Mübariz Qurbanlı: "Aşura qanun çərçivəsində keçirilib"

Press-relizlər / 02.10.2017 / 17:32

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Qafqazinfo.az saytına müsahibəsi:

- Dünənki Aşura mərasimindən çəkilən fotolarda azyaşlı qız uşaqlarına çarşab geyindirilməsi, yetkinlik yaşına çatmayan oğlanların zəncir vurması əks olunub. Azyaşlıların bu cür fəaliyyətə cəlb edilməsinə münasibətiniz necədir?
- Aşura mərasimi qanun və Qafqaz Müsəlmanları İdarəsinin qəbul etdiyi fətva çərçivəsində keçirilib. Hər hansı narahatedici hadisə baş verməyib. Çoxlu sayda vətəndaşımız qanvermə aksiyasında iştirak edib. Bu da İmam Hüseyn əzadarlığı zamanı özünə xətər yetirmək, zəncir vurmaq, qan çıxartmaq kimi məsələlərin qarşısını almağa çox ciddi köməklik göstərib. Artıq zəncir vurmaq, qan çıxartmaq kimi əzadarlıq mərasimləri getdikcə aradan qalxır və qalxacaq. Bütün mərasimlər məscidlərin həyətində keçirilib və heç bir maneəçilik törədilməyib. 
Vətəndaşların həmin əzadarlıq zamanı azyaşlı uşaqları ilə birlikdə mərasimlərə gəlməsinə qadağa qoyulmayıb. Qanunda azyaşlıları dini mərasimlərə cəlb etmək məsələsinə baxılır. Amma həmin gün valideynin uşağı gətirib kütlənin içində onunla birgə dini ayin icra edirsə, bu düzgün deyil. Dinimiz baxımından da 12 yaşlı oğlanın məscidin həyətində zəncir vurma mərasiminə qatılması doğru deyil. Başqa ölkələrdə də bu tövsiyə edilmir. İnsanlar özləri uşağın yaşını nəzərə almalıdır və bu cür ayinlərə cəlb etməməlidirlər. Əslində zəncir vurmaq, qan çıxartmaq barədə dünya miqyasında danışan din xadimlərinin də fikirləri var ki, bu cür hərəkətlərə yol vermək olmaz. Bu hərəkətlər xurafat əlamətidir. İmam Hüseyn şəhadəti məktəb kimi Qarabağ şəhidlərimizin də xatırladılması ilə qeyd edilir. Qafqaz Müsəlmanları İdarəsi də bununla bağlı fətva verib. Azyaşlı uşaqların ayinlərə cəlb edilməsi, özlərinə fiziki xəsarət yetirmələrinə hüquqi baxımdan da, dini baxımdan da yol verilmir.
Sosial şəbəkələrdə yayılan fotolar, məlumatlar bəzən başqa ölkələrdə olan mərasimlərdən götürülür və guya Azərbaycanda olduğu haqda təəssürat yaradırlar. Həmin məlumatlar yoxlanılmamış, fərdi şəxslərin yaydığı informasiyalar ola bilər. Yalnız rəsmi fəaliyyət göstərən və özünü təsdiq edən agentliklərin yaydığı foto və məlumatlara biz reaksiya verə bilərik. Sosial şəbəkələrdə yüz minlərlə insan var, istədiyi şəkli istədiyi formada düzəldib yaya bilərlər. Zaman-zaman biz bununla rastlaşmışıq, hansısa rayonumuzun haqqında mənfi rəy yaratmaq üçün guya orada dini ayinlərin icrası zamanı qanunların pozulması haqda materiallar yerləşdirilir. Sonra araşdıranda məlum olur ki, bu hadisə başqa ölkədə olub, yaxud bir neçə il əvvəl baş verib. Mən sizin vasitənizlə demək istəyirəm ki, biz yalnız özünü təsdiq edən agentliklərin yaydığı məlumatlar əsasında araşdırma apara bilərik. Həmin agentlikdə belə fotolar varsa, müvafiq şöbəmiz bunları araşdırıb Aşura ilə bağlı yekun arayışımızda buna qiymət verəcək. 
- Aşura mərasimlərinin daha çox izdihamlı keçirildiyi Lənkəran rayonu və Gəncə şəhərində polisin müdaxiləsi barədə məlumatlar yayıldı. Sizə bu barədə şikayət və ya məlumat daxil olubmu?
- Həm Lənkəranda, həm Gəncədə Aşura mərasimləri çox sakit şəkildə keçib, qanun pozuntusuna yol verilməyib. Hüquq-mühafizə orqanları da öz funksiyalarını lazımi şəkildə, lazımi şəraitdə yerinə yetirib. Bizim yerlərdə çalışan imamlarımız, din xadimlərimiz fətvanın tələblərinə uyğun şəkildə fəaliyyət göstərib. Gəncədə baş verən kiçik hadisə araşdırılıb və məlum olub ki, İmamzadəyə girişdə qadınlar və kişilər üçün ayrı qapı yaradılıb. Orada pozuntu salan bir neçə nəfər olub, qadınlar üçün ayrılan qapıdan keçmək istəyiblər. Hüquq-mühafizə orqanları bu məsələni araşdırır. İmam Hüseyn əzadarlığı şəhadətin uca zirvəsinin təbliğidir. Xalqımız bir yerə toplaşanda öz qəhrəmanlarını yad edir. Buna görə də kiçik hadisələrdən ümimi nəticə çıxarmayaq.
- Zəncir vurmaq, qan çıxartmaq və ya izdiham nəticəsində xəsarət alan olubmu?
- Özünə fiziki xəsarət yetirmək istiqamətində olan hərəkətlərdə ciddi bir zərərçəkən olmadığını deyə bilərəm. Bu cür əməllər əvəzinə qan verənlərin sayı daha çox olub. Şəxsən Şeyx də, mən özüm də qan vermişəm. Bu nümunələr İranda və Türkiyədə də tətbiq edilir. İnsan bu əqidə yolunda qanını vermək istəyirsə, özünə niyə xəsarət yetirir? Elə qan verib kimisə xilas etsin, kömək etsin. Xəncərlə baş yarmağı bütün din xadimləri pisləyir. Bu, xurafat elementidir. Qan vermək qan çıxartmaqdan daha savabdır.
- Qanvermə aksiyasında nə qədər insan iştirak edib?
- Səhiyyə Nazirliyinin məlumatına görə 1720 litrdən çox qan verilib.

 
 
 

Son baxılan xəbərlər

Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

Press-relizlər
23.01.2019 / 10:55
Ətraflı oxu

Lənkəranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
08.12.2017 / 14:11
Ətraflı oxu

Dövlət Komitəsinin sədri fransız yazıçısı ilə görüşüb

Press-relizlər
23.07.2018 / 15:09
Ətraflı oxu

Bölgələrdə “Şəhadət” sənədli filminin nümayişi davam etdirilir

Press-relizlər
07.02.2018 / 09:05
Ətraflı oxu

Yardımlıda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
17.10.2018 / 16:50
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Qətər səfiri ilə görüşüb

Xəbərlər
11.12.2019 / 14:24
Ətraflı oxu