konkret təkliflər verən və gərəkli addımlar atan beynəlxalq qurumlar və tanınmış din xadimləri də var. Bu baxımdan ölkəmiz, Azərbaycanın təcrübəsinin yayılmasında beynəlxalq təşkilatlar, o cümlədən İSESCO ilə sıx əməkdaşlıq edə bilər. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə toxunan Gündüz İsmayılov işğal olunmuş ərazilərimizdə xalqımıza məxsus İslam abidələrinin vandalcasına dağıdıldığını və Ermənistanın bu siyasətinin  regionda sülh və mədəniyyətlərarası  dialoq üçün ciddi təhdid və təhlükə olduğunu vurğulayıb.
Açılışdan sonra konfans panel şəklində öz işini davam etdirib. Konfransda İSESCO-nun Mədəniyyət və Kommunikasiya üzrə direktoru doktor Əhməd Oqlah Sayyad Alnezi,  II Həsən adına Universitetin professoru xanım Karima Yatrbi, eyni zamanda, İSESCO-nun Planlaşdırma, informasiya və sənədləşdirmə mərkəzinin rəhbəri Mustafa Ahmed Ali, DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Niyaz Yaqubov çıxış edərək,  İslam dünyasındakı tolerantlıq prinsiplərindən, mövcud dünyanın tolerantlığa olan ehtiyacından və Azərbaycanın təcrübəsinin xüsusiyyətlərindən danışıblar.
Konfrans çərçivəsində İSESCO-nun Baş qərargahında “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı sərgi təşkil edilib. Sərgidə Azərbaycanda tarixi-dini abidələrin, məscid və ziyarətgahların, o cümlədən, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş və yenidən qurulmuş məscid və ziyarətgahların fotoları nümayiş olunub.
Konfrans başa çatdıqdan sonra İSESCO-nun Baş katibi cənab Əbdüləziz Osman əl- Tüveycri Azərbaycandan gələn nümayəndə heyəti və Azərbaycanın Mərakeşdəki səfiri Tariq Əliyevi qəbul edib. Görüşdə Azərbaycanın tolerantlıq ənənələri, İslam dünyasındakı tolerantlıq ənənələrinin təbliğ edilməsinin zəruriliyi və digər məsələlər müzakirə olunub. Cənab əl-Tüveycri bildirib ki, Azərbaycanın tolerantlıq sahəsində zəngin bir ölkə olması İslam dünyası üçün  böyük bir avantajdır. Gündüz İsmayılov tədbirin təşkilinə görə, eyni zamanda Azərbaycanı dəstəklədiyinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına görə cənab əl-Tüveyriciyə öz təşəkkürünü bildirib. 

Son baxılan xəbərlər

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
19.08.2019 / 12:00
Ətraflı oxu

Dini radikalizmə qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.02.2018 / 10:01
Ətraflı oxu

Mübariz Qurbanlı:" Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva ...

Müsahibələr
29.12.2014 / 12:46
Ətraflı oxu

Müşfiqabadda “Dini ekstremizm və məzhəblərarası vəhdət” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.12.2016 / 11:15
Ətraflı oxu

Dini icmalara avtomobillər təqdim edilib

Xəbərlər
09.10.2018 / 16:26
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ilin yekunlarına həsr edilən Hesabatı çap edildi

Kitablar
12.05.2016 / 14:53
Ətraflı oxu