Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Xəbərlər / 14.02.2015 / 10:55

Azərbaycanda məzhəblər arasında təqvim məsələsi ilə bağlı fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur. Bunu  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də İran Təqvim Şurasının üzvləri ilə keçirilən görüşdə deyib.
QMİ sədri bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var, əsasən isə İslam dininin şiə və sünni məzhəblərinin nümayəndələri yaşayır. Dünyanın bir çox yerlərindən fərqli olaraq, bu məzhəblərin nümayəndələri eyni məsciddə namaz qalırlar. Lakin iftar, imsaq kimi məsələlərlə bağlı məzhəblər arasında razılığa gəlinməsinə ehtiyac var: “İnanıram ki, alimlərimizin də iştirakı ilə ümumi rəyə gələ biləcəyik. Azərbaycanın müstəqil dövlət kimi Şamaxı Astrofizika Rəsədxanası var və təqvim məsələsini özümüz təyin edəcəyik. Bu məsələdə sizin də dəstəyiniz lazımdır”.
Şeyxülislam qeyd edib ki, Azərbaycanda 35 faiz sünni, 65 faiz isə şiə məzhəbinə mənsub insanların yaşadığı ehtimal edilir və məzhəblər arasında yaxınlaşma üçün bu cür görüşlərin keçirilməsinə ehtiyac var: “Fikirayrılığı yaradan məsələlər barədə din adamları bir qərara gələ bilmirlər, ona görə də elmi nəticələrdən istifadə etməyə zərurət var. Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanası var və QMİ dini təqvimləri müəyyən etmək üçün bu rəsədxana ilə əlaqə saxlayır. Biz türkiyəli mütəxəssislərin də rəylərini öyrənmişik. İrandakı alimlər də bizə kömək edib. Dünən və srağagün də təqvimlərlə bağlı Şamaxı Rəsədxanasında görüşlər keçirilib”.
Görüşdə iştirak edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, bu məsələdə İran tərəfi öz yardımını etməyə hazırdır: "Tehran Universitetinin Geofizika İnstitutunun direktoru Fərhəng Əhmədiyyə Qirinin rəhbərlik etdiyi İran Təqvim Şurasının üzvləri bu məsələdə Azərbaycana kömək etməyə hazırdırlar. Bu işlər iki ölkə arasında münasibətlərin nə qədər dərin olduğunu göstərir".
Tehran Universitetinin Geofizika İnstitutunun direktoru Fərhəng Əhmədiyyə Qiri və İran Təqvim Şurasının üzvü, Tehran Universitetinin müəllimi Ehsan Təvvabi də qeyd ediblər ki, onlar bu məsələdə Azərbaycanla sıx əməkdaşlıq etməyə və lazım olan kömək və dəstəyi göstərməyə hazırdırlar.
F.Ə.Qiri deyib ki, iki gün ərzində Şamaxı Rəsədxanasında Azərbaycanın din xadimləri ilə səmərəli müzakirə aparılıb: "Tehran Universitetinin Geofizika İnstitutu ölkədə dini təqvimin hazırlanması üzrə əsas qurumdur. Hazırladığımız dini təqvimlər İranda həm sünni, həm də şiə məzhəbi tərəfindən müsbət qarşılanır. İranda hər hansı şəhərdə təqvimlə bağlı anlaşılmazlıq baş verəndə o şəhərə gedirik və şəhərdəki yerli din xadimləri ilə müzakirə apararaq birgə qərara gəlirik".
Onun sözlərinə görə, onlar Şamaxıda olarkən üç iclas keçiriblər: "İranda təqvim vaxtının hesablanması ilə bağlı meyarları təqdim etdik. Biz təqvim vaxtını müəyyən edən zaman ehtiyat vaxtını müəyyən etmirik, bunu ibadət edən insanın öhdəsinə buraxırıq. Şamaxıda ikinci iclas yeni ayın təyin edilməsi ilə bağlı idi. İclasda tərəfimizdən ən müasir texnologiya ilə yeni ayın görünməsinin təyin edilməsi barədə məlumat verildi. Biz bu məsələlərdə azərbaycanlı qardaşlarımızla əməkdaşlıq etməyə hazırıq. Azərbaycanlı həmkarlarımız da bu sahədə fəaliyyətləri ilə bağlı bizə məlumat verdilər".
Qonaqlar QMİ sədrini bu il Tehranda keçiriləcək və təqvim məsələlərinə həsr olunacaq beynəlxalq konfransa dəvət ediblər.
Görüşdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Rəsədxana və dini təqvimin müəyyənləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: “Dini təqvimin müəyyənləşdirilməsi üçün tətbiq edilən metodlar arasında ciddi fərq yoxdur. Bizim aramızda belə görüşlər çox keçirilməlidir”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə QMİ-nin Qazılar Şurasının ötən il oktyabrın 23-də keçirilən iclasında bəyan etmişdi ki, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fitvalar, o cümlədən namaz vaxtları yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında veriləcək və təyin ediləcək: "Fitva veriləndə nə sünnilik olacaq, nə şiəlik. Bizə tam dəqiq şəkildə ayın nə vaxt çıxması, namazın vaxtları, Ramazan və Qurban bayramı günləri ilə bağlı ayın görünməsi vaxtları deyiləcək. Biz də onun əsasında fitva verəcəyik".
QMİ sədri həmçinin bəyan etmişdi ki, bundan sonra Azərbaycanda hansı din xadimi xaricdən gələn təqvimlə işləyəcəksə, onlar cəzalandırılacaq: "Kənardan gələn heç bir təqvim qəbul olunmamalıdır. İstər İran, istər Türkiyə, istərsə də Suriyadan və s. gəlsin. Məscidlərdə azanlar eyni vaxtda verilməlidir. Əgər kimsə əməl etməsə, QMİ onlar barəsində ölçü götürəcək". 

Son baxılan xəbərlər

Oğuz rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Press-relizlər
30.10.2018 / 16:51
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərimizin gənclərin tərbiyəsində rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.04.2018 / 17:28
Ətraflı oxu

“Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda müzakirələr aparılıb

Xəbərlər
13.10.2018 / 10:17
Ətraflı oxu

Ucarda gənclərlə maarifləndirici görüş təşkil olunub

Xəbərlər
28.03.2019 / 16:39
Ətraflı oxu

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında ...

Xəbərlər
10.04.2019 / 12:21
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
08.11.2018 / 16:17
Ətraflı oxu