Dövlət Komitəsinin sədr müavini: "Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq"

Müsahibələr / 23.01.2018 / 15:22

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Modern.az saytının suallarını cavablandırıb:

“Radikal təsirə məruz qalmış insanlar ətrafında sosioloji, psixoloji, teoloji və hüquqi anlamda reabilitasiya işləri görülməlidir”

Bildiyiniz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında dini ekstremizmə qarşı mübarizənin 2018-ci il ərzində də davam etdirilməsi məqsədilə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planına nələr daxildir? Əsasən hansı bölgələrdə bu iş aparılacaq?

Ötən ildə olduğu kimi 2018-ci il ərzində də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında dini ekstremizmə qarşı mübarizənin davam etdirilməsi məqsədilə Tədbirlər Planı imzalanmışdır. Tədbirlər Planında dini ekstremizmə və onu doğuran səbəblərə qarşı birgə mübarizənin aparılması, bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya işinin gücləndirilməsi məqsədilə respublikanın bütün bölgələri əhatə olunmaqla seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulmuşdur. İctimaiyyət nümayəndələrinin, xüsusilə gənclərin cəlb olunacağı bu tədbirlərdə Azərbaycan Respublikasında mövcud dövlət-din münasibətləri, bu sahədəki təhdidlər və tendensiyalar, eləcə də dini ekstremizmin yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları, mübarizə taktikası və təcrübəsi barədə geniş fikir mübadiləsinin aparılması planlaşdırılır. 
 
Bu barədə 2017-ci ildə problem aşkarlanıbmı? 4 qurumun birgə fəaliyyət göstərəcəyi onu deməyə əsas verirmi ki, hansısa təhlükənin olması gözlənilir?

Azərbaycanda dini sahədə stabil mühit mövcuddur və ölkəmiz dini nöqteyi-nəzərdən dünyanın ən sabit ölkələrindən biri hesab olunur. Azərbaycan konfessiyalar və məzhəblərarası münasibətlər baxımından da nümunəvi ölkədir. Lakin təəssüflər olsun ki, bu sabitliyi gözü götürməyən, ölkə xaricindən qaynaqlanan bəzi qüvvələr tərəfindən müəyyən cəhdlər müşahidə edilməkdədir. Dövlət Komitəsinin digər qurumlarla birgə dini radikalizmlə mübarizə sahəsində qarşıya qoyduğu prioritetlər əsasən üç istiqamət – ideoloji, inzibati və iqtisadi dayaqların neytrallaşdırılması üzrə müəyyənləşdirilmişdir və icrası da sistemli şəkildə həyata keçirilir. Komitə tərəfindən əsasən ideoloji, yəni maarifləndirmə işinə önəm verilir.
Cari ildədə plan üzrə nəzərdə tutulmuş tədbirlər dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv və maarifləndirici mahiyyət daşıyır. Belə ki,dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyəti hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə aparılan kompleks işlərin davam etdirilməsinin zəruriliyi xüsusi əhəmiyyət kəsb edir.
Artıq dini mühitə neqativ təsir göstərən amillər və istiqamətlər üzrə keçirilən birgə tədbirlər öz müsbət nəticəsini verməkdədir. Xüsusilə, 2017-ci ildə ölkə xaricindən qaynaqlanan müəyyən radikal və milli kimliyimizə zidd təbliğat aparan qrupların dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə ölkəyə dini ədəbiyyatın idxalına, çapına və yayılmasına xüsusi önəm verdiyi nəzərə alınaraq, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq qabaqlayıcı birgə tədbirlər keçirilmişdir. Belə ki, ötən il DQİDK-da ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınmışdır. Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmamışdır. 613 adda dini təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilmişdir. Hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq, onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilmişdir.
 
Bilmək istəyirik ki, Azərbaycanda hansı qeyri-ənənəvi dini təriqətlər daha çoxdur? Ümumiyyətlə, qeyri-ənənəvi dini təriqətlərin olması təhlükəlidirmi?

Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də din sahəsi ilə bağlı digər qanunvericilik bazası etiqadından asılı olmayaraq vətəndaşların vicdan azadlığının təmin edilməsi və qorunması prinsiplərini təmin edir. Dövlətin din siyasəti də məhz bu qanunvericiliyə uyğun olaraq həyata keçirilir, vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır və bərabərhüquqlu münasibət göstərilir.
Dini icmaların “ənənəvi” və “qeyri-ənənəvi” formada təsnifatına gəlincə bu ictimai-siyasi, yaxud hüquqi mahiyyət daşımır, bu yalnız tarixi-kulturoloji kontekstdə başa düşülməlidir. Azərbaycanda dini icmalar şərti olaraq “ənənəvi” və “qeyri-ənənəvi”lərə bölünür. Bu baxımdan tarixən Azərbaycanda İslam dini ilə yanaşı, xristianlığın Rus-pravoslav, Gürcü-pravoslav, Katolik, Alban-Udi, eləcə də yəhudi icmaları mövcud olmuşdur ki, onlar ölkəmiz üçün ənənəvi dini icmalar kimi xarakterizə olunur. Digərləri isə ölkəmizdə nisbətən yeni yarandıqlarına görə qeyri-ənənəvi dini icmalar sayılır. Lakin bəzən cəmiyyətdə yanlış olaraq belə fikir formalaşır ki, guya qeyri-ənənəvi dini icmaların hamısı qəbuledilməzdir, yaxud da fəaliyyətləri destruktiv mahiyyət daşıyır. Belə yanaşma doğru sayılmır. Yenə də o fikri vurğulayırıq ki, dövlətin dini icmalara münasibəti onların ənənəvi və ya qeyri-ənənəvi olmasına görə deyil, mövcud qanunlara əməl edib-etməməsinə görədir. İstər ənənəvi, istər qeyri-ənənəvi olsun, əgər din sahəsi ilə bağlı qanunvericiliyin pozulması faktı aşkarlanarsa bu istiqamətdə hüquqi müstəvidə adekvat addımlar atılacaqdır.       
 
Azərbaycanda dini mühit sabit olsa da, müəyyən vasitələrlə radikalların təsirinə məruz qalaraq ailələri ilə birlikdə ölkəni tərk edib, xaricdəki qeyri-qanuni hərbi birləşmələrin tərkibinə qoşulanlar da vardır. Bu istiqamətdə aşkarlanan faktlar üzrə mütəmadi olaraq inzibati tədbirlər həyata keçirilir, əlavə tədbirlərin görülməsi də planlaşdırılırmı?

Təbii ki, Dövlət Komitəsi bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlığını davam etdirir, xüsusilə valideynlərini itirmiş uşaqların ölkəyə yenidən gətirilməsi diqqət mərkəzində saxlanılır. Lakin məsələ təkcə bununla bitmir. Radikal təsirə məruz qalmış insanlar ətrafında sosioloji, psixoloji, teoloji və hüquqi anlamda reabilitasiya işləri görülməlidir. Məhz bu baxımdan qeyd olunan Tədbirlər Planında qarşıya qoyulan istiqamətlərdən biri də fanatizm, radikalizm kimi mənfi təsirlərə məruz qalmış insanların reabilitasiyasının həyata keçirilməsi, onların cəmiyyətə inteqrasiyasının imkanlarını araşdırmaqla bu istiqamətdə birgə tədbirlərin görülməsidir. DQİDK-nın nəzdində yaradılmış “Mənəvi Dəyərlərin Təbliği Fondu”nun imkanlarından da bu istiqamətdə geniş istifadə olunması planlaşdırılır. Belə ki, Fondun nizamnaməsində dini radikalizmdən əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası kimi məsələlər öz əksini tapmışdır.
 

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Multikultural münasibətlərin davamlılığı və bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır"

Müsahibələr
13.01.2016 / 17:18
Ətraflı oxu

Şəkidə “İslam sülh dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.12.2016 / 16:28
Ətraflı oxu

Mübariz Qurbanlı: “Azərbaycandan hər hansı terror qruplaşmasına pul göndərilmir”

Açıqlama
23.11.2015 / 14:30
Ətraflı oxu

Komitə sədri: “Radikal dini qruplar dini təhrif edərək insanları yanlış yola çəkmək istəyirlər”

Açıqlama
20.04.2017 / 17:53
Ətraflı oxu

Bakıda "Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə" mövzusunda konfrans keçirilib

Xəbərlər
18.07.2019 / 16:50
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
27.02.2020 / 16:47
Ətraflı oxu