
Press-relizlər / 29.06.2018 / 16:22
İyunun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Mən sağlam həyat tərzi seçirəm, öz həyatımın qədrini bilirəm və narkotiklərə yox deyirəm” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların hətta öz yaxınları tərəfindən də qəbul edilmədiklərini iştirakçıların diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun ilə qoyulmuşdur.
Tədbirdə çıxış edən Ucar rayon Ağsaqqallar şurasının sədr müavini Niyaz Xəlilov və digər natiqlər vurğulayıblar ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Çıxışlar zamanı narkomaniya ilə mübarizə işlərinin mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.