Yevangelist Xristianlar İttifaqının səlahiyyətli nümayəndəsi:"Azərbaycan bir çox ölkələrə nümunə ola bilər" – MÜSAHİBƏ

Müsahibələr / 30.04.2018 / 14:12

İsveçdə qeydiyyatda olan “Həyat Sözü” beynəlxalq təşkilatının icraçı katibi və Moskvadakı “Həyat Sözü” Bibliya mərkəzinin prezidentinin birinci müavini, Azərbaycan Respublikasında Yevangelist Xristianlar İttifaqının səlahiyyətli nümayəndəsi, pastor Aleksandr Vladimiroviç Neretin Bakıda xidməti ezamiyyətdə olub. Həmin vaxt “Vesti.az”ın müxbiri onunla görüşərək, “Həyat Sözü” kilsəsinin fəaliyyəti, paytaxt Bakı və Azərbaycan haqqında təəsürratları ilə bağlı müsahibə götürüb.
Strateq.az Aleksandr Vladimiroviç Neretinin həmin müsahibəsini Azərbaycan dilli oxuculara təqdim edir:

– Yaxşı olardı ki, ilk öncə oxucularımıza “Həyat Sözü” kilsəsi haqqında qısa məlumat verəsiniz. Kilsə nə vaxt və harada yaranıb, onu digər xrsitian konfessiyalarından fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

– “Həyat Sözü” kilsəsi 1983-cü ildə İsveçin Upsala şəhərində sabiq lüteran keşişi Ulf Ekman tərəfindən yaradılıb. Bu, protestantlığın qollarından biri sayılan Yevangelist (Müjdəçilik) kilsəsidir. Bu gün klassik köklərə malik olan üç əsas xristian konfessiyası mövcuddur – katoliklik, pravoslavlıq və protestantlıq. Dini ayinlərin müxtəlifliyinə və ilahiyyatla bağlı ikinci dərəcəli məsələlərdəki bəzi fərqlərə baxmayaraq, əsas xristian ehkamlarına olan ənənəvi baxışları bu konfessiyaları birləşdirən əsas amildir.
“Həyat Sözü” kilsəsinin fərqləndirici xüsusiyyətləri dinin əsas həyati prinsiplərini yaymaq və icmanın sosial məsuliyyətidir. Elə buna görə də biz həmişə dünyanın müxtəlif ölkələrində – İndoneziyada sunamidən zərər çəkənlərdən tutmuş, İraqda, Hindistanda və Ukraynanın şərqində münaqişələrdən əziyyət çəkənlərə qədər hamıya yardım göstərməyə, çoxsaylı humanitar layihələrdə fəal iştirak etməyə çalışırıq.
Bizim Azərbaycanla tanışlığımız 1993-cü ildə bir qrup azərbaycanlı biznesmenin dəvəti ilə bu ölkəyə gəlişimizlə başladı. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin “Həyat Sözü” kilsəsi rəhbərinin müavini Karl Qustav Severinlə şəxsi görüşündən sonra bizə erməni təcavüzündən zərər çəkmiş qaçqınlara yardım etmək, eləcə də ölkədə azad şəkildə fəaliyyət göstərmək imkanı yaradıldı.
Bu illər ərzində icmamız Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edib, ölkənin irəliyə doğru nəhəng addımlarının şahidi olub. Odur ki, “Həyat Sözü” – Azərbaycanın çoxdankı dostudur.

– Əgər yanılmıramsa, əvvəllər kilsəniz “Mədh Kilsəsi” adlanırdı. Bəs adın dəyişməsi nə ilə əlaqədardır?

