Elşad İskəndərov: Azərbaycan İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət nümunəsidir (Müsahibə)

Müsahibələr / 29.01.2013 / 18:56

 
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Misirin “Əl-Əhram” jurnalının baş redaktor müavini xanım Suzi Əl-Cüneydiyə müsahibə vermişdir. Müsahibənin mətnini oxucuların diqqətinə təqdim edirik
 
Dini tolerantlıq və başqalarını qəbuletmə ərəb dünyasında, xüsusilə ayrı-ayrı dini azlıqlar və çoxluqlar arasında münaqişə əlamətlərinin get-gedə artmasından sonra böyük əhəmiyyət qazanmış dəyərdir. Lakin Azərbaycan kimi bir dövlət şiə çoxluğunun mövcudluğuna baxmayaraq, nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilib, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxaq miqyasa çıxarmağa çalışır.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini Vəqflər Nazirliyi kimi qəbul etmək olar. Həmin təşkilat Xəzər dənizi sahilində yerləşən, İran, Türkiyə, Rusiya və Ermənistanla ilə həmsərhəd olan bu neft ölkəsində  dövlət-din münasibətləri və tolerantlıq formasını nümayiş etdirməkdən məsul olan dövlət qurumudur.
Jurnalist, diplomat kimi çalışmış, ölkəsini BMT və İƏT-də təmsil etmiş, beynəlxalq səviyyədə tanınmış diplomatlardan sayılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri səfir Elşad İskəndərov “Bavvabatul-Ahram” internet portalına müsahibəsində Azərbaycanın dini tolerantlığın uğurlu modelini təmsil edən ölkə olduğunu bildirmiş və tolerantlıq dəyərlərini dövlətin əsası və neftdən daha zəngin sərvət kimi səciyyələndirmişdir. O buna sübut olaraq ölkədə bütün səmavi və qeyri-səmavi dinlər üçün ibadət evlərinin mövcudluğunu göstərmişdir.
Onun fikrincə, hazırda “Ərəb baharı”ndan sonra xilafət ideyası İslam dünyasındakı bir çox təşkilatlar və qrupların şüuruna hakim kəsilib. Dövlət Komitəsinin sədri vurğulamışdır ki, Azərbaycan müsəlman dövlətlərinin həssas münasibəti və dəstəyini qazana biləcəyinə baxmayaraq, Ermənistanla arasındakı Dağlıq Qarabağ problemini müsəlman-xristian münaqişəsinə çevirməmişdir.
“Ərəb baharı”na və bir sıra ərəb dövlətlərində islamçıların hakimiyyətə gəlməsinə münasibətiniz?
- Düşünürəm ki, İslam xilafəti anlayışı həmin təşkilat və qrupların bir çoxunun əsas hərəkətverici qüvvəsidir. Sosializm, millətçilik və s. ideyaları sınaqdan keçirilsə də bunlar uğursuz olmuşdur. Mühüm olan isə odur ki, xüsusilə demoqrafik artım şəraitində  texniki tərəqqi və inkişafa yol açılıb. Növbəti 25 ildə 100 milyon gənc əmək bazarına daxil olacağı halda cəmi 25 milyon iş yerinin açılması gözlənilir. Bəs qalan 75 milyon müsəlman gənci iş yerləri ilə necə təmin olunacaqdır? Ona görə də ehtiyaclarımıza cavab verən, tariximizlə səsləşən lazımi inkişaf səviyyəsinə çatmalıyıq.
Demokratik rejimlər həll yolu ola biləcəklərmi?
- Bunu tarix göstərəcək. Biz Suriya kimi iğtişaşlarla üzləşən ərəb dövlətlərinə görə  böyük narahatçılıq keçiririk. “Suriyanın dostları” qrupunda iştirak edirik və əminik ki, xaricdən güc tətbiqi problemin həll variantı deyil. Burada proseslərin daxildən getməsi, ərəb baharında İslam Əməkdaşlıq Təşkilatının böyük rol oynaması qaçılmazdır. Həmçinin, demokratiya quruculuğunda şəxslərin və institutların (qurumların) potensialından yararlanmaq da vacibdir. Demokratik quruculuğa XX əsrin əvvəllərində başlayan Azərbaycan 1918-ci ildə inqilabsız cümhuriyyət elan etmişdir. Lakin sovet işğalından əziyyət çəkdik. Sonra 90-cı illərin başlanğıcından şəhər və kəndlərdə iqtisadi islahatlar aparmaq, iqtisadi artımı və texnoloji inkişafı genişləndirməklə dövlət quruculuğumuzu yenidən bərpa etdik.
