Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "SalamNews"a müsahibəsi

Müsahibələr / 13.12.2016 / 16:38

Ateizm ideologiyası şəraitində 70 ildən çox yaşamış Azərbaycan xalqı müstəqilliyə qovuşduqdan sonra mövcud etiqad “boşluğundan” istifadə etməyə çalışan bəzi xarici qüvvələrin zərərli təsirinə məruz qaldı. Amma bu təsir, xoşbəxtlikdən, xalqın bütün təbəqələrini əhatə edə bilməsə də, həmin ünsürləri ölkədən tam və birdəfəlik  təmizləmək hələ ki mümkün olmayıb.
SalamNews xəbər verir ki, ölkədəki dini mühitin sağlamlaşdırılması, qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə 15 il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Hazırda Komitəyə rəhbərlik edən tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı respublikada din-vətəndaş-dövlət münasibətləri barədə SalamNews-un suallarını cavablandırıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- Mübariz müəllim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasını aktuallaşdıran səbəblərdən biri də dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdir. Komitənin yarandığı 15 il ərzində bu istiqamətdə görülən işləri qənaətbəxş hesab edirsinizmi?
 
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandığı on beş il ərzində ölkədəki dini mühitin sağlamlaşdırılması, qanunazidd hərəkətlərin qarşısının alınması, dini icmaların qeydiyyatı, ölkə ərazisində nəşr edilən və xaricdən idxal edilən dini mahiyyətli ədəbiyyata nəzarət prosesinin həyata keçirilməsi, dindarlara vətənpərvərlik hisslərinin aşılanması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və bu kimi məsələlər ətrafında xeyli iş görüb. Bütün bunlar dövlətimizin dindarlara verdiyi böyük dəyərin bariz nümunəsidir. Bununla birlikdə qeyd etməyi zəruri hesab edirəm ki, hələ də aparılacaq işlər qalmaqdadır və Komitə müntəzəm olaraq bu sahədəki fəaliyyətini davam etdirəcək.
 
- Konstitusiyamızda yazılıb: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır”. Cəmiyyətimizdə bəziləri bu maddəni guya anlamayıb sual edirlər: “Din (dindarlar) özünü dövlətdən ayırıb, yoxsa dövlət dindən ayrılıb”?
 
- Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, eyni zamanda öz milli-mənəvi dəyərlərinə söykənən dövlətdir. Bu mənada dinin dövlətdən ayrı olmasına baxmayaraq, dindar dövlətdən ayrı deyil. Ölkənin bütün vətəndaşları kimi, dindarların da eyni hüquq və vəzifələri vardır. Hər hansı dinə mənsubiyyət heç kimi məsuliyyətdən azad etmir. Azərbaycan çoxmədəniyyətli, çoxkonfessiyalı, dünyəvi dövlətdir və o, dünyəviliyi kənardan hər hansı təsir olmadan seçib. Dinin dövlətdən ayrı olması dünyəviliyin təməl daşıdır və bu heç də dövlətin dini, dindarı diqqətdən kənarda saxlaması deyil. Əksinə, dövlət bütün dinlərə fəaliyyət göstərmələri, inkişaf etmələri üçün hər bir şəraiti yaradır. Bunun ən yaxşı nümunəsi isə Azərbaycandır. Ulu Öndərin əsasını qoyduğu dövlət-din münasibətləri modeli bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və elə bir səviyyəyə çatdırılıb ki, artıq bu model dünyada nümunə kimi qəbul olunur. Dövlətimiz ibadət yerlərinin tikintisinə dəstək verməklə bərabər, yüzlərlə ibadət ocaqları inşa və yaxud yenidən bərpa edib. Əgər Sovetlər İttifaqı dağılan dövrdə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün dini ibadət evlərinin sayı 2000-dən çoxdur. Təkcə son on il ərzində ölkədə 140-a yaxın məscid inşa olunub, 80-dən çox məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Həmçinin, İslam dininin iki böyük bayramı olan Ramazan və Qurban bayramları dövlət tərəfindən rəsmi şəkildə qeyd edilir. Ölkə Prezidentinin dinə diqqət və qayğısı dindarlar tərəfindən böyük minnətdarlıqla qarşılanır, biz bunu istər paytaxtda, istərsə də regionlarda vətəndaşlarla görüşlərimizdə, tədbirlərimizdə əyani şəkildə görürük.
 
