Vətənə və xalqa layiqli xidmət missiyası

Xəbərlər / 26.08.2017 / 09:37

Tarixi faktlar da sübut edir ki, müxtəlif dünyagörüşünə, milli-mənəvi dəyərlər sisteminə, dini baxışlara sahib olan xalqların bir-biri ilə dialoq qurmaq, ortaq dil tapmağa çalışmaq kimi nəcib təşəbbüsləri bir çox hallarda bəşəriyyəti fəlakətlərdən, müharibə və toqquşmalardan xilas etmişdir. Təsadüfi deyil ki, müasir dünyada sivilizasiyaların dialoquna, tolerant düşüncə tərzinə, müxtəlif etno-mədəni topluluqların birgəyaşayışına nail olmaq demokratik cəmiyyət qurmağın təməl prinsiplərindən biri hesab olunur. 
Tarixən başqa millətlərə və səmavi dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşması ilə seçilən Azərbaycanda bu gün də müşahidə edilən tolerantlıq xalqımızın milli-mənəvi dəyərlər sistemindən, düşüncə tərzindən qaynaqlanır. Geostrateji mövqeyinə görə müxtəlif dünyagörüşlərinin, milli-mənəvi dəyərlərin, dini-sakral baxışların qovuşduğu bu torpaqlarda yaşayan insanlar bu birgəyaşayışın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, fərqli mədəniyyətlərin dialoqunu öz gündəlik həyatında hiss edir. 
Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, xalqımız tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən qoruyaraq saxlamış və nəsildən-nəsilə ötürmüşdür. Şübhəsiz, bunda dini etiqadın rolu böyük olmuşdur. Təsadüfi deyil ki, günümüzədək gəlib çıxan milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Həyatına daxil olan bütün dinlərin, xüsusilə də İslamın əsl mahiyyətini dərk edən, saflığını qoruyan xalqımız onun insanı paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan sovet dönəmində də xalqımız öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət-ənənələrindən uzaqlaşmamış, əksinə, milli-dini dəyərlərinə daha böyük istəklə sarılmışdır. Ömrünün sonunadək milli-mənəvi dəyərlərimizə sadiq qalmış, onun qorunmasının və inkişafının hamisi olmuş ulu öndər Heydər Əliyev deyirdi ki, “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra da ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam qorunması istiqamətində ardıcıl addımlar atmış, xalqımızın, dolayısı ilə dövlətimizin təhlükəsizliyinin təməl sütunlarından olan bu sahəyə daim xüsusi həssaslıqla yanaşmışdır. Sovet İttifaqının dağılması ilə imperiyanın bütün ideoloji dayaqları, o cümlədən ateizm təbliğatı iflasa uğradı və onun sərt buxovlarından qurtulan digər müsəlman respublikalarında olduğu kimi, Azərbaycanda da xalqın öz kökünə, öz dininə qayıdış dövrü başlandı. Uzun illər doğma dinindən uzaq salınan, zorla allahsızlıq, inamsızlıq təlqin olunan, yad mənəvi dəyərlər ruhunda tərbiyə edilən, dini hisslərini ürəyində yaşamağa məcbur qoyulan, dini mərasimləri gizlində yerinə yetirən xalqımız dövlət müstəqilliyinin bərpasının ilk illərində də bir sıra çətinliklərlə üz-üzə qalmışdı. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları yenidən baş qaldırmış, işğallar, qırğınlar törədilmişdi. Digər tərəfdən, respublikanın idarə olunmasında açıq-aşkar siyasi iradə və səriştəlilik çatışmır, nəticədə ölkə başdan-ayağa sürətlə xaosa sürüklənirdi. Ulu öndər Heydər Əliyev məhz ağır böhran şəraitində bütün lazımi siyasi, ictimai və mənəvi keyfiyyətləri özündə birləşdirən şəxsiyyət kimi xalqın önünə çıxaraq bütün sahələr üzrə düşünülmüş, məntiqi ardıcıllığı olan gərgin fəaliyyətə başladı. O, daim insan və vətəndaş hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, bu dəyərlərimizin qorunmasına, insanların, əsasən də gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm vermişdir. Gənclərin milli ruhda tərbiyə olunmasının əhəmiyyətini dönə-dönə vurğulayan ulu öndər deyirdi: “Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, İslam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsini və mənəviyyatını zədələsinlər”. 
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızda vicdan azadlığının birmənalı təsbit edilməsi, həmçinin bununla bağlı müddəaların həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı sahəsində qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin olunması və dini qurumların qeydiyyata alınması məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanının - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması, dini sahədə qanunvericiliyin daim təkmilləşdirilməsi ölkəmizdə mövcud olan etnik-dini tolerantlığı gücləndirən əsas addımlar idi. 