İraqdakı sünni-şiə probleminə necə baxırsınız? Nəzərə alsaq ki, sizdə də şiə çoxluğu mövcuddur.
- Avropanın tərəqqisinə töhfə verən mühüm məqamlardan biri onun məzhəb münaqişəsi və zorakılığından xilas olmasıdır, bu da  xüsusilə gənclərin əqli inkişafını təmin edən  əlavə daxili enerji yaratdı. İslam dünyasının tərəqqisi üçün imkan yaranarsa, burada ilk addım məzhəb zorakılığına son qoymaq olacaqdır. Düşünürəm ki, İslam və eləcə də Xristian məzhəbləri arasındakı hər hansı toqquşmanın əsl səbəbi geosiyasi amillərdən qaynaqlanır. Din amili burada qarşıdurmalara bəraət qazandırmaq üçün istifadə olunur. Ona görə də din siyasətdən ayrılmalıdır. Azərbaycan bu sahədə uğurlu model sayılır. Bizdə sünnilərlə şiələr eyni məsciddə namaz qılır, bu isə unikal bir örnəkdir.
Azərbaycanın tolerantlıq nümunəsi təqdim olunması ideyası necə yarandı?
- Bu fikir Azərbaycana gələn və ölkəmizdəki tolerantlığın miqyasını hiss edən mütəxəssislərə məxsusdur. Onlardan bir çoxu Azərbaycanı dini tolerantlığın universal modeli kimi təqdim etmişlər. Hazırkı dünyamızda tolerantlıq nadir tapıntıdır və biz onu sahib olduğumuz neft və qaz ehtiyyatlarından daha zəngin sərvət hesab edirik. Çünki neft digər yerlərdə mövcud olduğu halda tolerantlıq unikal bir dəyərdir. Bəlkə də bilmirsiniz ki, hələ XVI əsrdə ölkəmizdə buraya ticarətə gələn hindlilərin dini ayinlərini icra etməsi üçün atəşpərəst məbədinin tikintisinə icazə verilmişdir. İndi də bizdə bütün dinlərin ibadət evləri mövcuddur. Ölkəmizdə sünnilər və şiələr arasında heç bir təfriqə yoxdur, onlar bir məsciddə namaz qılırlar. Məlumdur ki, Azərbaycan Türkiyədən də əvvəl 1918-ci ildə Respublika qurmuş, bir sıra Avropa və Amerika dövlətlərindən öncə 1919-cu ildə qadınlara siyasi hüquqlar vermişdir. Lakin bolşeviklər 1920-ci ildə ölkəmizi işğal etmiş və bu, 70 il davam etmişdir. Fikrimcə, “ərəb baharı” fenomeninin mövcudluğu və dövlət və dinin rolu barədə müzakirələrin artığı şəraitdə tolerantlıq prinsipinin yayılması vacibdir. Azərbaycan İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət nümunəsidir. Lakin dünyəvi dövlət olmasına baxmayaraq, ibadət yerlərinin tikintisinə dəstək verir. Burada Ramazan və Qurban kimi dini bayramlar rəsmi dövlət bayramları olaraq qeyd edilir. Biz bununla dövlət və din arasında gerçək balansı reallaşdırmağa nail olmuşuq.
- Sizin Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ (və digər işğal olunmuş torpaqlar) uğrunda Ermənistanla münaqişə vəziyyətindəsiniz. Lakin siz müsəlman dövlətlərinin dəstək və həmrəyliyini qazana biləcəyinizə baxmayaraq, bu problemin müsəlman-xristian münaqişəsinə çevrilməsinə qarşı çıxdınız. Niyə bu imkandan yararlanmadınız?
- Bu məsələdə haqlısınız. Lakin Ermənistana simpatiyası olan bəzi yazarlar xristian dövlətlərin və radikal (təəssübkeş) xristian lobbilərinin diqqətlərini cəlb etmək üçün münaqişəni xristian və müsəlman dövlətlər arasındakı konflikt kimi səciyyələndirməyə çalışırlar. Onlar Ermənistanı müsəlman çoxluğundan ibarət İran, Türkiyə və Azərbaycan dövlətlərin arasında yerləşən xristian ölkəsi kimi xarakterizə edirlər. Bu isə münaqişəyə yanlış yanaşmadır. Məsələn, Ermənistanla İran arasında sərhədlər açıqdır, onlar ikitərəfli yüksək səviyyəli ticarət dövriyyəsi və güclü siyasi əlaqələrə malikdirlər. Biz isə münaqişəni yalnız İslami qaydaların deyil, beynəlxalq hüquq normalarının pozulması kimi