Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik"

Press-relizlər / 01.06.2018 / 17:06

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın dövlət-din modeli bütün dünya üçün nümunədir. Bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 1-də Şəkidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən konfransın ikinci panelində səsləndirilib.
Tədbirdə Dövlət Komitəsinin və şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, Şəhər Ağsaqqallar Şurasının üzvləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, fəal gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransın təşkilatçı qurumlarının rəhbərləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, bu gün ölkəmizdə dövlət-din münasibətlərinin mövcud səviyyəsinin ən yaxşı model kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Dövlət dini qurumlar və dini icmalar arasında münasibətlərin sağlam əməkdaşlıq və tolerantlıq əsasında qurulması işinə yardım edir. Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, tolerantlıq mühitinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi ilə bağlı görülən işlər barədə geniş məruzə edib. Komitə sədri bildirib ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq, dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Hətta Azərbaycan təcrübəsindən, modelindən istifadə etmək istəyən Qərb dövlətləri də az deyil. Bütün bunlar həm də ulu öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Mübariz Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi çox mühüm hadisə idi və bunun böyük siyasi, iqtisadi, mənəvi və ideoloji əhəmiyyəti vardır. Bu gün bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdən biri planetimizi, sülhü qorumaq, dünyadakı mövcud dinlərin və xalqların inkişafına hərtərəfli dəstək verməkdir. Bu proses başqa bir platformada bu gün də davam etməkdədir.
Komitə sədri bildirib ki, bu günlər xalqımız çox əlamətdar tarixi hadisəni – Azərbaycanın tarixində çox mühüm və əhəmiyyətli yer tutmuş Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini böyük təntənə ilə qeyd edir. Cümhuriyyətin tarixinin öyrənilməsi və ictimaiyyətə çatdırılması çox vacib bir məsələdir. Demokratik Cümhuriyyətin quruculuğunda həyata keçirilən tarixi işlər sonrakı dövrlərdə də Azərbaycan xalqının inkişafına, tarixinə, mənəvi həyatına çox böyük təsir göstərib.
Komitə sədri deyib: “Cümhuriyyətin 100 illiyinin qeyd edərkən, eyni zamanda, AXC rəhbərlərinin o dövrdə həyata keçirdiyi siyasətin ayrı-ayrı istiqamətlərini də bir daha tarixi olaraq nəzərdən keçirmiş oluruq. Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik”.
Komitə sədri bildirib ki, Xalq Cümhuriyyəti dövründə Cümhuriyyətin siyasətində dövlət-din məsələləri çox əhəmiyyətli yerlərdən birini tutub. Bu da təsadüfi deyildi. Çünki Azərbaycanda Çar Rusiyasının süqutundan sonra müstəqil dövlət yaradılması istiqamətində fəaliyyətə başlanılanda daxildə qarşıdurma yaratmaq, ölkənin müstəqilliyinin qarşısını almaq üçün müxtəlif vasitələrə əl atılırdı. Bu vasitələrdən biri də məzhəblərarası qarşıdurma yaratmaq və bu məzhəbləri bir-biri ilə toqquşdurmaqla Azərbaycanın inkişafını ləngitmək idi. “Cümhuriyyətin qurucuları bunu yaxşı dərk edərək, o dövrdə xüsusi Dini Etiqad Nazirliyi yaratmışdılar. Şeyxülislamla müftini birləşdirən bu qurum Azərbaycan xalqını vahid ideya ətrafında toplayaraq bu cür təxribatların qarşısını almağa müvəffəq oldu”, - deyə Mübariz Qurbanlı bildirib.
Qeyd edilib ki, Xalq Cümhuriyyəti dövründəki dövlət-din modelində vahid din, vahid sistem, vahid idarəçilik dini azadlıq istiqamətində qurulub. Bu, çox önəmli bir nümunə olub və müsəlman dünyasında ən mütərəqqi modellərdən biri hesab olunub.
Komitə sədri Mübariz Qurbanlı vurğulayıb ki, dövlət-din modelinin varisliyi Xalq Cümhuriyyəti dövründən bu günümüzə daşınıb. Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik bizim Konstitusiyamızın ana sütunlarından biridir.
Müsəlman dünyasını ümumi məqsəd ətrafında birləşdirməyin və vahid mövqedən çıxış etməyin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin dövlətimizin başçısının İslam birliyinə həssas münasibətini göstərdiyini deyib. Əlavə edib ki, İslam həmrəyliyi ancaq müsəlman ölkələrində deyil, bütün dünyada sülhün və dinc yanaşı yaşamağın mühüm şərtlərindəndir.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov və Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev çıxış edərək, rayondakı mövcud dini durum barədə məlumat verib, din sahəsində zərərli ideyaların yayılmasının qarşısının alınmasında belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndiriblər.
 
 


Son baxılan xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu

"Suraxanı Oil" Əməliyyat Şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
23.04.2019 / 12:48
Ətraflı oxu

Zaqatalada “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.03.2018 / 10:01
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilir

Press-relizlər
06.12.2018 / 17:37
Ətraflı oxu

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Xəbərlər
12.04.2018 / 10:23
Ətraflı oxu

Horadizdə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
31.05.2019 / 11:22
Ətraflı oxu