– Düzdür, əvvəllər kilsə “Mədh Kilsəsi” adlanırdı. Bu, prinsip və ya qaydaların dəyişməsi ilə əlaqədar deyildi. Biz hərəkatımızda kilsənin adına həddən ziyadə əhəmiyyət vermirik, əsas diqqətimizi insanlara yardıma və kilsənin bilavasitə fəaliyyətinə yönəldirik. Biz yerli mədəniyyətin və milli qanunvericiliyin xüsusiyyətlərini nəzərə almağa çalışırıq. Protestantlıq qanuna tabe olan vətəndaş olmağı öyrədir. Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında qanununda edilən dəyişikliklərdən sonra kilsənin adını qaytarmaq imkanı əldə elədik ki, bu da bizi çox sevindirir.

– Aleksandr Vladimiroviç, kilsənin coğrafiyası haqqında nə deyə bilərsiniz? O, hansı qitələri əhatə edir və neçə üzvü var?

– Bu gün “Həyat Sözü”, Cənubi Amerikanı çıxmaq şərti ilə, praktiki olaraq bütün qitələri əhatə edən Yevangelik (Müjdəçilik) kilsələrinin böyük beynəlxalq hərəkatıdır. Biz dünyada mövcud olan bütün iri Yevangelik (Müjdəçilik) kilsə ittifaqları və hərəkatlarının assosiativ iştirakçısı və ya tərəfdaşıyıq. Biz özümüzü başqa xristianlardan ayırmırıq, bizim həm katolik, həm də pravoslav kilsələri ilə gözəl münasibətlərimiz var. Rusiyada yepiskop başçısı Sergey Vasilyeviç Ryaxovski Rusiya Federasiyası Prezidenti yanında yaradılmış dini təşkilatlarla əməkdaşlıq üzrə şuranın üzvüdür və bir necə dövlət təltiflərinə layiq görülüb. Avropada “Həyat Sözü” Suriya və İraqda İŞİD- in müdaxiləsindən zərər çəkmiş ərazilərdə qaçqınların sosial adapdasiyasına yardımçı olub. İraqda terrorçuların qəddar rəftarının qurbanları olan qadın və uşaqlar üçün sığınacaq var.
Bu gün beynəlxalq hərəkat olan “Həyat Sözü”nün bütün dünya üzrə 1000 kilsə var, daha 1000 kilsə isə bizimlə əməkdaşlıq edir.
Təkcə Rusiya Federasiyasında “Həyat Sözü”nün də daxil olduğu Müjdəçilik ittifaqında 1600 kilsə var.

– Başqa ölkələrlə yanaşı bizim ölkəyə də tez- tez gəlirsiniz. Nə vaxtdan bəri kilsəniz Azərbaycanda fəaliyyət göstərir? Əgər sirr deyilsə, kilsənin burda necə üzvü var və onların milli tərkibi necədir?

– Artıq qeyd etdiyim kimi, bizim məbəd 1993 ildən burda fəaliyyət göstərir. Biz “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Ali Sovetinin 30 avqust 1991-ci il bəyannaməsindən yalnız 2 yaş kiçiyik və bu çoxillik əməkdaşlığı lazımınca qiymətləndiririk. Azərbaycanda “Həyat Sözü”nün 2 qeydiyyatdan keçmiş icması var – Bakıda və Sumayıtda. Lakin üzvlərimiz ölkənin bir çox şəhərlərində yaşayırlar. Bu gün Bakı şəhərində mərkəzi icmanın sayı 700 nəfərə yaxındır, Azərbaycanın regionlarından məbədə gələnlərin sayı 400 nəfərdən az deyil.
Biz heç vaxt icmalarımızın milli tərkibini araşdırmamışıq, müjdənin əsas prinsipi beynəlmiləlçilikdir. Bizim icmada Azərbaycanda yaşayan əksər millətlərin nümayəndələri təmsil olunurlar. Bu mənada Azərbaycanın möhtəşəm nişanı olan beynənmiləlçilik ənənələri bizim məbəddə də qorunur.
Şəxsən özümə gəldikdəsə mən, demək olar ki, dini fəaliyyətlə məşğul deyiləm. Mənim səlahiyyətimə icmanın təşkilati-texniki məsələlərinin həlli daxildir. Bakıda və digər ölkələrə olan özəl ezamiyyətlərim bu vəzifəmlə bağlıdır.

