Nərimanov rayonunda radikalizmə qarşı mübarizə mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 29.01.2018 / 13:59

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətində keçirilən seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların Nəsimi, Yasamal və Nərimanov rayonlarındakı yerli strukturlarının məsul nümayəndələri, prokurorlar iştirak ediblər.
Tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminar-müşavirəni giriş sözü ilə açan Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, keçirilən tədbir gənclərin maarifləndirilməsi baxımından önəmlidir.
Azərbaycanda dövlət və din münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyini vurğulayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Regionun lider ölkəsi olan Azərbaycanın güclü rəhbərinin olduğunu vurğulayan S. Heydərov vurğulayıb ki, dövlət başçımız tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib. O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə ölkə başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib. Natiq deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin respublikamızda "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi bütün dünyada, eləcə də müsəlman aləmində sülhə və birgəyaşayışa çağırışdır.
Dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları ilə bağlı da geniş çıxış edən S. Heydərov onu da bildirib ki, radikal təsirə məruz qalmış insanlar ətrafında sosioloji, psixoloji, teoloji və hüquqi anlamda reabilitasiya işləri gücləndiriləcək.
Yaxın Şərqdə gedən proseslərə də nəzər salan natiq qeyd edib ki, bu, İslam dinini gözdən salmaq istəyən qüvvələrin məkirli siyasətinin nəticəsidir. Onun sözlərinə görə, dünyada, o cümlədən regionumuzda münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Ulu Öndərimiz Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi və dini sabitlik mövcuddur.
Bəzi dairələr tərəfindən radikal yönümlü dini cərəyanların Azərbaycana ixrac olunmasına cəhdlərin edildiyini vurğulayan Səyavuş Heydərov bunun qarşısının müvafiq dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alındığını bildirib. DQİDK sədrinin müavini hər kəsi yad dini ideologiyalardan qorunmaq üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan istifadə etməməyə, ümumiyyətlə radikal dini təsirlərə məruz qalmamaq üçün daha diqqətli olmağa çağırıb.
Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə geniş məlumat verib. R.Məmmədov 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul olunduğunu qeyd edib, dini ekstremizmə qarşı mübarizənin məqsədlərindən və əsas prinsiplərindən danışıb.
Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən danışıb, təmsil etdiyi qurumun müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, ona qarşı müştərək mübarizənin vacibliyini vurğulayıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Bəhruz Əzizov dindarlara göstərdiyi qayğı üçün ölkə rəhbərliyinə təşəkkürünü bildirib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib.
  


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də ...

Müsahibələr
29.12.2018 / 10:46
Ətraflı oxu

Göyçayda “Məktəblilərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.04.2017 / 14:19
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü təntənəli şəkildə qeyd edib

Multikulturalizm
17.11.2016 / 10:44
Ətraflı oxu

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib

Xəbərlər
17.05.2019 / 15:50
Ətraflı oxu

Rəşad Məcid: “XXI əsrdə insanların cəhalətə, xurafata yuvarlandığını görəndə heyrət edirəm”

Müsahibələr
28.02.2020 / 17:33
Ətraflı oxu

Sumqayıtda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 09:55
Ətraflı oxu