dəyərləndiririk. Ermənistan Dağlıq Qarabağı işğal etmişdir. İşğal isə motivi nə olursa olsun, yolverilməzdir. Bu problem dini deyil, beynəlxalq məsələdir. Sovet İttifaqının əsarətindən qurtularaq, müstəqilliyimizi qazandıqdan sonra Sovet sisteminə qarşı olan bütün dünyanın azadlıq və ədalətə inandıqlarına ümid edirdik. Lakin bu məsələdən sonra bizdəki həmin inama son qoyuldu. Biz dərk etdik ki, dünya dövlətlərindən olan və neytrallıqlarını iddia edən əsas oyunçular ədalətdən daha çox öz mənafelərini güdürlər. Hiss etdik ki, məsələni dini müstəviyə gətirsək, bu, bizim üçün əlavə problemlər yarada və dini tolerantlığı ilə səciyyələnən bir dövlət kimi imicimizə xələl gətirə bilər. Odur ki, problemi dinlərin qarşıdurması kimi qələmə vermədik, çünki bizdə Azərbaycanın müstəqilliyini müdafiə edən rus, gürcü və türk əsilli qəhrəmanlar olmuşdur. Hətta, ərazi bütövlüyümüz uğrunda vuruşan yəhudilər də olmuş, biz milli-dini mənsubiyyətlərindən asılı olmayaraq onların hər birinə ehtiramla yanaşırıq. Ermənistanla müharibədə 25 min şəhid verməyimizə və bir milyon qaçqınımızın olmasına baxmayaraq, erməni kilsəsi hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzində qalması söylədiklərimizə ən böyük sübut ola bilər. Separatçı rol oynamasına baxmayaraq, Erməni kilsəsinə nəinki toxunulmamış, hətta hökumətin dəstəyi ilə təmir olunmuşdur. Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq, lakin onu dini münaqişəyə çevirmirik. Bu İslam ənənəsidir.
Sizdə Dağlıq Qarabağ münaqişəsinin BMT-nin fəal rolu ilə ədalətli həllinə dair ümidlər hələ də qalmaqdadırmı?
- Münaqişənin siyasi vasitələrlə ədalətli həllinə olan ümidlər hələ tükənməyib. Ötən illərdən öyrəndik ki, dünya güclüyə hörmət bəsləyir, zəiflərə isə əhəmiyyət vermir. Biz ötən illərdə konfiliktin başlandığı dövrdəki vəziyyətimizlə və Ermənistanın özü ilə müqayisədə iqtisadiyyatımızı gücləndirmək istiqamətində ciddi cəhdlə çalışdıq. Habelə, Azərbaycan cəmiyyətindəki birlik indi daha güclüdür. Prioritetlər ətrafında  münaqişənin ilk illərində birliyimizə xələl gətirən çoxlu ixtilaflar və problemlər var idi. Əslində isə problem SSRİ dövründən başlamışdır. Bu imperiya separatçı qurumları dəstəkləyərkən ilk addımı Heydər Əliyevi 1982-87-ci illərdə çalışdığı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvlüyündən uzaqlaşdırmaq oldu. Çünki onlar anlayırdılar ki, Heydər Əliyev bu mühüm postda çalışdığı müddətdə belə planların reallaşdırılması mümkünsüzdür. O vaxtlar milli birliyin zəifliyi, Sovet işğalı, eləcə də ermənilərin Sovet ordusunda yüksək vəzifələr tutması və müsəlmanlardan fərqli olaraq yüksəksəviyyəli təlimlər görmələri problemin qaynaqlandığı amillər arasındadır. Lakin indi Azərbaycanın güclü ordusu vardır. Ordumuzun büdcəsi Ermənistan ordusunun büdcəsindən dəfələrlə artıqdır. Həmçinin, beynəlxalq rəy amili bizim xeyrimizə dəyişmişdir. Ötən əsrin 90-cı illərin əvvəllərində Qərb kütləvi informasiya vasitələrini aldatmaq və Azərbaycanda xristian qonşular üzərində ağalıq etməyə çalışan ekstremistlərin olduğunu bəyan etmək asan idi. Lakin hazırkı dünya birliyi Azərbaycanın tolerant və sülhsevər ölkə olmasını, burada ekstremizmin mövcud olmamasını anlayır. Haqqımızda yaratmağa çalışdıqları mənfi streotiplər dəyişmiş, bu isə  asan baş verməmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü və qurumda aktiv rola malik ölkədir. Bundan əlavə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatların üzvüdür. Hətta İslam dünyası da 20 il əvvəl barəmizdə az məlumata malik idi. Biz isə İslam dünyasının güclü dəstəyini görmək istəyirdik. Həmin dəstək İƏT-ə üzv olduqdan sonra artdı.