– Belə görürəm ki, bizim ölkəmizdə təzə deyilsiniz… Mən təşkilatınızı nəzərdə tuturam. Yəqin ki, bu müddət ərzində sizdə Azərbaycan haqqında müəyyən fikir formalaşıb. Lakin məqsədimiz sizin ölkəmiz haqqında təəsüratlarınızı eşitmək deyil, təşkilatınızın burda keçdiyi yola nəzər salmaqdır. Ənənəvi bir müsəlman ölkəsində bu cür fəaliyyət növü ilə məşğul olmaq çətin deyilmi?

– İcazənizlə, bəzi lirik xatirələri yada salmaq istəryərdim. Hələ məktəbliykən bizim evdə “SSRİ” adlı kitab- fotoalbom var idi. Mənim 5-6 yaşım olardı və bu kitabdan oxumağı öyrənərdim. Azərbaycana həsr olunmuş hissə, xüsusilə “Qız qalası”nın fotoşəkli yaxşı yadımdadır. Bu fotoya uzun müddət diqqət kəsilirdim, sanki kimsə və ya nəsə sizin möhtəşəm ölkənizlə olacaq gələcək əlaqələri öncədən mənə deyirdi.
İlk dəfə Azərbaycanda 1994- cü ildə olmuşam. Bu, ölkəniz üçün heç də asan vaxt deyildi. Biz qaçqınların çadır düşərgələrini ziyarət edir, ora ərzaq, çadır və səyyar mətbəxlər aparırdıq. Bu gün Azərbaycan, yumşaq desək, dəyişib və çox güclü, müasir bir dövlət olub. Ölkənin inkişafındakı keyfiyyətli sıçrayış təsiredicidir. İlk görüşdən Bakı məni məftun etdi. Bakılıların qonaqpərvərliyi, səmimiyyəti və ürəkaçıqlığı inanılmazdır. Bu, təkcə mənim şəxsi təəsüratlarım deyil, bura gələnlərin hamısı bunları görür.
Təşkilata gəldikdə isə, bizim dövlət orqanları ilə olan münasibətlərimizin tarixi də daha çox müsbət hadisələrlə zəngindir. Məsih pisi unutmağı öyrədir. Vaxt var id,i dövlət orqanları bizə, güman ki, həddən artıq şübhə ilə yanaşırdılar. Bir tərəfdən bunu anlamaq mümkündür, belə ki, Azərbaycan çətin vəziyyətdə idi və müəyyən dini qruplar ekstremist fəaliyyətin mənbəyi idi. Bu vəziyyətdə dövlət ölkəni belə qurumların təsirindən müdafiə etməlidir. Protestantlıq ölkədəki asayiş və hakimiyyət üçün dua etməyi və ona hörmət bəsləməyi öyrədir. Ancaq bəzən yerlərdə müəyyən “əyintilər” olurdu.
Lakin bu gün vəziyyət tamamilə dəyişib. 21 iyun 2001-ci il tarixli Prezident Sərəncamına əsasən yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində dini icmalarla əlaqələrin bərpası və vətəndaşıların dini etiqad azadlığının, konstitusiya hüquqlarının təminatı üzrə xeyli yaxşı işlər görülüb və görülməkdə davam edir. Sözsüz ki, xarici din xadimlərinin fəaliyyəti üçün müəyyən məhdudiyyətlər var və bu, işi bir qədər çətinləşdirir, lakin digər tərəfdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qarşılıqlı qərarların axtarışında böyük yardım göstərir.
Mənim təcrübəmə gəlincə, məsələn, Rusiya Federasiyasında ayrı-ayrı dini qrupların ekstremist fəaliyyətləri ilə bağlı problemlər daha dəqiq həll olunur ki, bu da xoş və konstruktiv iş görmək istəyənlərin fəaliyyətində çətinliklər yaranmasının qarşısını alır. Fikrimcə, burda da Dövlət Komitəsi nəzdində ekspert şurasının yaradılması bu işdə yardımçı ola bilər.