Əlbəttə, məşhur məsəldə deyildiyi kimi, zirvədə qalmaq oraya çıxmaqdan daha çətindir və sevindirici haldır ki, ümummilli liderin başlatdığı şərəfli missiya - təkcə regionda deyil, dünyada əsas söz sahibi olacaq güclü Azərbaycan qurmaq ideyası bu gün də layiqincə davam etdirilir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı ilk gündən azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayıran dövlət başçısının sərəncamları ilə son illər tarixi-dini abidələr, ziyarətgahlar bərpa edilmiş, dini-mənəvi dəyərlərin qorunması istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. 
Məhz Prezident İlham Əliyevin ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi üçün atdığı addımlar Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirmişdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində geniş tikinti və yenidənqurma işlərinin həyata keçirilərək dindarların istifadəsinə verilməsi, Gəncədəki İmamzadə kompleksində təmir-bərpa işlərinin davam etdirilməsi, ölkəmizin milli-dini ənənələrə sadiqliyini əks etdirən əzəmətli Heydər məscidinin inşa edilməsi, dini icmalara mütəmadi olaraq maliyyə yardımlarının ayrılması dövlətimizin dinə və dindarlara diqqət və qayğısının bariz nümunələridir. Ötən ilin aprel döyüşlərində qəhrəman əsgərlərimizin düşmən tapdağından azad etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində cənab Prezidentin quruculuq, abadlıq işlərinin aparılması ilə əlaqədar imzaladığı sərəncama uyğun olaraq Şuşa məscidinin layihəsinə uyğun məscid inşa edilməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycan dövlətinin işğaldan azad edilmiş bölgələrdə böyük quruculuq işləri aparması, milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən abidələrimizi bərpa etməsi bir daha göstərir ki, Ermənistanın məqsədyönlü şəkildə tarixi yaddaşımıza məxsus olan abidələrimizi məhv etmək cəhdi iflasa uğrayacaqdır.
Yarandığı gündən ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondunun Azərbaycandakı tolerantlıq və multikultural dəyərlərin qorunaraq təbliğ edilməsi sahəsində fəaliyyəti də xüsusi vurğulanmalıdır. Məhz fondun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri görülmüşdür. Fondun həyata keçirdiyi, xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət göstərən layihələr təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Bu mənada “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini xüsusi vurğulamaq yerinə düşər. Layihə çərçivəsində ölkəmizdəki məscidlərlə yanaşı, kilsə və sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransada bir sıra kilsələrin, müqəddəs Roma katakombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin gücləndirilməsinə xidmət edir. 
Ümummilli liderin adını layiqincə daşıyan fond onun xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində əsaslı işlər görür, ona müraciət edən vətəndaşların problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir. Heydər Əliyev Fondunun fəaliyyəti, həm də insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli dünyagörüşlərinin dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi müqəddəs dəyərlərin təbliğ edilməsinə yönəlmişdir. Fondun hər kəsdə fərəh və qürur hissləri doğuran fəaliyyətinin əsasında, şübhəsiz, onun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı dayanır. Mehriban xanım Əliyevanın bəyan etdiyi kimi, fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var - insanlara təmənnasız yaxşılıq etmək: “Mən arzu edirəm ki, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əksilsin”.
