Hərb tariximizin şanlı səhifəsi

Press-relizlər / 02.04.2018 / 10:05

Aprel hadisələrindən iki il ötür. 2016-cı ilin aprelində düşmənlə təmas xəttində 22 illik atəşkəs dövrünün ən güclü hərbi qarşıdurması baş verdi. Tarixə “aprel döyüşləri” kimi düşən bu hadisələrdə Azərbaycan Ordusu öz sözünü dedi. İşğal olunmuş 2 min hektar sahə, o cümlədən strateji Lələtəpə yüksəkliyi düşməndən azad edildi, Cocuq Mərcanlı sakinlərinin həyatı üçün təhlükə tamamilə aradan qaldırıldı.
Həmin günlərdə erməni hərbi birləşmələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etmək cəhdləri, kəndləri artilleriya atəşinə tutmaları, dinc əhalini hədəfə almaları Ermənistanın təcavüzkar və işğalçılıq siyasətinin növbəti təsdiqi oldu. Bununla bir daha sübut edildi ki, rəsmi Yerevan Dağlıq Qarabağ probleminin həllində konstruktiv mövqe ortaya qoymaqda maraqlı deyil. Lakin qarşılığında Azərbaycanın gücünü gördülər. Başa düşdülər ki, Azərbaycan ərazi bütövlüyünün bərpasını sadəcə diplomatik danışıqlarla təmin etmək niyyətində deyil.
Bu mənada atəşkəs rejimi dövründə qoşunların təmas xəttində ara-sıra döyüşlər olsa da, 2016-cı il aprelin əvvəllərində baş verənlər Azərbaycanın Ermənistan qarşısında hərbi üstünlüyünün və ərazilərinin hərbi yolla azad etmək əzminin praktik təsdiqi oldu. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, ordumuz çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Ermənilər kimlərinsə sayəsində “keçilməz sədd”, “aşılmaz maneələr”, “dəf edilməz səngərlər” yaratmışdı. Amma Lələtəpə əməliyyatı göstərdi ki, bütün bunlar mifdir, Azərbaycan əsgəri üçün heç nədir! Həm də o əməliyyatlarda malik olduğumuz silah-sursatın cüzi qismi işlədildi. Çünki əvvəlcədən hazırlanmış hücum əməliyyatı deyildi ki, bütün texnikanı oraya yığaq. Biz sadəcə təxribata cavab verdik.
Həmin günlərdə düşmən çaşqınlıq içində idi. Mətbuatda demək olar ki, hər gün ali və yüksək rütbəli erməni zabitlərinin işdən qovulması və ya həbs olunması barədə informasiyalar yayılırdı. O zabitlər ki, hər bir ordu üçün əhəmiyyət kəsb edən sahələrə cavabdeh olublar. Kimisi Ermənistan ordusunun silahla təchizatına, kimisi kəşfiyyata, rabitəyə, kimisi avtomobil təsərrüfatına məsul olub. Erməni rəhbərliyi aprel məğlubiyyətinin səbəbini həmin zabitlərin məsuliyyətsizliyində axtarsa da, həqiqət başqadır. Əsl həqiqət odur ki, bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Dörd gün ərzində düşməni əzən, hərbi baxımdan xeyli strateji yüksəklikləri, ümumən 2 min hektara qədər işğal altında olan ərazimizi azad edən Azərbaycan Ordusu isə inkişaf edən respublikamızın real mənzərəsidir.
Azərbaycan ictimaiyyəti buna qədər ordumuzun hansı gücə malik olduğunu parad və təlimlərdə görmüşdü. Dördgünlük müharibənin yekunu olaraq düşmənin 22 il ərzində möhkəmləndirdiyi mövqelərdən, strateji yüksəkliklərdən geri otuzdurulması, işğal olunmuş ərazinin bir qisminin azad edilməsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən əzici gücə və üstünlüyə malikdir. Bütün bunlar həm də o deməkdir ki, ötən 15 ildə Azərbaycanda ordu quruculuğu uğurla həyata keçirilib. Bu dövrdə görülən tədbirlər sayəsində Silahlı Qüvvələrimizin modernləşməsi təmin olunub. Ən müasir və yeni dağıdıcı qüvvəyə malik silah və döyüş texnikası ordunun arsenalına daxil edilib. Qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə hissə və bölmələr müasir artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, toplar, taktiki raket kompleksləri, zenit-raket kompleksləri, ağır odatan sistemləri, pilotsuz uçuş aparatları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib. Hissə və bölmələrə müasir zirehli tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları daxil olub. Bunun da nəticəsində son 15 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyəti dəfələrlə artıb.
