Komitənin sədr müavini Gündüz İsmayılov:" Bizim hədəfimiz radikallarla mübarizədir"

Müsahibələr / 22.09.2016 / 12:27

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Trend-ə müsahibə verib.

Bu gün ölkəmizdə dindarlığın artması prosesi cəmiyyətimizdə təhlükəsizliklə bağlı problemlərin yaranmasına səbəb ola bilərmi?

– Dindarlığın artması problem deyil. Biz heç vaxt dindarlığın artmasına problem kimi yanaşmamışıq. Məsələ nədən ibarətdir? Bir var normal proses kimi artan dindarlıq, bir də var ki, artan dindarlıq prosesinin içində hansısa proseslər olsun. Əgər dindarlığın içində radikalizm elementləri varsa, yaxud dindarlıq qeyri-ənənəvi təriqətlərin, dini cərəyanların hesabına artarsa, bu, artıq problemdir. Yoxsa dindarlığın artması problem deyil.

Azərbaycanda dindarlıq nəyin hesabına artır?

– Azərbaycanda dindarlıq əsasən ənənəvi İslamın hesabına artır. Bu, normal bir haldır. Bu, radikal, qeyri-ənənəvi dindarlıq deyil. Bu dindarlıq Azərbaycan xalqının İslama baxışına uyğundur. Bizim hədəfimiz isə digərləri ilə, yəni radikallarla, qeyri-ənənəvi cərəyanlarla mübarizədir. Məqsədimiz odur ki, dindarlığın artım faizi içində zərrə qədər də radikallığa, qeyri-ənənəvi cərəyanlara qoşulma olmasın.

Azərbaycanda dindarlıq daha çox hansı təbəqədən olan insanlar arasında yayılır?

– Biz dindarlığı sosial proses kimi qiymətləndirmirik . Əhalinin istər ziyalı, istər qeyri-ziyalı təbəqəsi, istər aztəminatlı, istərsə də imkanlı təbəqəsində dindarlar var və bu proses davam edir. Məqsədimiz odur ki, dindarlıq zərərli radikal, qeyri-ənənəvi dini cərəyanların hesabına deyil, ənənəvi İslamın hesabına artsın.
 
– Müşahidələrə əsasən demək olarmı ki, Azərbaycanda vəhabiliyə qoşulanların sayı artır?

– Bəzən bir qrup insandan eşidirik ki, küçədə “saqqallı”ların sayı artıb. Bir qrup insan isə deyir ki, əvvəlki dövrə baxanda onların sayı azalıb. Amma son illərdə aparılan monitorinqlərin nəticəsi göstərir ki, istər vəhabi kontingentinə, istərsə də digər qeyri-ənənəvi dini cərəyanlara mənsub olanların artım tempi azalıb. Bu, radikalizmlə mübarizənin, maarifçilik işinin, inzibati tədbirlərin nəticəsində olub. Bu, digər tərəfdən də zərərli dini cərəyanların iqtisadi baxımdan dəstəklənməsinə imkan verilməməsinin nəticəsidir. Yəni belə deyək ki, zərərli dini cərəyanların, bu cərəyanlara mənsub olan insanların iqtisadi imkanlarının geniş olacağı təqdirdə, onlara qoşulmaq da cəlbedici olacaq. Bizim əsas hədəflərimizdən biri də məhz elə onların iqtisadi dayaqlarını məhv etməkdir.

– Vəhabiliyə və digər qeyri-ənənəvi dini cərəyanlara qoşulmanın artım tempinin azaldığını bildirdiniz. Hazırda bu dini cərəyanlara qoşulma üzrə illik artım faizi nə qədərdir?

– Bunu konkret statistik rəqəmlərlə ifadə etmək çətindir. Çünki heç kim özünü radikal dini cərəyana mənsub hesab etmir. Hər kəs də öz əqidəsində haqlı olduğunu deyir. Buna görə də bu, təxmini aparılan hesablamaların nəticəsidir. Son illərin təhlilləri əsasında deyə bilərik ki, zərərli və qeyri-ənənəvi dini cərəyanlara qoşulmanın tendensiyası getdikcə azalır.

Məlumatlara görə, vəhabiliyə qoşulan insanları həvəsləndirmək üçün onlara maliyyə vəsaiti də verilir. Komitə bununla bağlı hər hansı araşdırma apara bilibmi?

– Qeyri-ənənəvi dini cərəyanlara xas xüsusiyyətlərdən biri də odur ki, onlar öz mənsublarını iqtisadi və mənəvi baxımdan dəstəkləyir. Bu fakt dünyanın hər yerində, o cümlədən Azərbaycanda var. Amma bu cərəyanlara maliyyə vəsaiti formasında kömək göstərilməsi, yaxud hansısa dini cərəyana qoşulma üçün maddi təminatın olması ilə bağlı bizdə konkret bir fakt yoxdur. Təbii ki, biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq, onların iqtisadi imkanları ilə bağlı araşdırma aparıb monitorinq keçiririk. Tutaq ki, əgər hər hansı bir zərərli dini cərəyanın orta statistik nümayəndəsinin orta həyat səviyyəsi digər vətəndaşın həyat səviyyəsi ilə müqayisədə daha yüksəkdirsə, o dini cərəyana qoşulma cəlbedici olacaq. Bu nöqteyi-nəzərdən bizim üçün önəmli olan məsələlərdən biri də belə zərərli dini cərəyanların iqtisadi dayaqlarını dağıtmaqdır. Məsələ ondadır ki, zərərli dini cərəyanların iqtisadi imkanları artdıqca onlar cəmiyyətdə yarımüstəqil sosial zümrəyə çevrilə bilərlər və ya çevrilmək üçün çalışırlar. İstənilən zərərli, qeyri-ənənəvi dini cərəyana qoşulma cəlbedici olanda onlar struktur olaraq da formalaşmağa başlayırlar.
Yarımmüstəqil sosial zümrə dedikdə isə bu başa düşülür ki, həmin cərəyanların hansısa nümayəndəsi öz adamlarına mənsub obyektlərdən alış-veriş edir, özlərinə mənsub repetitor, yaxud hazırlıq kurslarına, öz məsləkdaşlarına mənsub olan idman komplekslərinə, həkimə gedirlər. Nəticədə onlar cəmiyyət içində sanki yarımmüstəqil qrupa çevrilirlər. Bu, dövlətlər, cəmiyyətlər üçün, o cümlədən Azərbaycan üçün qəbuledilməzdir. İstər vəhabilik, istər gülənçilik, istərsə də digər zərərli dini cərəyanlarda və qeyri-ənənəvi təriqətlərdə bu proseslər müşahidə olunursa, onun qarşısını almaq üçün tədbirlər görülməlidir. Bu bizim ümumi mövqeyimizdir. İstər maarifçilik baxımından, istərsə də iqtisadi və inzibati müstəvidə tədbirlərimiz buna hesablanıb ki, Azərbaycan cəmiyyətində dini motivli müstəqil və yarımmüstəqil sosial zümrə formalaşmasın.

– Bu gün belə bir sosial zümrənin formalaşması meyilləri varmı?

– Cəhdlər var. Amma bu meyillərin hamısının qarşısı alınıb və bundan sonra da alınacaq.
 

Son baxılan xəbərlər

“Cəmiyyətimizdə dini radikalizmə yer yoxdur” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2018 / 17:34
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
12.01.2018 / 16:05
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycan tolerantlığı ilə nümunə sayılacaq ölkələrdən birincisidir

Müsahibələr
29.12.2014 / 14:59
Ətraflı oxu

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Yevlaxda “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.10.2018 / 15:11
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu