Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “İki sahil” qəzetinə müsahibəsi

Müsahibələr / 02.11.2016 / 10:39

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlının “İki sahil” qəzetinə eksklüziv müsahibəsi
 
- Mübariz müəllim, ölkə başçısı İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan edib. Sizcə “Multikulturalizm ili”nin elan edilməsi hansı zərurətdən yarandı?
 
- Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Bu, heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Birincisi, son zamanlarda paytaxt Bakının mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkanlardan birinə, dialoqlar platformasına çevrilməsi məhz 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını zəruri edir. Bu və digər amillər nəzərə alınaraq cənab Prezidentin imzası ilə “Tədbirlər Planı” təsdiq olunub ki, həmin plana əsasən istər ölkə daxilində, istərsə də ölkə xaricində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib və bu gün də davam etdirilir. Əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, V Bakı Beynəlxalq Humanitar Forumunu nümunə göstərə bilərik. Sözügedən forumlar çərçivəsində dünyanın müxtəlif ölkələrindən qonaqlar təşrif buyurmuşdu ki, orada gedən müzakirələrin, dialoqların gələcəkdə ölkəmizin ictimai-siyasi həyatına təsirini olduqca müsbət hal kimi dəyərləndirirəm. 
 
- İstərdik ki, bu il çərçivəsində rəhbərlik etdiyiniz qurumun həyata keçirdiyi layihələr, tədbirlər haqqında məlumat verəsiniz. Hansı uğurlara imza atdınız, bu yöndə daha hansı layihələri həyata keçirməyi planlaşdırmısınız?
 
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də “Multikulturalizm ili” çərçivəsində bir sıra tədbirlər həyata keçirməkdədir. Bunlardan ən yaddaqalanı xarici ölkələrdə Azərbaycanın tolerant, multikultural dəyərlərini təşviqi istiqamətində keçirilən tədbirlər oldu. Biz müxtəlif xarici ölkələrdə sərgilər təşkil etdik ki, belə sərgilərdən biri də Təbriz şəhərində keçirildi. Sərgidə Azərbaycandakı məscidlərin foto surətləri nümayiş olundu. O cümlədən, Cənubi Qafqazın ən böyük məscidlərindən olan “Heydər məscidi”nin fəaliyyəti barədə, vəhdət namazının ölkəmizdə tətbiq olunması barədə sərgi iştirakçılarını məlumatlandırdıq. Bundan başqa Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə bir sıra tədbirlər həyata keçirmişik. 16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar gənclərlə tədbir keçirməyi planlaşdırmışıq. “Multikulturalizm ili” çərçivəsində əlavə olaraq digər qurumlarla da tədbirlərimiz nəzərdə tutulub. Görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan xalqı dünyagörüşünə, intellektual səviyyəsinə, bütövlükdə mentalitetinə görə həm tolerant, həm də multikultural xalqdır. Əslində multikulturalizm termini bu gün istifadə edilsə də, tarixən Azərbaycan cəmiyyətinin multikultural olması faktı ortadadır. Ölkəmiz əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olmaqla dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, özündə müxtəlif dinlərin, xalqların, etnosların birliyini təcəssüm edib.  Bu baxımdan da bu gün Azərbaycanın multikultural dəyərləri  dünyaya bir nümunə kimi göstərilməkdədir. Hazırda Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri şərait var və biz də bundan istifadə edərək öz dəyərlərimizin təbliği istiqamətində var gücümüzlə çalışırıq. Bütün bu amillərə söykənərək deyə bilərəm ki, 2016-cı il ölkə tarixində səmərəli illərdən biri kimi yadda qalacaq.
 
Dini radikal ünsürlərdən uzaq olmalı, ölkəmizi yad elementlərdən qorumalıyıq
 
- Hazırda ölkəmizdə dini vəziyyəti necə qiymətləndirirsiniz?
 
-Öz məqsədlərinə çatmaq üçün müxtəlif dövrlərdə dindən sui-istifadə halları olub və  bu gün də var. Bu, reallıqdır. Bəziləri insanın mənəviyyatı, ruhu ilə birabaşa bağlı olan dindən yararlanaraq ciddi qarşıdurma yaratmağa cəhdlər edirlər. Biz bunun nümunəsinin bəzi müsəlman ölkələrində şahidi olduq. Azərbaycan da müsəlman aləminin bir parçası olduğuna görə, bu cür ünsürlərdən uzaq olmalı, yad elementlərdən qorunmalıdır. Heç bir halda onların ölkəmizdə din adı altında ictimai-siyasi sabitliyi pozmağa imkan verməməliyik. Hesab edirəm ki, bundan qorunmağın ən mühüm yolu dini maarifləndirmənin gücləndirilməsidir.  Bu sahədə təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi çalışmır, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən geniş işlər həyata keçirilir. Komitəmiz, eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, QHT-lərlə, bir sıra nazirliklərlə sıx əməkdaşlıq edir, bu yöndə fəaliyyətimizi həyata keçiririk. Əsasən dini radikalizmə qarşı mübarizəni əks etdirən məqamlara xüsusi diqqət yetirilir. Hesab edirəm ki, bu istiqamətdə həm gənclərimizin, həm də medianın üzərinə böyük məsuliyyət düşür. Bu işdə həmrəy olaraq birgə uğurlara imza atacağımıza, ölkəmizi, xalqımızı yad ünsürlərdən qoruyacağımıza  inanıram.
 
