Qaxda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər / 23.07.2018 / 17:30

İyulun 23-də Qaxda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
Din xadimləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Qax RİH başçısı Musa Şəkiliyev mövzunun aktuallığından danışıb, rayondakı dini durum və dini icmaların fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Ölkəmizdə hər kəsin etiqad azadlığının tam təmin olunduğunu, bütün dinlərə məxsus abidələrin təmir və bərpa edildiyini, yenilərinin tikildiyini vurğulayan natiq bildirib ki, Dövlət Komitəsinin keçirdiyi bu cür tədbirlər cəmiyyətdə dini bilgilərin artırılması və dini radikalizmlə mübarizə metodlarının təhlili baxımından çox əhəmiyyətlidir. Respublikamızda qəbul olunan qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin etməklə yanaşı, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır. M. Şəkiliyev eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ölkəmizdə həyata keçirdiyi maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək dəyərləndirib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Liderimiz milli-mənəvi dəyərlərimizə hər zaman həssaslıqla yanaşır və gələcək nəsillərin məhz bu dəyərlər əsasında, vətənpərvərlik ruhunda yetişdirilməsini istəyirdi. Fəxrlə deyə bilərik ki, bu gün onun ideyaları Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğunlaşdırılmaqla həyata keçirilir. Dövlət başçımızın bütün dinlərə, dindarlara diqqət və qayğısından danışan Dövlət Komitəsi sədrinin birinci müavini deyib ki, bəzi maraqlı dairələr Şərqin qapısı Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühitini pozmağa çalışırlar. S. Salahlının sözlərinə görə, terrorçu üçün heç bir müqəddəs dəyər yoxdur, o, öz çirkin niyyətini həyata keçirmək üçün hətta din kimi pak dəyərlərdən də istifadə edə bilər. Gəncədə baş verən son hadisələrdən də danışan natiq bildirib ki, bu, birmənalı şəkildə dövlətə qarşı terrordur və hadisədən sonra cəmiyyətimizin reaksiyası da göstərdi ki, Azərbaycan xalqı heç bir halda belə yad ünsürlərin dövlətimizin bütövlüyünə zərbə vurmasına imkan verməyəcək. Dövlətimiz isə öz qanunlarının ən sərt üzü ilə onları ən ağır cəzaya məhkum edəcək.
Dövlət Komitəsi sədrinin birinci müavini deyib ki, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması, dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizm və dini ekstremizm kimi mənfi elementlərlə mübarizədə ən effektli yollardan biri maarifləndirmədir. Bu mənada dini icmaların da üzərinə böyük vəzifə və məsuliyyət düşür. Din xadimlərimiz dini radikalizmə, xurafata gətirib çıxaran məsələlərin qarşısını almaqla yanaşı, gənc nəslin milli-mənəvi dəyərlərə hörmət və ehtiram  ruhunda yetişməsində fəal olmalıdırlar. İmkan vermək olmaz ki, dünyanın bir çox ölkəsinin əziyyət çəkdiyi dini ekstremizm Azərbaycana ayaq açsın. Çünki təcrübə göstərir ki, müasir dövrdə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır. Ötən əsrin 90-cı illərində bizi milli kimliyimizə görə bölməyə çalışan maraqlı dairələrin, beynəlxalq güclərin cavabını xalqımız Ulu Öndərin müdrikliklə əsasını qoyduğu Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməklə verdi.
İslamın sülh və qardaşlıq dini olduğunu vurğulayan Qafqaz Müsəlmanları İdarəsinin Qax bölgəsi üzrə qazısı Novruz Sadıqov təəssüflə qeyd edib ki, bu gün müsəlman libasına bürünən müəyyən məkrli insanlar qətllər törədir, dövlətin birliyinə, bütövlüyünə təhdid yaratmağa çalışırlar. Dövlət başçısının dinə, dindarlara göstərdiyi diqqət və qayğıdan da danışan qazı vurğulayıb ki, ölkə dindarları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ətrafında sıx birləşiblər.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
  


Son baxılan xəbərlər

Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Xəbərlər
04.02.2019 / 12:17
Ətraflı oxu

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.04.2019 / 15:51
Ətraflı oxu

Nizami rayonunda “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
30.05.2019 / 15:55
Ətraflı oxu

Qubada şəhidlər anılıb

Press-relizlər
19.01.2018 / 16:59
Ətraflı oxu

Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

Xəbərlər
16.11.2018 / 17:00
Ətraflı oxu

Yevlaxda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
23.10.2018 / 16:49
Ətraflı oxu