Bakıda “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib

Arxiv / 27.12.2017 / 18:15

Dekabrın 27-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Mətbuat Şurası və Bakı şəhər "Məşədi Dadaş" məscidi dini icması tərəfindən “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakı şəhər "Məşədi Dadaş" məscidi dini icmasının üzvləri, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın mətbuatla ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasındakı əlaqələrin müzakirə edilməsi, təkmilləşdirilməsi üçün təşkil edildiyini bildirib. Azərbaycanda nümunəvi dövlət-din modelinin mövcud olduğunu qeyd edən Dövlət Komitəsinin sədri bu nümunənin təbliğ və təşviqinə ehtiyac olduğunu vurğulayıb. M.Qurbanlı qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədədir. Din mövzusu həssas mövzudur və bu mövzuya müraciət edən jurnalist din haqqında, İslam dünyasında baş verən hadisələr barəsində bilgiyə malik olmalıdır. O, bu məqsədlə bu il ərzində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Mətbuat Şurası və DQİDK tərəfindən jurnalistlər üçün müxtəlif seminarların keçirildiyini diqqətə çatdırıb, eyni zamanda bu seminarların 2018-ci ildə də davam etdirilməsinin planlaşdırıldığını bildirib.
Çıxışında ölkəmizdə elan olunan "İslam Həmrəyliyi İli" çərçivəsində bir çox əhəmiyyətli konfransların, seminarların təşkil edildiyini qeyd edən Mübariz Qurbanlı dünyada dialoqa, əməkdaşlığa, xüsusilə islamdaxili dialoqa, müzakirələrə ehtiyac olduğunu deyib. Bu çərçivədə “2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən konfransda Əlaqələndirmə üzrə Koordinasiya Şurasının yaradılmasının qərara alındığını bildirib. Şurada Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dünyanın müxtəlif ölkələrindən din xadimləri təmsil olunacağını qeyd edib. Bu çərçivədə "Mədəniyyətlər və dinlərarası dialoq" adlı bir prosesinin əsasının qoyulacağını diqqətə çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov konfransın önəmindən danışıb. Qeyd edib ki, regionda radikal dini fikirlərin yayılması hallarına rast gəlinir. Bu səbəbdən ölkəmizdə belə tədbirin keçirilməsi önəm daşıyır.
Əflatun Amaşov Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatının (İƏT) fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, yaxın gələcəkdə İƏT Xarici İşlər Nazirliyinin toplantısında İƏT üzv ölkələrinin jurnalistlərinin Birliyi öz təsdiqini tapmalıdır. İnanırıq ki, mətbuat nümayəndələrimiz bu prosesə öz töhfəsini verəcək.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, hər insanın sosial keyfiyyətinin formalaşmasında dinin mühüm rolu var. İnsanın bütün fəaliyyət sferasında özü ilə ən səmimi olduğu sahə dindir. Dini şüurun formalaşmasında dini institutların böyük rolu olduğunu qeyd edən Hikmət Babaoğlu dini mədəniyyətimizin milli mədəniyyətimizin tərkib hissəsi olduğunu bildirib. Bu ardıcıllıq tarixi baxımından doğrudur. Çunki dinlərlə tanış olmadan öncə biz millət kimi mövcud idik. 7-ci əsrdən sonra Azərbaycanda hakim olan İslam dini bizim milli mədəniyyətimizin və mənəviyyatımızın keyfiyyətini müəyyənləşdirən vasitələrdən biri olub.
Qafqaz Müsəlmanları İdarəsisədrinin müavini Qəmərxanım Cavadlı qeyd edib ki, QMİ uzun illər ərzində sovet, çar imperiyası rejimlərinin təzyiqlərinə baxmayaraq özünün ictimai fəaliyyətində iki əsas həyat məfkurəsini qoruyub. Bu prinsiplərin birincisi Azərbaycan dövlətçiliyininə sədaqət prinsipidir. İkincisi isə millətlər və dinlər arasında münasibətlərinin sülhə və barışa aparılmasıdır. QMİ müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin dəstəyi və qayğısı sayəsində təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda aparıcı müsəlman dini qurumuna çevrilmişdir. Bizim əldə etdiyimiz ən böyük nailiyyət din-dövlət münasibətlərinin davamlı inkişafıdır.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyevanın “Din və media” mövzusunda təqdimatı dinlənilib. Yaqut Əliyeva kütləvi informasiya azadlığının, vətəndaşların məlumat almaq və yaymaq hüququnun hər bir demokratik dövlətin və cəmiyyətin idarəetmədə baza prinsiplərini təşkil etdiyini bildirib. Qeyd edib ki, informasiya təhlükəsizliyi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin tərkib hissələrindən biri kimi cəmiyyətin və dövlətin həyatının müxtəlif sahələrində milli maraqların müdafiəsini ön plana çəkir.
Ardınca kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “İslam həmrəyliyi və media” mövzusunda elan edilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Münsiflər heyəti adından Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simnar Həsənov, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli çıxış edərək müsabiqəyə Azərbaycanın İslam həmrəyliyinə töhfəsi, İslam həmrəyliyini zəruri edən səbəblər, o cümlədən Azərbaycan dövlətinin İslam dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsi istiqamətində gördüyü işlər barədə məqalələr göndərildiyini bildiriblər.
Sonda yazı müsabiqəsində qalib gələn  jurnalistlərə mükafatlar təqdim edilib.


Son baxılan xəbərlər

Göyçayda “Ulu Öndər Heydər Əliyevin anım günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
11.12.2018 / 09:32
Ətraflı oxu

Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
26.12.2018 / 17:51
Ətraflı oxu

Oğuzda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
12.11.2019 / 15:52
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
21.02.2019 / 09:30
Ətraflı oxu

Prezident İlham Əliyev: “İslam aləmində həmrəyliyin möhkəmləndirilməsi işindəki fəaliyyətimiz müsəlman dünyasında yüksək qiymətləndirilir”

Xəbərlər
10.10.2018 / 15:31
Ətraflı oxu

Tovuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.11.2019 / 15:33
Ətraflı oxu