– Aleksandr Vladimiroviç, ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiyalar barəsində nə deyə bilərsiz (onların hansı dini cərəyana aid olması önəmli deyil), onlarla qarşılıqlı münasibətləriniz necədir? Bu qarşılıqlı münasibətlər hansı prinsiplər üzərində qurulur? Məcburi əməkdaşlıq, yoxsa soyuq müharibə?
 
– Bizim bu məsələyə yanaşma tərzimiz həvari Pavelin Romalılara məktubuna (Romalar 12:18 ) əsaslanır. O yazır: “İmkan daxilində, bacardıqca bütün adamlarala sülh içində yaşayın”. Eləcə də apospol Pyotrun birinci məktubunda (2:17) yazılıb: “Hamıya hörmət edin, imanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin”. Katolik kilsəsi ilə gözəl münasibətlərimiz var. Pravoslav kilsəsi bizim böyük qardaşlarımızdır. Rusiyada gözəl və səmərəli yəhudi – xrsitian dialoqumuz var. Əhalinin böyük əksəriyyətinin islama iman etdiyi Azərbaycanda biz ümumi dəyərlərimizə əsaslanaraq Müsəlman Ruhani İdarəsi ilə konstruktiv və hörmətli qarşılıqlı əməkdaşlıq təklifini irəli sürmək istəyirik. Ona görə də deyə bilərəm ki, dini müxtəlifliyə baxmayaraq, bizim əsas məqsədimiz cəmiyyətin və ölkənin xeyri üçün bütün dini cərəyanlarla maksimal əməkdaşlıqdır. Biz dindən siyasi məqsədlərlə və ya ekstremist və destruktiv ideyaların təbliğatı üçün istifadə etmirik.

– Siz dünyanın bir çox ölkələrində işgüzar ezamiyyətlərdə olursuz. Azərbaycanı digər ölkələrdən fərqləndirən əsas xüsusiyyətləri hansılardır?

– Bəli, mən Ukraynada işləmişəm, Rusiyada işləməkdə davam edirəm və “Həyat Sözü” beynəlxalq Kilsələr Birliyinin icraçı katibi kimi Hindistan, Cənub Şərqi Asiya, Orta Asiya, MDB və Avropada olan icmalarımıza baş çəkirəm. Azərbaycan Şərq temperamenti və qonaqpərvərliyin ecazkar axınıdır – bu, Şərqlə Qərbin təkrarolunmaz birləşməsidir. Mən Bakıda olanda özümü qədim mədəniyyət dəyərlərini özündə qoruyub saxlamış müasir və inkişaf etmiş cəmiyyətin mərkəzində hiss edirəm. Məncə, bu, çox cəzbedicidir. Müasir Qərb cəmiyyətində liberalizm və postmodernizm insanlara çox vacib olan mənəvi-etik sərhədləri silib aparır. Mən çox şadam ki, Azərbaycanda ənənəvi ailə mədəniyyəti var. Bu, hər sahədə özünü göstərir. Ailə – üzərində güclü və sağlam cəmiyyət qurulan kərpic daşına bənzəyir, açıq-aydın görünür ki, bu mənada Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər.

– Bu gün Azərbaycanda multikulturalizm və dini tolerantlıq, demək olar ki, dövlət idarəçiliyinin əsas istiqamətlərindən birinə və onun aparıcı hissəsinə çevrilib. Bu tendensiyanı necə qiymətləndirirsiniz?