Ölkəmizdə tolerantlıq düşüncəsinin inkişafında xüsusi xidmətləri olan fondun vətənpərvər fəaliyyəti sayəsində Azərbaycanın bir sıra mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınmış, respublikamızın müxtəlif sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun aparıldığı məkana çevrilməsi prosesi bir qədər də sürətlənmişdir. Geridə qalan 13 il ərzində dünyanın bir sıra nüfuzlu qurumlarının savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz paytaxtımızda təşkil olunması, üstəlik, bu tədbirlərin fondun təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsi bunun əyani sübutudur.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi də öz fəaliyyətində mədəniyyətlərarası dialoq, ölkəmizin tolerantlıq və multikulturalizm kimi ali dəyərlərinin təbliği məsələlərinə xüsusi diqqət yetirir. Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın dəstəyi ilə kitabların nəşr olunması, konfransların keçirilməsi dövlətimizin bu sahədəki nümunəvi siyasətinin təbliği işinə dəyərli töhfələrdir. 
Azərbaycanın dünyada tolerant və multikultural məkan kimi tanıdılmasında ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli musiqi, mədəniyyət və idman tədbirlərinin rolunu da xüsusi qeyd etmək lazımdır. Bu cür mötəbər təşəbbüslərin ən yüksək səviyyədə həyata keçirilməsi bir daha göstərir ki, Bakı artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzidir. Beş il bundan əvvəl ölkəmizin birinci xanımının sədri olduğu Təşkilat Komitəsi “Eurovision-2012” musiqi yarışını, 2015-ci ildə I Avropa Oyunlarını, bu il isə IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə təkcə bu kimi tədbirlərin təşkilatçılıq işinə yeni standartlar gətirmədi, eyni zamanda, Azərbaycanın zəngin mədəniyyətə, idman ənənələrinə, tolerantlığa malik ölkə olduğunu, burada uzun illərdir ki, müxtəlif dini baxışların, ayrı-ayrı xalqların nümayəndələrinin dostluq və mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını bütün dünyaya nümayiş etdirdi. Bu, həm də artıq Azərbaycanın təkcə iqtisadi deyil, həm də zəngin milli-mənəvi, intellektual potensialı ilə dünyanın diqqət mərkəzində olduğunun ən bariz sübutu idi.
Fəaliyyətində daim milli mənafeyi öndə tutan Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində gördüyü işlər olduqca təqdirəlayiqdir. Bu mənada 2015-ci il sentyabrın 8-də Parisdə keçirilmiş “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfransı xüsusi qeyd etmək istərdim. İştirakçısı olduğum həmin tədbirdə Mehriban xanım Əliyeva özünün dərin məzmunlu nitqində təkcə ölkəmizin sahib olduğu milli-mənəvi dəyərlər, dövlət-din münasibətləri, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və s. haqqında danışmamış, həm də Qərbin üz çevirdiyi multikulturalizmin demokratik cəmiyyətlər üçün alternativsiz seçim olduğunu, ondan imtinanın nələrə səbəb ola biləcəyini bir daha diqqətə çatdırmışdı: “Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpüdür. Əlbəttə, bu coğrafi yerləşmə ölkəmizdəki mədəni müxtəliflikdə öz rolunu oynamışdır. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar. Biz minilliklərlə cəmiyyətimizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliyimizi bərpa etdikdən sonra da qoruyub saxlamışıq və daha da möhkəmləndirməyə çalışırıq. Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik. …Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə məscidlərin, katolik, pravoslav kilsələrin, sinaqoqların təmiri və tikintisini dövlət öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən əminəm ki, hər bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. ...Multikulturalizmin alternativi yoxdur. Son zamanlar bununla bağlı müxtəlif fikirlər, bəzən pessimist ideyalar səslənir. Amma bunun alternativi nədir? Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”.
Ümumiyyətlə, fondun ölkəmizin zəngin mədəni-mənəvi irsinin dünyada tanıdılması, sivilizasiyalararası dialoq təşəbbüsləri, eyni zamanda, maarifçiliyə xidmət edən çoxsaylı layihələrinin arxasında yalnız bir məqsəd var: Azərbaycan xalqının milli mənafeyinin qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə dəstək vermək. Bu məqsədə çatmaq üçün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə münasibətlərini günbəgün genişləndirən Heydər Əliyev Fondu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələrin də məhz bu məqsədə xidmət etməsinə çalışır. Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondu bir çox dillərdə kitablar, bukletlər, müxtəlif nəşrlər hazırlamaqla yanaşı, 2007-ci ildən başlayaraq hər il Vaşinqton, Nyu York, Moskva, Berlin, Strasburq, Cenevrə, Ankara, İstanbul, Paris, London, Dubay, Varşava, Haaqa, Buxarest, Kiyev və Tbilisi kimi dünyanın bir sıra böyük şəhərlərində diplomatik missiyaların nümayəndələrinin, yerli sakinlərin, eləcə də jurnalistlərin iştirakı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirir. Fondun vitse-prezidenti və Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Əməkdaşlıq Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq yönündə ən böyük töhfələrdəndir.