Aprel döyüşləri eyni zamanda ordumuzun peşəkarlığını göstərdi. Çünki ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.
Sözsüz ki, düşmən aprel döyüşlərinədək qarşı tərəfin hərbi gücü barədə məlumatsız olmamış deyildi. Ən azından Silahlı Qüvvələrimizin zəngin arsenalının hərbi paradlarda nümayiş olunan cüzi hissəsi modern hərbi quruculuğumuz, hərbi birləşmələrimizin artan və daha effektiv olan döyüş imkanları barədə aydın təsəvvür yaradır. Həmin silahların bir çoxunun heç köhnə modifikasiyaları belə erməni ordusunda demək olar ki, yoxdur. Amma aprelə qədər Ermənistan siyasətçiləri və zabitləri hər vəchlə erməni cəmiyyətini aldatmağa çalışır, Azərbaycan üzərində hərbi üstünlüklərini iddia edirdilər. Aprel döyüşlərindən sonra isə həmin adamlar özləri də əmin oldular və həm də gördülər ki, Azərbaycanın qarşısında aciz və cılız vəziyyətdədirlər.
Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhə xəttində baş verənlər beynəlxalq təşkilatların, siyasətçilərin və xarici KİV-in də diqqətində oldu. Xarici mediada Azərbaycan ərazilərinin işğalına dair reallıqları əks etdirən xəbərlər yayıldı. Hətta erməni təəssübünü çəkən dövlətlər də Ermənistanın mövqeyini dəstəkləmədilər. Siyasətçilərin bəyanatlarında birmənalı şəkildə vurğulandı ki, beynəlxalq təşkilatların işğal altında olan ərazilərdən qeyd-şərtsiz çıxmaq barədə qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Dağlıq Qarabağı və ətraf yeddi rayonu tərk etmir. Beləliklə, aprel hadisələri Azərbaycanın qələbəsi ilə başa çatmaqla yanaşı, diplomatik cəbhədə də ölkəmizin üstünlüyünü möhkəmləndirdi. Məhz bu hadisələrdən sonra beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etməyə başladı.
Qürur hissi ilə deməliyik ki aprel qələbəsi Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Ən əsası, Ermənistanın Azərbaycana qarşı həyata keçirmək istədiyi hərbi təxribatların ordumuz tərəfindən qarşısının alınması zamanı cəmiyyətimiz həmrəylik nümayiş etdirdi. Hər kəs ordumuza, əsgərimizə dəstək oldu. İnsanlar silaha sarılmağa hazır olduqlarını bildirərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdilər. Bütövlükdə bu uğurlu döyüş salnaməsi dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu göstərdi.
 
Amil CAVADOV,
YAP Gənclər Birliyinin Şura üzvü

 “Azərbaycan” qəzeti

  01 aprel 2018-ci il

 
 

Son baxılan xəbərlər

Xalqa xidmət böyük şərəfdir!

Xəbərlər
22.06.2020 / 13:04
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə Qafqaz Albaniyası irsinin araşdırılması istiqamətində ...

Xəbərlər
13.09.2018 / 17:47
Ətraflı oxu

Daşkəsəndə ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər
12.10.2018 / 12:11
Ətraflı oxu

Regional konfrans panel iclasla öz işini davam etdirib

Press-relizlər
25.04.2019 / 17:00
Ətraflı oxu

Müasir qloballaşma şəraitində multikulturalizm və insan hüquqlarının müdafiəsi

Multikulturalizm
04.04.2016 / 09:52
Ətraflı oxu

Daxili Qoşunların zabit heyəti ilə görüş keçirilib

Press-relizlər
16.02.2018 / 11:54
Ətraflı oxu