- Azərbaycanda dini tolerantlığın bariz nümunəsi kimi səmavi dinlərin bir nəşri buraxılsa, yaxşı olmazmı? Yaxud Səmavi dinlərin əsasları orta məktəblərdə tədris edilsə, gənc nəsil daha tolerant böyüməzmi?
 
- Tarixə nəzər salsaq, görərik ki, Azərbaycanda heç zaman dini-etnik zəmində münaqişələr baş verməyib. Xalqımız bu ərazidə yaşayan digər dinlərin, mədəniyyətlərin nümayəndələrinə dilinə, dininə, milli mənsubiyyətinə görə ayrı-seçkilik qoymayıb. Odur ki, tarix boyu öz vətənlərində dini əqidəsini rahat yaşaya bilməyən insanlar ölkəmizə pənah gətiriblər. Təbii ki, cəmiyyət arasında mövcud olan dini dözümlülük, birgəyaşayış ənənəsini şərtləndirən əsas səbəblərdən biri coğrafi amildir. Bu baxımdan Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixi İpək yolunun üzərində yerləşdiyi üçün bir çox dinin, mədəniyyətin nümayəndələrini özünə cəlb etmişdir. Aparılan tədqiqatlar da sübut edir ki, başqa bir mədəniyyətə mənsub ölkələrlə sərhəd olanlara nisbətən eyni mədəniyyətə aid qonşu ölkələrin vətəndaşları daha dözümlü olurlar. Bununla yanaşı, fərqli mədəniyyətə mənsub qonşu dövlətlərin vətəndaşları instinktiv olaraq öz milli-mənəvi dəyərlərinə daha sıx bağlanırlar. Bununla yanaşı, xalqımızda dözümlülüyün formalaşmasında milli-mənəvi, o cümlədən İslami dəyərlər də böyük rol oynayıb.  Məsələyə bu aspektdən yanaşsaq, tolerantlıq xalqımızın gen yaddaşından gəlir və bu ənənə günümüzdə yüksək səviyyədə davam edir. Amma dünyada baş verən neqativ hadisələr göstərir ki, sabitliyi və əmin-amanlığı qorumaq üçün bu ənənəni yaşatmaq, daha da inkişaf etdirmək labüddür. Bu baxımdan dövlətimiz tolerant və multikultural dəyərlərin qorunub-saxlanılması və inkişafı istiqamətində istər paytaxtda, istərsə də regionlarda çoxsaylı tədbirlər təşkil edir. Cəmiyyətin maariflənməsi məqsədi daşıyan bu cür tədbirlər əhalinin müxtəlif təbəqələrini, o cümlədən təhsil ocaqlarını da əhatə edir. Bununla yanaşı, qeyd edim ki, Komitəmiz tərəfindən tolerant və multikultural dəyərlərimizin qorunması və inkişafı istiqamətində bir sıra nəşrlər işıq üzü görür. Buna misal olaraq, “Dövlət və Din” ictimai fikir toplusunu, “Cəmiyyət və Din” qəzetini, o cümlədən xeyli sayda çap olunmuş və gələcəkdə də çapı nəzərdə tutulan kitabları, broşürləri göstərə bilərik. Eyni zamanda, bu istiqamətdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalı da çap olunur. Səmavi dinlərin əsaslarının orta məktəblərdə tədris edilməsi ilə bağlı qeyd edim ki, bu gün orta məktəblərdə “Həyat bilgisi” adlı fənn çərçivəsində şagirdlərə İslam, eləcə də digər dinlər barəsində ümumi məlumatlar verilir. Dövlət Komitəsi həmin fənnin proqramlarına dini bilgilərin daha da əhatəli daxil edilməsi ilə bağlı müvafiq qurumlarla əməkdaşlıq etməyə hazırdır.
 
- “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”. (Maidə-3) Bir çox dindarlar Quranın bu ayəsini əsas tutaraq İslamı digər dinlərlə eyni müstəviyə qoyub dini tolerantlığı təbliğ etməyi Allahın buyurduqlarına zidd hesab edirlər. Onlara cavabınızda nə deyərdiniz?
 
