Mübariz Qurbanlı: “Radikalizmə qarşı mübarizə təkcə müsəlman ölkələrinin deyil, ümumbəşəri bir məsələdir”

Müsahibələr / 11.11.2016 / 17:32

“Radikalizmə qarşı mübarizə əslində dindən törəyən terrorizmə qarşı mübarizədir”.
Bu fikirləri ilahiyyatçı Elşad Miriyə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib.
Bütün dünyada baş qaldıran dini radikalizm və onunla mübarizə yollarından danışan Komitə sədri ölkəmizin də üzləşə biləcəyi təhlükələrdən söz açıb.
Dinin siyasiləşdirildiyi və müəyyən qrupların əlində alətə çevrildiyi zaman radikal qrupların meydana gəldiyini söyləyən Mübariz Qurbanlı bunun təkcə İslam dinində deyil, digər dinlərdə də özünü büruzə verdiyini əlavə edib.
Komitə sədrinin sözlərinə görə radikal qrupların Azərbaycanda formalaşması və yayılması Sovet hakimiyyətinin dağılmasından və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra sürətlənməyə, geniş vüsət almağa  başlayıb.
“Azərbaycanda radikal qruplar müstəqillik qazandıqdan sonra meydana gəldi. Sovet məkanında İslam dini yalnız dəfn mərasimləri səviyyəsində idi. İnsanlar dini yalnız belə anlayırdılar. Ona görə də radikalizm özünü həmin dövrdə o qədər də büruzə verə bilmirdi. Ermənistanın Azərbaycan torpaqlarını işğalı, qaçqın seli buna münbit şərait yaratdı. Bundan sonra xəvariclər, vəhhabilər, təkfirçilər, eləcə də xristianlığın radikal qrupları – Yehova şahidləri,  7-ci günün adventisləri kimi cərəyanlar ölkəmizdə baş qaldırdı”.
Bu qruplarla mübarizə yollarından danışan Komitə sədri  burada 3 əsas istiqamətin- iqtisadi, ideoloji və  hüquqi müstəvidə mübarizə yollarının olduğunu bildirib.
“Ən vacibi bu qruplaşmaların maddi bazasını çökdürmək lazımdır. Radikalizmə qarşı mübarizə təkcə müsəlman ölkələrinin deyil, ümumbəşəri bir məsələdir”.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məscidlərdə, kilsə və sinaqoqlarda apardığı monitorinqlərdən danışan Mübariz Qurbanlı bu monitorinqlərin əsasən cümə günləri aparıcı məscidlərdə həyata keçirildiyini qeyd edib.
“Bizim hansı məsciddə nə proses gedir hər birindən xəbərimiz var. Bu gün Azərbaycanda 2000 məsciddən 1500-ü aktiv fəaliyyət göstərir. Bizim nümayəndələrimiz aparıcı məscidlərdə mütəmadi olaraq monitorinqlər keçirir. Onu da qeyd edim ki, Azərbaycan əhalisinin təqribən 1 faizi dini ayinlərdə iştirak edir. Ölkəmizdə Ramazan ayında, bayram namazları, dini ayinlərin yerinə yetirilməsi zamanı məscidlərə toplaşan insanların sayı maksimum 300 minə çatır. Sözügedən monitorinqlər kiçik kənd məscidlərində, məhəllə məscidlərində keçirilmir”.
Daha sonra Komitə sədri ölkəmizdəki məscidlərdə toplanan ianələrdən və onların hansı məqsədlərlə istifadə edilməsindən danışıb.
“Elə insanlar var ki, gedib hansısa pir hesab etdiyi ağacın dibində qurban kəsir, yaxud da ianə verir, amma məscidlərimizə yardımlar göstərmirlər. Bu onu göstərir ki, hələ də ölkəmizdə bütpərəstliyin qalıqları qalıb. Təəssüf ki, bunu qadağan etmək mümkün deyil. Böyük ziyarətgahlardan toplanan ianə qutuları möhürlənir, hüquq-mühafizə orqanları və yerli qurumlar tərəfindən protokollaşdırılır. Həmin vəsait QMİ-yə verilir. Elə ziyarətgahlar da var ki, özləri xərclərini müəyyənləşdirir. Məsələn, Mir Möhsün Ağa ziyarətgahından toplanan yardımlar QMİ-yə verilmir”.
Fətullah Gülən kitablarının Azərbaycanda yayılmasının qarşısının alınmasından danışan Komitə sədri bununla yanaşı ölkəmizdə qadağan edilmiş dini ədəbiyyatlara da aydınlıq gətirib.
“İnternet əsrində qadağan edilmiş kitab anlayışı özünü doğrultmur. Çünki internet əsrində hansısa kitabı qadağan etmək mümkün deyil. Bu kitabların ölkədə çap edilərək yayılmasının qarşısını alırıq, lakin ölkəyə gətirilməsinin tam olaraq qarşısını almaq olmur. Dövlət Gömrük Komitəsinin ölkəyə gətirilən kitabların hər birini tək-tək götürüb araşdırmağa fiziki gücü çatmaz”.
“Kütləvi şəkildə zərərli ideyaların yayılmasının qarşısını almaq lazımdır”, – deyən Mübariz Qurbanlı kütləvi olaraq bu kitabların Azərbaycanda yayılmasına 2009-cu ilə qədər diqqət yetirilmədiyini bildirib.
“2009-cu ildə qanuna əlavə və dəyişikliklərin edilməsindən sonra, hətta 2006-cı ildə nurçuluq, fətullahçılıq və Risaleyi-Nur kitablarının Azərbaycanda kütləvi yayılması məqsədəuyğun sayılmır. Azərbaycan nəşriyyat evlərində bu cür kitabların çapdan çıxarılması da məqsədəuyğun hesab edilmir. Biz həmin nəşriyyatlara bununla bağlı məktub da ünvanlamışıq. Azərbaycanda bizim ekspertlərə məlum olan kitabların siyahısı Dövlət Gömrük Komitəsinə göndərilir. Onlar da siyahıya əsasən  buna nəzarət edir”.

Müsahibəyə bütünlükdə aşağıdakı linkdən baxa bilərsiniz:

www.youtube.com/watch
    

Son baxılan xəbərlər

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimiz bizi birləşdirir” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.01.2018 / 15:43
Ətraflı oxu

Bərdədə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
26.04.2019 / 16:57
Ətraflı oxu

İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır

Press-relizlər
19.09.2017 / 18:07
Ətraflı oxu

Lənkəranda “Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
06.02.2018 / 16:06
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu