Cəlilabadda “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz işini davam etdirib

Press-relizlər / 29.06.2018 / 15:31

İyunun 29-da Dini Qurumlarla İş Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz işini davam etdirib.  
Konfransda Cəlilabad RİH və DQİDK-nın rəsmi nümayəndələri, eləcə də idarə, müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Cəlilabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov mövzunun aktuallığından danışaraq cəmiyyətdə dini radikalizmə qarşı mübarizənin əhəmiyyətini qeyd edib. Bildirib ki, dini radikalizmin geniş yayıldığı cəmiyyətlərdə xaos yaranır, dinlər və məzhəblər arasında münaqişələr baş verir. Bu münaqişələrin yaratdığı fəsadlar cəmiyyətin bütün sahələrində inkişafa mane olur, ölkənin infrastrukturunu məhv edir. Ölkəmizin nümunəvi dövlət-din münasibətlərindən danışan L.Hüseynov dini maarifləndirmə işinin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, cəmiyyətimizin bütün sahələrində yüksək səviyyədə təmsil olunan qadınlar dini maarifləndirmə işinə də öz dəyərli töhfələrini verir.
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini radikalizm: mahiyyəti, tarixi, təzahür formaları” adlı təqdimatında dini radikalizm anlayışı, dini radikalizmin yaranma səbəbləri, yayılma mühiti, dini radikalların insanları cəlbetmə üsulları haqqında ətraflı məlumat verib. Şöbə müdiri bildirib ki, dini radikalizm hər hansı bir dinə aid deyil. Dünyada mövcud olan bütün dinlərdə radikalizmə meyilli cərəyanlar, qruplaşmalar mövcuddur. Dini radikalizmin yayılma metodologiyası, cəlbetmə üsullarından danışan E.Kərimova dini radikalizmlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin, xüsusən qadınların iştirakının vacibliyinə diqqəti çəkib. Bildirib ki, dünyanın bir sıra digər xalqlarından fərqli olaraq, tarixən Azərbaycan qadını özünün cəmiyyətdəki yüksək rolu ilə fərqlənib. Milli adət-ənənələr əsasında tərbiyə almış Azərbaycan qadınının cəmiyyətdə rolunun daha da yüksəldilməsi, millilik və müasirliyin vəhdətində öz mövqeyini gücləndirməsi çox vacib amildir.
Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva dini maarifləndirmə, dini radikalizmlə mübarizə çərçivəsində görülən işlərdə Komitənin sifarişi ilə çəkilmiş “Fitnə”, “Şəhadət” sənədli filmlərinin, eləcə də uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Üfüqdəki gələcək” sənədli filminin böyük əhəmiyyəti  olduğunu bildirib. Qeyd edib ki, dini radikalizmin yayılması üçün yaş, cins, milli, irqi məhdudiyyət yoxdur. Dini radikal qruplar bütün vasitələrdən istifadə edərək öz zərərli fikirlərini yaymaq, cəmiyyətdə insanlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratmağa cəhd edirlər. Bunun üçün ən geniş yayılmış təbliğat platforması sosial şəbəkələrdir. Sosial şəbəkələr vasitəsilə dini radikal ideyalar geniş yayılır, əsasən dini bilgiləri zəif olan şəxslər cəlb olunur. Məhz bu səbəbdən xüsusən məktəblilərin, yeniyetmələrin sosial şəbəkədən istifadəsinə ciddi nəzarət edilməli, dini maarifləndirmə fəaliyyəti davam etdirilməlidir.
Daha sonra Cəlilabad rayonu Alar kənd 2 saylı tam orta  məktəbin direktoru Təranə Mustafayeva, Göytəpə şəhər 1 saylı məktəbin müəllimi Elnarə Həsənova çıxışında dini radikalizmlə mübarizədə maarifləndirmə işinin mənəvi və psixoloji əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, maarifləndirmə tədbirləri cəmiyyətin bütün sahələrini əhatə etməli, xüsusilə orta ümumtəhsil məktəblərində keçirilməlidir. Gənc nəsil Vətənə sevgi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunmalıdır.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunan "Şəhadət" sənədli filmi nümayiş etdirilib. 
 


Son baxılan xəbərlər

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
07.06.2018 / 16:39
Ətraflı oxu

Bolqarıstanın din xadimləri Azərbaycanın multikultural dəyərləri barədə məlumatlandırılıblar

Multikulturalizm
28.11.2016 / 15:45
Ətraflı oxu

İslam həmrəyliyinin Azərbaycan modeli

İSLAM HƏMRƏYLİYİ İLİ
21.10.2017 / 10:15
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
12.11.2018 / 17:02
Ətraflı oxu

Multikulturalizm xalqımızın həyat fəlsəfəsidir

Multikulturalizm
07.02.2017 / 16:50
Ətraflı oxu

Qubada bölgənin din xadimləri Bayraq muzeyində olublar

Press-relizlər
07.11.2018 / 16:40
Ətraflı oxu