“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib

Press-relizlər / 29.03.2018 / 17:38

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, millət vəkili Elman Nəsirov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, DQİDK və AMEA-nın məsul şəxsləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransın açılışında ermənilərin törətdikləri soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirin “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair” Tədbirlər Planına uyğun olaraq baş tutduğunu diqqətə çatdırıb. Bu cür konfransların keçirilməsinin soyqırımı törədənlərin ifşa olunması və ictimaiyyətin geniş məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Dövlət Komitəsinin sədri Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmağın, əsl həqiqətləri dünyaya bəyan etməyin mümkün olduğunu bildirib.  O, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərman ilə erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verildiyini deyib. Mübariz Qurbanlı son illər erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyətin daha da genişləndiyini, ermənilərə qarşı ideoloji mübarizənin aparıldığını qeyd edib.
Tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən soyqırımı faktları barədə danışan AMEA Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov ermənilərin məkrli siyasətinin ifşa olunmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunun olduğunu bildirib. Y.Mahmudov Ulu Öndər Heydər Əliyevin son 200 ilin tarixinin yenidən araşdırılması barədə verdiyi göstəriş əsasında Tarix İnstitutunun əməkdaşları tərəfindən dünyanın müxtəlif ölkələrinin arxivlərində aparılan araşdırmaların nəticəsində XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, dini və tarixi abidələrin, məktəblərin, məscidlərin və qəbiristanlıqların dağıdılması faktlarının sənədlərlə sübuta yetirildiyini deyib. O, bu barədə faktları özündə əks etdirən, müxtəlif dillərdə kitab və broşürlərin çap edilərək yayıldığını diqqətə çatdırıb. Bu istiqamətdə qarşımızda duran əsas vəzifələrin xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmağın, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmağın vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı, professor Elman Nəsirov azərbaycanlıların soyqırımı gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını qeyd edib. Bildirib ki, soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən on minlərlə günahsız soydaşımız amansızlıqla qətlə yetirilib. Tarixboyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən əl çəkməyən ermənilər havadarlarının köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin məqsədlərinə çeviriblər. Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində bu gün artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır.
Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı bildirib ki, ölkəmizin ərazisində yaşayan, multikultural mühitin tərkib hissəsi olan etnoslar da soyqırıma məruz qalıb. Q.Cavadlı son bir əsr ərzində azərbaycanlıların bir neçə dəfə ermənilər tərəfindən soyqırıma məruz qalmasının bu xalqın çirkin niyyətlərinin sübutu adlandırıb. Qeyd edib ki, dövlət səviyyəsində soyqırıma həsr olunmuş tədbirlərin keçirilməsi gələcək hədəflərimizi müəyyənləşdirmək baxımından çox böyük əhəmiyyət daşıyır.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımıları erməni şovinizminin əsl mahiyyətini bir daha üzə çıxarıb. K.Pominov qeyd edib ki, ermənilərin torpaq əldə etmək üçün Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilməli, bu vandalizm cəzasız qalmamalıdır.  
Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski çıxış ediblər.
Diqqətə çatdırılıb ki, 1918-ci il martın 31-də törədilmiş qətliamlar Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalıb. Ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətl edilməsi, etnik təmizləmə siyasəti XX əsrin sonlarında da davam edib. Ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkədir və erməni vandalizmi cəzasız qalmamalıdır. Hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət ermənilərin “böyük Ermənistan” xülyasını darmadağın edir.
Sonra AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi katibi İradə Əliyeva, İnstitutun “Qarabağ tarixi” şöbəsinin müdiri Gültəkin Nəcəfli, “Azərbaycanın sovet tarixi” şöbəsinin müdiri İlqar Niftəliyev özündə tarixi faktları əks etdirən təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, konfrans çərçivəsində ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı barədə kitablar sərgilənib.


Son baxılan xəbərlər

“Dini mərasimlər, ənənəvilik və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
27.08.2019 / 14:40
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
11.04.2019 / 14:53
Ətraflı oxu

Mübariz Qurbanlı: "İlahiyyat İnstitutunda digər dinlər üzrə də kadr hazırlığı nəzərdə tutulur" - MÜSAHİBƏ

Müsahibələr
12.07.2019 / 14:07
Ətraflı oxu

Göyçayda “Zərərli vərdişlər, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
29.03.2019 / 17:38
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.01.2019 / 14:29
Ətraflı oxu

"Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda ikigünlük seminar başlayıb

Press-relizlər
10.10.2016 / 18:06
Ətraflı oxu