- Bəzi müsəlmanlar və islamofoblar İslam dinini tolerantlığa zidd hesab edirlər. Çox maraqlıdır ki, İslam dinini öz bayrağı kimi qəbul etdiyini deyənlər və İslama düşmən olduğunu bəyan edənlər bu məsələdə eyni mövqe sərgiləməkdədirlər. Bu da üzərində düşünülməsi vacib olan sualdır. Əlbəttə ki, belə bir fikir mövcuddur və radikalizmə meyil edən insanlar bunun dəstəkçisidir. Qeyd etmək lazımdır ki, İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimin ümumi kontekstinə və Məhəmməd peyğəmbərin (s) qeyri-müsəlmanlarla davranışına nəzər salsaq, bu fikrin yanlış olduğunu görərik. Qurani-kərimdə buyurulur: “Sizin öz dininiz var, mənim də öz dinim!” (Kafirun, 6). Həm də Məhəmməd peyğəmbərin (s) və onun səhabələrinin qeyri-müsəlmanlarla ədalətli davrandıqlarını, onların hüquqlarını müdafiə etdiklərini deyə bilərik. Məsələn, bizə məlumdur ki, Məhəmməd peyğəmbərin (s) zamanında qeyri-müsəlmanlarla bağladığı müqavilələr, onlarla bərabər şəkildə mükalimələr təşkil etməsi, onların həyatına zərər vuracaq əməllərin qarşısının alınması, dini ibadətlərinin həyata keçirilməsinə maneə törədilməməsi kimi hərəkətlər İslam dinində başqa dinlərə göstərilən dözümlü münasibətin bariz nümunələrindəndir. Dini tolerantlıq fərqli dinlərə, düşüncələrə dözümlü münasibət göstərmək deməkdir. Məsələyə bu aspektdən baxsaq, deyə bilərik ki, İslam dini tolerantlığa nəinki düşmən deyildir, hətta onun müdafiəçisi rolundadır. Bunun əksini iddia etmək isə radikal və İslam dininə qarşı, dolayı yolla da olsa, düşmən münasibət göstərilməsinə rəvac verən düşüncədir.
 
- Ölkədə qeyri-ənənəvi dini icmaların təsir dairəsi hələ tamam daralmayıb. Necə olub ki, sözügedən qüvvələr Azərbaycanda özlərinə yer edə biliblər?
 
- Ölkəmiz yetmiş il ərzində ateizmi özünün dövlət siyasəti elan edən SSRİ-nin tərkib hissəsi olmuşdur. Həmin illər ərzində xalqımızın çoxəsrlik dini ənənəsinə kifayət qədər böyük zərbə vurulmuş və sonrakı nəsillərdə dini bilgilərinin zəifləməsi, köklərindən ayrılması prosesi baş vermişdir. SSRİ dağıldıqdan sonra müstəqilliyimizin bərpasının ilk illərindən başlayaraq, xaricdən çoxsaylı dini emissarlar ölkəmizə axın etmişlər. Onlar əhalinin dini bilgilərinin çox az olmasından, həm də yaranan ağır iqtisadi-sosial böhrandan da istifadə edərək insanlar arasında təbliğat aparmış, onlara din adı altında öz maraqlarına cavab verən düşüncələri təlqin etməyə cəhd göstərmişlər. Qeyd etmək lazımdır ki, həmin dairələr bu məsələdə xalqımızın qonaqpərvərliyindən də sui-istifadə etmişlər. Belə ki, xaricdən gələnlərə həddindən artıq inam onların sərbəst şəkildə fəaliyyət aparmalarına şərait yaratmışdır. Lakin hələ 90-cı illərin sonlarından başlayaraq dövlətin din sahəsində siyasəti təşəkkül tapmağa başlamış və xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan cərəyanların fəaliyyətinin qarşısının alınmasına başlanmışdır. Sözügedən proseslər 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə daha da sürətlənmiş və inkişaf etmişdir. Dini sahədə qanunvericilik aktlarına edilən dəyişikliklər, dini icmaların işlərinə nəzarətin artırılması kimi məsələlər misal kimi göstərilə bilər. Qeyd etmək lazımdır ki, ölkəmizdə dini sahədə problemlər ildən-ilə azalmaqdadır və ümumilikdə dövlətin apardığı siyasət öz bəhrəsini verməkdədir. Sözsüz ki, zərərli dini cərəyanların fəaliyyətinin qarşısını tam almaq mümkün olmamışdır. Lakin onların aktiv şəkildə təbliğat aparmaları üçün şərait artıq çox azdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınması üçün müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirir və keçirəcəkdir.
 
- Belə bir deyim var ki, bir məktəbin və ya məscidin açılması bir həbsxananın qapadılması deməkdir. Modern məktəb və ya məscid varsa, amma gəncləri ora yönəldən yoxdursa, cəmiyyətdə sürətli və təsirli mənəvi inkişaf ola bilərmi? Niyə ölkəmizdə İslam dininin təbliği xristian Rusiya Federasiyasında olduğundan daha zəifdir?
 
- Azərbaycan dünyəvi dövlət olduğu üçün ölkədə dövlət-din münasibətlərinin əsasını Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanun təşkil edir. Ona görə də dövlət tərəfindən vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması və bu sahə ilə bağlı qanunvericilik aktlarının beynəlxalq hüquq normalarına uyğunlaşdırılması məqsədilə “Dini etiqad azadlığı haqqında” Qanuna bir neçə dəfə dəyişiklik edilib və hüquqi bazamız daha işlək, demokratik forma qazanıb. Qanunvericiliyə görə, dövlət üçün hansısa xüsusi imtiyazlı din, məzhəb, təriqət, yaxud dini qurum yoxdur. Ölkədə insan ləyaqətini alçaltmayan və yaxud insanpərvərlik prinsiplərinə zidd olmayan bütün dinlərə, məzhəblərə və cərəyanlara eyni münasibət bəslənilir. Azərbaycanda din dövlətdən ayrıdır, yəni nə dövlət dinə müdaxilə edir, nə də din dövlətin işinə. Bu baxımdan dini təbliğatın aparılması dövlətin işi deyil. Bu missiya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təyin olunan din xadimlərinin, ilahiyyatçıların və ziyalıların üzərinə düşür. Hesab edirəm ki, onlar da üzərlərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Eyni zamanda, dövlətimiz milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində ardıcıl siyasət həyata keçirir. Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncam bu baxımdan çox önəmlidir. Sərəncama əsasən, dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb və həmin vəsait mərhələli şəkildə dini icmalara paylanılır. Dini icmalar da onlara ayrılan bu vəsait vasitəsilə milli-mənəvi dəyərlərimizin qorunması, insanların radikal, o cümlədən zərərli dini cərəyanların təsiri altına düşməmələri istiqamətində çoxsaylı tədbirlər keçirirlər. Şübhəsiz ki, bu tədbirlər cəmiyyətin dini bilgilərinin artırılmasında, ənənəvi dininin təbliğatında, eyni zamanda xurafat və radikalizmlə mübarizədə öz müsbət təsirini göstərir.
 
- İslamın hökmlərinə görə, dinlə bağlı fətvanı yalnız xüsusi dini rütbəsi olan səlahiyyət sahibləri, alimlər verə bilərlər. Ölkəmizdə o cür din alimi olmadığından möminlərimizin gözü zəruri vaxtlarda xaricə dikilir. Bu, normaldırmı?
 
- Azərbaycan dövləti digər sahələrdə olduğu kimi, din sahəsində də yüksək ixtisaslı mütəxəssislərin yetişməsində maraqlıdır və bu istiqamətdə işlər görür. Bu mənada Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi və Bakı İslam Universitetinin ixtisaslı kadrların hazırlanmasında xüsusi rolu var. Həmin tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsinə, dini dərslərlə yanaşı, dünyəvi elmlərin də tədrisinə, əhatəli dərs vəsaitlərinin hazırlanmasına, tədrisin hər hansı məzhəbçilik deyil, ümumi saf dini prinsiplər əsasında təşkil olunmasına, xurafatçılığa yol verilməməsinə, vətənpərvərlik ruhunun aşılanmasına və s. amillərə böyük diqqət yetirilir. Hesab edirəm ki, dini təhsil sahəsində dövrün tələblərinə uyğun islahatların aparılması, təhsilin keyfiyyətinin artırılması ilə bağlı görülən tədbirlər savadlı milli kadrların hazırlanmasında və dövlət-din münasibətlərinin tənzimlənməsi işində müsbət nəticələr verəcəyinə şübhə yaratmır.
 
