Press-relizlər / 13.01.2017 / 10:00
Yanvarın 13-də Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımına əsasən Masallı rayonu Çaxırlı kənd məscidi dini icmasında “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayiq Səmədov, Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çaxırlı inzibati ərazi vahidi üzrə nümayəndəsi Oktay Cavadov, Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, ziyalılar, ağsaqqallar və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, layihə çərçivəsində dini maarifləndirmə işlərinin aparılması və gənc nəslin radikal dini cərəyanlardan qorunması təqdirəlayiqdir.
Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov, məktəbin müəlliməsi Könül Fətullayeva, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, ağsaqqal Cavanşir Nəbiyev radikalizmin törətdiyi bəlalardan və buna qarşı mübarizə metodlarından danışıblar.
Sonda DQİDK-nın razılığı ilə çap olunmuş müxtəlif nəşlər tədbir iştirakçılarına paylanılıb.