Zaqatalada seminar-müşavirə keçirilib

Press-relizlər / 01.07.2017 / 11:10

İyunun 30-da Zaqatala rayonunda “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib.
Zaqatala şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirədə Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının yerli strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, bölgənin din xadimləri, dini icma sədrləri və gənclər iştirak ediblər.
Müşavirədən əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən  ölkədir. Rayondakı mövcud dini durum barədə məlumat verən Mübariz Əhmədzadə vurğulayıb ki, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər əhali tərəfindən razılıqla qarşılanır.
DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxışında din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verib. Natiq ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə də toxunaraq din xadimlərinin üzərinə düşən işləri xüsusi vurğulayıb.
Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının önəminə toxunan Səyavuş Heydərov bildirib ki, İslam dininin sağlam təməlləri əsas götürülərsə, bir çox problemli məsələlər asanlıqla öz həllini tapa bilər. Qeyd olunub ki, bunun üçün ilk növbədə İslam dini siyasətdən uzaqlaşdırılaraq sırf elmi-mədəni müstəvidə öz inkişafını tapmalıdır. Bu gün İslam mədəniyyətinin, İslamın elmi gücünün ön plana çıxarılması, problemlərin silah gücü ilə deyil, qarşılıqlı anlaşma və tam elmi əsaslarla həll edilməsi dünyadakı bir çox münaqişə ocaqlarını söndürməyə qadirdir.
Səyavuş Heydərov vurğulayıb ki, cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə önəm verilir. Azərbaycanda radikal qüvvələrə qarşı mübarizədə bir sıra vasitələrdən istifadə edilir, ölkəmizdə bu sahədə praktiki yöndən işlər mühüm nəticələr verir. Dini maarifləndirmə işinin düzgün və səmərəli təşkili, cəmiyyətimizin müxtəlif din və millətlərin mənsublarının birgəyaşayış tərzinə olan münasibəti bu nəticələrin qazanılmasında həlledici rol oynayır. Dövlətimiz zəruri hallarda hüquqi aspektdən tələb olunan inzibati tədbirlər də həyata keçirməklə, bu nəticələrin effektivliyini daha da artırır.
Müşavirədə dini radikalizmlə mübarizənin hüquqi əsasları haqqında məlumat verən Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev bildirib ki, dövlətimiz möhkəm qanunvericilik bazasına malikdir. Bu sahədə mübarizə ölkəmizin qanunvericiliyinə və beynəlxalq hüquqi aktlara uyğun olaraq həyata keçirilməkdədir. O, ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu, bununla yanaşı, yaradılmış etiqad azadlığıdan digər məqsədlər üçün istifadənin yolverilməzliyini diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Oqtay Tağıyev təmsil etdiyi qurumun dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, müştərək mübarizənin vacibliyini vurğulayıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov dini radikalizmin dini əsas mahiyyətindən uzaqlaşdıraraq siyasətə alət etdiyini deyib. Dini radikalizmi cəmiyyətdə yayanların əsasən insanların dini savadsızlığından və dünyagörüşlərinin zəif olmasından istifadə etdiyini bildirən Malik Bilalov dini maarifləndirmənin və insanlarda sağlam dini təsəvvürlərin formalaşdırılmasının radikalizmlə mübarizədə böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Seminar–müşavirə müzakirələrlə davam etdirilib. Vurğulanıb ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də ziyalılar və dindarlar fəallıq göstərməlidirlər. Gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq hamımızın vətəndaşlıq borcudur.

 
 


Son baxılan xəbərlər

Masallıda "Narkomaniya, erkən nikah və dini radikalizmlə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
11.12.2018 / 09:50
Ətraflı oxu

Ziyalılar dini radikalizmə və cəhalətə qarşı mübarizəyə dəstək verməlidirlər

Press-relizlər
31.10.2017 / 17:38
Ətraflı oxu

Qubada bölgənin din xadimləri Bayraq muzeyində olublar

Press-relizlər
07.11.2018 / 16:40
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni ...

Xəbərlər
26.11.2018 / 15:45
Ətraflı oxu

Ağdam rayonunun İmamqulubəyli qəsəbə tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
15.05.2018 / 17:38
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun Moderator.az saytına müsahibəsi (İKİNCİ HİSSƏ)

Müsahibələr
18.11.2016 / 10:33
Ətraflı oxu