- Dövlət başçısının tapşırığına əsasən, ölkəmizin bölgələrində nazirlər və komitə sədrləri tərəfindən vətəndaşların qəbul günləri olur. Siz də komitə sədri olaraq bölgələrdə vətəndaşları qəbul edir, onları narahat edən məsələlərin həllində köməklik göstərirsiniz. Maraqlıdır, vətəndaşlar daha çox hansı məsələlərlə bağlı müraciət edirlər?
 
- Bəli, cənab Prezidentin tapşırığına əsasən dövlət idarəçiliyində məsul vəzifə daşıyan şəxslər, nazirlər, komitə sədrləri vaxtaşırı olaraq bölgələrdə insanlarla görüşlər keçirirlər. Növbəli olaraq hər kəs ayda bir dəfə vətəndaşlarla görüş keçirir. Bu sistem belə qurulub ki, vətəndaşlar öncədən bölgəyə hansı dövlət qurumunun rəhbərinin gəldiyini bilirlər və ona uyğun da qəbula yazılırlar. Görüşdə hər hansı bir məsələ qaldırılsa, biz öz növbəmizdə onun həlli istiqamətində iş görürük. Hər görüşdə təqribən 18-20 nəfəri qəbul edirəm. Əksəriyyətin qaldırdığı məsələ dini icmalara müvafiq dini maarifləndirmə layihələrinin verilməsi ilə bağlı olur. Bilirsiniz ki, bu cür layihələr var ki, o layihələrin maddi dəstəyi dövlət tərəfindən həyata keçirilir. Kitab çapı, müxtəlif kitabların alınması ilə bağlı müraciətlər olur. Yaxud da hansısa kəndin nümayəndəsi öz kəndində məscid tikintisi ilə bağlı müraciət edir. Görüşlərə dövlət-din münasibətlərinin inkişafı baxımından səmərəli təkliflərlə gələnlər də az deyil. Həmçinin dini radikalizmə qarşı mübarizənin daha effektli olması üçün yerli şəraiti nəzərə alaraq təkliflər edənlər də var. Müraciətlərin böyük əksəriyyəti şikayət xarakterli deyil, təklif xarakterlidir.
 
Ölkənin bütün məscidlərində kitabxanaların yaradılması nəzərdə tutulub
 
- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maraqlı bir layihəsi var. Layihədə ölkəmizdəki məscidlərin fərdi olaraq kitabxanalarının yaradılması nəzərdə tutulub. Deyə bilərsinizmi bu istiqamətdə gedən işlər nə yerdədir?
 
-Bilirsiniz ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun belə bir maraqlı layihə ilə çıxış etdi. Layihədə təkcə Bakının deyil, ölkənin bütün məscidlərində kitabxanaların yaradılması nəzərdə tutulub. Hazırda bu yöndə işlər davam etdirilir. Olduqca maraqla qarşılanan sözügedən layihəyə əsasən kitabxanalar təkcə dini kitablarla deyil, həm də dünyəvi elmi kitablarla zənginləşdirilir. Məscidə ibadət etməyə gələn insan həm də kitab oxuyacaq, dünya ədəbiyyatı, yerli ədəbiyyatla tanış ola biləcək. 

Müsahibəyə bütünlükdə aşağıdakı linkdən baxa bilərsiniz:

www.youtube.com/watch
 

Son baxılan xəbərlər

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
31.10.2018 / 17:14
Ətraflı oxu

Mübariz Qurbanlı: Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası heç bir fakta söykənmədən qərəzli mövqe ...

Müsahibələr
27.04.2018 / 17:54
Ətraflı oxu

Səyyad Salahlı: “Dini tolerantlıq dövlət siyasətinin tərkib hissəsidir”

Müsahibələr
22.04.2016 / 11:38
Ətraflı oxu

Səyavuş Heydərov: “Dünyəvilik və Azərbaycançılıq prinsiplərinin qorunması vacibdir”

Press-relizlər
12.10.2018 / 11:16
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Press-relizlər
10.07.2018 / 17:43
Ətraflı oxu

İslamın hər hansı bir modeli varmı?

İSLAM HƏMRƏYLİYİ İLİ
24.10.2017 / 12:29
Ətraflı oxu