Bütün bunlarla yanaşı, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində fəaliyyət göstərən müsəlman dini icmaları təşkilati məsələlərdə Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər. Şəri məsələlərlə bağlı zərurət yarandıqda QMİ Qurani-kərimin tələb və müddəalarını, Məhəmməd peyğəmbərin (s) hədislərini əsas götürərək fətvalar verir. Eyni zamanda, ölkəmizdə QMİ tərəfindən seçilən yüksək dini təhsilli qazılar var. Bu baxımdan dindarlarımız şəriətlə bağlı məsələlərin həllində onlardan kömək istəyə bilərlər.
 
- Mübariz müəllim, respublikada dünyəvi və dini təfəkkürlə yaşayan insanların birgəyaşayış qaydalarını tənzimləmək üçün hüquqi normativlərlə yanaşı, hansı milli-mənəvi normativlər əsas götürülür?
 
- Xalqımızın çoxsaylı milli-mənəvi dəyərləri vardır. Bunların arasında çoxəsrlik multikulturalizm və tolerantlığı xüsusilə fərqləndirmək gərəklidir. Əsrlərdir fərqli din və mədəniyyətə sahib insanların Vətənimizdə rahat şəkildə yaşaması və fəaliyyət göstərməsi üçün heç bir təhlükə mənbəyi yaranmamışdır. Mürəkkəb coğrafi şəraitdə yerləşən ölkəmiz Avropa ilə Asiyanı, Şərqlə Qərbi bir-birinə birləşdirən körpü rolunu oynamaqdadır. Bu cəhətdən də son dərəcə mürəkkəb tarixi keçmişi olan ölkəmiz tarix boyu tolerant dəyərlərə sahib çıxmışdır. Xristianlığın yarandığı ilk dövrdən etibarən Xristianlıqla, İslamın ortaya çıxmasından qısa müddət sonra İslamla tanış olan xalqımız bütün fərqli din daşıyıcılarının azad şəkildə birgə yaşayıb-yaratmaları üçün zəruri olan şərtləri yerinə yetirmişdir. Bütün bunlar xalqımızın multikultural dəyərlərə sahib olmasından xəbər verir. Buna görədir ki, Azərbaycan bu gün dünya üçün multikulturalizm və tolerantlıq modelidir.
 
- Ölkənin sağlam düşüncəli təbəqəsi müqəddəs yerlərə ziyarətlərin təşkilatlanmış formada həyata keçirilməsinin zəruriliyi ilə bağlı DQİDK-nın mövqeyini razılıqla qarşılayıb. Komitə dini qurumlarla iş sahəsində daha hansı islahatları nəzərdə tutub?
 
- Şübhəsiz, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət rəhbərliyi tərəfindən qarşısına qoyulmuş vəzifə və öhdəliklərin yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışır. Bu sahədə, ölkə ərazisindəki dini mühitin daha da sağlamlaşdırılması, dindarların heç bir problemlə üzləşmədən dini ibadətlərini rahat yerinə yetirməsi, qanunların icrasının təmini üçün bütün zəruri olan addımlar bundan sonra da atılacaqdır. Komitə paytaxtda və bölgələrdə əhali arasında dini maaarifləndirmə işini fasiləsiz həyata keçirir. Dini sahədə müşahidə edilən bütün problemlərin həlli üçün müvafiq tədbirlər görülür. Həmçinin, dindar kütləni yanılmağa, radikal təsirlərə məruz qoymağa cəhd edən bütün qüvvələrin qarşısı qətiyyətlə alınır.
 
- Müsahibəyə görə təşəkkür edirik və işlərinizdə uğurlar arzulayırıq.
 
- Çox sağ olun. 


Son baxılan xəbərlər

Sabirabadda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib

Press-relizlər
02.09.2019 / 14:11
Ətraflı oxu

Mübariz Qurbanlı: Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası heç bir fakta söykənmədən qərəzli mövqe ...

Müsahibələr
27.04.2018 / 17:54
Ətraflı oxu

Qusarda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işinə ...

Press-relizlər
06.12.2018 / 14:50
Ətraflı oxu

Xəbərlər
11.02.2019 / 10:51
Ətraflı oxu

Ağdaşda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir baş tutub

Press-relizlər
17.05.2017 / 14:24
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərimiz gənclərin gözü ilə” adlı tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 10:24
Ətraflı oxu