– Mən bunda münasibətlərin dövlət modelinə çevrilmiş Azərbaycan milli xarakterinin parlaq nümunəsini görürəm. Azərbaycanla uzun illərin dostluğu ərzində bircə dəfə də olsun dini müstəvidə ksenefobiya təzahürləri ilə rastlaşmamışam. Öz ünvanıma mənim Azərbaycan dilimin pis olmağı haqda heç bir irad eşitməmişəm. Məncə, Azərbaycan modelinin əsrarəngizliyi multikulturalizm və tolerantlığın xaricdən gələn təsirlə yox, çoxəsrli milli mədəniyyətlə bağlı olmasındadır. Müxtəlif ölkələrdə olduğuma görə, deyə bilərəm ki, Azərbaycanın bu sahədə təcrübəsi multietnik və ya multidini əhalisi olan ölkələr tərəfindən qəbul edilməlidir.
Mən əminəm ki, Azərbaycanın prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş multikultural və dini tolerantlıq əsasında qurulan dövlət modeli uğura məhkumdur. Bu münasibətlə özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın inkişafına töhfələr gətirən 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın sözlərini xatırlatmaq istəyirəm: “Azərbaycan çoxmillətli və çox konfessiyalı bir dövlətdir. Multikulturalizm, qarşılıqlı hörmət Azərbaycan dövlətinin dövlət siyasəti və bizim xalqımızın əsas dünyagörüşüdür. Əsrlərdən bəri Azərbaycan torpağında müxtəlif konfessiyaların, sivilizasiya və mədəniyyətlərin nümayəndələri sülh və əmin-amanlıq içində yaşamışlar. Bizim ölkəmizin ərazisində yaşayan bütün xalqların mədəni müxtəlifliyi bizim zəngin sərvətimizdir”.
 
– Son illərin sürətli texniki tərəqqisi bəşəriyyəti çıxılmaz dalana dirəyib və çox çətin bir dilemma qarşısında qoyub. Qloballaşma qaçılmaz bir reallığa çevrilərək milli-mədəni dəyərlərin qorunması və inkişafına təhlükə törədir. Belə olan halda multikultural dəyərləri necə qorumaq olar? Sizcə, ümumi məxrəc tapmaq mümkündürmü?

– İmanlı bir insan olaraq, insanın təkamül qabiliyyətinə çox skeptik baxıram, ancaq çox düzgün qeyd etdiyiniz kimi, sürətli texniki tərəqqi bu istiqamətdə çıxılmaz vəziyyət yaradır. Bu sualın cavabını bu müsahibədə axtarmağa cəhd göstərməyəcəyəm, ola bilsin ki, bunu başqa vaxt müzakirə etmək imkanımız olsun, amma mən nikbin olmaq istəyirəm. Əgər ümumi məxrəci bizi birləşdirən məqamlarda axtarsaq, fikrimcə, bu mümkündür. Bilmək istəyirsinizsə, bu, özünüqoruma instinktidir. Multikultural və tolerant dəyərlər bəşəriyyəti yox olmaqdan qorumağa kömək edə biləcək yeganə vasitədir. Odur ki, İsanın “qonşunu özün kimi sev” əmri, fikrimcə, bununla çox gözəl uyğunlaşır. Qoy, Azərbaycan gələcəkdə də bu sahədə böyük uğurlara imza atsın!

strateq.az
 

Son baxılan xəbərlər

Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
12.10.2018 / 15:54
Ətraflı oxu

Lənkəranda “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
10.10.2018 / 15:25
Ətraflı oxu

Prezident İlham Əliyev: “İslam aləmində həmrəyliyin möhkəmləndirilməsi işindəki fəaliyyətimiz müsəlman dünyasında yüksək qiymətləndirilir”

Xəbərlər
10.10.2018 / 15:31
Ətraflı oxu

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Xəbərlər
09.10.2018 / 12:38
Ətraflı oxu

Masallıda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
17.10.2018 / 17:22
Ətraflı oxu

"İslamda Vətən və dövlət sevgisi"

Kitablar
04.12.2015 / 12:49
Ətraflı oxu