Bütün bunlar həm Heydər Əliyev Fondunun ölkə həqiqətlərinin dünya miqyasında təbliği, ölkəmizin üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş apardığını bir daha təsdiqləyir, həm də bu istiqamətdə çalışan digər qeyri-hökumət təşkilatlarına nümunə göstərir. Bunlarla yanaşı, təhsil, elm, səhiyyə, ekologiya və digər sahələrə aid proqram və layihələrin hazırlanaraq həyata keçirilməsini qarşıya məqsəd qoyan fond bu istiqamətdə də dövlət siyasətinə real dəstək nümayiş etdirməkdədir. İqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin müasir biliklərə yiyələnməsi, dünya təhsil sisteminə inteqrasiyaya dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir. 
Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik işlərindən də kənarda qalmamışdır. Humanizm və xeyriyyəçilik kimi məfhumlar Azərbaycan qadınının mənəvi dəyərlərinin göstəricisidir və o, əməlləri ilə nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da Azərbaycan qadınının nəyə qadir olduğunu nümayiş etdirir. Mehriban xanım Əliyevanın istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsilin mühüm yer tutması təsadüfi deyil, çünki o, dövlətimizin gələcəyini təhsilin inkişafında görən ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik konsepsiyasına əsaslanır. 
Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından da əvəzsiz xidmətlər göstərməkdədir. Fond tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrin arasında talassemiya ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə belə xəstələrin sayı, onların vəziyyəti ətraflı öyrənilir, talassemiyanın müalicəsi və profilaktikası üçün milli proqramlar hazırlanır.
Əlbəttə, Mehriban xanım Əliyevanın nəcib əməllərinə görə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda layiq görüldüyü çoxsaylı mükafatlar, fəxri adlar, təltiflər, xüsusilə də dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması bütün xalqımızı, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvlərini hədsiz sevindirir. Partiyamızın sədr müavini, həmçinin təşkilatımızın ən fəal və xalq etimadı qazanmış üzvü olan Mehriban xanım Əliyevanın fəaliyyəti Qafqazın ən güclü siyasi təşkilatına çevrilmiş YAP-ın nüfuzunun təkcə ölkəmizdə deyil, eyni zamanda beynəlxalq miqyasda daha da yüksəlməsinə xidmət edir. 
“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. …Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, ...xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir” - deyən Mehriban xanım Əliyeva bu seçimə sadiq qalaraq üzərinə götürdüyü çətin, lakin xoşməramlı missiyasını artıq həm də ölkəmizin Birinci vitse-prezidenti kimi layiqincə davam etdirir. 
Yalnız vətənpərvərlik hissi, Vətənə sonsuz sevgidən qaynaqlanan ali duyğular insanı olduqca çətin, lakin xalqın, dövlətin gələcəyi baxımından strateji əhəmiyyətli işlər görməyə sövq edə bilər və Mehriban xanım Əliyevanın humanizm, işgüzarlıq, qayğıkeşlik kimi ali keyfiyyətlər üzərində qurulan ictimai-siyasi fəaliyyəti onun gerçək vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin ən bariz sübutudur!

Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini 

"Azərbaycan qəzeti",
26 avqust 2017


Son baxılan xəbərlər

Yevlaxda “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.10.2018 / 15:11
Ətraflı oxu

Unudulmayan tarix – mövcud təhdidlər

Xəbərlər
24.01.2019 / 17:16
Ətraflı oxu

Nəsimi rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.05.2019 / 16:02
Ətraflı oxu

Prezident İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub

Xəbərlər
22.11.2018 / 12:25
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.07.2019 / 09:51
Ətraflı oxu

Nahid Məmmədov: “Məhərrəmliklə bağlı bizim əsas diqqətimiz bu mərasimlərin ölkə üzrə məscidlərimizdə Qafqaz Müsəlmanları ...

Müsahibələr
21.08.2019 / 09:35
Ətraflı oxu