Vəziyyətin çözülməsini gözləyirsinizmi, yaxud Dağlıq Qarabağı geri qaytarmaq üçün  savaşın alternativi yoxdurmu?
- Hər hansı rəhbər və hökumət üçün savaş qərarı çox ağrıdıcı məqamdır. Çünki müharibə xalqın yaşamını təhdid edir, istənilən siyasətçi savaş qərarı verməzdən əvvəl milyon dəfə düşünür, siyasi həll üçün bircə fürsəti belə, gözləyir. İqtisadi və xarici siyasətimiz haqq işimizin müdafiəsində güclü mövqelərə çevrilir. Biz Ermənistan torpağından, bir santimetr də olsun, istəmirik. Əslində, indi Azərbaycanda 30 min erməni əsilli şəxs yaşayır. Onlar Dağlıq Qarabağda yaşayan pasportdan belə məhrum, hərbi rejimin əsarətində yoxsulluqdan əziyyət çəkən ermənilərdən fərqli olaraq, ölkəmizin əlverişli iqtisadi vəziyyətindən yararlanırlar. Reallıq isə göstərir ki, siyasi həll imkanları tükənməkdədir. Lakin kiçicik ümid yeri hələlik qalmaqdadır. Həmin kiçicik ümid pəncərəsinin tamamilə bağlanacağına əmin olacağımız anadək problemin siyasi həll variantını müdrik addım sayırıq.
- Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin Azərbaycanda rolu nədən ibarətdir?
- Dövlət Komitəsi dini qurumlarla münasibətdə dövlət siyasətini yürüdür. Məscid, kilsə və digər ibadət ocaqlarında sərbəst ibadətə şərait yaradır. Əsas vəzifəsi isə ölkədə dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının yerinə yetirilməsinə nəzarət, Azərbaycanda bütün dini qurumlarla hökumət arasında körpü kimi çıxış edərək dini təşkilatların gündəlik probleminin aradan qaldırılmasında köməklik göstərməkdir. Dövlət Komitəsi xətib, pastor və digər din xadimlərinin təhsilinə nəzarəti həyata keçirir. Lakin vaiz və imamların təyinatını Dövlət Komitəsi deyil, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həyata keçirir. Həmçinin, Dövlət Komitəsi istər eyni din daxilində məzhəblərarası, istərsə də dinlərarası nifrətin yayılması cəhdlərinin qarşısının alınmasına nəzarət edir. Çünki Azərbaycanın siyasəti tolerantlıq, dialoq mühitinin gücləndirilməsi, gənclərin və qadınların hüquqlarına riayət olunması, çağdaş dəyərlərin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslanır. Eyni zamanda, Azərbaycandakı dini qurumlarla, xaricdəki dini təşkilatlar arasındakı əlaqələr vasitəsilə tolerantlıq anlayışını təbliğində Dövlət Komitəsi beynəlxalq miqyaslı rola malikdir. Ona görə də dini tolerantlıq anlayışını gücləndirmək üçün hər il konfrans keçirməyi, beynəlxalq səviyyəli elm adamları, vətəndaş cəmiyyətinin fəalları, din xadimlərinin öz təkliflərini vermələrini, tolerantlıq və başqalarını qəbul etmə dəyərini gücləndirmək, müxtəlif tərəflər arasında nifrət və düşmənçilik dərəcəsini azaltmaq naminə əməkdaşlığı təmin edən vahid internet şəbəkəsi yaratmağı düşünürük. Bu isə son deyil, başlanğıcdır.
 
Ərəb dilindən çevirəni:
Namiq CIRIYEV
Rüstəm RAMAZANOV


Son baxılan xəbərlər

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.04.2019 / 15:54
Ətraflı oxu

Ceyhun Məmmədov: “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”

Press-relizlər
11.12.2018 / 16:37
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.12.2018 / 17:39
Ətraflı oxu

Bakıda dünya yəhudilərinin Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib

Press-relizlər
12.09.2018 / 11:33
Ətraflı oxu

Zərdabda 20 Yanvar faciəsinin şəhidləri anılıb

Press-relizlər
19.01.2018 / 17:17
Ətraflı oxu